İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsinn ilk bumeranqı...  

978 26.06.2023 10:33 Yazarlar A A

Biz bu sətirləri yazarkən “Vaqner” silahlılarının geriyə, əvvəlki mövqelərinə qayıtmaq üçün yola düşdükləri haqqında xəbərlər yayıldı. Beləcə, dünyanı silkələyən bir neçə gün başa çatdı. Amma yekun verməyə hələ tələsməzdik, bizə elə gəlir ki, proses tamam bitməyib, o, yalnız dondurulub.

Bəli, müharibə başlayandan ilk insident idi bu. Burada diqqəti Əfqanıstan müharibəsinə çəkmək istərdik. Əfqanlar da əvvəlcə SSRİ-yə, daha sonra isə ABŞ-a qarşı vuruşmağa başladılar, axırda da biri-birini qırmağa üz qoydular...

İndi Rusiya hərbi-siyasi elitasında ilk ciddi “çat” baş verdi. Priqojin özünü elə göstərirdi ki, guya onun Putinlə işi yoxdur və o, müdafiə naziri Şoyqunu və general Gerasimovu tələb edir. Bu bir az əvvəldə  qeyd etdiyimiz ilk “çat”ın təzahürü idi və düşünürük ki, müharibə uzandıqca hərbi və siyasi elitada belə “çat”lar qaçılmaz olacaq. Zarafat deyil, müharibənin iki il davam etməsinə rəğmən özünü fövqəldövlət hesab edən ölkə onu bitirə bilmir.

Həm də belə söhbətlər gəzir ki, guya ruslar dövlətlərinin siyasətinə heç bir etiraz etmirlər. Amma qəti belə deyil. İctimai etirazlar bir yana, insanlar müxtəlif üsullarla səfərbərlikdən yayınmağa çalışırlar. Bütün bu cür proseslər növbəti ildə, Rusiyada prezident seçkisi olarkən özünü təzahür etdirə bilər. Hələliksə Rusiya o günə qalıb ki, müharibədə muzdlu döyüşçülərin və kriminalların nəsə edə biləcəklərinə ümid edir.

Bir sözlə, burada bir deyim yada düşür: bu xəmir hələ çox su aparacaq. Söz yox ki, Rusiya böyük dövlətdir və prinsipcə, 25 minlik hərbi hissə belə onun üçün həllolunmaz bir problem deyil, amma döyüşən orduda nizam – intizamın pozulması, xaosun yaranması çox ciddi təhdiddir və hibrid müharibənin bir istiqaməti də belə problemlərin yaradılması ola bilər. Güman ki, elə olacaq da... Ruslar belə bir vəziyyətlə hələ Birinci Dünya müharibəsi zamanı qarşılaşmışdı. O vaxt da Rusiyanın hərbi mövqeləri heç də pis deyildi, amma ən müxtəlif siyasi vektorlar, xüsusən də bir dəstə bolşevik ölkəni qarışdırdı və nəticədə çar da getdi, müharibə də uduzuldu. Elə İkinci Dünya müharibəsi zamanı da müharibədə dönüş yaranmasaydı oxşar mənzərə təkrar olunacaqdı. Putin müharibənin iki il davam etməsinə baxmayaraq, onun gedişində həlledici dönüş yarada və onu bitirə bilmir. Amma İkinci Dünya müharibəsi zamanı iki ildən sonra artıq ciddi dönüş yaranmışdı və sovet qoşunları almanları ölkədən tamam çıxarmağa başlamışdılar. Amma bir daha deyirik ki, bunu indiki müharibədə görə bilmirik – güman ki, o, hələ çox çəkəcəkdir...

Əsas odur ki, Qərb də, post-sovet ölkələri də Ukrayna müharibəsinin nəticəsinin fərqində olsunlar – uzunmüddətli və idarə olunan xaos Rusiya kimi bir dövlət üçün elə də keçərli ssenari deyil, unutmaq lazım deyil ki, bu, nüvə dövlətidir. Hazırkı dövrdə gizli şəkildə olsa da, Putin cənablarından narazı olanların sayı çoxdur.

Birincisi, insanlar ən müxtəlif üsullarla səfərbərlikdən yayınmağa çalışır və qonşu ölkələrə qaçırlar.

İkincisi, hətta oliqarxlar narazı durumdadırlar, çünki sanksiya və məhdudlaşdırıcı tədbirlər ilk növbədə onlara toxunur. Üçüncüsü, muzdlu döyüşçü üçün əsas məsələ puldur və o, yalnız sağ qalmaq və çoxlu pul qazanmaq haqqında düşünür. Hazırkı vəziyyətdə Putinin ağlı olsa, “Vaqneri” ləğv edər və hətta onu hərbi teatrdan uzaqlaşdırar. Ona görə ki, müqavilə əsasında döyüşən və müdafiə nazirliyinə tabe olan əsgər və hərbi qulluqçular bir şeydir, pulla vuruşan muzdlu kriminallar tamam başqa...

Qərəz, iki ildir davam edən Ukrayna müharibəsində daha bir səhifə çevrildi. Amma növbəti səhvə açılacaqmı? Etiraf edək ki, biz bu sualın cavabını bilmirik, çünki dünya məchulluq içində vurnuxmaqdadır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR