İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan qaçan soydaşlarımıza biganə qalan səfirliklərimiz - açıqlamalar

916 11.04.2022 20:38 Gündəm A A

“Dünən bir qismini Odessadan Moldovaya yola saldığımız Mariupol, Xarkov, Dneprdən olan 80 soydaşımız (qadınlar, uşaqlar daxil) İstanbula yola salınmışdı. Təəssüflər olsun ki, uzun sürən yolçuluqdan sonra yorğun halda İstanbul yeni hava limanına yetişən insanlarımıza gərəkən dəstək olunmadı aidiyyəti qurumlar tərəfindən”. Bunu Odessada yaşayan soydaşımız, "Yeni Müsavat" Media Qrupunun Ukrayna təmsilçisi Anar Natiqoğlu öz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, soydaşlarımıza bir az qida və xəstə olan uşaqlara tibbi dəstək lazım idi: “Azərbaycanın Moldovadakı səfirliyinin əməkdaşı Çingiz müəllimə bu barədə məlumat verdik. O isə durumu cənab səfir Qüdsi Osmanova çatdırdı. Olaydan xəbər tutan kimi gecə Bakıdan İstanbula uçan səfir hal-hazırda insanlarımızın İstanbuldan Bakıya təxliyəsi ilə məşğuldur. Səfir kimi əsl dövlət adamı, səfir, ADAM kimi adam!”

Foto Rauf Arifoglu.jpg

“Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da status paylaşaraq səfirliyin fəaliyyətini tənqid edib: “Ankarada böyük səfirliyimiz olduğu halda, Moldova səfiri Qüdsi Osmanov gedib İstanbulda müharibə qaçqınlarının problemlərini həll edir. Heç nəyə yaramayan diplomat və müftəxor XİN çalışanlarını sistemdən uzaqlaşdırmaq lazımdır. Fərarilik edib, Kiyevdən qaçan Elmira Axundova hələ də Ukrayna səfiridir! Hələ də səfir kimi yüksək maaş alır! Belə olmaz axı!!! Bu yarıtmazları, öz vəzifəsinin öhdəsindən gələ bilməyənləri hələ də iş başında saxlamağın anlamı nədir! Fövqəladə durumlarda adekvat olmayan bütün dövlət kadrosu yenilənməlidir!”

Xaricdə yaşayan digər soydaşlarımız onların ölkəsində Ukraynadan gələn həmvətənlərimizlə bağlı vəziyyətdən danışıblar.

WhatsApp Image 2022-04-11 at 12.20.02.jpeg (102 KB)

Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu “Yeni Müsavat”a bildirdi ki, Ukrayna vətəndaşları müharibədən öncə də 90 gün qalma haqqına sahib idilər: “Yeni qaydalara görə Avropa Birliyi ölkələrində, eyni zamanda Almaniyada ukraynalı qaçqınlara 1 illik humanitar yaşama icazəsi veriləcək. Kənardan elə görünür ki, sanki ukraynalı qaçqınlara İraq, Suriya, Əfqanıstandan gələnlərdən fərqli münasibət göstərilir, lakin bu, belə deyil. 2014-cü ildə Suriyadan qaçqın köçü olanda Almaniya buna hazır deyildi. Təşkilatlar yeni yaranmışdı və s. Bundan əlavə, sadaladığım ölkələrdən gələn ailələrin tərkibi daha geniş idisə, ukraynalı qaçqınların ailə tərkibi o qədər də geniş deyil. Almaniya durumu ələ almaq üçün stadionlarda böyük çadırlar qurmağa məcbur oldu. İndiki axın isə bir növ planlaşdırılmış axındır. Ukraynadan qaçanlar Polşanın yaratdığı humanitar dəhliz vasitəsilə Almaniyaya daxil olurlar. Amma kütləvilik yoxdur-gündəlik 1000, maksimum 2 min nəfər. Bu sayda insanı yerləşdirmək Almaniya üçün çətin deyil. Pandemiya dövründə başqa ölkələrdən gələn qaçqınlarla bağlı  fasilə yarandı. Türkiyənin qaçqınları qəbul etməsi də bu məsələdə önəmli rol oynadı. Ukraynalı qaçqınlar üçün aylıq sosial yardımlar 300-500 avrodur, pulsuz dil kurslarına cəlb olunurlar. Eyni zamanda özəl şirkətlərə qaçqınların adaptasiyası üçün müvafiq məlumat verilib. Almaniyada bahalıqdı, 300-500 avro yardımla dolanmaq qeyri-mümkündür. Qaçqınlar yarım günlük işlərə cəlb olunmaqla 400-500 avro qazanırlar. Həmçinin, bir çox kommunikasiya şirkətləri qaçqınlara pulsuz nömrə verirlər. Kilsəyə bağlı təşkilatların büdcəsi böyük olur. Həmin təşkilatlar qaçqınları geyimlə təmin edir,kirayə ev üçün ödənişdə yardım göstərirlər”.

İlqaroğlu Ukraynadan gələn azərbaycanlı qaçqınlarla bağlı birmənalı fikir səsləndirilmədiyini qeyd etdi: “Səfirliyin maraqlandığını yazanlar da var, maraqlanmadığını yazanlar da. Almaniyada görüş üçün gün, saat öncədən danışılmalıdırsa, Azərbaycan səfirliyində bu qaydaya çox da riayət edilmir. Bu isə vətəndaşlarımıza xeyirdir, uzaq yoldan gələn vətəndaşlar sənəd işlərini rahatlıqla əldə edirlər. Berlində yerləşən səfirliyimizin fəaliyyətini normal qiymətləndirirəm. Ukrayna vətəndaşı olmayan azərbaycanlılar geri qayıdış şəhadətnaməsi alıb Azərbaycana gedə bilərlər. Bu proses koordinasiya olunur. Almaniyada yalnız Ukrayna vətəndaşı olan azərbaycanlılar qala bilir. Azərbaycanlılar Köln, Berlin, Münhendə kompakt halda yerləşdirilirlər”.

3064735367b90329c3998df51649c797.jpg (106 KB)

İsveçrənin Sürix şəhərində yaşayan yazar Ələkbər Əliyev isə bildirdi ki, səfirliklərin qaçqın yerləşdirmə funksiyası yoxdur: “Səfirliklər koordinasiyada iştirak edə bilərlər. Səfirliklər müharibədən zərər çəkmiş vətəndaşlarını müvafiq aviaşirkətlər vasitəsilə çıxarda bilərlər. Bu da daha çox koordinasiya işidir, siyahıların tərtib edilməsi və s.”.

62307cccb4ada62307cccb4adb164734484462307cccb4ad862307cccb4ad9.jpg (87 KB)

Millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun fəaliyyətini yüksək dəyərləndirib: “Hesab edirəm ki, Türkiyədəki səfirimiz kifayət qədər fəaldır. Xaricdə yaşayan azərbaycanlıların taleyində diplomatik korpuslar, XİN, Diaspora Komitəsi müəyyən işlər görür, amma ümumilikdə səfirlərimiz zəifdirlər. Söhbət təkcə, müharibədən əziyyət çəkənlərin Azərbaycana göndərilməsi ilə bağlı deyil. Dağıstanla sərhəddə xeyli azərbaycanlı toplaşmışdı. Bundan əlavə, uşaqları üçün doğum şəhadətnaməsi ala bilmirlər, bunun üçün Azərbaycana gəlmək lazımdır. Bütün bu məsələlər küll halında müzakirə olunmalıdır. Biz öz vətəndaşımıza niyə biganə münasibət göstərməliyik? Bunu başa düşə bilmirəm. Ukraynaya gedənlər öz xoşu ilə getməmişdilər. Onların bir qismi Qarabağdan qaçqın düşmüşdü. İndi ikinci faciəni yaşayırlar. Onlara qarşı son dərəcə həssas olmalıyıq”.

Diplomatik korpusların fəaliyyətində olan boşluqlar nə ilə bağlıdır? Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən cavab almağa çalışdıq.

"Nəzərinizə çatdırmaq istərdik ki, Ukraynadakı vəziyyətlə bağlı 18.000-dən çox vətəndaşımız bu ölkəni quru yolla qonşu dövlətlərin ərazisinə keçməklə tərk edib”.

Bunu Musavat.com-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib. O bildirib ki, dövlət başçısının tapşırığı ilə vətəndaşlarımızın təxliyəsi həm birbaşa çarter reysləri (ümumilikdə dövlət tərəfindən19 çarter reysi təşkil edilib), həm də avtomobillər vasitəsilə təşkil edilib:

“Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 11.000 nəfər vətəndaşımız, Polşa Respublikasına 4049 nəfər vətəndaşımız, Rumıniyaya 2291 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 236 nəfər vətəndaşımız, Macarıstana 613 nəfər vətəndaşımız daxil olub. Vətəndaşlarımızın təxliyəsi prosesində bütün aidiyyəti diplomatik nümayəndəliklərimiz iştirak edib. Məlumat üçün bildirmək istərdik ki, Bolqarıstan ərazisinə quru yolla daxil olan Azərbaycan vətəndaşlarından 7177 nəfəri Türkiyə ərazisindən keçməklə ölkəmizə daxil olub və bu vətəndaşların təxliyəsinə Türkiyədəki diplomatik nümayəndəliklərimiz yardımçı olub".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR