İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsində uduzan... Azərbaycan

5309 18.03.2022 10:42 Yazarlar A A

Ölkəmiz kirli informasiya axınında “batmamalı”, gözlənilməz risklərdən yayınmaq yollarını axtarmalıdır...

Ukrayna müharibəsi Azərbaycanda çox ciddi bir problemi üzə çıxardı-onun adı informasiya təhlükəsizliyidir. 25 gündür ölkədə müharibə ilə bağlı anormal bir əhval, inkarçılq hökm sürməkdədir. Ölkə sanki tamamilə Qərbin kəşfiyyat dairələrində işlənmiş əsasən də, “fake”lərlə ya idarə olunur, ya yönləndirilir. Hətta ən təcrübəli informasiya resursları o kirli informasiyalar dairəsindən kənara çıxa bilmir. Bu, Rusiyaya tarixi qıcıq məsələsi, alternativ mənbələrlə(belə mənbələr isə bu müharibədə demək olar ki, yoxdur) işləmək bacarıqsızlığı deyil. Bu Qərbin razılaşıram ki, ustalıqla hazırladığı informasiya burulğanında çarəsiz fırlanmaq, sayıqlığı itirməkdir.

Bəli, ölkədə daxili informasiya təhlükəsizliyinə administrativ üsullarla nəzarət edilir. Hakimiyyət xeyli tabu mövzular qoyub. Amma Rusiya-Ukrayna müharibəsində təkcə Azərbaycanda deyil, bütün dünyada informasiya təhlükəsizliyi aşkar zorlanmaqdadır. İş o yerə gəlib ki, hətta dünyanın ən nüfuzlu nəşrləri, agentlikləri oxucularına fake “soxuşdurur”.Mən qəzetçilik təcrübəmdə ikinci belə qlobal miqyaslı hadisə xatırlamıram ki, kirli informasiyalar bu cür sərhədi asanlıqla aşsın, insanların şüurunda və əhvalında bu cür təsir dairəsi yaratsın. Son 30 ildə baş vermiş müharibələrdə dünyanın informasiya məkanı bu cür asan idarə olunmayıb, bu dəfə isə eksprement baş tutdu. Əlbəttə, internetin, sosial şəbəkələrin sürətli inkişafı bu ziyanlı, tərəfli informasiya müharibəsinin qarşısalınmaz edir. Amma indilikdə söhbət ondan gedir ki, ötürülən çirkli informasiyanın təsiri altında diktə edilən “həqiqət” kimi qəbul edilir. Emosiyalar aşıb daşır, ağızlar köpüklənə- köpüklə elə şeylər danışır ki...

Çoxlarını şəxsən olmasa da tanıyıram, ağıllarına, düşüncələrinə şübhəm yox, amma mövqelərinə baxıram ki, onlar da idarəolunan informasiya zombilərinə dönüblər, eşitdikləri və ya gördükləri xəbərlər normal düşünmə məntiqlərini üstüləyib. Bu adamların bəziləri Dövlət Sərhəd Xidmətinin son talesiz helikoptel qəzasına görə az qala Azərbaycan hakimiyyətini vətəndaşlarına qarşı terrorda ittiham edir, çovğunda itkin düşən əsgərə görə iqtidara hər türlü sitəmdən çəkinmirlər. Amma indi hər gün tökülən qana görə Putindən heç də az günahkarlar olmayan Zelenskiyə sitayiş edirlər! Rusiyanın işğalçı olduğunu normal cümlələrlə deyə bilmirlər, gözləri bərəlir, ürəkləri sanki yerindən çıxacaq qədər bağırırlar. Əhalisi dərbədər olmuş, gələcəyi sual altında olan Ukrayna üçün “qalibdir” deyirlər. Hansı ki, təsdiqlənmiş məlumata görə, Ukrayna artıq Böyük Britaniyanın ərazisi qədəri torpağı işğal altına düşüb. Onlar deyirlər: “Silah gəlir e, silah! Gör, Rusiyanı necə ağladacaqlar...”

İndi gəlirəm, əsas narahatlıq doğuran məqama. Amerika uzaqdadır, onun Rusiya ilə haqq-hesabı Ukrayna müharibəsindən əvvəl də vardı, sonra da olacaq. Özləri bilərlər. Amma qorxulusu budur ki, sərhəddimizdə olan dövlətə Azərbaycanda aşkar düşmənçilik aşılayırlar, emosiyalar gərilir, nəzərə almaq lazımdır ki, hamının ağlı salim deyil.

Sosial şəbəkələr deyilənə görə, yalnız belə informasiyalarla “qidalanır”. Böyük bir “məlumat zibilxanası” ilə bacarmaq çətindir. Amma bu qədəri ilə ilk dəfədir rastlaşırıq. Bu sadə informasiya müharibəsi deyil, bu, informasiya terrordur, bunu Ukrayna hadisələrində “uğurla” sınaqdan çıxardılar. Qərb şübhə yoxdur ki, informasiya, piar, daha nələrdə Rusiyanın dizini yerə gətirdi. Suriyada “ağ kaskalıların” kimyəvi silahdan istifadə ilə bağlı səhnələşdirilmiş məşhur “kino”su indi heç nədir, əsl bombanı Qərb indi partlatmaqdadır. Bütün tabular dağılıb. Əsgər meyitlərinin içinin necə tökülməsini belə bütün dünyaya bir düyməni basmaqla ötürürlər.

Bu, əlbəttə ki, Rusiyanın qonşusu olan məsələn, Azərbaycan üçün ayrıca seçilmiş informasiya siyasəti deyil, dünyaya bir millətçilik fobiyası yaşanmaqdadır. Ukrayna müharibəsindən sonra daha da şiddətlənəcək. Amerika bu fobiyadan ziyan çəkər, biz isə qarşısıalınmaz proseslərə yuvarlana bilərik.

Bayden Amerikasının siyasi isteblişmenti Azərbaycana, Türkiyəyə Rusiyadan çox pislik edib, etməkdə də davam edir. Elə o “dünya prezidenti” edib, üzərində oyun qurduqları məlum personajı alqışlayan alçaq qəlbli konqresmenlərin, Avropa Parlamentinin Qarabağla bağlı qəbul etdikləri qərəzli qətnaməyə nə deyirsiz? Heç nə… Ağlı var-gər edən Bayden yaxşıdır, hətta Makronun da xalqımıza etdikləri pisliklər sanki unudulub. Çünki insanların həm də “beynini yuyurlar”, özlərinə yönəlik mənfi xəbərləri bloklayırlar.

Qardaş Türkiyənin televiziyalarını izləyirik. İnformasiya terrorunun onlara da təsirlər hiss olunur, amma telekanallar cəmiyyətin “təslim” olmasına imkan vermir. Bu telekanallar o mənfi təsirləri gücləri yetdikləri qədər “Dəmir günbəz” kimi zərərsizləşdirməyə çalışırlar.
Azərbaycan isə... açıq qapıdır, bu Ukrayna hadisələrində sübut edildi. Qorxulu tendensiyadır, narahat olmağa dəyər. Çünki dünya düzəni dəyişir, hətta dünyanın yenidən bölüşdürlməsinin aşkar əlamətləri var. Yəni çirkli informasiya axını dayanmayacaq. Azərbaycan isə dayanmalıdır, bu axında batmamalı, gözlənilməz risklərdən yayınmaq yollarını axtarmalıdır. Sonra gec ola bilər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR