İnsanlara hürriyət, millətlərə istiqlal!

Vado Korovin Space TV-ni “palatka toyu” formatından çıxara biləcəkmi?

3143 09.02.2023 21:24 Gündəm A A

Qulu Məhərrəmli: “Etibar Babayevdən sonra rəhbər məsələsində bəxti gətirmir, ona görə ki... “

Məlum olduğu kimi iki gün öncə Space TV-nin rəhbəri Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırıldı, onun yerinə "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Korovin gətirildi. Qeyd edək ki, Vado Korovin əsasən “Şən və Hazırcavablar” klubunda (KVN) “Bakılı oğlanlar” komandasında çıxışları ilə məşhurlaşıb. Onun Space TV-yə rəhbər gətirilməsi xeyli müzakirələrə səbəb oldu. Əksəriyyət bu təyinatın da uğursuz olacağını, digərləri isə əksini deyir. 

Space TV-də rəhbər dəyişikliyi olacağı haqda hələ iki ay öncədən məlumatlar yayılmağa başlamışdı. Belə ki, ötən ilin dekabrın sonunda əksər əməkdaşlar işindən azad edilmiş, yeni kollektiv formalaşdırılmağa başlamışdı. Buna nəzərən böyük ehtimala rəhbərliyin də yenilənəcəyi iddia olunurdu. 

Ümumiyyətlə, son illərdə Space TV-nin rəhbər baxımından bəxti gətirmir desək, yanılmarıq. Adı çəkilən televiziyanın tarixinə nəzər yetirək. Space TV 1997-ci il oktyabrın 12-də yaranıb. 1997-2001-ci illərdə televiziyanın rəhbəri Eldar Namazov, 2001-2006-cı illərdə isə Etibar Babayev olub. Kinorejissor Vaqif Mustafazadə 2021-ci ilə qədər şirkətə rəhbərlik edib. Onun dövründə televiziya verilişlərinin formatı, konsepsiyası barədə tez-tez tənqidi fikirlər səslənib. SpaceTV bundan sonra daha çox “Hindistan filmlərini yayımlayan televiziya” rəyi yaratmağa başladı.  Vaqif Mustafazadənin rəhbərliyinin son illərində  televiziya aparıcıları bir-birinin ardınca televiziyanı tərk etməyə başlamışdı. Səbəb isə əsasən maliyyə problemləri göstərilirdi. Vaxtaşırı şirkətin əməkdaşlarının aylarla maaş almaması ilə bağlı məlumatlar yayılırdı.

Nəhayət, 2021-ci il fevralın 5-də Vaqif Mustafayev vəzifəsindən azad edildi. Televiziyanın təsisçisi Sevil Əliyeva Vaqif Mustafazadənin şəxsən onun tərəfindən bu vəzifədən kənarlaşdırıldığı haqda açıqlama vermişdi. Sevil Əliyeva son zamanlar telekanalın təqdim etdiyi verilişlərin səviyyəsinin aşağı olmasının ciddi narahatlıq doğurduğunu dilə gətirmişdi.

Bir qədər sonra televiziya rəhbərliyinə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova gətirildi. Cəmi 5 gün sonra Ü.Mikayılova bu vəzifədən istefa verdi. Mətbuatda yayılan məlumata görə, o, televiziyanın kollektivi ilə tanış olduqdan sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib. Səbəb isə şirkətdə mövcud olan çoxsaylı problemlərdir. 2021-ci ilin may ayında isə Müşviq Hətəmov televiziyaya rəhbər gətirildi. Bir çoxları onun gəlişi ilə Space TV-nin “palatka toyu” formatından çıxacağını gözləsə də, gözləntilər özünü çox da doğrultmadı, televiziya öz səviyyəsini artıra bilmədi. 

Bəs KVN-çi Vado Korovin  SpaceTV-ni arzuolunan səviyyəyə çatdıra biləcəkmi?

Qulu Məhərrəmli BDU-da kafedra müdiri təyin edilib

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli  Musavat.com-adanışıb: “Əlbəttə hər hansı televiziyada rəhbərin dəyişməsi həqiqətən  insanları ümidləndirir. Televiziya mütəxəssisi kimi biz də güman edirik ki, yeni şəxs, yeni baxış gəlir, yeni tendensiya, verilişlər,  yeni formatda layihələr özünü göstərəcək. Yəni, ümidlənmək normaldır. 

Müşviq Hətəmov da bir çox məsələləri həll etməyə çalışdı. Onun müsbət cəhəti o idi ki, kommunikasiyası güclü idi, insanlarla  dil tapmağa çalışırdı, televiziyaya yeni simalar cəlb etdi. Amma görünür ki, bu işin özünün xüsusi özəlliyi var. Belə ki, publisistika ilə əyləncə arasındakı  qızıl ortağı düz tapmalı, xəbər ilə bədii verilişlər arasında balansı qorumalı, ümumiyyətlə, çərçivələri bilməlisən. 

İndi də Vado Korovin gəlir, düşünürsən ki, başqa fərqli baxış ola bilər. Kiminsə KVN-çi və yaxud tamamilə başqa sahənin admı olması bir qədər həlledici xətt deyil. Önəmli olan televiziya mühitini, işini, onun formatını yaxşı bilmək, televiziya yaradıcılığının özəlliyini tapmaqdır. Əgər desək ki, ümid edirik Vado Korovin Space TV-də nələrisə dəyişəcək, buna tam əsasımız var, çünki həqiqətən o, müasir, dünyagörüşlü insandır. Hər halda bəlli elitar mühitdə olan şəxsdir, panoramı görür. Televiziya da elə bir şeydir ki, onun üçün ABŞ-a, Böyük Britaniyaya getməyə ehtiyac yoxdur, hər şey efirdədir, onu görə bilirsən. Yəni, siyasəti düz aparmaq, kadr siyasətini normal şəkildə həll etmək lazımdır. 

Amma mən sözü bu fikirdəyəm ki, Etibar Babayevdən sonra Space TV-nin rəhbər məsələsində bəxti gətirmir, ona görə ki, Space TV ümumiyyətlə özünə gələ bilmir. Etibar Babayevdən sonra Space TV-ni ən azı həmin səviyyədə saxlamaq vacib idi. 

Hesab edirəm ki, televiziyaların problemlərindən həm də biri kənar müdaxilələrin çox olmasıdır. Televiziyalar müstəqil işləməli, öz xətlərini müstəqil qurmalıdırlar. Yəni maliyyə problemlərini minimum şəkildə həll edə bilməlidirlər. Normal jurnalistlərə, yaxşı xəbər aparıcılarına, yaxşı rejissorlara yaxşı pul vermək lazımdır ki, işlərinə bağlanıb, orda qalsınlar. Həmçinin prodakşınlarla işləməklə lazımdır, çünki onlar bəzən müstəqil şəkildə maraqlı layihələr edə bilirlər. Bu tendensiyaları  inkişaf etdirmək lazmdır. 

Təbii ki, indinin özündə Space TV-də yaxşı ictimai-siyasi verilişlər var, həmin bu xətt inkişaf etməlidir”.

“Yeni təyinatla Space TV “palatka toy” formatından qurtula biləcəkmi?” sualımıza professor bu cür cavab verdi:

“Mənə  elə gəlir ki, Müşviq Hətəmovun dövründə “palataka toy” formatından çıxmağa ən azı cəhd olunmuşdu. Çünki bir çox verilişlər var ki, Müşviq Hətəmov onları bağladı. Bu cür verilişlərin aradan götürülməsi Space TV-nin yolunu açır, bir qədər üfüqlərə yaxınlaşdıra bilirdi. Amma təəssüf ki, Müşviq Hətəmov sona qədər bu xətti qoruyub, saxlaya bilmədi. Burada maliyyə, təşkilati, kadr məsələləri var ki, fikrimcə onları daha “cərrahi” yolla həll etmək olardı, amma görünür Müşviq Hətəmov ona risk etmədi”. 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR