İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda bir həftəlik danışıqlar - sülh sənədinin mətni razılaşdırılır?

654 03.05.2023 12:21 Siyasət A A

ABŞ bundan 22 il əvvəl Ki-Uest şəhərində bir neçə gün davam edən görüş təşkil etmiş, amma Azərbaycana elə bir təklif etmişdi ki...

Mayın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. ABŞ dövlət katibi hər iki nazirlə əvvəl ayrılıqda da bir araya gəlib.

“Bu həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində sülh danışıqlarına ev sahibliyi edirik. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, Bayramov və Mirzoyanın danışıqları bir neçə gün davam etdirəcəyi barədə məlumat yayılmışdı. Danışıqların bir neçə raundda davam etməsi son illər ilk belə faktdır.

 Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında “Münasibətlərin normallaşdırılması haqqında saziş” sənədi üzrə danışıqlar başlayıb. Bu barədə isə “Amerikanın səsi” ABŞ-ın yüksək rütbəli diplomatlarına istinadla məlumat yayıb. ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri brifinqdə bildiriblər ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bu həftə bir sıra görüşlər keçirəcəklər. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono qeyd edib ki, tərəflər arasında başlayan müzakirələr konstruktiv şəkildə davam edir.

Bononun sözlərinə görə, Münhen görüşü tərəflərin sülh prosesinə sadiq olduqlarını açıq şəkildə göstərib. Müzakirə olunan sənəd “Münasibətlərin tənzimlənməsi razılaşması” adlanır. Bono qeyd edir ki, Birləşmiş Ştatlar tərəflərin münasibətlərin tənzimləməsinə, birgə yaşayışa, iqtisadi əlaqələri və hətta regionda kollektiv təhlükəsizliyi gücləndirməyə çalışır. Onun sözlərinə görə, bu, bütün məsələlərin müzakirə olunduğu mürəkkəb və əhatəli prosesdir. Dövlət Departamentinin nümayəndəsinin bildirdiyinə görə, hərtərəfli saziş üzrə davam edən danışıqlarda tərəflər arasında müzakirə olunan məsələlərdən biri də hər iki ölkədə etnik azlıqlara münasibətdir ki, bu da etnik azlıqların hüquq və təhlükəsizliyinə istinad edir.

Laçın yolundan danışan Amerika tərəfi bir daha təsdiqləyib ki, Vaşinqton son bir neçə ay ərzində Laçın yolu vasitəsilə kommersiya və humanitar azad hərəkətin təmin edilməsinin vacibliyini çox aydın şəkildə ifadə edib və bu müzakirələrdə iştirak etməkdə davam edir, yol vasitəsilə nəqliyyatın tezliklə bərpa olunacağını gözləyir.

ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson da ümid etdiyini bildirib ki, tərəflər bu həftə məsələnin həllinə nail olmaq üçün “birbaşa və səmimi” müzakirələr aparacaqlar.

“Biz bu prosesi dəstəkləməyə sadiqik və davam edə biləcək bu mühüm dialoqa burada ev sahibliyi etməkdən şərəf duyuruq”, - deyə dövlət katibinin müavini bildirib və danışıqların davamlı xarakter daşıdığını vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də deyib ki, sülh mətni mövcuddur: “Bununla bağlı Azərbaycanın da öz təklifləri var. Bu il martın əvvəlində bununla bağlı təkliflər Ermənistana təqdim edilib. Sonra isə Ermənistan tərəfinin müzakirələrə Fransanı cəlb edərək Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar prosesini aparmaq istəyinə görə bu baş tutmadı. Ortada sülh mətni də mövcuddur. Amma yekunda bu sülh mətni imzalanacaq ya yox, bunu söyləmək çox çətindir. Çünki Ermənistanın mövqeyi bir günün içərisində dəyişə bilir. Amma son günlər baş verənlər göstərir ki, bu istiqamətdə müəyyən bir optimist yanaşma var”.

Bəzi iddialara görə, Vaşinqton görüşünün əhəmiyyətinin şişirdilməsi indiki şərtlər daxilində Qərbin imitasiyası da ola bilər. Çünki Qərb Cənubi Qafqazda həqiqətən də sülhün qurulmasını istəyirsə, Ermənistana çoxdan təzyiq  göstərməli idi ki, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etsin.

Danışıqların bir neçə raundda davam etməsinin ciddi nəticəsi ola bilər? ABŞ-ın təşəbbüsü ilə başlanan danışıqlar sülh sazişinə gətirib çıxara bilər?

Abutalıb Səmədov: Zəngilanda aparılan bərpa-quruculuq işləri bizi  qürurlandırdı - AZƏRTAC

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ  Azərbaycan-Ermənistan danışıqlarının nəticə verməsinə son 20  ildə heç vaxt bu qədər ciddi yanaşmayıb. Təqribən bir həftə sürəcək danışıqlarda irəliyə doğru xeyli məsafə qət etmək və Avropa siyasi birliyinin iyunun 1-də Kişinyovda keçiriləcək ikinci sammitində sülh sazişini imzalamaq hədəf götürülüb: “Dünyanın ən böyük gücü olan ABŞ bundan 22 il əvvəl Ki-Uest şəhərində Azərbaycan, Ermənistan liderləri - Heydər Əliyevlə  Robert Köçəryanın bir neçə gün davam edən görüşünü təşkil etmiş, nəticəyə nail olmaq üçün xeyli səylər göstərmişdi. Ortaya qoyulan "ərazi mübadiləsi" təklifi Azərbaycanı qətiyyən qane etmədiyindən danışıqlar uğursuz başa çatmışdı. İndi vəziyyət tamamilə dəyişib. Əsas mübahisə mövzusu olan “Qarabağ məsələsi” artıq həllini tapıb və danışıqlarda müzakirə olunmamalıdır. Hərçənd ki, ermənilərin belə bir cəhd göstərəcəkləri və “sülh sazişi”nə Qarabağla bağlı müddəa saldırmağa çalışacaqları istisna olunmur. ABŞ bunun qarşısını qəti şəkildə almasa və ermənilərə təzyiq göstərməsə, danışıqlar prosesi yenə düyünə düşəcək. Bu baş verərsə, bundan ən çox qazanan prosesləri ləngitməyə çalışan Rusiya olacaq. Nəzərə alsaq ki, Rusiya bütün diqqətini başlanması az qala hər gün gözlənilən Ukrayna ordusunun əks-hücumuna yönəldib və Vaşinqton danışıqlarına təsir etmək imkanı yoxdur. Etiraf etməliyik ki, son illər belə əlverişli şərait heç vaxt olmayıb. ABŞ administrasiyası bunu düzgün qiymətləndirib prosesi pozmağa çalışan Ermənistana maksimum təzyiq göstərməlidir. Ermənistan bu təzyiqlərə müqavimət göstərmək gücündə deyil və bunu hamı yaxşı başa düşür".

A.Səmədov hesab edir ki, əgər ABŞ bu qətiyyəti göstərməsə və növbəti dəfə ermənilərin nazı ilə oynasa, Rusiya bu məqamdan yararlanmağa çalışacaq: “Xarici işlər nazirlərinin planlaşdırılan Moskva görüşündə irəliyə doğru addım atmaq üçün cidd-cəhdlə çalışacaq və "sülh  sazişi"nin imzalanmasını təşkil edən vasitəçi olmaq üçün erməniləri maksimum “sıxmaq” üçün əlindən gələni edəcək. Rusiya yaxşı başa düşür ki, Azərbaycana təzyiq göstərib, güzəştə getməyə məcbur etmək qeyri-mümkündür. Ötən il keçirilən Soçi sammiti bu reallığı açıq-aşkar göstərdi. Sonrakı danışıqlar nümayiş etdirdi ki, Rusiya rəsmiləri bunu artıq anlayıblar və mövqelərini ciddi şəkildə dəyişiblər. Ümid edək ki, ABŞ administrasiyası da bu reallığı anlayacaq və Vaşinqton danışıqları uğurla başa çatacaq. Unutmamalıyıq ki, söhbət təkcə sülh sazişinin imzalanmasından getmir. Söhbət həm də Qərbin Cənubi Qafqazda yerləşməsindən və Rusiyanı vurub bölgədən çıxarmasından gedir. Bu nəticə Azərbaycanın dövlət maraqlarına tam uyğundur və biz razılaşmanın Qərbin vasitəçiliyi ilə imzalanmasında maraqlıyıq".

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, ABŞ Azərbaycanla Ermənistanı barışdırmaq istəyir. Bu, Vaşinqtonun 22 ildən sonra ikinci cəhdidir: “2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü oldu. Danışıqlar intensiv olaraq 4 gün davam etdi və nəticəsiz qaldı. Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi. Hazırda rollar dəyişib. İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var. Vaşinqtonda dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri üçtərəfli müzakirələrə başlayıblar. Nazirlərin görüşündə irəliləyiş əldə edilərsə, Vaşinqton liderlərin görüşünə də ev sahibliyinə iddialı olacaq. Kolin Pauell 2001-ci ildə tərəfləri barışdıra bilmədi, bu dəfə Entoni Blinkendə alınacaqmı? Bu, Ermənistanın sülh sazişi mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır. ABŞ sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu nümayiş etdirir”.

Beləliklə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda vasitəçilik cəhdləri də təsdiqləyir. Məsələn, danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, sülh gündəliyi Qərbin, əsas da ABŞ-ın diqqətindən yayınmır. Bunu rəsmi Vaşinqtonun davranışları da təsdiqləyir. Belə ki, hər görüşdən sonra və ya öncə ABŞ rəsmilərinin tərəflərlə danışıqlar aparması prosesin diqqətlə izlənildiyini deməyə əsas verir".

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Rusiyada görüşəcəklər. Bu barədə Avropaya inteqrasiya daimi komissiyasının rəhbəri Arman Yeqoyan məlumat verib. “İlkin razılaşma var. Görüş Moskvada da baş tutmalıdır”, - Yeqoyan  bildirib.

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR