İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna-Rusiya müharibəsinə könüllü adı ilə terror qrupları daxil olur - əcnəbi muzdlular təcrübəsi haqqında nələr bilinir?

2109 12.03.2022 21:10 Gündəm A A

Dünyanın 52 ölkəsindən könüllülər döyüşmək üçün Ukraynaya gəlib. Bu barədə bir qədər əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

Nazir deyib ki, dünyanın 52 ölkəsindən olan təcrübəli veteranlar və könüllülər Ukraynaya gəlib beynəlxalq legiona qoşulur. O, hazırda Ukraynanın müdafiəsi üçün silaha sarılmağa hazır olan əcnəbilərin müraciətlərinin ümumi sayının 20 minə yaxınlaşdığını da qeyd edib.
Qərb mediası Ukraynada döyüşmək üçün müxtəlif Avropa ölkələrindən, o cümlədən ABŞ və Kanadadan keçmiş əsgərlərin gəlməsi barədə süjetlər hazırlayıb. Həmçinin bəzi Yaxın Şərq ölkələrindən də Ukraynaya döyüşmək üçün gələnlərin olduğu vurğulanır. Ukrayna dövləti könüllülərə vətəndaşlıq verilə biləcəyini elan edib.

Artıq Rusiya da Ukraynaya qarşı vuruşmaq üçün könüllü cəlb edir. Prezident Putin Rusiyadan Ukraynaya könüllü döyüşçülərin göndərilməsi barədə qərar qəbul edib. Rusiya prezidenti “əgər könüllü əsasda Donbassda yaşayanlara kömək üçün getmək istəyənlər varsa, onların bu arzusunu yerinə yetirmək və döyüş bölgəsinə keçmələrinə kömək etmək lazımdır” - deyib.

Putinin müraciətindən dərhal sonra bir sıra “Telegram” kanallarında Suriya və Mərkəzi Afrika Respublikasından olan silahlı dəstələrin Rusiyanın ordusunun tərkibində Ukraynaya qarşı döyüşməyə hazır olduqlarını əks etdirən videoları yayılıb. Bu arada bəzi media orqanları və sosial şəbəkə hesablarında Ukraynada döyüşmək üçün Yaxın Şərqin bəzi ölkələrindən könüllülərin toplandığı barədə xəbərlər yayılıb.

Əlbəttə, Ukraynadan fərqli olaraq Rusiyanın müharibəyə cəlb edəcəyi əsasən muzdlular (Ukrayna tərəfdən də muzdluların olması barədə iddialar var – K.R.) olacaq. Çünki Ukraynadan fərqli olaraq Rusiya hücum edən tərəfdir. Bu ölkə üçün özünümüdafiə və ya hücuma məruz qalanların qorunması kimi bəşəri dəyərlər işləmir. Bu baxımdan aydın məsələdir ki, Rusiya tərəfdən döyüşmək üçün gələnlər muzdlu döyüşçülər olacaq. Məlum olduğu kimi, hazırda Yaxın Şərqdə bir çox münaqişələr başa çatdığı üçün keçmiş döyüşçülər “işsiz” qalıblar. Onlar üçün Ukrayna müharibəsi həm də yeni “işdir”. Bu mənada həm Rusiya. Həm də Ukrayna üçün Yaxın Şərq və Afrikadan döyüşçü cəlb etmək elə də çətin olmayacaq. Lakin könüllülər və muzdluların bir çox oxşar cəhətləri var ki, bu cəhətlər hər iki tərəf üçün faydalı heç nə vəd etmir.

İlk növbədə qeyd etmək lazımdır ki, Ukrayna və Rusiyanın müharibəyə kənardan könüllü – muzdlu cəlb etməsi Ukrayna üçün ciddi təhlükə vəd edir. Məsələ ondadır ki, hər nə qədər müharibədə iştirak səbəbləri fərqli olsa da, nəticə etibarı ilə muzdlular və könüllülər arasında çox dərin fərqlər yoxdur və onlar müharibə gedən ölkələr üçün faydalı olmur.

Hər ikisi kənardan könüllü şəkildə, heç bir məcburiyyət olmadan döyüşmək üçün gəlir. Könüllülər bu işi əsasən ideoloji səbəbdən edirlər. Məsələn, ötən ərin əvvəllərində İspaniyada vətəndaş müharibəsində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən kommunistlər İspaniyaya axışırdı. Yaxud da SSRİ-nin Əfqanıstana müdaxiləsi zamanı dünyanın müxtəlif ölkələrindən dindar müsəlmanlar işğalçı sovet ordusuna qarşı müsəlman Əfqanıstanı müdafiə etmək üçün könüllü olaraq döyüşlərə qatılırdı. Oxşar situasiya Əfqanıstana ABŞ müdaxiləsi zamanı, “ərəb baharı” gedişində də baş verdi.

Muzdlular isə bir qayda olaraq orduda xidmətdən ayrılmış peşəkar döyüşçülər olur. Əsasən də xüsusi təyinatlı birləşmələrdə peşəkar hərbçisi kimi xidmət edən və xidmət müddətini əksər hallarda döyüş zonalarında keçirmiş keçmiş hərbçilər adətən mülki həyata alışmaqda, iş tapmaqda çətinlik çəkirlər. Bu zaman onlara hərbi şirkətlər “sahib çıxır”. Xüsusən də son bir neçə onillikdə sayları sürətlə artan hərbi şirkətlər Afrikadan Cənub-Şərqi Asiyadan Latın Amerikasına qədər müxtəlif qaynar nöqtələrdə yaxşı ödəniş qarşılığında peşəkar hərbçilərin xidmətindən istifadə edirlər. Ötən əsrin 50-ci illərindən yaradılan hərbi şirkətlər hazırda çox geniş yayılıb. Xarici ölkələrdə hərbi əməliyyatlar keçirən böyük ölkələr nizami ordulardan istifadənin yaratdığı riskləri minimuma endirmək üçün bir qayda olaraq hərbi şirkətlərin xidmətlərindən, yəni muzdlulardan istifadə edirlər.

Məsələn, 2019-cu ildə Liviya generalı Xəlifə Haftar tərəfində savaşması üçün müxtəlif (5) ölkələrdən olan 20 nəfərlik muzdlu xüsusi təyinatlı qrupu ilə 80 milyon dollarlıq müqavilə imzalandığı bilinir. Və yaxud da bütün dünyada məşhur olan “Blackwater” (Daha sonra “Academi” olaraq adını dəyişdi – K.R.) İraq, Əfqanıstan və digər ölkələrdə fəaliyyət göstərib. Keçmiş hərbçi olan Erik Prinsin rəhbərlik etdiyi şirkətin hazırda Çindən Afrikaya qədər müxtəlif ölkələrdə açıq və gizli fəaliyyətinin olduğu bilinir. ABŞ hökuməti 1997-2010-cu illər ərzində Prinsin şirkəti ilə 3,5 milyard dollarlıq müqavilə imzalayıb. Ümumiyyətlə, ABŞ hökuməti 90-cı və 2000-ci illərdə dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən yüzlərlə şirkətə 300 milyard dollar vəsait ödədiyi məlum olub.

Ancaq hazırda ABŞ-la yanaşı dünyanın əksər inkişaf etmiş ölkələri hərbi – muzdlu – şirkətlərin xidmətlərindən istifadə edir. ABŞ-ın “Kellog Brown & Root” (KBR), “DynCorp”, eləcə də Rusiyada məşhur “Vagner”, Türkiyədə “Sadat” kimi şirkətlər və daha onlarla bu cür təşkilatlar mövcuddur. Mediada gedən məlumatlara görə, ABŞ hərbi şirkətinin təcrübəli muzdluları 15 min, “Vagner” muzdluları isə 5 min dollara qədər ödəniş alırlar.

Ancaq muzdlu və könüllü əsgərlərin bir sıra ortaq xüsusiyyətləri var ki, yuxarıda qeyd etdiyim kimi, xüsusən də müharibənin davam etdiyi Ukrayna ciddi təhlükə yarada bilər. Ümumiyyətlə, muzdluların nizami ordular bir sıra üstün və zəif cəhətləri var.

Muzdlu qüvvələrin üstünlüyü odur ki, bu əsgərlər dövlət və hökumət üçün ictimai təzyiqə səbəb olmur. Məsələn, nizami ordunun hansısa əməliyyata qatılması və burda verdiyi itkilər istənilən hökumət üçün başağrısıdır. Xüsusən də əməliyyat ölkədən kənarda olanda. Üstəlik hökumət məcbur olur ki, vaxtaşırı ictimaiyyət və müxalifət qarşısında hesabat versin, fəaliyyətləri əsaslandırsın. Ancaq muzdlularla bağlı bu cür risklər yoxdur, verilən itkilər də hökumət üçün narahatlıq yaratmır. Çünki döyüşçülər necə deyərlər, ölümü könüllü qəbul edirlər.
Üstəlik muzdlular əsasən peşəkarlar olur, onlar üçün əlavə təlim və hazırlıq xərcləri də olmur. Nizami ordu qədər böyük heyətə ehtiyac qalmır və sair.

Lakin muzdluların və könüllülərin çox ciddi çatışmazlıqları var. Xüsusən də müharibə gedən ölkə üçün. Çünki həm könüllülər, həm də muzdlular bir qayda olaraq intizamlı olmurlar. Əksər hallarda nizamnamədən kənara çıxmalar, günahsız insan ölümlərinə səbəb olur. Bunların ən “məşhuru” 2007-ci ildə “Blackwater” muzdlularının Bağdadın mərkəzində dinc əhalini atəşə tutaraq 14 nəfəri qətlə yetirməsi hadisəsidir.
Bir qayda olaraq muzdluların uzun müddət xidmət etdiyi ərazilərdə qətllər, zorakılıq hadisələri, qeyri-insani rəftarlar tez-tez baş verir. Hərbi əməliyyatlar zamanı nizami ordudan fərqli olaraq könüllülər və muzdlular daha amansız olur, əsirlərə qarşı qəddar rəftar edirlər.
SSRİ-nin Əfqanıstanı işğal etməsinə qarşı təşkil olunan cihad müharibəsinin acı nəticələrini sonrakı illərdə ABŞ özü və dünyanın bir çox ölkələri terrorla çəkməli oldular. Əl-Qaidə, Taliban və İŞİD kimi qruplaşmalar məhz Əfqanıstan müharibəsinin “könüllülərinin əl işləri idi”. Suriya vətəndaş müharibəsində isə daha çox və müxtəlif təyinatlı muzdlu-könüllü qruplar ortaya çıxdı.

Bu baxımdan Ukraynaya könüllü və muzdluların cəlb olunması risk daşıyır. Müharibənin uzanacağı təqdirdə bu qrupların nəzarətdən çıxması, zorakılıqlar və müharibə cinayətlərinin sayının artması riski yüksəlir. Bundan başqa müharibədən sonra bu qrupların radikal cinayətkar silahlı dəstələrə çevrilməsi, planetin başqa regionlarında münaqişələrə cəlb olunması ehtimalı yüksəkdir. Başqa sözlə, kənardan cəlb olunan döyüşçülər könüllü və ya muzdlu olmasından asılı olmayaraq, əlavə problemlərə səbəb olacaq. Bu mövzuda yeganə istisna xaricdə yaşayan ukraynalılar ola bilər.

Nəticə etibarı ilə hər iki dövlətin kənardan “könüllü” cəlb etməsi müharibənin daha da amansız, xaotik olmasına xidmət edəcək. Ümumilikdə isə bu qruplar müharibənin gedişinə həlledici təsir etməyəcək. Daha çox zorakılıq və müharibə cinayətləri ilə gündəmə gələcək. Əlbəttə, istisnalar da olacaq. Amma ötən müharibələrin təcrübəsi əcnəbi “könüllülərin” rentabelli olmadığını göstərir.

Kənan Rövşənoğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR