İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur agentlik Azərbaycanın reytinqini yüksəltdi - təhlil

370 30.07.2024 11:15 İqtisadiyyat A A

“Fitch”in səkkiz ildən sonra mövqeyini dəyişməsinin səbəbləri



“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (IDR) “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib. Proqnoz “Sabit”dir. 

Qeyd edək ki, ölkənin reytinqinin “BBB-” səviyyəsinə qaldırılması onun investisiya reytinqinin olması deməkdir və investorların ölkəyə yatırım etməsini həvəsləndirə bilər. Bu, son 8 ildə ilk dəfədir ki, baş verir.

Agentlik səkkiz illik fasilədən sonra Azərbaycanın reytinqini qaldırmasını bir neçə amillə izah edir. Bunlardan birincisi etibarlı xarici balansdır. "Fitch" Azərbaycanın valyuta ehtiyatlarının həcminin yüksək olmasını investisiya reytinqinin yüksəldilməsi üçün yetərli hesab edir. Agentlik bildirir ki, Azərbaycanın valyuta ehtiyatları 2024-cü ilin sonunadək 74 milyard dollara çatacaq ki, bu da ölkə ÜDM-nin 98 faizi deməkdir. Bu göstərici 2010-cu ildəki rəqəmdən xeyli artıqdır - 2010-cu ildə valyuta ehtiyatları ÜDM-in cəmi 55 faizinə bərabər idi. Ehtiyatların 80 faizi Neft Fondunda, qalanı Mərkəzi Bankda saxlanılır. Bu, “BBB” və “A” reytinqli ölkələr arasında ən yüksək göstəricidir.

"Fitch"in Azərbaycanla bağlı qərarına təsir edən digər amil cari hesabın davam edən profisitliyidir. Agenlik qeyd edir ki, hazırda Azərbaycanın tədiyyə balansında cari hesabın profisiti 9,3 faiz təşkil edir, 2026-cı ilədək bu göstərici 6,4 faizə enəcək. Amma yenə də bu göstərici “BBB” kateqoriyasına daxil olan ölkələr arasında ən yüksəkdir. 

Agentlik xüsusi qeyd edir ki, ölkənin xaricə ixracının 89 faizi neft-qazdan formalaşır. Baxmayaraq ki, neftin qiymətinin aşağı düşməsi gözlənilir, "Fitch" Azərbaycanın xarici kreditor mövqeyini ÜDM-in 154 faizi qədər proqnozlaşdırır ki, bu da “BBB” reytinqli ölkələr arasında ən yüksək göstəricidir.

"Fitch"in qərarına təsir edən üçüncü amil fiskal profisitlərin davam etməsidir. Agentliyə görə, Azərbaycan hökuməti ehtiyatlı iqtisadi siyasəti davam etdirəcək - fiskal siyasət etibarlı xarici aktivlərin qorunmasına yönələcək və makroiqtisadi disbalanslara yol verilməyəcək, eləcə də neft qiymətlərinin dəyişməsi hallarına qarşı siyasi buferlər yaradacaq. Beləliklə, fiskal profisitlər davam edəcək, hökumət isə büdcənin neftdən asılılığının azaldılması  siyasətini davam etdirəcək, qeyri-neft defisitini azaldacaq. 

Hökumət 2027-ci ildə qeyri-neft sektorunun defisitini qeyri-neft ÜDM-nin 17,5 faizinə qədər azaltmağı planlaşdırır. "Fitch"ə görə, bu, çətin məsələdir. Səbəbi xərclərin artımı fonunda qeyri-neft sektorundan gəlirlərin artımındakı məhdudiyyətlərdir.

Agentlik valyuta həsasslığının azaldılmasını Azərbaycanın reytinqinin qaldırılması üçün əsas amil kimi qiymətləndirir. "Fitch" hesab edir ki, xarici valyuta buferləri və hökumətin neft gəlirləri ilə bağlı daha ehtiyatlı siyasəti Azərbaycanın xarici şoklara və neftin qiymətinin oynamasına davamlılığını artırır. Bütün bunlar, eləcə də daxili likvidliyin idarə olunması ilə bağlı atılan addımlar, valyutaya tələbatın idarə olunması üçün tətbiq edilən daha geniş alətlər, bank sektorunun vəziyyətinin yaxşılaşması (o cümlədən bankların valyuta risklərinə həssaslığının azalması) hökumətə imkan verir ki, hazırkı dollar-manat bağlılığını davam etdirsin və bu zaman makromaliyyə sabitliyinə problem yaranmasın.

Agentliyin hesabatına görə, Azərbaycanın “BBB-” Emitent Defolt Reytinqi bir sıra əsas reytinq amillərini əks etdirir. Bunlardan biri aşağı dövlət borcudur.  2023-cü ildə əvvəllər daxili zəmanət verilmiş borcun tanınması səbəbindən 10 faiz bəndi artaraq ÜDM-in 21,8 faizinə çatdıqdan sonra dövlət borcunun 2026-cı ilə qədər ÜDM-in 22,7 faizinə qədər artacağı gözlənilir. Bu, "Fitch"in investisiya səviyyəli suverenləri arasında ən aşağı göstəricilərdən biridir. Agentlik qeyd edir ki, son illərdə xarici borc mütləq şəkildə azalıb, məzənnə strukturu yaxşılaşıb, xarici borcun təxminən üçdə ikisi rəsmi kreditorlara borcdur. Xarici hökumət zəmanətləri və kreditləşmə 2022-ci ildəki 6,4 milyard dollardan 2023-cü ildə 6 milyard dollara (ÜDM-in 8,2 faizi) düşüb, bunun böyük hissəsi gəlirli olan və suveren dəstək tələb etməyəcəyi ehtimal olunan Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır.

"Fitch" Mərkəzi Bankın pul siyasətindən də qismən razıdır. Bildirilir ki, Mərkəzi Bank valyuta məzənnəsindən aralıq əməliyyat hədəfi kimi istifadə edir və 2022-ci ildən artıq daxili likvidliyi idarə etmək və əsas faiz dərəcəsinin ötürülməsini artırmaq qabiliyyətini təkmilləşdirib. Pul siyasəti çərçivəsi bu kateqoriyadan olan digər ölkələrlə müqayisədə zəif olaraq qalır və inkişaf etməmiş kapital bazarları, izafi likvidlik, aşağı maliyyə vasitəçiliyi və maliyyə sektorunun hələ də nisbətən yüksək dollarlaşması ilə məhdudlaşır: 2024-cü ilin mayında maliyyə sektorunda dollarlaşma 40 faiz, olub ki, bu da 2015-ci ildəki 81,6 faiz pik göstəricidən 2 dəfə aşağıdır.

Bundan əlavə, daha geniş məzənnə çərçivəsində AMB və ARDNF üçün institusional müstəqillik və mandatların aydınlığı hələ də qalmaqdadır: “Biz inanırıq ki, hakimiyyət orqanlarının ortamüddətli perspektivdə daha çox çeviklik təmin etmək məqsədini bəyan etməsinə baxmayaraq, faktiki məzənnənin ABŞ dollarına nisbətdə sabitliyini saxlamaq üçün güclü siyasət prioriteti qalmaqdadır”.

Azərbaycanda illik inflyasiya 2024-cü ilin birinci yarısında hədəf aralığından (4 faiz ± 2 pp.) aşağı olub və 2024-cü ildə orta hesabla 3.5 faiz olacaq. Fitch inflyasiyanın 2026-cı ilə qədər 4.7 faizə yüksələcəyini gözləyir. Bu göstərici “BBB” reytinqli ölkələrdəki orta 2.5 faiz proqnozdan yüksəkdir: “Mərkəzi Bank may ayından etibarən yumşalma dövrünü dayandırıb və tənzimlənən qiymətlərin artması və düzəliş edilmiş 2024-cü il büdcəsindən dövlət xərclərinin proqnozlaşdırılan artımı səbəbindən inflyasiyanın gözlənilən artımını nəzərə alaraq əlavə dərəcə endirimlərini gözləmirik”.

Agentliyə görə, neft hasilatının daha yavaş azalması və Qarabağın bərpasının təsiril ilə iqtisadi artım tsiklik olaraq 3,2 faizə çatmalıdır: “Biz artımın 2025-ci ildə 2,7 faizə, 2026-cı ildə isə 2,3 faizə qədər yavaşlamasını gözləyirik, bu artımlar hələ də dövlət investisiyaları tərəfindən dəstəklənir. Eyni zamanda neft sektorunda azalma tempini yavaşlada biləcək yeni neft hasilatı və təbii qaz hasilatının daha yüksək olması səbəbindən əvvəlki illərə nisbətən azalacaq”. 

"Fitch" hesab edir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hələ də problemlər var. Bunlar iqtisadiyyatda dövlətin mövqeyinin böyük olaraq qalması, əlverişli maliyyəyə (kreditlərə) çıxışın çətinliyi və məhdudluğu, idarəetmə problemləri və enerjidən (neft-qazdan) kənar sahələrə xarici investisiyaların aşağı olmasıdır.

Agentliyin hesabatında qeyd edilir ki, Azərbaycan 2023-cü ilin sonunda Qarabağın bərpasından sonra sülh sazişinin əldə edilməsi üçün Ermənistanla birbaşa danışıqları davam etdirir. Sərhədin delimitasiyası və demarkasiyası və Naxçıvana (Cənubi Ermənistan ərazisindən keçməklə) quru dəhlizinin tikintisi ilə bağlı həll olunmamış məsələlərə əlavə olaraq, Azərbaycanın Ermənistan konstitusiyasına Qarabağ ərazisinə istinadların aradan qaldırılması üçün dəyişikliklər edilməsini xahiş etdiyi bildirilir. Buna baxmayaraq, "Fitch" münaqişənin tammiqyaslı hərbi eskalasiyasını gözləmir.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi "Fitch"in ölkənin reytinqini investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir etdiyini açıqlayıb: “8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə "Stabil" olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür. 

Məlum olduğu kimi, Maliyyə Nazirliyi əvvəlki qiymətləndirmələrdə beynəlxalq kredit reyting agentliklərini ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirməkdə qınamışdı. Sevindirici haldır ki, artıq “Fiç Reytingz” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul edib. 

Ümidvarıq ki, digər beynəlxalq kredit reyting agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər".

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

Vüqar Bayramov

İqtisadçı-alim Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, "Fitch" dünyanın aparıcı reytinq agentliklərindən biridir: “Agentlik reytinq qiymətləndirməsi apararkən çox fərqli amilləri nəzərə alır. O cümlədən maliyyə stabilliyi, ölkəyə daxil olan valyutanın həcmi və fiscal faktorlar. Eyni zamanda xarici faktorlar da nəzərə alınır. Azərbaycanın yerləşdiyi regionu nəzərə alsaq, xarici faktorlar ölkəmizlə bağlı qiymətləndirmədə mühüm amilə çevrilir. Azərbaycanın uzunmüddətli xarici valyuta reytinqinin yüksəldilməsi müsbət hadisədir. Bu, bir tərəfdən onu göstərir ki, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar iqtisadiyyatdakı dayanıqlığa və inklüzivliyə pozitiv təsir göstərir, yəni islahatların dərinləşməsindən xəbər verir. Bu, iqtisadiyyatın diversifikasiyasının yalnız prioritet olması deyil, həm də ona nail olunması üçün real işlərin görülməsinin qeydə alındığı deməkdir. Eyni zamanda burada maliyyə stabilliyinin qorunub saxlanması da mühüm amillərdən biridir. Azərbaycan uzun müddətdir valyuta stabilliyini qoruyub saxlayıb. Ölkənin iqtisadi inkişafında dayanıqlıq təmin olunub. Bütün bunlar növbəti illərdə ölkədə iqtisadi artım meyllərinin güclənəcəyindən xəbər verir”.

Dünya SAKİT,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR