İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada həlak olmuş azərbaycanlılara şəhid statusu verilə bilərmi? – iki rəy

1316 11.04.2022 20:56 Gündəm A A

Bir gün öncə Ukraynada həlak olan snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilib, ailəsinə təhvil verilib. Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb. O, Kəlbəcər rayon Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb. Ukraynada mərhumla təntənəli vida mərasimi keçirilib, mərasimdə Ukrayna dilində Azərbaycan himni səsləndirilib. Elnur Həsənov İrpen istiqamətində “Karpat Seçi” könüllü batalyonunun tərkibində döyüşüb. O, “Alik” ləqəbi ilə tanınıb. O, həm də ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır.

Elnurdan bir neçə gün əvvəl Ukraynada gedən döyüşlərdə, Mariupolun müdafiəsi zamanı Rafael Ağayev həlak olub. R.Ağayev 2014-cü ildə Donbas döyüşlərinin də iştirakçısı olub. O, daha sonra “Pizza Veterano” şirkətini təsis edib. Rusiyanın hücumu başladığı ilk gündən isə Mariupolun müdafiəsini təşkil edən qüvvələrdən biri, Hərbi Dəniz Qüvvələri Dəniz Piyadalarının tərkibində döyüşlərə qatılıb.

Martın 11-də isə Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Eyyubov Elnur Asəf oğlu snayperdən baş nahiyəsinə açılan atəş nəticəsində həlak olub, əslən Azərbaycanın Samux rayonundan olan Əliyev Raqif Vaqif oğlu isə ağır yaralanıb. Onların hər ikisi Ukrayna vətəndaşlarıdır. Bu siyahını böyütmək də olar. Amma əhali Ukraynada həlak azərbaycanlıları şəhid adlanıdırır, bir çoxları hesab edir ki, əgər övladlarımız harada olmasından asılı olmayaraq döyüşdə həlak olurlarsa, şəhid adına layiq görülməlidirlər. Bəs, görəsən, Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan azərbaycanlı hərbçilərə dövlətimizin yanaşması necədir? Onların ailələrinə yardım edilirmi? Bu döyüşçülər şəhid sayılırmı?

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa: “Azərbaycan dövləti tərəfindən yardım edilməsi, dövlət dəstəyi verilməsi mümkün deyil”

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “Əgər bu şəxslər Ukrayna vətəndaşıdırlarsa, ya da Rusiya vətəndaşıdırlarsa, həmin ölkənin xüsusi xidmət qurumlarında hər hansı bir döyüş əməliyyatına qatıla bilərlər. Həmin dövlətin də təltifləri, imtiyazları onlar üçün nəzərdə tutulur. Amma Azərbaycan dövlətinə bunun hər hansı şəkildə aidiyyəti olmayacaq. Hüquqi nöqteyi-nəzərdən onlara Azərbaycan dövləti tərəfindən yardım edilməsi, dövlət dəstəyi verilməsi mümkün deyil. Təbii ki, ictimaiyyət başqa, dövlət başqa. Dövlət müstəvisində bu məsələ qanunlarla tənzimlənir. Digər tərəfdən, əgər Azərbaycan vətəndaşıdırsa, hər hansı bir ölkədə hərbi əməliyyatlara qatılıbsa, dövlətin hərbi yardım göstərmək barədə qərarı yoxdursa, onda onlar qanunsuz silahlı birləşmələrdə vuruşan şəxslər kimi qiymətləndirilir. Hətta hüquqi cəhətdən onlar üçün məsuliyyət də yaranır. Çünki biz qanun qəbul edəndə təkcə Suriya, İraq adı çəkməmişik. Biz bütövlükdə başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə vuruşan Azərbaycan vətəndaşlarını nəzərdə tutmuşuq. Ona görə də burada hər hansı şəkildə dövlətin Ukraynaya, Rusiyaya hərbi yardım göstərməklə qərarı olmadığına görə o cinahda vuruşan şəxslərin hər hansı şəkildə hüquqi imtiyaz alması mümkün deyil. Hətta məsuliyyət daşıması mümkündür. Çünki onlar Azərbaycan vətəndaşı olaraq Azərbaycan qanunlarına tabedirlər.  Azərbaycan qanunları da başqa ölkələrin qanuni ya da qanunsuz silahlı birləşmələrində hər hansı şəkildə iştirak etməyi cinayət məsuliyyəti ilə qiymətləndirir. Ona görə də onlara qarşı konkret Cinayət Məcəlləsində cəza nəzərdə tutulur. Hansı ölkə olmasından asılı olmayaraq bu hüquqi məsuliyyət yaradır. Ona görə də Azərbaycan tərəfindən orada döyüşlərdə həlak olan şəxslərə qarşı dövlət dəstəyi, yardımı nəzərdə tutula bilməz. Amma ictimaiyyət öz hislərinə uyğun hansısa bir addımı atırsa, bu başqa məsələdir. Ona görə də bu məsələdə hansısa bir şəkildə ziddiyyət yoxdur”.

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov: “Azərbaycan qanunvericiliyində o müddəa yoxdur ki, başqa ölkənin ərazisində döyüşdə iştirak edənlərə şəhid adı verilsin”

Hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Bu məsələ ilə bağlı bizim qanunvericilikdə boşluqlar var. Onlara Azərbaycan dövləti  tərəfindən şəhid adının verilməsi rəsmiləşdirilmir. O şəxslərə Ukrayna dövləti tərəfindən Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olduqlarına görə dövlət təminatı ilə pensiya, ya müavinət ödənilir və ödəniləcək. Əgər o insan axtarışda olmayıbsa, qeyri-qanuni olaraq, rəsmi olaraq terrorçu təşkilat kimi tanınan silahlı birləşmənin tərkibində olmayıbsa, onunla bağlı hansısa bir problem olmayacaq. Ukrayna ordusunun rəsmi dövlət qurumu ilə Azərbaycan arasında imzalanmış hüquqi sənədlər  var. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycan da Ukraynanın eynilə ərazi bütövlüyünü tanıyır. O döyüşlərdə iştirak etmiş , həlak olmuş vətəndaşlarımızla bağlı işlər Ukrayna dövləti  tərəfindən görülür. Azərbaycan qanunvericiliyində o müddəa yoxdur ki, başqa ölkənin ərazisində döyüşdə iştirak edənlərə şəhid adı verilsin. Bizdə qanunvericilikdə o məsələ nəzərdə tutulmayıb.  Amma Ukrayna ərazisində iştirak etmiş bütün əsgər və zabitlərə nə təminatlar varsa, o təminatlar da onların ailələri üçün nəzərdə tutulub”.  

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR