İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov: “Mən araşdırmağa başladım ki, bu, nə məsələdir?”

5772 14.07.2023 18:30 Müsahibə A A

Vahid Əhmədov: “Əgər camaat bu barədə bir neçə dəfə müraciət edibsə, məsələlər vaxtında həll olunmalı idi”

Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir sıra vacib məsələlərə münasibətini açıqladı, tapşırıqlar verdi. Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”ın müşavirədə aktual mövzularla bağlı səslənən məsələlər, ölkə başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı suallarını cavablandırdı.

- Vahid bəy, müşavirədə Prezidentin səsləndirdiyi fikirlərlə bağlı münasibətiniz necədir? Diqqətinizi daha çox hansı məsələlər çəkdi?

- Əlbəttə, cənab Prezident ilin altı ayının yekunları ilə əlaqədar olaraq keçirilən iclasda çox ciddi məsələlərə toxundu və bəzi mesajlar da verdi. Eyni zamanda bəzi məmurların onun tapşırıqlarını yerinə yetirməsi ilə əlaqədar müəyyən problemlərin olduğunu dilə gətirdi. O cümlədən Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrlə əlaqədar vaxtında məsələlərin həll olunmadığını, problemlərlə əlaqədar vaxtında komissiyanın yaradılmadığını, yaradılan komissiyanın rəyinin başadüşülən olmadığını qeyd elədi və müəyyən rəhbər şəxslərə öz iradını bildirdi. Çox gözəl oldu ki, məsələlərlə bağlı aydınlıq yaranması üçün bir həftə var verdi. Bu tapşırıqlardan bir gün sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev brifinq keçirdi və artıq Söyüdlüdə işləyən şirkətin fəaliyyəti müvəqqəti dayandırıldı. Oradakı insanların otlaq sahələrinin geri qaytarılması, ikinci gölün tikintisinin dayandırılması öz həllini tapdı. Çox müsbət haldır ki, cənab Prezident bu məsələyə öz münasibətini bildirdi.

- Prezident sözügedən şirkətlə bağlı da mövqeyini ifadə etdi. Sizcə, hansı yol seçiləcək?

- Məncə, o şirkətin fəaliyyətini dayandırmaq o qədər də faydalı deyil. Amma şirkət Azərbaycan qanunlarına əməl etməlidir. O cümlədən Azərbaycan hökumətinin qarşıya qoyduğu məsələləri həll eləməlidir ki, orada ekoloji problem olmasın. Amma eləməsə, əlbəttə, cənab Prezidentin göstərişi var, bağlanacaq, şirkət orda işləməyiəcək, bu, Azərbaycan üçün böyük problem deyil. Dövlət başçımız tamamilə düzgün dedi ki, bu məsələləri vaxtında həll etmək lazım idi. Vaxtında nazir də getməli idi, hökumət komissiyası işləməli, nəticə barədə cənab Prezidentə məlumat verilməli idi. Onsuz da qərarı cənab Prezident verir. Həmin addımları vaxtında atsaydılar, bu məsələlər olmazdı. Həm də yerli icra hakimiyyəti orqanları camaatla işləyir. Əgər camaat bu barədə bir neçə dəfə müraciət edibsə, məsələlər vaxtında həll olunmalı idi. Həll eləyə bilmirsənsə, müraciət elə mərkəzi icra hakimiyyəti orqanlarına, həll etsinlər.

- Azərbaycanın Arazdəyəndə tikilən metallurgiya zavoduna, həmçinin Arazın və Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsinə nə qədər həssas yanaşması faktdır. Bu mənada Söyüdlüdə yaradılan ekoloji fəlakətlə əlaqədar xarici şirkətin qarşısında kompensasiya ödənilməsi tələbi də qoyula bilərmi?

- Əlbəttə. Ümumiyyətlə, şirkətin pay bölgüsünə baxmaq lazımdır, görək necədir. Yadıma gəlir, həmin saziş parlamentdə ratifikasiya olunmuşdu, biz onu təsdiq etmişik. Əgər doğrudan da bu qədər ziyan vurubsa, ziyan vurmaqda davam edirsə, gərək onun pay bölgüsünə baxılsın və müəyyən qədər azaldılsın. Layihə normal idi. Qanunda da ekoloji, təhlükəsizlik və digər məsələlər əksini tapır. Faktiki şirkət öhdəliklərini icra etməyib,onun da işinə nəzarət olmayıb. Tələb etmək lazım idi ki, bunu etməlisən. Cənab Prezident onu da söylədi ki, şirkət Azərbaycanda heç bir humanitar işlər də görməyib. Hansı ki, Azərbaycanda neft-qaz, qızıl ehtiyatları və sair sahələrdə çalışan şirkətlər humanitar dəstək də verirlər, əhali ilə işləyirlər. Heç olmasa bölgənin əhalisi ilə işləməli idilər, özü də kifayət qədər gəlir götürüblər.  

- Dövlət başçısı da ikirəqəmli inflyasiya ilə bağlı narahatlığını ifadə etdi, bununla bağlı tapşırıqlarını verdi. Vaxtaşırı parlament iclaslarında sizin də toxunduğunuz bu məsələ ilə bağlı gözləntiləriniz necədir: ikirəqəmli inflyasiyanı ilin sonunadək birrəqəmliyə dəyişmək mümkün olacaqmı?

- Cənab Prezidentin toxunduğu ən ciddi məsələ inflyasiya mövzusu oldu. Çünki inflyasiyanın ikirəqəmli olması Azərbaycan əhalisinin sosial vəziyyətinə çox ciddi təsir edir. Çünki biz dövlət büdcəsini, hətta dürüstləşdirilmiş büdcəni qəbul edəndə inflyasiya ilə əlaqədar ciddi fikirayrılıqları oldu. Müzakirələrdə mən həmkarım Əli Məsimli ilə birlikdə ciddi polemikaya girdik. Biz onda da dedik ki, inflyasiyanın birrəqəmli olması faktı ilə razı deyilik. O mənada ki, gedən proseslər inflyasiyanın qarşısını almaq üçün ciddi işlər görməliyik, antiinflyasiya tədbirləri həyata keçirməli, ölkə daxilində süni qiymət artımının qarşısını almalıyıq, idxalın strukturuna baxmalıyıq. Elə məhsullar var ki, ölkəmizdə istehsal oluna bilər, onun istehsalına başlamaq lazımdır. Yəni burada antiinflyasiya tədbirləri ilə əlaqədar proqram olmalıdır. Cənab Prezident tamamilə düz dedi, inflyasiya birbaşa əhalinin vəziyyətini pisləşdirmək deməkdir. Cənab Prezident dedi ki, hazırda inflyasiya 12 faizdir. İnflyasiya qiymət artımıdır. Amma son vaxtlar keçən ilə nisbətən, bəzi məhsullarda stabillik yaranıb. İqtisadiyyat Nazirliyinin Antiinhisar xidməti var, onlarla mütəmadi şəkildə bəzi qanunları müzakirə edirik. Bu yaxınlarda “Dövlət satınalmaları” haqqında qanun layihəsini müzakirə etmişik. Biz onlara da demişik ki, monitorinqləri çoxaltmaq lazımdır. Süni qiymət artımı kifayət qədər çoxdur. Belə halların qarşısı alınmalıdır.

- Bu mövzudan danışarkən qeyri-ixtiyari Rəqabət Məcəlləsi yada düşür...

- Mən həmişə deyirəm, həmkarlarım da həmçinin, Rəqabət Məcəlləsini qəbul etmək lazımdır. Rəqabət Məcəlləsi bazarda azad rəqabəti bərpa edir. Məcəllə işlənib hazırlanıb, hökumət baxıb, verib Prezident Administrasiyasına, bu günədək onu ala bilməmişik. Yaz sessiyasının gündəliyinə salınmışdı ki, qəbul edəcəyik, amma mümkün olmadı. İki qanunu qəbul edə bilmədik: Rəqabət Məcəlləsi və Lombardlar haqqında qanun. Lombardlarla bağlı da böyük problemlər var. Xüsusilə Rəqabət Məcəlləsi çox mühümdür. Mən o fikirdə deyiləm ki, biz məcəlləni qəbul edəndən sonra bazarda hər şey düzələcək. Amma heç olmasa, qiymətlərə 30 faiz təsir edəcək, sahibkarlar üçün normal şərait yaradacaq. Ümumiyyətlə, antiinflyasiya tədbirlərini daha da gücləndirmək lazımdır. Dövlət başçısı da göstəriş verdi ki, ilin axırınadək inflyasiyanın birrəqəmli olmasına çalışmaq lazımdır. Mən baxıram, iqtisadi inkişaf kifayət qədərdir, birinci yarımildə 60 milyard manata yaxın ÜDM istehsal olunub, dövlət büdcəsi 36 milyard manata çatıb, bu, böyük büdcədir. Dövlət borcumuzsa 10 faiz səviyyəsinə gəlib çatıb. Bunlar böyük nailiyyətlərdir, ciddi məsələlərdir, arxasında həm Maliyyə, həm İqtisadiyyat nazirliklərinin, ümumiyyətlə, iqtisadi blokların ciddi əməyi dayanır. Müsbət məqamlar kifayət qədər çoxdur, amma yenə deyirəm, inflyasiyanın birrəqəmli olması üçün birincisi, idxalın strukturuna ciddi dəyişikliklər edilməlidir. Çünki idxal inflyasiyası kifayət qədər yüksəkdir. Bizim əsas portnyolarımız Türkiyə, Rusiya, Ukrayna idi. İndi Rusiya və Ukraynada vəziyyəti bilirsiniz, kifayət qədər böyük inflyasiya var. Rusiyada 1 dollar 90 rublu keçib. Türkiyədə müəyyən faiz yüksəlməsi var, amma hesab edirəm ki, vəziyyət sabitləşəcək. Orada aparılan proqram düzdür. Son vaxtlaradək xarici ticarətdə neft-qazla əlaqədar İtaliya, sonra Rusiya və Türkiyə gəlirdisə, indi artıq Türkiyə önə keçib. Biz çalışmalıyıq ki, Türkiyə ilə iqtisadi əlaqələrimizi daha çox genişləndirək. Bununla əlaqədar Türkiyə ilə ticarət müqaviləsi imzaladıq, rüsumsuz malların sayını 15-dən 30-a çatdırdıq. Yavaş-yavaş bu siyahını artırmaq lazımdır. Ümumiyyətlə, Türkiyə və Azərbaycan gömrük məsələlərində daha çevik addımlar atmalıdır, daha çox rüsumların tətbiq olunmamasına çalışmaq lazımdır.

- Vahid bəy, dövlət başçısı manatla bağlı nikbin danışdı. Amma qeyd etdiyiniz kimi, qonşu ölkələrin valyutaları dəyərsizləşir. Bu mənada manatın dominantlığını sonadək qorumaq mümkün olacaqmı?

- Mənə elə gəlir ki, manatın kursunu saxlayacağıq, elə bir ciddi problem olmayacaq. Mən baxdım, dünya bazarında neftin qiyməti də yüksəkdir. Səudiyyə Ərəbistanı və OPEK təşkilatı yəqin ki, neft hasilatını müəyyən qədər azaltmağa hazırlaşırlar, bu da qiymətlərə təsir edəcək. Düzdür, neft-qaz idxal edən dövlətlər bunun əleyhinədirlər, amma istehsalçı dövlətlər, OPEK öz mənafelərinə uyğun şəkildə qərar verirlər.

- Bu arada, “Abşeron” qaz-kondensat yatağından  gözlənildiyindən artıq qaz hasilatına başlanması da Azərbaycanın növbəti şansı kimi dəyərləndirilə bilər...

- Cənab Prezident müşavirədə onu da qeyd etdi. Son vaxtlar biz investisiyaları əsasən Qarabağa, Şərqi Zəngəzura yönəldirik. Amma fikir verirsinizsə, neft-qaz məsələləri, elə “Abşeron” yatağı ilə bağlı müsbət nəticələr işlərin öz axarı ilə getməsinə imkan yaradır. Bütün bu işlər dövlət başçısının nəzarəti altında həyata keçirilir və böyük nailiyyətdir. Bu dəqiqə Azərbaycan Avropa üçün ən önəmli dövlətlərdən biridir, qaz ixracına görə. Ölkəmizin qaz ixracını kifayət qədər çoxaldıb. Ola bilsin, ilin axırınadək Türkiyə vasitəsilə iki dəfə artıq qaz ixrac eləsin. Müsbət məqamlar kifayət qədər çoxdur. Fikir verdinizsə, müşavirədə dövlət başçısı əsas iki strateji sahəyə toxundu. Birincisi, Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulmasını, ikincisi də hərbi təhlükəsizlik məsələlərinə diqqət yetirildiyini xüsusilə vurğuladı. Mən büdcə müzakirələrində də bu mövzulara toxunmuşdum. Orada da qeyd etdim ki, Qarabağ və hərbi məsələlər bizim üçün əlbəttə, olduqca önəmlidir. Amma həm də yerlərdəki məsələləri də yaddan çıxartmaq olmaz. Çünki bizim rayonlarda, kəndlərdə su, yol, qaz problemi var. Bu kimi problemlərin həllinə də təqribən 970 milyona yaxın vəsait ayrılıb. Ümumilikdə bu sahələrə də diqqət yetirməliyik.

- Yeri gəlmişkən, bugünlərdə Qubada, seçicilərinizlə görüşdüyünüz barədə xəbər diqqətimi çəkdi. Seçicilər ən çox nə barədə xahiş etdilər?

- Qubanın Rustov bölgəsi var, təxminən 12 minə yaxın əhali yaşayır. Qaldırılan əsas məsələlər işıq dirəklərinin, tranformatorların köhnə olması ilə bağlı idi. Düzdür, mən “Azərişıq”la danışdım, onlar bu dəqiqə həmin məsələləri həll edirlər. Kəndarası yollar, su problemi də sakinləri narahat edir. Yəni böyük tələbat yoxdur, belə məsələlərdir. Bir də ki, iş yerləri... Əhali üçün iş yeri yoxdur. Biz iş yerlərinin yaradılmasını prioritet elan etməliyik. İstehsal sahələri kifayət qədər azdır. Biz məhsulu xammal şəklində daha çox ixrac edirik, kifayət qədər emal müəssisələrimiz yoxdur. Düzdür, mən danışmışam, İqtisadiyyat Nazirliyi Quba-Xaçmaz zonasında bununla əlaqədar müəyyən işlər görür. Amma ümumiyyətlə, ölkədə işsizlik problemi ciddidir və biz bu problemi yerlərdə həll etməliyik ki, əhalinin şəhərlərə axını olmasın. Cənab Prezident Quba-Qonaqkənd yolunu açdı. 70 il ərzində biz o yolu çəkdirə bilmədik. Amma cənab Prezident göstəriş verdi, kifayət qədər vəsait ayrıldı, rahat yol çəkildi. İndi camaat qayıdır ora, evlər tikir, çünki qaz, su var, hər hansı ciddi problem yoxdur. Ölkəmizdə emal müəssisələrinin tikilməsinə çox böyük ehtiyac var. Biz icra başçısı ilə bir yerdə müzakirə edib, təkliflərimizi müvafiq qurumlara göndəririk.

Məni narahat edən bir məsələyə də toxunmaq istəyirəm. Keçən ilin bu vaxtları da yanğınlar baş vermişdi, Xızı, Siyəzən, Şabran, Quba,  Xaçmaz zonasında. Bu il də eyni ərazilərdə yanğınlar baş verdi. Mən araşdırmağa başladım ki, bu, nə məsələdir? Demək, fermerlərin taxıl zəmiləri əsasən meşəyə yaxın yerlərdədir. Taxılı biçdirdikdən sonra qalan samanı yandırırlar, zərərverici-gəmiriciləri məhv eləmək üçün. Belə olduqda yanğın meşələrə keçir. Dövlət fermerə kifayət qədər subsidiya ayırır. Əgər fermerin sahəsində yanğın baş verirsə, ona ayrılan subsidiyanı kəsmək lazımdır. Yəni vəsait sənə elə-belə verilmir ki... Dövlət vəsait ayırır,  taxıl əkir, gəlir götürürsən, amma bu tərəfdən də ekologiyaya ziyan vurursan, meşələri yandırırsan. Odur ki, Kənd Təsərrüfatı Nazirliyinə tövsiyə edərdim ki, bu məsələlərə baxsın. Həm marifləndirmə cəhətdən, yığsınlar fermerləri, danışsınlar, həm də qəsdən yanğınlar törədilirsə, o halda cəzalar olmalıdır. Keçən il Quba-Xaçmaz bölgəsi tüstünün içində idi. Elə indi də yanğınlar var və bu, olduqca ciddi məsələdir.    

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR