İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda qoyulan məcburi “ağ qoşa”: “xod” təzədən Brüsselə keçir, yoxsa Moskvaya...

718 04.07.2023 09:08 Siyasət A A

Rəsmi İrəvan ABŞ-da bu dəfə də destruktiv mövqeyindən əl çəkmədi, xüsusən Qarabağ şərtini yenə masaya yatırdı; Rusiyanın “sülh formulu” isə məlumdur - “status” gələcəyə saxlansın, Xankəndidə daima rus əsgəri İvan olsun!

Məlum olduğu kimi, Vaşinqtonda 27-29 iyunda Azərbaycan-Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqların ikinci raundu başa çatdı. Nəticə əvvəlkindən ciddi fərqlənmədi: səslənən nikbin notlara rəğmən, faktiki ABŞ yenə “ağ qoşa” qoydu. Çünki rəsmi İrəvan bu dəfə də destruktiv mövqeyindən əl çəkmədi. Xüsusən də Qarabağ şərtini masaya yatırmağa çalışdı. Əks halda, prinsipial məsələlərdə mühüm irəliləyiş olardı...

“Ən çətin məsələlərin həlli sonraya qalıb”. Bunu isə ABŞ dövlət katibi Antoni Blinken danışıqların yekununa dair şərhində söylədi. Blinken bildirdi ki, razılığa nail olmaq nə qədər asan olsa da, bəzi hallarda çətinləşir: “Çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb”. Etiraf edək ki, səmimi etirafdır. “Bir sıra vacib məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir”.  Bu etirafı isə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan edib. “Ermənistan və Azərbaycanın bir sıra vacib məsələlərlə bağlı mövqeləri əlavə iş tələb edir. Söhbət Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası, qoşunların çıxarılması və Bakı və Xankəndi arasında dialoq üçün beynəlxalq mexanizmin yaradılmasından gedir”, - deyə Badalyan qeyd edib. Diplomatik dildən adi dilə tərcümədə bu, elə İrəvanın danışıqları pozmaq və dalana dirəmək məqsədilə Bakıya şərtlər qoymasıdır. Çünki qoşunlar haradan çıxarılmalıdır, məlum: guya Azərbaycan Ordusu Ermənistan ərazisinə girib. Bəs Bakı və Xankəndi arasında dialoq üçün hansı beynəlxalq mexanizmdən söhbət gedə bilər? Burada da erməni məkri bəlli: kapitulyant tərəf neçə vaxtdır Bakının irəli sürdüyü 5 baza prinsipini sıfırlayıb öz “sülh gündəliyi”ni bizə sırımaqdan ötrü hiyləgər taktika yürüdür, buna beynəlxalq dəstək axtarır.

Ümid indi də qalır iyulun 21-nə - Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə reallaşacaq Əliyev-Mişel-Paşinyan növbəti üçlü görüşünə. Hərgah ona qədər rəsmi Moskva da ənənəvi olaraq fəallaşa, imitasiya xətrinə “xod” edə bilər. Rusiyanın “sülh formulu” isə məlumdur: “status” məsələsi gələcəyə saxlansın, Qarabağda daima rus əsgəri İvan var olsun!

Daha sonra - oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısında Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyanın növbəti görüşü planlaşdırılır. Britaniyalı tanınmış konfliktoloq Tomas de Vaal ehtimal edir ki, son bir ildə, bəlkə də daha uzun müddət ərzində danışıqların mövzusu belədir: Qarabağ ermənilərinə hansı zəmanətlər verilə bilər. Onun fikrincə, Bakı ilə İrəvan arasında davam edən danışıqlar hansısa ikitərəfli sazişlə bağlıdır və Paşinyan iqtidarının Azərbaycanın ərazi bütövlüyünün tanınması baxımından əvvəlki hökumətlərdən xeyli irəli getdiyi göz qabağındadır. “İrəvan bunu açıq-aşkar beynəlxalq təzyiq altında edir, Ermənistana deyirlər ki, Qarabağın müstəqilliyi ideyası artıq aradan qalxıb. Hesab edirəm ki, bizə görünməyən danışıqların getdiyi göz qabağındadır. Bu, Qarabağ erməniləri üçün əsas müəyyənedici amil olacaq. Bəs onlara hansı beynəlxalq mövcudluq və ya mexanizm verilə bilər? Sadəcə, bu sualın cavabını bilmirik”, - deyə o vurğulayıb.

Bəs iyulun 21-dək olan gözlənti və proqnozlar nədir, “Vaşinqton raundu - 3" olacaqmı, yoxsa oyuna Moskva girir? Rusiyanın təşəbbüsü ələ alması mümkündürmü? Ümumiyyətlə, acı bağırsaq kimi uzanan bu danışıqlarda nələrə ümid bəsləmək olar? Prezident Ermənistan üçün 2023-ün sonuncu il olduğunu xatırlatmışdı. Və bəyan etmişdi ki, İrəvan sülh istəmirsə, o zaman olmayacaq, sülh sazişi imzalamayan ölkələr presedenti var. AMİP sədri Arzuxan Əlizadənin ”Yeni Müsavat"a bildirdiyinə görə, Vaşinqton və Brüssel görüşlərində hər bir halda konkretlilik var. Onun fikrincə, Rusiyadan fərqli olaraq bu platformalarda prinspial mövzular müzakirə edilir. Partiya sədrinin sözlərinə görə, hazırda sərhədlərin hansı xəritələrlə dəqiqləşməsi, Zəngəzur koridorunun açılması və Qarabağ ermənilərinin məsələsi daha çox önə çıxarılır: “Hər dəfə irəliyə doğru bir addım atılır. Amma Amerika görüşləri başlayanda regionda sabitlik pozulur, atəş açılır. Rusiya maraqlı deyil ki, sülh sənədi imzalansın. Ona görə təsiri altında olan separatçıları hərəkətləndirir. Kreml hesab edir ki, əgər sülh imzalanacaqsa da, məhz Moskvada olmalıdır. Amma biz Qərb platformasında danışıqlara daha çox ümid etməliyik. Sadəcə, tezliklə hər hansı sənədin imzalanmasını da gözləmirəm. Paşinyan 2021-ci ildə də demişdi ki, sülh sazişi yaxındadır, fəqət olmadı, indi də eyni fikirləri səsləndirir”. A.Əlizadə Rusiyanın bölgədə sülh müqaviləsi bağlanmasına imkan vermədiyini düşünür, xüsusən də Qərbin moderatorluğu ilə bunun baş tutmasını heç istəmədiyi qənaətindədir.

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu isə bildirir ki, Moskva və Brüssel görüşlərindən fərqli olaraq Vaşinqtonda tərəflər arasında müzakirələr 3 və ya 4 gün çəkir: “Bu, Vaşinqtondakı görüşlərdə bütün detalların müzakirəsi ilə bağlıdır. Çünki sülh sazişinin imzalanmasına mane olan xeyli detal var. Vaşinqtondakı müzakirələrin digər vacib detalı da mövcuddur”. Təhlilçi vurğulayır ki, Azərbaycanla Ermənistan arasında 3 - sülh sazişi, sərhədlərin müəyyənləşməsi və nəqliyyat dəhlizin açılması ilə bağlı sənəd imzalanmalıdır: “Vaşinqton bu 3 sənəddən yalnız sülh sazişinin imzalanması üzərində çalışır. Çünki bu sənəd imzalansa, sərhədlərin müəyyənləşməsi və dəhlizin açılması asanlaşacaq. Nəqliyyat dəhlizinin açılması Vaşinqtonu sülhün əldə olunması qədər maraqlandırmır. Nəqliyyat dəhlizinin açılması daha çox Türkiyənin, Çinin və Rusiyanın maraqlarına cavab verir. Vaşinqtonun bu 3 dövlətlə münasibətlərində gərginliklər və suallar var. Buna baxmayaraq, Vaşinqton Azərbaycanla Ermənistan arasında bütün kommunikasiya xətlərinin açılmasının da tərəfdarıdır. Sadəcə, Vaşinqton bunun üçün diplomatik fəallıq göstərmir”. Politoloq bildirir ki, Vaşinqtondakı müzakirələr Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyul ayında Brüsseldə keçiriləcək növbəti görüşə təkan verməli idi: “Ancaq aydındır ki, hazırkı şərtlər daxilində Brüsseldə sülh sazişi imzalanmayacaq. Vaşinqtonda görüşə başladığı gün Qarabağda separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil. Böyük ehtimalla, Kreml Vaşinqton görüşünü pozmaq üçün separatçılara “atəş açın” əmrini verib. Bu əmri yerinə yetirənlər ağır zərbə aldılar, 5 separatçı öldürüldü. Bu hadisə erməni separatçılarının qısa müddətdə tərk-silah olunmasını aktuallaşdırır. ABŞ-ın vasitəçiliyinə qarşı 3 qüvvə - Kreml, erməni separatçıları və “Daşnaksütun” partiyasının simasında radikal müxalifət birləşib. Bu, Ermənistanın baş naziri Nikol Paşinyana da təzyiq vasitəsidir ki, o, Vaşinqton və ya Brüsselin vasitəçiliyi ilə İlham Əliyevlə sülh sazişi imzalamasın. Paşinyan seçim etməlidir. Paşinyan ya təzyiq qarşısında geri çəkiləcək, ya da “Qarabağ daxil, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasının sənəddə əksinə razılaşacaq. Rəsmi Bakı gözləyir ki, Vaşinqton bu məsələdə Nikol Paşinyana təsir edəcək".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR