İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton danışıqları bitdi - yolun harasına gəldik, davam, yoxsa tamam?

494 06.05.2023 10:07 Siyasət A A

ABŞ-Rusiya ortaq sülh variantı mümkünmü? Kreml bu prosesə ona görə mane olmaq istəyir ki...

Azərbaycan və Ermənistan XİN başçıları - Ceyhun Bayramov və Ararat Mirzəyan səviyyəsində ilk dəfə ABŞ-da reallaşan çoxgünlük sülh danışıqları bitdi. Sonuncu gün dövlət katibi Entoni Blinken son dəfə nazirlərlə ayrı-ayrılıqda və üçlü formatda bir araya gəlib. Ondan öncə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan isə Azərbaycan və Ermənistan baş diplomatları ilə görüşdən sonra tviterdəki hesabında kifayət qədər ümidlər bəslənilən müzakirələr haqda yazıb.

Sitat: “Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılması üçün əsas olacaq”. Sallivan görüşlərdən razı qaldığını bildirib.

ABŞ dövlət katibi isə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında yekun danışıqlardan sonra bildirib ki, İrəvan və Bakı davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib. Entoni Blinken əlavə edib ki, danışıqların sürəti və həmkarlarımızın qoyduğu təməl onu göstərir ki, biz həqiqətən razılığa gəlmək ərəfəsindəyik. “İstənilən marafonun son hissəsi həmişə ən çətin olur. Biz bunu bilirik”, - Blinken deyib.

Bu arada Nikol Paşinyan bildirib ki, gələn həftə Rusiyaya səfər edəcək. Düzdür, hələlik Kreml bunu təsdiqləməyib. Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında gələn həftə mümkün görüş barədə danışıb. Kremlin sözçüsü hadisələri qabaqlamamağı məsləhət görüb. O bildirib ki, müəyyən planlar müzakirə olunur, müzakirə yekunlaşandan sonra Putin-Paşinyan görüşü barədə açıqlama veriləcək. Hər halda maraqlı reaksiyadır.

Sözsüz ki, Rusiya Qafqazlardakı məsələləri uzaq Qərbin ixtiyarına buraxmamaqda israrlıdır, elə Vaşinqton görüşünə ilkin reaksiyalar da bunu göstərdi. Amma Kreml həm də tələsənə oxşamır məlum səbəblərdən.

Bəs ABŞ-dakı nikbinlik, irəliləyiş, razılıq konkret nədən ibarətdir? Yoxsa Vaşinqton görüşləri də vaxt itkisi kimi tarixə düşəcək?

Qeyd etdiyimiz kimi, Rusiya da tezliklə XİN rəhbərlərinin üçlü formatda danışıqları təşkil etməyi planlaşdırır. Rusiyalı ekspertlərdən biri bu xüsusda bildirib ki, Moskva görüşlərinin nəticələri Vaşinqton danışıqlarının nəticəsindən asılı olacaq. Söhbət hansı asılılıqdan və ya əlaqədən gedir? Moskva müzakirələri prosesə davam demək olacaq, yoxsa tamam? Ümumiyyətlə, anlaşmaya doğru yolun harasındayıq, masaya ABŞ və Rusiyanın ortaq sülh variantının qoyulması mümkünmü?

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ-da mayın 1-dən 4-nə qədər davam edən danışıqlardan iki nəticə çıxır: “Birinci nəticəni müsbət qiymətləndirmək olar, tərəflər sülh sazişinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə ediblər. İkinci nəticə isə müsbət deyil, çünki tərəflər əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Buna baxmayaraq, Vaşinqtonun danışıqları dərinləşdirməyə çalışması müsbət qiymətləndirilməlidir. Entoni Blinken müsbət nəticəyə ümidlidir. O danışıqlar bitdikdən sonra bildirib ki, danışıqların sürəti və həmkarlarımızın qoyduğu təməl onu göstərir ki, biz həqiqətən razılığa gəlmək ərəfəsindəyik. Blinken hesab edir ki, finişə az qalıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında danışıqların 3 formatı mövcuddur. Bu - Vaşinqton, Brüssel və Moskva formatıdır. Vaşinqton formatı Brüssel və Moskva formatından keyfiyyət baxımından fərqlənir. Vaşinqtonun strategiyası belədir ki, münaqişə tərəfləri arasında vasitəçi olduğunda mövzuları detallı və günlərlə müzakirə edir və nəticə əldə etməyə çalışır. Brüssel və Moskva formatlarında isə danışıqlar gün ərzində bir neçə saat davam edir. Bu halda konkret nəticə əldə etmək çətindir”.

E.Şahinoğlu hesab edir ki, ABŞ Azərbaycanla Ermənistanı barışdırmaq istəyir: “Bu, Vaşinqtonun 22 ildən sonra ikinci cəhdi idi. 2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü oldu. Danışıqlar budəfəki kimi intensiv olaraq 4 gün davam etdi, ancaq nəticəsiz qaldı. Çünki Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi. Hazırda rollar dəyişib. İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var. Vaşinqton gələcəkdə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında da görüş təşkil etməyə çalışacaq. Kolin Paulell 2001-ci ildə tərəfləri barışdıra bilmədi, Entloni Blinken isə müsbət nəticə əldə etməyə çalışacaq. Sülh sazişinin imzalanması Ermənistanın sülh sazişi mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır.

Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişi imzalamağı yubatmağa çalışır. Onun fikrincə, sülh sazişi imzalandıqdan sonra Azərbaycan Qarabağda separatizmə son qoyacaq, ona görə “riskə” getmək istəmir. Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə Qarabağda erməni separatizminə son qoyulacaq. Bunun sülh sazişi ilə əlaqəsi yoxdur".

Politoloqun fikrincə, İrəvanın Rusiyaya yalvarışları nəticə vermədiyindən indi də Fransaya yalvarırlar ki, Azərbaycanı Paris durdursun: “İrəvan Parisə təklif edib ki, birincisi, Fransa Qarabağ ermənilərinin təhlükəsizliyinə cavabdeh olsun. İkincisi, Fransa Laçın yoluna nümayəndələr göndərsin. Bu təkliflərin perspektivi yoxdur. Birincisi, Azərbaycan Fransanın Qarabağ məsələsinə qarışmasına imkan verməyəcək. Paris belə cəhdlər etsə, Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcək. İkincisi, Rusiya da münasibətləri gərgin olduğu Fransanı bölgədə möhkəmlənməsini elə Ermənistan üzərindən əngəlləməyə çalışacaq. Digər tərəfdən Paris son aylarda Azərbaycanla gərginləşən münasibətləri normallaşdırmağa çalışır. Vaşinqtonun vasitəçiliyi Kremldə ciddi narahatlıq yaradıb. Rusiya prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana göndərdiyi xəbərdarlıq mesajında bunları deyib: ”Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür". Putin bu mesajıyla demək istəyib ki, Bakı və İrəvan Vaşinqtonun və ya Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır. Kreml açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır".

E.Şahinoğlu ardınca əlavə etdi ki, ancaq Kreml məsələləri qarışdırır: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırkı vasitəçiliyinin isə Qarabağa dəxli yoxdur, əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Kreml bu prosesə ona görə mane olmaq istəyir ki, sülh sazişi Vaşinqtonun vasitəçiliyi ilə imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanları daha da azalacaq”.

Göründüyü kimi, Blinkenin nikbinliyinə kölgə salan xeyli məqamlar var. Gözləyək...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR