İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan köçən soydaşlarımızın taleyi - vətənə, yoxsa Avropaya sığınsınlar...

678 15.03.2022 08:30 Gündəm A A

“Hansı ölkəyə üz tutması onların müstəqil seçimindən asılıdır, Azərbaycan öz vətəndaşları üçün hər zaman açıq ölkədir”

Müharibə başlayandan bəri 5 milyondan çox ukraynalı öz evini tərk etmək məcburiyyətində qalıb. Bunu BMT-nin qaçqınların işləri üzrə Ali komissarı Filippo Qrandi “Corriere della Sera” qəzetinə müsahibəsində deyib: “Ukraynada 5 milyondan çox insan, əhalinin 10-15 faizi evlərini itirib, onların da yarısı artıq ölkəni tərk edib. Vəziyyət bu templə inkişaf etsə, daha 3 milyon insan yaxın günlərdə evlərini tərk etmək məcburiyyətində qalacaq”, - deyə o bildirib.

Yaranmış vəziyyəti II Dünya müharibəsindən sonra qeydə alınan ən ciddi miqrasiya böhranı adlandıran Filippo Qrandi müharibə səbəbindən 40 milyonluq Ukrayna əhalisinin üçdə birinin çıxılmaz vəziyyətə düşdüyünü vurğulayıb. Ali komissarın sözlərinə görə, Kiyevin Ukrayna icmasının geniş yayıldığı Avropa ilə sıx əlaqələri olduğuna görə hələlik qaçqın axınının öhdəsindən gəlmək mümkün olur.

Son məlumata görə, qaçqınların yarıdan çoxu (1 575 703 nəfər) Polşaya köçüb. 235 576 nəfər Macarıstana, 185 673 nəfər Slovakiyaya, 105 897 nəfər Rusiyaya, 104 929 nəfər Moldovaya, 84 671 nəfər Rumıniyaya, 938 nəfər Belarusa üz tutub. Digər ölkələrə gedənlərin sayı 304 156 nəfərdir.Ukraynanın Donetsk və Luqansk vilayətlərində 96 min insan Rusiya sərhədini keçib.

Xarici mediada yer alan xəbərlərdən bəlli olur ki, Avropa ölkələri ukraynalı qaçqınlara humanist münasibət göstərirlər. Dövlətlər də müharibədən əziyyət çəkən qaçqınlar üçün bürokratik tələbləri mümkün qədər yüngülləşdirməyə çalışırlar. Məsələn, “Guardian” nəşrinin yazdığına görə, Böyük Britaniyaya sığınan ukraynalı qaçqınları evlərində məskunlaşdırmağa razı olan ingilislər “mənzil pulu” sxeminə əsasən ayda 350 funt sterlinq alacaqlar. Qaçqınlar martın 14-dən  istifadəyə veriləcək saytda qeydiyyatdan keçməlidirlər. Britaniyanın dəstəyi ilə yaşayan ukraynalılara ölkədə üç il qalmaq icazəsi veriləcək. Bu müddət ərzində onlar işləyə, müavinət ala və dövlət xidmətlərindən istifadə edə biləcəklər. Birləşmiş Krallığın daxili işlər naziri Priti Patel açıqlamasında viza rejiminin sadələşdirildiyini, prosedurun onlayn formada həyata keçirildiyini bildirib.

Bu gün dövlətimiz üçün aktual olan məsələlərdən biri soydaşlarımızın durumudur. İki həftədən çoxdur davam edən müharibə nəticəsində qaçqın düşən azərbaycanlılar hara üz tutsun? Vətənə gəlsinlər, yoxsa Avropa ölkələrinə sığınsınlar? Onların yerləşməsi, onlara yardım Azərbaycan dövləti tərəfindən necə həyata keçirilir?

Diasporla İş üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a bildirildi ki, fövqəladə hallarda səlahiyyətin çərçivəsini müəyyən etmək çox çətindir: “Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində, əsasnaməsində təxliyə və ya digər məsələlərlə bağlı müddəa yoxdur. Buna görə də səlahiyyəti müəyyən etmək çətindir. İmkan daxilində əlimizdən gələn hər yardımı edirik”.

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, Ukraynada yaşayan azərbaycanlıların hansı ölkəyə üz tutması onların müstəqil seçimindən asılıdır: "Azərbaycan öz vətəndaşları üçün hər zaman açıq ölkədir. Soydaşlarımızın təxliyəsi üçün ölkəmiz bütün imkanları səfərbər etdi. Bundan sonrakı həyatını Avropada qurmaq istəyənlər Avropa ölkələrinə üz tutdular. Bu məsələyə müdaxilə etmək doğru olmaz. Miqrantlara qarşı, xüsusilə Ukrayna-Rusiya müharibəsində zərərçəkən miqrantlara qarşı diqqət göstərilir. Lakin mən çox istərdim ki, dünyada bu və ya digər fəlakət ucbatından baş verən hadisələr zamanı qaçqın düşən insanlara diqqət onların yaşadığı ölkəyə, mənsub olduğu xalq, yaxud dini mənsubiyyətinə görə olmasın, əksinə, bu, bəşəri dəyərlərə söykənərək həyata keçirilsin. Təəssüf ki, Qarabağ müharibəsi nəticəsində zərərçəkən təxminən 1 milyon qaçqın və məcburi köçkünümüz bu davranışın şahidi olmayıb. Eyni zamanda Yaxın Şərq, Aralıq dənizi hövzəsində baş verən faciələr zamanı da bu yanaşmanın şahidi olmadıq, baxmayaraq ki, o faciələrin vətəndaş müharibələrinin baş verməsində və Qərb ölkələri daha çox məsuliyyət daşıyırdılar. Bütün hallarda insanlara münasibətdə humanizm prinsiplərinin sərgilənməsi xoş haldır. Ukraynada baş verənlər bütün bəşəriyyətə insanları dinlərə, etnik mənsubiyyətinə görə bölməmək prinsipini aşıladı. Vəziyyət hər kəsə bəllidir. Bu vəziyyətdə davranışı və koordinasiya məsələlərini müəyyənləşdirmək asan deyil. Ümumiyyətlə, Ukraynadan sərhədyanı ölkələrə köçən azərbaycanlıların təxliyəsi ilə bağlı heç bir problem olmadı. Dövlət qurumları soydaşlarımızla mütəmadi əlaqədədir, proses normal qaydada koordinasiya olunur. Xüsusilə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun fəaliyyətini qeyd etmək istərdim. Koordinasiya prosesində peşəkarlığını yüksək dəyərləndirirəm".

 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR