İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq oğrusu

1445 23.03.2023 23:14 Yazarlar A A

Məktəb və bütün dövlət idarələri uzun yaz tətilinə çıxmışlar, o səbəbdən paytaxtımız bir növ boşluq yaşayır. Sanarsan 90-cı illərdir, hətta yollarda tıxaclara belə az rast gəlinir. Uşaq da (adətən milli dəyərlərimizə görə bu məqamda üzr istəmək lazımdır, mən həmçinin üzr istəyirəm – pis mənada başa düşmək lazım deyil, ulu dədələrimiz və nənələrimiz həmişə ictimai insan olduqlarından ailədən danışanda üzr istəmişlər) bu münasibətlə xahiş elədi ki, onu dostları ilə şəhərdə gəzməyə buraxaq. Onu gəzməyə buraxmadım, mənimlə də çıxmaq istəmədi. İndi acıqlı, qaşqabaqlı şəkildə oturub mənim bu cızmaqaranı yazmağımı izləyir. Bəs niyə icazə vermədim? Səbəbim var. Ciddidir. Uşağa dedim ki, tək gəzməyə çıxmaq olmaz, Putin səni oğurlayar.

Elə bir dünya qurmuşuq, gerçəklik budur. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birinə, ucsuz-bucaqsız, nəhəng nüvə dövlətinə rəsmən uşaq oğrusu başçılıq edir. Keçən həftə, 17 martda Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş ittihamçısı, Pakistan əsilli Britaniyalı hakim Kərim Əhməd Xanın başçılıq etdiyi hüquqşünaslar qrupu Rusiya prezidenti Putini məhz uşaq oğurluğunda suçlamışdır. Rusiya Ukrayna ərazisində insanlıq əleyhinə saysız cinayətlər törətməkdədir, lakin BCM-in Putinə qarşı başlatdığı cinayət işi konkret bir sahəyə aiddir. Ukraynadan uşaq oğurlanmasında Rusiya liderini ittiham etmək üçün ciddi əsaslar var. Hətta Putinin bunu bir növ etiraf etməsinin videosu telekanallarda yayımlanıb. Həmin videoda Rusiyanın uşaq ombudsmanı Mariya (familiyası uzundur, yadımda qalmır, həm də bizə vacib deyil, qoy prokurorlar yadda saxlasın, çünki həmin qadın da Putinin cinayət ortağı kimi BCM-in ittihamında keçir) Putinlə görüşür, ona ukraynalı uşaqları Rusiyada yerləşdirməsi haqda hesabat verir. Və deyir ki, bunu sizin göstərişinizlə elədim. Ciddi faktdır. Üstəlik, söhbət bir-iki uşaqdan getmir. Bəzi Ukrayna və beynəlxalq hesabatlara  görə yüz minlərlə uşaq oğurlanaraq Rusiyaya aparılıb, zorla övladlığa verilib, valideynlərindən uzaq salınaraq uşaq evlərinə yerləşdirilib və sairə. Əlimizdə sübutlar yoxdur, lakin həmin uşaqların tibbi orqan alverində istifadəsi də mümkündür. Rusiya bütün mənalarda “bespredel” ölkədir, orda nə desən olar.

Sanarsan orta əsrlər dövlətidir. Qədim zamanlarda bir çox imperiyalar belə edərdi: tutduqları ərazilərdə yerli xalqların uşaqlarını oğurlayar, zorla ələ keçirər, sonra bəzilərini qul bazarında satar, bəzilərinin dinini, milli kimliyini dəyişdirib Çingiz Aytmatovun ünlü əsərindəki Manqurt obrazı kimi elə öz doğma xalqına qarşı silah kimi istifadə edərdilər.

Əgər Rusiya qoşunları bu gün “sülhməramlı” adıyla Qafqazın Azərbaycan hissəsində at oynadırsa, Ermənistanı ümumiyyətlə işğal edibsə, Gürcüstanı parça-purça edibsə, niyə bizim uşaqlarımızı da oğurlamaq fikrinə düşməsin? Qafqaz uşaqlarının hamısı təhlükə altındadır. Bəlkə bu saat rus qoşunları Qarabağdan uşaq oğurlayırlar. Erməni, türk – fərqi yoxdur, hamısı bizim vətəndaşların balalarıdır. Ümid edirəm gələcəkdə Kərim Xanın açdığı növbəti cinayət işlərində bizim balacaların adı olmasın. Uşaqlara yazıqdır.

Balacaları “xoxan”la yox, Putinlə qorxutmaq dövrü gəlmişdir. Sən də deyirsən uşaq pulu istəyirik... Bəlkə bir müddət dahi klassikimizin əsərindəki kimi, biz  də uşaqlarımızı kərmə qalağının içində və ya xırmanda gizlədək, “nəçərnik” Putin gələndə də deyək ki, bizdə uşaq yoxdur.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR