Fransada son həftələrdə müşahidə olunan kəskin istilərlə mübarizə məqsədilə kondisioner və digər soyutma avadanlıqları olmayan evlərdən kirayə haqqının alınmaması tələbi ilə imza kampaniyasına start verilib.
Musavat.com xəbər verir ki, "Kirayə Tətili Kollektivi" (Collectif Grève des Loyers) tərəfindən Change.org platformasında başladılan kampaniyada bildirildiyinə görə, yay mövsümü yeni başlasa da, ölkədə artıq iki dəfə güclü istilər qeydə alınıb.
Təşkilatın açıqlamasında qeyd olunub ki, həddindən artıq isti hava küçələrdə, iş yerlərində, eləcə də yaşayış evlərində ölüm hallarının artmasına səbəb olur. Kampaniya müəllifləri xatırladıblar ki, istilərin altıncı günündə Parisi də əhatə edən İl-de-Frans regionundakı xəstəxanaların dolduğu barədə Paris Polis Prefekturası məlumat yayıb.
Açıqlamada vurğulanıb ki, iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri görülməzsə, 2003-cü ilin yayında Fransada isti hava səbəbindən 15 min nəfərin həyatını itirdiyi faciəvi vəziyyət adi hala çevrilə bilər. Həmçinin qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, temperaturu 24 dərəcədən yuxarı olan yaşayış evləri ölüm riskini artırır.
Kampaniya çərçivəsində yaşlıların, uşaqların və xroniki xəstəlikləri olan insanların yüksək temperaturdan ən çox zərər görən qruplar olduğu bildirilib. Məlumata görə, fransızların 66 faizi isti hava səbəbindən evlərində ciddi narahatlıq yaşayır.
Açıqlamada həmçinin qeyd edilir ki, Fransada hər iki evdən biri yayılan istiliyi daxilində saxlayan xüsusiyyətə malikdir. Problemin həlli üçün pəncərələrə kepenk və taxta jalüzlərin quraşdırılması, gecə havalandırmasının təmin edilməsi və hava dövranını yaxşılaşdıran sistemlərin tətbiqi kimi qısa müddətdə həyata keçirilə biləcək tədbirlər təklif olunur.
Təşkilat hesab edir ki, bu tədbirlər həyati əhəmiyyət daşıyır və əsas soyutma avadanlıqlarına malik olmadığı üçün yaşayış üçün yararsız vəziyyətə düşən evlərdə yaşayan kirayəçilərdən kirayə haqqı müvəqqəti olaraq alınmamalıdır.
Yaşayış Hüququ Assosiasiyasının da dəstəklədiyi imza kampaniyasına indiyədək 5 mindən çox şəxs qoşulub.
Qeyd edək ki, Fransada iyunun 18-dən etibarən təsirini göstərən isti hava dalğası səbəbindən xəstəxanalarda sıxlıq yaranıb. Parisdə isə iyunun 26-da təkcə bir gün ərzində 109 nəfərin isti hava ilə əlaqəli səbəblərdən həyatını itirdiyi bildirilib.
Bundan başqa, kondisioneri olmayan bəzi evlərdə, xəstəxanalarda və məktəblərdə binaların pəncərələri istiliyi azaltmaq məqsədilə fövqəladə hallarda istifadə olunan termal örtüklərlə bağlanıb.
Musavat.com






