İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna Rusiyanın udacağı tikə deyil...” - Kremlyönlü siyasilərdən ilginc etiraf və SOS

1933 27.01.2024 09:41 Siyasət A A

Artıq ikinci ildönümü yaxınlaşan Rusiya-Ukrayna qanlı müharibəsinin sonu hələ ki, görünmür. Moskva böyük canlı və maddi-texniki itkilərə rəğmən, işğalçı savaşı davam etdirmək əzmindədir. Təbii ki, Ukrayna da dost-müttəfiqlərinin dəstəyi ilə buna qarşı əlindən gələni edir və artıq şübhə yox ki, bu il kollektiv Qərbin ona köməyi qat-qat artacaq. 

Bu arada Kremlə yaxın rusiyalı tanınmış politoloq Sergey Markov özünün TG kanalında Ukrayna hərbi əməliyyatlar teatrında hadisələrin inkişafı ilə bağlı proqnoz verib. Markov yazıb:

“1. 2024-cü ildə Rusiya və Ukrayna orduları, sanki yerlərini dəyişəcək.

Rus ordusu irəliləməyə çalışacaq. Ukrayna ordusu isə güclü müdafiə xətləri quracaq və özünü uğurla müdafiə edəcək. Ukrayna ordusu Rusiya müdafiəsinin uğurunu 2024-cü ildə təkrarlayacaq. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin hücumunun uğursuzluğunu 2024-cü ildə təkrarlayacaq.

Qərb ölkələri 2024-cü ildə müharibə iqtisadiyyatlarını bərpa edəcək.

Qərb 2024-cü il ərzində Ukraynanın yeni, daha güclü ordusunu hazırlayacaq və silahlandıracaq.

2025-ci ildə Ukrayna ordusu tərəfindən yeni və daha güclü hücum cəhdi olacaq.

Lakin 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin hücumunun uğursuzluğunu təkrarlamamaq üçün NATO yeni hücum strategiyası yaratmalı olacaq".

Öz növbəsində hakim “Vahid Rusiya” Partiyasının qatı ermənipərəstliyi ilə tanınan üzvü, Dumanın MDB ölkələri ilə iş üzrə Komitəsinin sədr müavini Konstantin Zatulin daha bədbin danışıb. İki il öncə Rusiya hərbi təcavüzünü  hərarətlə dəstəkləyən Zatulin öncə etiraf edib ki, Ukrayna Rusiyanın udacağı tikə deyil. 

Onun sözlərinə görə, Moskva nə qədər istəsə də, Ukraynanı dövlətçilikdən məhrum etmək və tamamilə ələ keçirmək mümkün olmayacaq. 

“Biz real perspektivlərimizi real qiymətləndirməliyik. Düşünürəm ki, Ukrayna istəsək də, istəməsək də, qalacaq. Bu davam edəcək, çünki qarşıdurma səviyyəsi çox yüksəkdir. Ukrayna daxilində Rusiyanın qatı əleyhdarları var. Məsələn, mən Qərbi Ukraynanın ələ keçirilməsi üçün planlar qurmağımızın əleyhinəyəm. Bu, ”troya atı"nı qoşmağa bənzəyər", - deputat vurğulayıb.

Zatulin həmçinin rusları qorxudub ki, əgər bütün Ukraynanı ələ keçirməyə çalışsalar, Stalin dövründə olduğu kimi, onilliklər boyu partizanlarla vuruşmalı olacaqlar.

Qarabağda nə qaldı?

Rövşən Məhərrəmov: “Aparıcı ölkələr dünya müharibəsinə ciddi hazırlıq görməkdədir”

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov dünya savaşına hazırlığın getdiyini düşünür: “Bu yaxınlarda bu mövzuya uyğun müsahibə vermişdim. Bildiyiniz kimi, planetin aparıcı ölkələri dünya müharibəsinə hazırlaşırlar. Ukraynada son zamanlar üç istiqamətdə müdafiə xətti qurulur. Möhkəm, betonlaşmış istehkam xətti həyata keçirilir. Rusiya ordusunun müdafiə xətti necə qurulmuşdusa, Ukrayna da o sxemlə müdafiə xətti qurub, eyni sistemi təkrarlayır. Bu da Ukraynanın müəyyən boşluqlarının olduğunun həm də göstəricisidir. Avropa və ABŞ-ın yardımları artıq tam şəkildə nəticə vermədiyi üçün Kiyev bu taktikanı seçməyə məcbur qalır. Çünki, yeni əks-hücuma keçmək üçün müdafiə xəttini də möhkəmləndirmək lazımdır. Yəni əks-hücum zamanı irəliləmək mümkün olmadığı zaman müdafiə xəttinə çəkilirlər. Bu, dünya praktikasında olan bir taktikadır. Avropa və ABŞ-ın əvvəlki yardımları artıq gözə çarpmır. Bunu etiraf etmək lazımdır. Ukrayna Silahlı Qüvvələrində silahların tükənməsi hiss olunur. Bunu ruslar da hiss edir. Lakin bildiyiniz kimi, dünya ölkələrinin əksəriyyəti buna imkan verməyəcək. Göründüyü qədəri ilə bəzi Avropa ölkələri son zamanlar açıq şəkildə bunu bildirirlər ki, özlərinə lazım olan silahları Ukraynaya göndərməyəcəklər. Zelenski də bildirdi ki, Avropa onları silahlarla təmin edə bilmir. Bu tələbatın ödənməsi üçün silah zavodları istehsalı bərpa etməlidir. Bu barədə də Zelenski açıqlama vermişdi. Əslində bu təkcə Ukraynanın özü üçün deyil, elə də Avropanın özünü qoruması üçün də çox vacibdir. Çünki müharibəni aparan Ukrayna Avropaya ən yaxın dövlətdir. Ərazisinə görə dünyanın ən böyük ölkəsi ilə müharibə aparır. Bilirsiniz ki, Böyük Britaniyanın müdafiə naziri Rusiya, Çin, İran və Şimalı Koreya kimi ölkələrin adını çəkərək, açıqlama verdi ki, qlobal müharibəyə hazırlaşmalıyıq. Bu da onu göstərir ki, dünyadakı aparıcı ölkələr dünya müharibəsinə ciddi hazırlıq görməkdədirlər. Hesab edirəm ki, Böyük Britaniyanın müdafiə nazirinin açıqlaması sıradan bir mövqe deyil. Həmçinin Rusiya tərəfindən də buna bənzər açıqlamalar verildi. Zatulin və başqaları Ukrayna ərazilərini tam şəkildə işğal edəndən sonra nələrin ola biləcəyi barədə təxminlərini irəli sürüblər. Belə oxşar açıqlamalar təsadüfi deyil. Hətta bildirildi ki, biz Ukrayna ilə deyil, Avropa ilə müharibə aparırıq və Rusiya öz istəyinə çatmayana qədər geri çəkilməyəcək. Hesab edirəm ki, Ukrayna öz ərazilərinin bütövlüyünü tam şəkildə bərpa etsə belə, bu müharibə dayanası deyil. Güman edirəm ki, bu müharibə uzunömürlü olacaq. Rusiya hətta məğlub olub öz ərazilərinin bir hissəsini itirsə belə müharibə yenə də davam edəcək. Kreml Avropaya mesaj verir ki, dünya bizi qane edəcək şəkildə yenidən bölünməlidir”.

Zengezur turk dunyasini birlesdiren korpudur” – Kamran Məmmədli

Kamran Məmmədli: “Dünyanın güc balansı tamamilə dəyişəcək”

Hərbi ekspert hesab edir ki, dünya müharibəsinə hazırlığın getdiyi bir vaxtda Azərbaycan da bu prosesdən kənarda qala bilməz: “Azərbaycanın, bilirsiniz ki, ”dostları" az deyil. Bizə qarşı gələn təzyiqlər də bitmək bilmir. Bu baxımdan deyirəm ki, belə bir müharibə başlarsa, bu, Azərbaycandan da yan keçməyəcək. Bir sözlə, Avropa və Amerika Ukraynanın silahlanmasını artırmalıdır. Doğrudur, hazırda Kiyevin hərbi sənayesi inkişaf etdirilir. Özləri də artıq mərmilər istehsal edirlər. Hansı ki, bu mərmiləri Qərbdən alırdı. Artıq bunun bir qismini özü istehsal edir. Biz artıq Rusiya-Ukrayna savaşının gələcəkdə daha da böyüməsini ehtimal edə bilərik. Bütün qırmızı xətlər keçilib. Tərəflərdən heç biri geriyə çəkilən deyil. Dünyanın başqa yerlərində də müharibələr aktivləşməkdədir. Sanksiyalar Rusiyanı zəiflətsə də, hələ də ayaqda qalan güclü bir ölkə olaraq qalmaqdadır. Müharibə uzandıqca, tərəflər də təcrübə qazanmaqdadır. Rusiya yaxşı başa düşür ki, bu gün bütün dünya ilə müharibə aparırlar. Ukraynada iki şəxsi heyət NATO standartlarına uyğun şəkildə hazırlanır. Amma bu o demək deyil ki, həmin şəxsi heyətlər aktiv şəkildə döyüş apara bilərlər. Çünki həmin bu heyətlər ilk növbədə, NATO standartlarına uyğun silahlanmalıdır. Bu silahlanma baş tutarsa, bəlkə Ukraynanın hansısa nailiyyət qazana biləcəyindən danışmaq olar. Amma gördüyümüz kimi, Avropa ölkələri silah təminatında Ukraynanı tam şəkildə təmin etmirlər. Artıq F16-ların tezliklə veriləcəyi barədə söz-söhblət getməkdədir. Düşünürəm ki, deyilənlər gerçək olsa, nələrsə dəyişə bilər".    

 

AĞ Partiya sədrinin müavini, siyasi şərhçi Kamran Məmmədli isə hesab edir ki, Rusiya-Ukrayna savaşı daha iki il də davam edəcək: “Hesab edirəm ki, Zatulinin etiraflarında həqiqətlər var. Çünki bu müharibə təkcə Rusiya-Ukrayna müharibəsi deyil, eyni zamanda Qərbin Rusiya ilə müharibəsidir. Ukraynanın tam ələ keçirilməsi və məğlubiyyəti bu müharibədə Qərbin və onun himayədarı olan ABŞ-nın məğlubiyyəti olacaq. Dünyanın güc balansı tamamilə dəyişəcək. Bu isə hazırkı reallıqları nəzərə alsaq mümkünsüz görünür. Əgər bu baş verərsə, NATO-nun müdaxiləsi ilə 3-cü dünya müharibəsi başlaya bilər ki, bu da bütün dünya üçün fəlakətlə nəticələnəcək. Mövcud vəziyyətə görə, düşünürəm ki, bu müharibə ən azı 2 il də yavaş templə davam edəcək. Ukraynanın ikinci kontra hücumu isə F-16 raketləri verilmədən başlamayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR