Kreml Rusiyaya neft məhsullarının idxalı ilə bağlı danışıqların aparıldığını təsdiqləsə də, hansı ölkələrlə müzakirələrin getdiyini açıqlamaqdan imtina edib.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Rusiya prezidenti tərəfindən keçirilən yanacaq böhranına həsr olunmuş müşavirədən sonra idxal məsələsi üzərində iş aparılır. O, danışıqların hansı ölkələrlə aparıldığını açıqlamaqdan imtina edərək bunu "məlum səbəblərlə" izah edib.
Kremlin sözçüsü bildirib ki, əgər tərəflər məqbul qiymətlər barədə razılığa gələ bilsələr, neft məhsullarının idxalı reallaşacaq. Onun fikrincə, bu addım daxili bazarın sabitləşməsinə və yanacaq ətrafında yaranmış ajiotajın azalmasına kömək edəcək.
Reuters agentliyi daha əvvəl mənbələrə istinadən yazmışdı ki, Rusiya Qazaxıstandan təxminən 50 min ton AI-92 markalı benzin tədarük etməyi xahiş edib. Lakin Qazaxıstan hakimiyyəti həmin vaxt belə danışıqların aparıldığını rəsmən təkzib etmişdi.
Musavat.com






