İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə Gürcüstan arasında konflikt böyüyür - fitvaçı kimdir?

1194 06.07.2023 08:00 Siyasət A A

Siyasi şərhçi: “Bundan Rusiya faydalanacaq, Gürcüstan şübhəsiz ki, itirəcək”

Ukrayna ilə Gürcüstan arasında münasibətlər gərginləşməkdə davam edir. Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Gürcüstan səfirinə məsləhətləşmələr üçün Tiflisə qayıtmaq tövsiyəsini münasibətlərin kəskinləşməsinin ekstremal forması adlandırıb.

Bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda bildirilib: “Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin Gürcüstan səfirini məsləhətləşmələr məqsədilə ölkə ərazisini tərk etmək qərarından dərin narahatlığını ifadə edir. Bu hərəkət diplomatik münasibətlərin kəskinləşməsinin ifrat formasıdır və təəssüf ki, rəsmi Kiyev dost dövlətə və xalqa qarşı bu addımı atır. Ukrayna hakimiyyətinin göstərdiyi səbəb bu qərarı xüsusilə anlaşılmaz edir. Strasburq Məhkəməsinin qərarı məhkum Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı fərziyyələrə son qoyub və bu, Mixeil Saakaşvilinin hüquqlarının dövlət tərəfindən qorunmasının ən yüksək standartlara uyğunluğunu bir daha təsdiq edir. Bu cür hadisələrin fonunda Ukrayna hakimiyyətinin qərarı iki ölkənin strateji münasibətlərinə əhəmiyyətli dərəcədə xələl gətirir və suveren dövlətin daxili işlərinə birbaşa müdaxiləni ifadə edir. Ümid edirik ki, rəsmi Kiyev öz qərarına yenidən baxacaq və iki ölkə arasında tarixi dostluq münasibətlərinin daha da inkişafı üçün səy göstərəcək. Bir daha vurğulamaq istərdik ki, Gürcüstanın Ukraynanın və Ukrayna xalqının ərazi bütövlüyü və suverenliyinə dəstəyi sarsılmazdır. Müharibə başlayandan bəri Gürcüstan Ukraynaya həm ikitərəfli səviyyədə, həm də müxtəlif beynəlxalq formatlarda siyasi və humanitar dəstək verir. Rusiyanın hərbi təcavüzü şəraitində ən çətin anlarda belə Gürcüstanın Ukraynadakı diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırmaması da əlamətdar haldır”.

Qeyd edək ki, Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyində keçirilən görüşdə Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Georgi Zakaraşvili də Tiflisin rəsmi mövqeyini Ukrayna tərəfinə çatdırıb.

Nazirlik “Bir daha vurğulamaq istərdik ki, Gürcüstan gələcəkdə də müharibə şəraitində olan Ukraynaya həmrəyliyini və dəstəyini ifadə etməkdə davam edəcək. Məhz Ukrayna müharibənin aktiv fazasında olduğuna görə beynəlxalq münasibətlər və xüsusən də tərəfdaşları qarşısında böyük məsuliyyət daşıdığını dərk edən Gürcüstan tərəfi bu mərhələdə Ukraynanın atdığı addımlara cavab olaraq hər hansı əlavə reaksiyadan çəkinir və bundan sonra ikitərəfli münasibətlərin kəskinləşməsi, onsuz da mövcud olan çətin vəziyyəti dalana dirəyəcək”, - qeyd edib.

Düzdür, baş verən qalmaqal sabiq prezident Mixail Saakaşvili ilə bağlıdır. Ancaq məsələ heç də belə deyil. Heç şübhəsiz ki, bunun alt qatlarında daha böyük səbəblər var. Rusiyanın bu iki qərbyönlü ölkə arasında problemlər yaratmaq cəhdləri də sezilməkdədir.

Bununla bağlı artıq Gürcüstan siyasətçiləri də danışırlar.

“Gürcüstan və Ukrayna hökumətləri arasında münasibətlərin gərginləşdirilməsində müəyyən qüvvələrin marağı var”. Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib. O, Gürcüstan hakimiyyətinin Ukrayna ilə dostluq münasibətlərini birtərəfli rejimdə saxlamaq niyyətində olduğunu qeyd edib.

“Təsəvvür edin, Rusiya tərəfindən Ukraynaya ilk hücumun Belarus istiqamətindən edilməsinə, Rusiya tanklarının Belarusdan Ukraynaya daxil olmasına baxmayaraq, Belarus səfirini dəvət etmədilər, Belarus səfirini geri çağırmadılar, lakin Gürcüstan səfirini çağırdılar. Bunun heç bir izahatı yoxdur”, - deyə Kobaxidze bildirib.

Bir incə məqam da ondan ibarətdir ki, Ukrayna bu məsələdə kifayət qədər sərt davranır. Nəzərə alsaq ki, Rusiya Ukrayna ilə düşmən dövlətdir, onda bu sərt davranışların səbəbi də kifayət qədər qaranlıqdır. Çünki bu prosesdə qazanan Rusiya ola bilər.

Ekspertlər bu məsələdə nə düşünür? Məsələnin alt qatlarında nələr yatır? Gürcüstan-Ukrayna münasibətlərinin soyuqlaşmasından kim qazanır?

Abutalıb Səmədov: Zəngilanda aparılan bərpa-quruculuq işləri bizi qürurlandırdı

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ukrayna Xarici İşlər Nazirliyinin sabiq prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı, Gürcüstan hakimiyyətinin ona göstərdiyi hüquqazidd münasibətlə əlaqədar Gürcüstan səfirini öz ölkəsinə məsləhətləşmələr üçün göndərməsi diplomatiyada ən kəskin addımlardan sayılır: "Bunun kökündə şübhəsiz ki, təkcə Mixail Saakaşviliyə olan münasibət dayanmır. Baxmayaraq ki, Saakaşvili Ukrayna vətəndaşıdır və bu səbəbdən Ukraynanın belə mövqe tutması tamamilə əsaslıdır. Ancaq Ukrayna-Gürcüstan münasibətləri son bir ildə addım-addım gərginləşməyə başlayıb və Gürcüstanın Rusiyaya yaxınlaşmaq cəhdləri, Rusiya ilə münasibətləri qaydaya salmaq istiqamətində addımları Ukraynada çox kəskin narazılıq doğurdu. Göz qabağındadır ki, Gürcüstan Rusiya ilə konfrontasiya siyasətinin ona xeyir verməyəcəyini gördü, anladı ki, Qərb hələ uzun müddət onun Abxaziya və Cənubi Osetiya ilə bağlı problemini həll eləmək fikrində deyil, Avropa İttifaqı Gürcüstanın qəbulu məsələsini uzatmaqda davam eləyəcək. Bu səbəbdən Tiflis Rusiyaya yaxınlaşmaqdan başqa yol görmədi. Baxmayaraq ki, elə əvvəlcədən Bdizina İvanişvili və onun rəhbərlik elədiyi qurum rusiyameylli hesab olunurdu. Lakin ilk dövrlər bu iddiaları sübut eləyəcək elə bir ciddi addım atılmamışdı. Artıq Rusiyaya meyllilik göz önündədir. Doğrudur, kəskin addımlar atılmasa da, hər halda, Gürcüstanın Rusiya əleyhinə sanksiyalara qoşulmaması çox ciddi nəticələrə gəlmək imkanı verir. Ukrayna-Gürcüstan münasibətlərinin pozulmasında maraqlı olan və bundan qazanclı çıxacaq tərəf isə şübhəsiz Rusiyadır. Rusiya Ukraynaya qarşı koalisiyanı genişləndirmək istəyir. Baxmayaraq ki, bu koalisiyada son dərəcə az dövlət var və onları hətta koalisiya adlandırmaq da mümkün deyil. Ancaq hər halda, Ukraynanı dəstəkləməyən dövlətlərin sayının artması və MDB məkanında Qərbə ən çox meyl eləyən Gürcüstanın belə mövqe tutması təbiidir ki, Rusiyanın maraqlarına cavab verir, Moskvanın mövqelərini möhkəmləndirir və Rusiya bu hadisələrdən ən ciddi nəticə gözləyən ölkədir”.

Siyasi şərhçinin sözlərinə görə, Gürcüstan Xarici İşlər Nazirliyinin ilkin reaksiyası da göstərir ki, onların da geri çəkilmək fikri yoxdur və bu münasibətlər çox güman ki, diplomatik münasibətlərin pozulmasına qədər gətirib çıxara bilər. Bundan da Rusiya faydalanacaq, Gürcüstan şübhəsiz ki, itirəcək. Çünki nə qədər Rusiyaya yaxınlaşsa da onun Abxaziyanı və Cənubi Osetiyanı qaytarmaq fikri hələ ki görünmür və çox güman ki, tam tərkibdə keçmiş Gürcüstan ərazilərini geri qaytarmaq mümkün olmayacaq.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR