İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üstü bəzək, altı təzək” strategiyası: Ermənistan KTMT-də, əsgəri NATO geyimində

1155 28.01.2024 15:29 Siyasət A A

Kapitulyant Ermənistan öz yoxsul əhalisinin boğazından kəsərək, bu il üçün özünə rekord məbləğdə hərbi büdcə müəyyən edib – 1.4 milyard dollar. Bu barədə hökumətin yaydığı məlumatda bildirilib. Üstəlik, bəh-bəhlə əlavə ediblər ki, son məbləğ ötən illə müqayisədə 6%, 2020-ci illə müqayisədə isə 81% çoxdur.

Ermənistana bahalı, müasir ordu lazımmı? Bu haqda dəfələrlə yazmışıq. Hər şey qırağa, konstitusiyasında, gerbində qonşu Azərbaycan və Türkiyəyə açıq-aşkar torpaq iddiasının əks olunduğu, cəmiyyətinin, ictimai-siyasi qüvvələrini buna normal baxdığı ölkənin hücum ordusu nəyinə gərək? Doğrudanmı, o özünümüdafiə üçün gərəkdir? Nəhayət, Ermənistan silahlanma yarışında həqiqətənmi Azərbaycanla ayaqlaşacağına ümid edir?

“Rıbar” Teleqram kanalı bu xüsusda yazır: “Ancaq bir nüans var: Azərbaycana və onun büdcəsinə nəzər salmaq kifayətdir ki, on illər nə baş verdiyini və niyə baş verdiyini dərhal anlayasan. 2006-cı ildən etibarən azərbaycanlılar ordu məsələsində kəskin sıçrayış ediblər. Buna yəqin ki, Türkiyədən keçməklə Avropaya uzanan boru kəmərinin açılması kömək edib. Azərbaycan böyük gəlirlər əldə edib. İlk vaxtlar bu, çox böyük məbləğlər idi. Mənfəətin böyük hissəsi isə, şübhəsiz, ölkənin silahlı qüvvələrinin inkişafına sərf olunub”.

Lakin müəlliflərə görə, 2016-ci ildən sonra Bakı hərbi strategiyanı dəyişib, xərcləri azaldıb və daha davamlı və səmərəli taktikaya keçib: “Bakının yüksək dəqiqlikli silahlar və pilotsuz təyyarələrin xeyrinə prioritetlərin yerini düzgün dəyişməsi, həmçinin yeni müharibə üçün hərbi kadrların xüsusi hazırlığına ayırdığı diqqət ordunu daha güclü etdi və bu, 2020-ci ildə Ermənistan üzərində qələbəyə gətirdi. Ermənistanın zəifliyinin səbəbi isə hakimiyyətin hərəkətsizliyi (daha doğrusu, sabotajı) nəticəsində ordunun uzunmüddətli durğunluğundadır”.

WhatsApp Image 2024-01-28 at 15.23.05.jpeg (225 KB)

Yeni hərbi büdcəyə gəlincə, “Ribar” xatırladıb ki, 2024-cü ildə Azərbaycan üçün bu məbləği 3,5 milyard dollar olacaq ki, bu da Ermənistanın ayırdığı məbləğindən 2.5 dəfə çoxdur. “Ermənilər çox gec ayılıblar. Bakı illərdir ordusunu inkişaf etdirir. Odur ki, Azərbaycanla silahlı qarşıdurma Ermənistanın şansının olub-olmaması sualına cavab öz-özlüyündə aydındır. Hər şey ovucun içi kimi görünür”, - şərhdə qeyd olunur...

Bu arada o da məlum olub ki, Ermənistan ordusu üçün hazırlanan yeni forma NATO standartlarına uyğun olacaq. Ermənistan Müdafiə Nazirliyinin bəyanatında belə deyilir: “Yeni geyim formasını seçərkən NATO meyarlarına, habelə beynəlxalq təcrübəyə müraciət edirik. Bu prosesdə xüsusilə ABŞ, Fransa, Yunanıstan və Çexiya ordularının hərbi geyim nümunələri tədqiq edilib”.

Bu da şübhə yox ki, Nikol Paşinyan hökumətinin Rusiyanı qıcıqlandıracaq növbəti hoqqası. Yaxud Nikolun “üstü bəzək, altı təzək” strategiyası. Erməni əsgəri lap Amerika komandoslarının geyimində olsun, məgər onun “yerişini yeriyə” biləcək? Bu, Ermənistan ordusunun ABŞ ordusu kimi döyüşkən olmasımı deməkdir? Əlbəttə, yox.

Bəs Ermənistanın 22 ildir “əynindən” çıxarmaq istəmədiyi KTMT “libası” necə olsun? KTMT-də (“Rus NATO-su”nda) qala-qala, NATO tipində ordu qurmaq mümkünmü? Ona qalsa, Azərbaycan silahlı qüvvələri NATO standartlarına qat-qat yaxındır. Biz artıq qardaş Türkiyə ordusunun mini-modelini qurub başa çatdırmaq üzrəyik. Sakitcə, hay-küysüz.

Ermənistan isə KTMT-dən çıxsa belə, bu, tezliklə onun güclü orduya sahiblənəcəyi anlamına gəlməz. Bundan ötrü ən əvvəl sanballı maliyyə bazası və heç olmasa, Türkiyə timsallı bir sadiq hərbi-strateji dost-müttəfiqin olması lazım. Varmı?...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR