Ötən gecə Monakoda yaşayış binasında partlayış baş verib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, üç nəfərin yaralandığı hadisəni Monako hakimiyyəti terror aktı elan edib.
BFMTV-nin yaydığı məlumata görə, yaralananlardan biri ukraynalı oliqarx Vadim Yermolayev olub. Bildirilir ki, yerli vaxtla saat 21:00 radələrində Rue Reverend-Père-Louis-Follat küçəsindəki bir mənzil binasının foyesində partlayış baş verib.
Hadisə naməlum bir kişinin foyedə partlayıcı maddə olan çanta qoyub qaçmasından sonra baş verib. Partlayış nəticəsində Ukrayna əsilli üç nəfər yaralanıb. Onlar 50-60 yaşlarında bir kişi və bir qadın, eləcə də 13 yaşlı bir yeniyetmə olub. Bəzi məlumatlarda qurbanların bir ailə olduğu bildirilirdi.
İstintaqa yaxın bir mənbə BFMTV-yə bildirib ki, "partlayışın üç qurbanından biri 1968-ci il təvəllüdlü Ukraynanın böyük oliqarxı Vadım Yermolayev olub".
O, əlavə edib ki, Monako partlayışının ikinci qurbanı oliqarxın qadın tərəfdaşı olub.
Forbes-ə görə, Yermolayev 100 ən varlı ukraynalı siyahısında 23-cü yerdədir. O, 2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edib və Kipr vətəndaşlığını alıb. Daha sonra 2023-cü ildə Prezident Volodimir Zelensky Milli Təhlükəsizlik və Müdafiə Şurasının Yermolayevə qarşı şəxsi sanksiyalar tətbiq etmək qərarını təsdiqləyib.
Partlayışda xəsarət alan iki böyük şəxsin vəziyyətinin ağır, 13 yaşlı oğlanın vəziyyətinin stabil olduğu bildirilir.
Prokurorluq ilkin olaraq bunun terror aktı olduğunu müəyyən edir. Monakonun Baş naziri Kristof Mirman da hadisənin terror aktı olduğunu təsdiqləyib: "Polis hazırda sübutlar toplayır. Bildiyim qədəri ilə, Knyazlıqda belə bir şey ilk dəfə baş verir".
O, həmçinin bildirib ki, üç qurbandan əlavə, dörd nəfər xəstəxanaya aparılıb. Onlar xəsarət almayıblar, sadəcə şokdadırlar.
Musavat.com






