İnsanlara hürriyət, millətlərə istiqlal!

Universitetlərə qəbul imtahanlarının nəticələrində ciddi dəyişiklik olacaq- AÇIQLAMA

15247 11.05.2024 10:34 Ölkə A A

Xəbər verdiyimiz kimi ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən 14 aprel 2024-cü il tarixində keçirilən  imtahanların nəticələri elan edilib.

Nəticələri elan olunan imtahanlar aşağıdakılardır:

  1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
  1. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
  1. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
  1. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;
  1. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
  1. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 34481 nəfərdən 2758 nəfər imtahana gəlməyib. 12 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda ən yüksək nəticəni 296,9 bal toplayan Laçın rayonu, Alxaslı kənd orta məktəbin 2022-ci il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

Ekspertlər bu dəfəki imtahan nəticələrini necə dəyərləndirir?

1589192278_kamran4.jpg (74 KB)

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Öncə qeyd edim ki, 2024-cü ildə keçirilən imtahanlar əvvəlki illərlə müqayisədə nəticə baxımından daha yaxşıdır. Diqqəti çəkən ilkin nəticələr mart ayının 3-də və 10-da keçirilən imtahanlar idi. Həmin imtahanlarda ümumilikdə 53 nəfər maksimum bal - 300 bal toplamışdı. Bu cür yüksək nəticə Azərbaycanın müstəqillik tarixində bir ilk idi.

Mart ayının 3-ü və 10-da imtahan verənlər cari ildə orta məktəbdə oxuyan şagirdlər idi, amma aprelin 14-də keçirilən imtahan eyni məzmunlu imtahan idi. Yəni orada da Azərbaycan dili, riyaziyyat, xarici dildən olan imtahan suallarına cavab verilmişdi. Diqqət çəkən məqam odur ki, əvvəlki illərin məzunları arasında bir nəfər 296,9 bal toplayıb. Maraqlıdır ki, ötən il mart və aprel ayında keçirilən imtahan nəticələrində ən yüksək bal  297 bal idi. Bu balı toplayan abituriyent ötən il balı az olduğu üçün ali məktəbə qəbul ola bilməmişdi, indi isə 296 bal toplayıb. Yəni, öz məzun olduğu ilin ən yaxşı nəticəsini təkrarlayıb".

Ekspert qeyd edib ki, imtahan nəticələrinin yüksək olmasının bir neçə səbəbi var: 

"Onlardan biri imtahanlarda sualların asan olması ilə bağlıdır. Etiraf edək ki, ötən illərlə müqayisədə bu il test tapşırıqları daha asandır və ona görə də imtahan iştirakçıları suallara yaxşı cavab verib, yüksək nəticə göstərirlər.

Digər tərəfdən, artıq imtahan sualları, imtahan modeli imtahan iştirakçılarına çox yaxşı tanışdır. Yəni, artıq imtahanın sirri birmənalı şəkildə çözülüb.

Bu həm də onu göstərir ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlardan sonra nəticələrdə ciddi şəkildə dəyişiklik müşahidə edəcəyik. Belə ki, Azərbaycan abuturiyenti bu gün daha yaxşı biliyə sahibdir.

Bu ilin nəticələrinin yaxşı olmasının digər səbəblərindən biri Elm və Təhsil Nazirliyinin son 3 il ərzində orta məktəblərdə monitorinqlərin sayını və həcmini genişləndirməsidir. Yəni bu gün nazirlik mütəmadi olaraq məktəblərdə Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan modeli formatında monitorinqlər keçirir. Həmçinin KSQ və BSQ-rin keyfiyyəti yüksəlib ki, bu da çox vacib amildir. Təbii ki, imtahan nəticələrinin yüksək olması tədrisin keyfiyyəti ilə də əlaqədardır. Nazirlik təhsilin keyfiyyətinin yüksəlməsi üçün əməli və keyfiyyətli işlər görür, bu da çox yaxşı tendensiyadır.

Hesab edirəm ki, 2024-cü ilin mart ayından fərqli olaraq aprel ayının 14-də keçirilən imtahan nəticələrinin bu qədər yüksək olması həmin abituriyentlərin məsuliyyətindən irəli gəlir. Belə ki, imtahanda 30 mindən çox nəfər iştirak edib və bu çox ciddi rəqəmdir.

Ümumilikdə bu il ali məktəblərə qəbul olunmaq üçün 85 min nəfər sənəd verib və bu ötən illə müqayisədə 5 min nəfər çox abituriyent deməkdir. Doğrudur, plan yerinin artırılması da planlaşdırılır".

Kamran Əsədov qarşıda bir imtahan, həmçinin ali məktəblərə qəbul üçün ixtisas seçimi prosesi olduğunu xatırladıb:

"Bu, çox ciddi və məsuliyyətli bir prosesdir. Nəticələrin yüksək olması abituriyentləri və müəllimləri diqqətli olmağa məcbur edir. Yəni, heç kim yüksək bal toplamasından arxayın olmamalıdır. Bu onların ali məktəbə qəbul olmaq şansını artırmır. Əksinə, ixtisas seçimi kimi çətin prosesdə çox diqqətli olmalıdırlar.

Yüksək nəticə toplayan abituriyentin Laçın rayonundan olması çox sevindirici və simvolikdir. Məlum olduğu kimi "Böyük Qayıdış" artıq başlayıb, işğaldan azad olunan ərazilərdə, o cümlədən artıq Laçında məktəblərimiz fəaliyyətə başlayıb. Həmçinin bu ilin sentyabr ayında Xankəndi Universiteti fəaliyyətə başlayacaq. Beləliklə, ölkəmizdə, işğaldan azad olunmuş ərazilərimizdə təhsil mühiti çox canlanıb".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR