İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan qaçdı - erməni icmasında parçalanma

1783 08.04.2023 09:40 Siyasət A A

Kremlin “desantı” xəstəlik adı ilə “dabanına tüpürüb” Qarabağdan aradan çıxıb; inteqrasiyanın alternativi qalmadı!

Aprelin 5-də Laçın yolunda yaşanan insident, azərbaycanlı həkimlərin halı pisləşmiş Qarabağ ermənilərinə heç bir tərəddüd eləmədən, hətta Xankəndiyə kimi gedərək tibbi yardımı davam etdirməsi maraqlı bir detalı üzə çıxardı: bunu Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyevin dilindən eşitdik - həkim demişdi ki, ermənilərlə Azərbaycan dilində danışıb.

O, Xankəndinə daxil olanda sevinc hissi keçirdiklərini, özlərinə qarşı heç bir aqressiv davranış görmədiklərini də söyləyib.

“Yeni Müsavat” yazır ki, bu fakt bir daha radikal separatçı ünsürlərin, erməni faşistlərin Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasının, ümumiyyətlə iki xalqın birgə yaşayışının qeyri-mümkünlüyü barədə irqçi və ksenofobik iddiasını puça çıxarır. Yeri gəlmişkən, hazırda erməni icmasında radikalların mövqeyi əvvəlkitək güclü deyil. Erməni oliqarx-dələduz Ruben Vardanyan özünün son müsahibələrinin birində bunu etiraf edir.

“Mənim üçün çətin suallardan biri artsax elitasının niyə özünüqoruma instinktinin olmamasıdır. Çünki həqiqətən də belə ağır böhran şəraitində uğur üçün yeganə şans bütün xırda çəkişmələri, daxildəki bütün inciklikləri və ziddiyyətləri unudub xarici düşmənə qarşı vahid güc olmaq üçün birləşməkdir. Təəssüf ki, bu, burada işləmir”, - deyə o, məyusluqla bildirib. “Bəlkə ona görə belədir ki, bu, 35 ildir davam edir və insanlarda vərdiş, yorğunluq yaranıb. Bəlkə də ona görə ki, hər kəs öz-özünə fikirləşir ki, məsələni birtəhər özü yoluna qoymaq imkanına malikdir. Hansı ki, illüziyadır. Mən dərindən əminəm ki, bu, bizim hamımızın ağır böhrandan yalnız birlikdə çıxa biləcəyimizi dərk etmək üçün olan bir çağırışdır”, - Kremlin “tulası” vurğulayıb.

Maraqlıdır ki, məhz bu müsahibədən az sonra Vardanyanın Qarabağdan qaçdığı bildirilir. Bu barədə erməni bloger Roman Baqdasaryan məlumat yayıb.

“Vardanyan Qarabağ xalqını toplayıb və toplaşanlara deyib ki, guya səhhətində ölümcül problemlər var və Qarabağı tərk etməlidir. Vida gecəsinin ertəsi günü isə Vardanyan Qarabağı tərk etdi. Bu, həmin Ruben Vardanyandır ki, son aylar Qarabağ uğrunda ölməyə belə hazır olduğunu daim təkrarlayırdı. Və göz qabağındadır ki, Vardanyanın səhhətində yaranan problemə görə getməsinin səbəbləri sadəcə kiçik bir hiylədir. O, hansısa yolla özünə haqq qazandırmağa çalışmalı idi”, - bloqqer öz Facebook səhifəsində yazıb.

Bu qaçış gözlənilən idi. Çünki artıq Qarabağda vardanyanların görəcəyi bir iş qalmayıb. İndi meydan dialoq, barışıq tərəfdarlarına verilməlidir.

Bundan sonrakı proseslər necə təsəvvür edilir, Bakının dialoq təkliflərinə nəhayət, adekvat münasibət olacaqmı? Vardanyan qaçdı, meydan kimə qalır? Rubendən sonra sıra kimdə?

Bu arada “Hraparak” erməni qəzeti “Xankəndinin Azərbaycana təhvil verilməsi prosesinin başladığını” yazıb. Nəşr Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması, erməni xəstələrin azərbaycanlı həkimlər tərəfindən şəhərə aparılması hadisəsini məhz belə qiymətləndirib.

“Artıq Xankəndidə şəhərin Azərbaycana təhvil verilməsi haqda danışırlar. Qarabağdakı ermənilər şəhərin küçələrində Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycanın təcili yardım maşınını görür və bu, onun psixoloji olaraq vəziyyəti qəbul etməsi ilə nəticələnir. Onlar düşünürlər ki, hətta ruslar da onları müdafiə etmir, Ermənistan müdafiə etmir, Qərb ölkələri də onlara əhəmiyyət vermir. Buna görə də Azərbaycanın qarşısında heç nə edə bilməyəcəklər. Bu o deməkdir ki, inteqrasiya prosesi başlayıb və Rusiya da bu prosesdə Azərbaycandan yanadır”, - qəzet qeyd edib. Məqalədə həmçinin bildirilir ki, Qarabağdakı ermənilər Xankəndi küçələrində Azərbaycan nömrəli avtomobilləri görməyə “öyrəşdirilir”: “İstisna deyil ki, bu, inteqrasiya prosesinin bir hissəsidir: mərhələ-mərhələ, addım addım irəliləyirlər”.

Qabil Hüseynli: “Bu faciə kortəbii baş verməyib. Bütün deyilənlər  uydurmadır” | KONKRET

Qabil Hüseynli 

Bu mövzuda “Yeni Müsavat”a danışan professor Qabil Hüseynli qeyd etdi ki, ermənilərin reinteqrasiyasını təbii proses adlandırmaq olar: “Həmçinin bölgədəki hadisələrin də təsirini qeyd etmək lazımdır. Eyni zamanda, bu reallığı ikinci Qarabağ müharibəsinin nəticələri kimi dəyərləndirməliyik. Sözsüz ki, prosesin gedişində çətinliklər, maneələr, ləngimələr ola bilər, amma ümumi iş davam edəcək. Yəni Qarabağ erməniləri ya Azərbaycan vətəndaşı olacaqlar, ya da bölgəni tərk edəcəklər”.

Q.Hüseynlinin fikrincə, nəzərə alaq ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çox uzaqda deyil: “ABŞ xarici işlər naziri Entoni Blinken bu məsələdə kifayət qədər fəallıq nümayiş etdirir. Yaxın günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü gözlənilir. Bütün baş verənlər onu təsdiqləyir ki, rus hərbçilərinin ümidsiz cəhdlərinə baxmayaraq, proses tədricən özünə yol açır. İlk vaxtlar nisbətən sakit gedən təmasların günün birində sıçrayışla inkişaf edəcəyini proqnozlaşdırmaq olar. İndi ermənilərin Azərbaycan qanunları ilə yaşaması uğrunda prosesin gedişi ləng görünə bilər, amma gələcəkdə daha da sürətlənməsini gözləmək mümkündür”.

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..." » Azia.az

Yeganə Hacıyeva

Siyasi ekspert Yeganə Hacıyevanın sözlərinə görə, Qarabağda legitim əsaslarla Azərbaycan Konstitusiyasının bütün şərtləri bərpa olunacaq: “Qarabağ de-yure Azərbaycanın yurisdiksiyasındadır, de-fakto da Azərbaycanın yurisdiksiyasına girəcək. Qarabağın resurslarının talanması Xankəndi, Qarabağın bu gün üçün bizim nəzarətimizdə olmayan hissələrində Azərbaycan dövlətinin suverenliyi bərpa olunandan sonra dayana bilər. Ondan öncə bu talanın dayanmasını ehtimal etmək sadəlövhlükdür. Oradakı Ruben Vardanyan və separatçı rejimın digər simaları resursları talamaqdan dayanacaqlarmı?!

Bizim ekoloji fəallarımızın etirazlarından sonra da resurslarımızın talanması davam edir. Əvvəl özləri daşıyırdılar, indi isə qeyri-qanuni olaraq çıxarılan resurslar Rusiya sülhməramlılarının maşınlarında da daşınır. Xankəndi, Qarabağın nəzarətimizdə olmayan ərazilərində Azərbaycanın suverenliyini bərpa etməsi və ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi bir-birinə bağlı proseslərdir. Bunun birinin olub, digərinin olmaması mümkün deyil".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR