İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton danışıqları yekunlaşdı- Bayramov Bakıya nə ilə qayıdır?

1523 05.05.2023 09:03 Siyasət A A

Danışıqların yekun sülh sazişi mətninə  gətirib çıxaracağı gözlənilmirdi, amma...

“ABŞ danışıqlar prosesinə və Cənubi Qafqazda dinc gələcəyə yardım etməyə "əvvəlkitək sadiqdir". Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirləri birbaşa danışıqların növbəti, sayca üçüncü gününü başa vurduqdan sonra bildirib.

“Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır, ancaq hadisələri qabaqlamaq istəmirəm”, - Dövlət Departamentinin nümayəndəsi danışıqların gedişi ilə bağlı “Turan”ın sualını cavablandırarkən deyib. Görüşün formatı barədə sualın cavabında Patel qeyd edib ki, Azərbaycan-Ermənistan nümayəndə heyəti ilə yanaşı, “Amerika tərəfdən bir sıra rəsmi şəxslər də bu işdə fəal iştirak edirlər”. “Məlumdur ki, Qafqazda danışıqlar üzrə baş məsləhətçi Luis Bono Cənubi Qafqazda daimi işi sayəsində buna dərindən cəlb edilib. Mən bu həftənin qrafikini qabaqlamaq istəmirəm, amma görüşlər və tədbirlər gündən-günə keçiriləcək”, - Patel deyib.

“Rəsmi Vaşinqton Bakı və İrəvandan Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini ən yaxşı şəkildə necə qorumaq barədə düşünməyi xahiş edib”. Bunu isə ABŞ Dövlət Departamentinin sözçüsü AzadlıqRadiosunun erməni bürosunun danışıqlarda keçmiş Dağlıq Qarabağla bağlı məsələlərin müzakirə olunub-olunmaması ilə bağlı sualını cavablandırarkən bildirib. “Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi məsələsi Ermənistan və Azərbaycan arasında münaqişədə əsas məsələdir. O əlavə edib ki, "həddindən artıq çox insanın həyatına son qoyan və çox uzun müddət davam edən münaqişənin qalıcı həllini tapmağın yeganə yolu bu insanların, nəhayət, öz evlərində özlərini təhlükəsiz hiss etmələri və hüquqlarının qorunub saxlanmasıdır". Birləşmiş Ştatlar “sülhün əsasını qoya biləcək uzunmüddətli, sabit razılaşmanı” dəstəkləyir. Eyni zamanda Dövlət Departamenti vurğulayır ki, münasibətlərin tənzimlənməsinə dair sazişin həcmi, xarakteri və məzmununu tərəflər müəyyən etməlidir. “Turan”a diplomatik mənbələrdən məlum olub ki, mayın 4-də Blinkenin nazirlər dialoqunun yekun iclasında iştirak edəcəyi gözlənilir. Rusiya Avrasiya Kommunikasiyalar Mərkəzinin direktoru Aleksey Pilko Vaşinqton danışıqları haqda danışarkən maraqlı fikir bildirib. “Normallaşdırma sazişi sülh müqaviləsinə doğru güclü addım ola bilər, lakin onları eyniləşdirmək olmaz. Yeri gəlmişkən, Rusiya, daha əvvəl SSRİ və Yaponiya arasında sülh müqaviləsi yoxdur. Lakin müharibə vəziyyəti də yoxdur. Sülh müqaviləsinin olmaması Sovet İttifaqı və Rusiya Federasiyasının Yaponiya ilə əlaqələrini fəal şəkildə inkişaf etdirməsinə mane olmadı. Bəli, hazırda münasibətlər məlum səbəblərdən pisləşib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində bir hərəkətdir. Düzünü desəm, sülh müqaviləsi arzuolunan olsa da, ümumilikdə məcburi deyil. Tərəflər münasibətləri normallaşdıraraq istənilən halda qarşılıqlı əlaqə qura bilərlər”, - deyə o bildirib.

Qeyd edək ki, artıq Rusiyanın həyəcanla izlədiyi Vaşinqton görüşü də heç bir sənəd imzalanmadan geridə qaldı. İndi növbədə Rusiya görüşü var...

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında aparılan danışıqlardan da bəhs edib. Bildirib ki, keçmiş Minsk Qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər. “Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır” - Prezident deyib və bununla da faktiki olaraq vasitəçi ölkələrin missiyasının uğurla nəticələnəcəyinə şübhəsini ifadə edib. Prezident İlham Əliyev həmçinin deyib ki, Ermənistanla Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub.

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Vaşinqton danışıqlarının necə bitəcəyi haqda orada nə baş verdiyindən hər kəsdən daha çox xəbərdar olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin artıq açıqlaması var: “Şuşada "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda keçirilən dünənki beynəlxalq konfransda səsləndirlən həmən açıqlama elə də nikbin deyil. Səbəbinə də dövlət başçımız yenə özü aydınlıq gətirdi. O bildirdi ki, qarşı tərəf Azərbaycanın terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizə haqda təklifinə cavabında “separatizm” sözünün üstündən xətt çəkib. Bu, nə deməkdir? O deməkdir ki, Ermənistan Azərbaycana qarşı torpaq iddialarına son qoymaq niyyətində deyil. Vaşinqton danışıqlarının uğurlu sonuclanacağı haqda bir halda əminliklə danışmaq olardı ki, onun təşkilatçısı ədalətli demirəm - çünki dünyada hegemonluq edən, yaxud da buna can atan hər hansı bir gücdən ədalət gözləmək sadəlövhlükdür - beynəlxalq hüquq və normaların prinsipial tərəfdarı kimi çıxış etsin. ABŞ-ın hərəkətlərində isə biz bunu görmürük. Sözügedən ölkənin bu yaxınlarda açıqlanmış Təhlükəsizlik Strategiyasında Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təşviq edilməsi vurgulandığı halda, bizimkinə yanaşmada eyni mövqe sərgilənmir. Orada, sadəcə, Ermənistanla Azərbaycan arasında sülhün təşviqindən söhbət gedir. Soruşuram nəyə əsaslanan sülhün? Ermənistanın Azərbaycana qarşı torpaq iddiasına dayanan sülhümü ABŞ nəzərdə tutur? Belə deyilsə, nədən öz səfirini Şuşaya göndərmir və Qarabağın Azərbaycan torpağı olmasını açıq şəkildə dilə gətirimir?" S.Alıyevin sözlərinə görə, cənab İlham Əliyevin də Şuşada vurğuladığı kimi, çox təəssüf ki, Ermənistan özü indi bizim ərazi bütövlüyümüzü tanımağa “Qərbdəki bəzi dostlarından” daha meylli görünür: “Ötən ilin oktyabrındakı Praqa, Soçi bəyannamələri də təsdiqləyir ki, "A" deyən rəsmi İrəvan “B” də deyə bilər. Əlbəttə, əgər Praqa görüşündə Paşinyana yandaşlıq edən Makronun ölkəsi Fransa, yaxud da Soci görüşünü təşkil edən Rusiya və digərləri maneçilik törətməsələr. Amma törədirlər. Fransanın Ermənistandakı revanşişzm tərəfdarlarından daha çox revanşist hərəkətləri, Kremlin sözçüsü Peskovun Vaşinqton görüşü haqda son açıqlaması məhz bunu deməyə əsas verir. O üzdən də Azərbaycan Prezidenti çoxtərəfli yox, Ermənistanla ikitərəfli danışıqlar aparmağın daha önəmli və belədə real nəticələrin əldə edilməsi perspektivinin daha yüksək olduğunu bildirir. Dövlət Departamentinin təmsilçisi Vedant Patelin dedikləri də göstərir ki, onlar da birbaşa dialoqun daha effektli olacağının yaxşı fərqindədirlər". Deputat bir məqama da xüsusi diqqət çəkdi: “Yeri gəlmişkən, Vaşinqton danışıqları zamanı mənim eşitdiyim ən önəmli açıqlama Antoni Blinkenin milli azlıqlar probleminin sonrakı mərhələdə həlli ilə bağlı sözləridir. Mən belə başa düşürəm ki, ABŞ artıq Qarabağdakı hayların orada qalıb təhlükəsiz yaşamaları üçün qərbi azərbaycanlıların da öz yurd yerlərinə qayıtmalarının önəmli olduğunu anlayır. Və onu da anlayır ki, onların da Ermənistanda hüquq və təhlükəsizlikləri təmin edilməlidir”. SSRİ, ardınca da Rusiya ilə Yaponiya arasında sülh anlaşması olmadan əlaqələrin normallaşdırılması təcrübəsinin bizim regionda tətbiqi məsələsinə gəldikdə isə S.Alıyev bunu düzgün yanaşma kimi qiymətləndirmədiyini vuğruladı: “Belə bir fikir irəli sürənlər bilməlidirlər ki, Azərbaycan heç kimin ərazisini tutmayıb, işğal altındakı torpaqlarını azad edib. Bizə düşməncəsinə yanaşanlara yenidən eyni niyyətə düşmələri üçün təbii ki, hər hansı şans verməməlidir. Yenə də dövlətimizin başçısının Şuşadakı son açıqlamasına dayansaq, deyə bilərik ki, verilməyəcək də! Çünki o, açıq şəkidə bildirdi ki, Ermənistan sülh anlaşmasını imzalamayacağı təqdirdə, torpaqlarımız işğal altında olarkən həmən ölkəyə qarşı hansı siyasət yeridilmişdisə, eyni siyasət yeridiləcək. Yəni o, yenə də təcrid vəziyyətində saxlanacaq”.

Qafar Çaxmaqlı

Qafar Çaxmaqlı 

Politoloq Qafar Çaxmaqlı isə bu fikirdədir ki, Vaşinqtonda Azərbaycan-Ermənistan XİN rəhbərləri səviyyəsində ikili və ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə danışıqların adi görüş olmadığı bu təmasların bir neçə gün davam etməsindən bəlli oldu: “Amerika Azərbaycan və Ermənistan qarşısında münasibətlərin normallaşması layihəsi qoyur, sülh müqaviləsindən söhbət getmir. Vaşinqtona görə, öncə ölkələr arasında etimad mühiti yaradılmalıdır. Bayramov və Mirzoyanın önünə qoyulan sənəd aylardır İrəvana Bakı tərəfindən göndərilən və müəyyən redaktələrlə geri qaytarılan və beləliklə, bir neçə dəfə təkrar edilən sülh mətni deyil. Önə qoyulan mətn Amerikanın etimad razılaşması ola bilər ki, onun da sülh müqaviləsinə dönüşməsindən hələ danışmaq tez olardı. Belə anlaşılır ki, bu prosesi aparmaq üçün ABŞ bundan sonra ciddi siyasi iradə nümayiş etdirəcək. ABŞ bölgədə Azərbaycanın önəmini anlayır, Ermənistanın Ukraynaya təcavüzü ilə bağlı Rusiya əleyhinə beynəlxalq birliyə qoşulmasından da məmnun görünür”. Q.Çaxmaqlı qeyd etdi ki, başlanan danışıqların yekun bir sülh sazişinə gətirib çıxaracağını gözləmək hələ çətindir: “Çünki bu prosesin içində Avropa Birliyi və Rusiya da var. Vaşinqton danışıqlarından sonra Kişinyovda və ehtimal ki, Moskvada olacaq görüşlər prosesə müəyyən aydınlıq gətirə bilər. Olayları səssizcə izləyən və hələ ki açıq münasibət bildirməyən Rusiya onun bölgədən çıxarılması anlamına gələn bu proseslərə hansı zərbəni vurmağı düşünəcək? Rusiyanın bölgədə təsir gücünün azalmasına imkan verəcəkmi? Vaşinqtonla Moskvanın indiki halda hər hansı məsələdə əməkdaşlıq etməsi mümkün olmadığından Rusiyadan fərqli addımlar gözləyə bilərik. Rusiyaya burada varlığını sürdürmək üçün münaqişənin davam etməsi anlamına gələn insidentlər törədə bilər. Vaşinqton bu kozırı da onun əlindən almaq istəyir. Vaşinqtonun məsələyə geniş spektrdə baxmağa başlaması ondan da anlaşılır ki, eyni günlərdə həm də Türkiyə- Ermənistan təmasları aparılır. ABŞ anlayır ki, Ermənistanla Azərbaycanın münasibətlərinin qurulması Ankara ilə sıx əlaqədardır. Ermənistanın təmsilçisi Ruben Rubinyan da Vaşinqtondadır. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçiriləcək toplantıda iştirak üçün Ankaraya səfər edəcək və ehtimal ki, bu görüşdə münasibətlərin bəzi məqamlarına aydınlıq gətiriləcək”. Ekspert bir məqamı da vurğuladı: “Şübhəsiz ki, Ağ Evin sözcüsünün də ifadə etdiyi kimi, İrəvan Qarabağdakı erməni əhalinin ”təhlükəsizliyi və haqlarının qorunması" məsələsindən də yan keçilməyəcək və Ermənistan bu məsələni beynəlxalq birliyin müzakirəsinə çıxarmaq üçün səy göstərəcək. Kimliyindən asılı olmayaraq, daxili işimizə qarışmanın qəbuledilməz olduğunu və sülh prosesinə gedən bu danışıqların bir predmeti kimi ortaya qoyulmasını önləmək tədbirləri görülməlidir. Dünya görməlidir ki, Ermənistan beynəlxalq birliyi Qarabağ erməniləri ilə bağlı məsələyə cəlb etməkdən ötrü sülh prosesindən ona görə yayınır və onu uzadır".

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR