İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Buça şəhərindəki qətliamın müəllifi kimdir - təsbit olunub, yoxsa...

1414 07.04.2022 09:40 Gündəm A A

Ukraynanın Buça şəhərində törədilən qətliam dünyanı şoka salıb. Bu soyqırımın konkret kimlər tərəfindən törədildiyi yönündə müxtəlif iddialara rast gəlinir. Doğrudur, bu vəhşiliyin ümumilikdə ruslar tərəfindən törədildiyi qeyd olunur. Amma bunun başqa qüvvələr, Qərb dairələri tərəfindən Ukraynaya sızdırılmış təxribat qruplarının qızışdırıcılıq məqsədilə törədildiyini iddia edənlər də var.

Qətliamda dəst-xətdə rus izi açıq şəkildə görünür, necə ki, 20 Yanvar, Xocalı faciəsində olduğu kimi.

Amma Rusiya inkar edir, deyir ki, bundan bizim xəbərimiz yoxdur, mülki insanları rus ordusu qırmayıb. Ortaya kosmosdan çəkildiyi iddia edilən fotolar qoyulub. ABŞ göydə uçan quşun gözünün rəngini, ölçüsünü belə çəkməyə qadirdir. Çox güman ki, Ukrayna müharibəsinin peykdən foto-video çəkilişləri də var. Həmçinin Buçada baş verənlərin də. O zaman sübut mümkün olacaq. Belə olan təqdirdə Rusiya ölkə, Putin dövlət başçısı və Ali Baş Komandan olaraq  Buça faciəsinə görə hansı şəkildə cəzalandırıla bilərmi?

Xatırladaq ki, 2014-cü ilin yayında Malayziyaya aid sərnişin təyyarəsi də Rusiya hərbçiləri tərəfindən Ukrayna səmasında vurulmuşdu. Rusiya onda da inkar edirdi, həmin təyyarəni Ukrayna hərbçilərinin vurduğunu demişdi.

Rəşad Bayramov: “Rusiya “sülhməramlıları”nın Ermənistanla sərhədimizə  yerləşdirilməsi təhlükəlidir” - Ovqat.com

Rəşad Bayramov: “Rusiyanın cəzalandırılması üçün beynəlxalq hüquqda kifayət qədər norma və tələblər var”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov Putinin cəzalandırılması üçün kifayət qədər əsasların olduğunu qeyd etdi: “Ukraynanın Buça və İrpen şəhərlərində yüzlərlə dinc sakininin qətlə yetirilməsi insanlığa qarşı törədilmiş soyqırım cinayətidir. İşğalçıların Kiyev vilayətini tərk etdikdən sonra Buçaya daxil olan Ukrayna ordusunun şəhərdə 450-dən artıq dinc sakinin cəsədlərini tapması, onların arasında ailələrinin gözü qarşısında zorlandıqdan sonra öldürülən qadınların da olması, uşaq, yaşlı demədən hər kəsin öldürülməsi və hətta öldürülən bəzi adamların üzərindən tanklar sürülərək əzilib yerə yapışdırıldığı bir faktdır.

Rusiya hər nə qədər də baş verənlərin onunla əlaqəsi olmadığını desə də bu qətliamı onların törətdiyi heç kimdə şübhə doğurmur. Çünki dinc və silahsız insanları qətlə yetirmək Rusiya üçün bir ənənə halını alıb. Elə 20 yanvar və daha sonra Rusiyanın 366-cı alayının bilavasitə iştirakı ilə Xocalıda törədilən qətliamları buna misal göstərmək olar. Digər tərəfdən, əgər Rusiya Suriyadan və başqa ölkələrdən içərisində terrorçuların da olduğu və özünün etiraf etdiyi on altı mindən artıq “könüllünü”, əslində isə muzdluları müharibəyə cəlb edibsə, yəni başqa sözlə, terrorçularla bir sırada dayanmağı özünə rəva görübsə, demək ki, bu ölkənin hərbi-siyasi rəhbərliyinin terrorçu, başkəsən, qaniçən kimi davranması da qeyri-adi görünməməlidir.

İstər Xocalı, istərsə də Buçada baş vermiş qətliamlar xarakter etibarı ilə birmənalı olaraq beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində istifadə olunmuş, sonradan həmin cinayət tərkibləri keçmiş Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapıb. Başqa sözlə, Rusiyanın və şəxsən Putinin cəzalandırılması üçün beynəlxalq hüquqda kifayət qədər norma və tələblər var.

Odur ki, indiki halda Ukraynaya, sadəcə, faktları toplamaq, texnologiyanın inkişaf etdiyi indiki dövrdə peyk çəkilişlərinin real zaman müddətindəki görüntülərini də əlavə edərək Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsi lazımdır".

Şuşa Bəyannaməsi

Züriyə Qarayeva: “Dünya birliyinin kağız parçaları artıq heç kimə lazım deyil”

Politoloq Züriyə Qarayeva Buçanı Xocalı ilə müqayisə etdi: “Buçada baş verənlər bağışlanılası cinayət deyil. Hadisəni Xocalı qətliamı ilə müqayisə edərdim. Əslində Xocalı faciəsi təkcə ermənilərin törətdiyi qətliam deyil. Qətliamda Rusiyanın 366-cı alayı da iştirak edib. Lakin dünya birliyinin konkret olaraq məsələyə nə münasibət göstərəcəyi sual altındadır. Çünki günahsız insanların bu cür qətliamı tarixdə ilk dəfə deyil. Qlobal dünyanın Srebrenitsa soyqırımına verdikləri hüquqi qiymət, sadəcə, təəssüflənmək və qınamaq mövqeyindən ibarət olub. 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların öz evlərindən və torpaqlarından qovulması ilə etnik təmizləmə başladı. 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı. Yüzlərlə soydaşımız fiziki işgəncələrə məruz qaldı, gözləri çıxarılmaqla, qolları və ayaqları kəsilməklə şikəst oldular. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. Bütün bunlar sübut olundu. Lakin nəticə nəyi dəyişdi? Növbəti soyqırımların qarşısını ala bildimi? Ona görə də dünya birliyinin kağız parçaları artıq heç kimə lazım deyil. Bu cür qəsbkarları dayandırmaq üçün beynəlxalq qurumlar daha ciddi mexanizmlər üzərində çalışmalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR