İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Pekinin qapısını döyür - Tramp Çinə yollanır, Putinə qarşı ittifaq qurulur?

844 16.03.2026 22:38 Dünya A A

ABŞ prezidenti Donald Trampın 31 mart-2 aprel aralağında gözlənilən Pekin səfəri beynəlxalq siyasətin diqqət mərkəzindədir. Qlobal güclər arasındakı münasibətlərin gərgin olduğu bir dövrdə bu səfər sadəcə diplomatik protokol hadisəsi deyil, həm də yeni geosiyasi balansların formalaşmasına təsir göstərə biləcək mühüm görüş kimi qələmə verilir.

Pekində Si Cinpin ilə keçiriləcək görüşlərdə hansı mövzular əsas müzakirə predmetinə çevriləcək? ABŞ və Çin arasında ticarət, texnologiya və təhlükəsizlik məsələləri ilə yanaşı, regionda davam edən müharibələr də gündəliyə daxil olacaqmı? Tramp İranla savaşda Çinin siyasi və ya diplomatik dəstəyini qazana biləcəkmi? ABŞ və Çin müəyyən məsələlərdə yaxınlaşaraq Vladimir Putinin rəhbərlik etdiyi Rusiyaya qarşı yeni siyasi xətt formalaşdıra bilərlərmi?

Bu və digər suallar ətrafından Musavat.com-a danışan siyasi şərhçi Azər Hüseynovun fikrincə, Yaxın Şərqdə cərəyan edən son hadisələr onu deməyə əsas verir ki, artıq beynəlxalq siyasətdə təkqütblü dövr yavaş-yavaş başa çatmaqdadır: “Çünki İran və ABŞ arasında baş verən qarşıdurmanın nəticələri göstərir ki, İran asimmetrik müqavimət strategiyası və ucuz istehsal olunmuş raketlər vasitəsilə qurduğu müqavimət sistemi ilə ABŞ və İsrailin birgə hərbi kampaniyasının tam nəticə əldə etməsinin qarşısını ala bildi.

Bu prosesdə İranın arxa planda Çin və Rusiya kimi güclərlə müəyyən strateji əlaqələr qurması da diqqət çəkir. ABŞ prezidentinin Çinə səfəri məsələsi isə ayrıca izah tələb edən bir məqamdır. Bu addım artıq ABŞ-nin Çini alternativ qlobal qütb kimi qəbul etməyin zəruriliyini anlamağa başladığını göstərən siqnallardan biri kimi qiymətləndirilə bilər.

Son dövrlərdə İran, ABŞ və İsrail arasında baş verən hərbi qarşıdurma göstərir ki, beynəlxalq siyasətdə bir çox proseslər əvvəllər təqdim edildiyi kimi sadə deyil. Çin texnoloji imkanları, silah sistemləri və digər sahələrdəki inkişafı ilə İranın ehtiyac duyduğu bəzi imkanları dolayısı ilə təmin edərək, müharibədə birbaşa iştirak etməsə də, öz texnoloji gücü ilə proseslərə təsir göstərmiş oldu.

Bütün bunlar isə onu göstərir ki, beynəlxalq sistemdə yeni bir mərhələ formalaşmaqdadır və artıq yeni bir qlobal qütb doğmaqdadır".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR