İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Vətən müharibəsi: 24-cü gün: Putin öz yubileyinə hansı “sürprizi” hazırlayır?

1823 19.03.2022 11:20 Gündəm A A

 

Müharibənin Ukrayna ərazisindən kənara sıçrama ehtimalı güclənir; ekspertlərdən proqnozlar

BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa Tribunalı) Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağı tələb edib. Bu barədə Haaqa Məhkəməsinin elan etdiyi qərarda deyilir. Məhkəmə qərara alıb ki, Rusiya Ukraynadakı bütün hərbi əməliyyatlarını dayandırmalı, həmçinin silahlı birləşmələrin əməliyyatları davam etdirmək cəhdləri etməməsinə təminat verməlidir.

Ancaq elə həmin gün məlum oldu ki, Rusiya bu qərarı da ciddiyə almayacaq. Rusiya prezidenti Vladimir Putin yenə bəyan elədi ki, Ukraynada “xüsusi əməliyyat” plan üzrə gedir. Bu nə plandır belə? Ukraynanın şəhər və qəsəbələrini  yerlə bir eləmək planımı? Ümumiyyətlə, Putin özünün 70, SSRİ-nin isə 100 illiyinə (1922) özünə hansı sürprizi hazırlayır? Bütün beynəlxalq norma və konvensiyaları, təşkilatları boykot edən, tanımayan Rusiyaya başqa hansı hüquqi təsir mexanizmi tətbiq oluna bilər ki, dayansın?

Sosial Tədqiqatlar Mərkəzinin eksperti, politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Putin xüsusi əməliyyatların plan üzrə getməsi ilə bağlı verdiyi bəyanatla yanaşı, həm də iqtisadi sanksiyalara da toxunub: Putin bildirib ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar müəyyən çətinliklər və məhdudiyyətlər yaratsa da yeni imkanlar da açır. Digər tərəfdən, onun sözlərinə görə, Rusiya şirkətləri artıq çox rahatlıqla Krımda işləyə bilərlər, onların artıq heç nədən çəkinəcəyi əsas yoxdur. Eyni zamanda qeyd eləmək lazımdır ki, Ukraynada keçirilmiş hərbi əməliyyatlar fonunda Rusiya ordusu tərəfindən ələ keçirilmiş məntəqələr üzərində SSRİ bayraqları qaldırılır. Görünür ki, “SSRİ 2" layihəsi üzrə də işlər həyata keçirilir.

Ukraine War Ushers In 'New Era' for Biden and U.S. Abroad - The New York  Times

Beynəlxalq Ədalət Məhkəməsinin Ukraynada hərbi əməliyyatların dayandırılması tələbi Rusiya tərəfindən adi bir kağız parçası kimi qəbul edilir. Belə görünür ki, Ukraynadakı hərbi əməliyyatları dayandırmaq nə hüquqi, nə iqtisadi sanksiyalar, tələblər zəminində mümkün olmur. BMT Təhlükəsizlik Şurasının çağırılması ilə bağlı müxtəlif fikirlər olsa da məlumdur ki, Rusiya Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olaraq veto hüququndan istifadə edərək özünə qarşı qətnamə qəbul olunmasına imkan verməyəcək. Hərbi əməliyyatları saxlamaq mümkün olmamaqla yanaşı artıq Lvov şəhərinin hədəf götürülməsi yeni təhlükəli tendensiyadan xəbər verir. Müharibənin Ukrayna ərazisindən kənara sıçrama ehtimalı güclənir. Bu xüsusda Polşanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı NATO-nun hərbi qərargahında qərarlar qəbul olunur, xüsusi addımlar atılır. Polşanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, F16 və F35 qırıcılarının əldə olunması istiqamətində də fikirlər irəli sürülür. Əgər Polşa üzərinə hücum olarsa o zaman NATO nizamnaməsinin 5-ci maddəsi işə düşəcək. NATO-ya üzv olan dövlətlər Polşanın ərazi bütövlüyünü qorumalı və təcavüz edən dövlətə qarşı addımlarda həmrəylik nümayiş etdirməlidirlər. NATO siyasi, iqtisadi, hərbi zəmində Ukraynaya kənardan dəstək göstərir, birbaşa olaraq müharibəyə qatılmamaqla üçüncü dünya müharibəsindən çəkinir. Ancaq Polşaya hücumun baş verməsi üçüncü dünya müharibəsini qaçılmaz edəcək".

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana nə qazandıracaq – politoloq şərhi  - 29.10.2019, Sputnik Azərbaycan

İlyas Hüseynov

Ekspertin sözlərinə görə, Rusiyanın həyata keçirdiyi hərbi kampaniyanı dayandırmaq üçün mümkün təsirli rıçaqlardan istifadə olunsa da hələ ki, bunlar təsirsiz hesab olunur: “Bu da onu göstərir ki, beynəlxalq hüququn norma və prinsipləri tapdanır, hüququn aliliyi Rusiya tərəfindən qəbul olunmur. Beynəlxalq hüququn islahatlara ehtiyacı var. Bununla beynəlxalq hüququn təsir gücünü artırmaq olar. Bugünkü vəziyyətdə isə Rusiyanı dayandırmaq üçün beynəlxalq hüququn gücü yetmir. Daha ciddi təsir mexanizmlərinə əl atılmalıdır. Faktiki olaraq bu günə qədər atılan heç bir addım Rusiyanı hərbi əməliyyatlara dayandırmağa məcbur edə bilmir. Günlər keçdikcə, Rusiya irəliləyir”.

Əli Orucov: “Hər cür zorakılıqların və şiddətin qəti əleyhinəyəm”

 Əli Orucov 

Siyasi şərhçi Əli Orucov isə bildirdi ki, əslində Rusiya prezidenti Putinin Ukraynadakı “xüsusi əməliyyat”ı plan üzrə getmir: “Rusiyanın planları sürətli hücumla qısa müddətdə Ukraynanı işğal etmək, onun legitim prezidenti Zelenskini cəzalandırmaq, bununla da gücünü beynəlxalq aləmə göstərməklə təsir dairəsini genişləndirmək idi. Lakin dünya ictimaiyyətinin və Ukrayna xalqının dirənişi bu planları pozdu. Ona görə də Putinin iddiaları və təcavüzkar niyyətləri tezliklə öz əleyhinə çevrildi. Ukraynadakı müharibənin uzanması və getdikcə dağıdıcı hal alması, həmçinin Rusiyaya tətbiq edilən çoxşaxəli sanksiyalardan dolayı daxili vəziyyətin pisləşməyə doğru getməsi Putinin özünü də labirintə salıb. Artıq Rusiya cəmiyyəti də anlamağa başlayır ki, qardaş slavyan ölkəsi olan Ukraynaya təcavüzün heç də Kremlin təbliğata buraxdığı xüsusatlarla bağlılığı yoxdur. Ukraynadan Rusiyaya heç bir təhlükə gözlənmir. Bu da təbii ki Rusiya cəmiyyətində Putinə qarşı etirazları dərinləşdirir. Ona görə Putin bu tipli bəyanatlar verməklə, növbəti yalanlar uydurmaqla kütləni və rus elitasını bir qədər sakitləşdirmək istəyir. Artıq bu bir həqiqətdir ki nə Putin nə də digərləri tarixin təkərini geri fırladıb Sovet İttifaqını dirçəldə bilməz. Bu mümkün deyil”.

Ə.Orucov qeyd etdi ki, Putin gələn il prezident seçkilərinə gedir və artıq Rusiya beynəlxalq aləmdə nüfuzdan düşüb, ölkə daxilində də ciddi problemlər üst-üstə yüklənib: “Belə olan halda müharibə başlamaqla və aqressivləşməklə daxili narazılığı başqa istiqamətə fokuslamağa çalışır. Rusiya artıq planetə təhlükə yaradır. Dünyanı nüvə silahı ilə hədələyir. Heç bir beynəlxalq hüquq normaları və prinsiplərini tanımır. Halbuki Rusiya BMT-nin 5 daimi üzvündən biri olaraq dünyada sülhün və təhlükəsizliyin qorunub təmin edilməsində bilavasitə və  hamıdan çox məsuliyyət daşıyır. Lakin onun bəyanatları, yürütdüyü siyasət, atdığı addımları 1933-cü ildə Almaniyada hakimiyyətə gələn nasistləri xatırladır. Onların da aqibətləri və dünyaya vurduğu  fəlakət hamıya məlumdur. Hesab edirəm ki, Rusiyaya daha ciddi təpkilər göstərilməli, aqressoru cilovlamaq üçün qəti hərəkətlərə keçilməlidir. İlk növbədə BMT-ni saymayan Rusiya Təhlükəszlik Şurasının daimi üzvlüyündən xaric edilməlidir. Ən ciddi təsir mexanizmlərindən biri bu ola bilər. Eləcə də digər regional və beynəlxalq təşkilatlarda iştirakı dayandırmalıdır. İqtisadi və maliyyə sanksiyaları daha da genişlənməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR