İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçüncü islahatçı prezident, danışıqlara üçüncü cəhd - ANALİZ

833 12.07.2024 17:20 Analitika A A

İranda ötən 120 ildə islahatlara dəfələrlə cəhdlər olub. Onları iki istiqamətə bölmək olar. Birincisi, İranda idarəetmə üsul-idarəsinin dəyişməsidir. Bura Səttarxanın başçılıq etdiyi Məşrutə, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri və Məhəmmədəli Müsəddiq hərəkatları daxildir. Bu, 1905-1953-cü illərədək bir dövrü əhatə edir. İrandakı şah rejiminin devrilməsi, demokratik İranın qurulması hərəkatlarının əsas hədəfi olub. Məsələn, Xiyabani hərəkatının başlıca şüarı belə olub: “İrana demokratiya, Azərbaycana muxtariyyət!”.

İkinci istiqamət 1979-cu ildən başlayıb. Həmin il baş verən fevral inqilabında Məhəmməd Rza şah devrilsə də, demokratik İranın yerinə, teokratik İran qurulub. Ötən 45 ildə İslam Respublikası və onu idarə edənlərə qarşı insan hüquqları pozulduğu, nüvə proqramında şəffaflıq təmin olunmadığı üçün sanksiyalar tətbiq edilib. Bundan başqa Tehran hakimiyyəti Rusiyaya dron tədarük edib. Onlardan da Ukraynadakı müharibədə istifadə olunub. Ona görə də İrandan dron ixracına da sanksiya tətbiq edilib.

Bu baxımdan İranın əsas hədəflərindən biri Qərblə sanksiyaların ləğvi və ya yumşaldılması üzrə danışıqlar aparmaqdır. Hakimiyyətdaxili islahatçı qüvvələr özlərini Qərblə danışıq aparmağa meyilli sayılırlar. Onlar bir qayda olaraq nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılması üçün “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) ölkələri və Avropa İttifaqı ilə danışıqlar aparırlar.

İslahatçı sayılan keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani bu istiqamətdə müəyyən uğur əldə etsə də, sonra Tehran hakimiyyəti və ABŞ-nin davranışı səbəbindən əldə edilən razılıq reallaşmayıb.

ef9d9ada-690a-3dec-a958-e7cf1a3bfee8.jpg (62 KB)

İslahatçı Məhəmməd Xatəminin prezidentliyi dövründə (1997-2005) regiondakı qonşu və Qərb dövlətləri ilə münasibətlərin yaxşılaşdırılması kursu götürülüb. 2004-cü ildə uranın zənginləşdirilməsi üçün AEBA-nın (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) qeydə almadığı sentrafuqlar aşkarlanıb. Onda İrana nüvə proqramından imtina qarşılığında dinc məqsədi nüvə energetikasına texniki yardım ediləcəyi vədi verilmişdi. Bu, İranla Qərb arasında danışıqların uğurlu nəticəsi sayılırdı. Tərəflər arasında müqavilə imzalanmaq ərəfəsində idi. Onda Tehran imzalanmanı prezident seçkilərindən sonraya saxladı. Ancaq 2005-ci ildə Mahmud Əhmədinejatın prezident seçilməsi ilə danışıqların nəticələri az qala ləğv edildi. Tehran iddia etdi ki, onun nüvə siklini tam yaratmaq, o cümlədən uranı zənginləşdirmək hüququ da var. 2006-cı ildə İranla Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) danışıqlara ABŞ, Çin və Rusiyada qoşulub.

2006-2010-cu illərdə BMT Təhlükəsizlik Şurası nüvə proqramının dayandırması tələbi ilə İrana qarşı altı qətnamə qəbul edib. 2010-cu ildə İran uranın 20 faizinin zənginləşdirdiyini açıqlayıb. Həmin il aprelin 9-da Mahmud Əhmədinejat İranı nüvə dövləti elan edib.

9c3257e4-b911-38d5-9763-ea9c69749077.jpg (36 KB)

Bununla da, Qərblə danışıqlar yenə dalana dirənib. Əhmədinejatdan sonra prezident olan Həsən Ruhani 2013-cü ilin avqustunda ölkənin nüvə proqramı ətrafında yenidən gərginliyi azaltmaq üçün danışıqları bərpa edib. Cenevrədə Birgə fəaliyyət planı imzalandı. Həmin anlaşmaya əsasən, İran uranı 5 faizdən artıq zənginləşdirməyəcəyini, 20 faizədək olan bütün nüvə ehtiyatını məhv edəcəyini, zənginləşdirmək üçün bütün yeni mərkəzlərin tikintisini dayandıracağını vəd etmişdi. Nəhayət, 2015-ci il iyulun 14-d tərəflər arasında Əhatəli Birgə Razılaşma Planı imzalanmışdı. Ancaq Donald Trampın ABŞ-də prezident seçilməsi ilə sənədin reallaşmasında problem yaranıb. O, ölkəsini bu plandan geri çəkib. Bununla da, danışıqlar prosesi yenidən dalana dirənib. Donald Tramp ABŞ-nin nüvə sazişindən çıxdığını bəyan edib. Planın bərpası ilə bağlı danışıqlar 2021-ci ilin yazında Vyanada başlayıb. Ancaq uğur əldə edilməyib.

Bu uğursuzluqlardan sonra hakimiyyətdaxili qüvvələr Həsən Ruhaniyə hücuma keçərək onu İranın mənafeyinə zidd addım atmaqda ittiham etdilər. Hətta, bunu əsas götürərək martın 1-də İranın Dini Ekspertlər Şurasına seçkilərdə namizədliyini belə qeydə almadılar.

Mayın 19-da prezident İbrahim Rəisi həlak olandan sonra iyunun 28-də keçirilən növbədənkənar prezident seçkisində də bu məsələ aparıcı mövzu olub. Seçkiqabağı təbliğat kampaniyası zamanı islahatçı keçmiş namizəd, artıq seçilən prezident Məsud Pezeşkian Qərblə danışıqlara hazır olduğunu dəfələrlə açıqlayıb. Başqa bir keçmiş namizəd Səid Cəlili isə Qərblə bu danışıqlar aparan nümayəndə heyətinin başçısı və razılaşmaya qarşı olub.

f97e789c-bed1-31bf-acf1-27656cfdf19c.jpg (47 KB)

Məsud Pezeşkianın prezident seçilməsindən sonra Qərblə danışıqlar məsələsi yenidən gündəliyə gəlib.

İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kəni ötən gün bildirib ki, ölkəsi ABŞ ilə nüvə proqramına dair danışıqları bərpa etmək istəyir: “ABŞ ilə Omanın vasitəçiliyi ilə birbaşa olmayan danışıqlar prosesi irəliləyir və biz yeni hökumət üçün ciddi münasib zəmin yaratmağa çalışırıq”.

ABŞ-nin bu məsələyə münasibəti gecikməyib. Ağ evin milli təhlükəsizlik üzrə rəsmi nümayəndəsi Con Kibri “Iran International”ə müsahibəsində Baqerinin Tehranla Vaşinqton arasında gizli nüvə danışıqlarının getdiyini təkzib edib: “Hazırda İranın nüvə ambisiyaları ilə bağlı aktiv danışıqlar aparılmır”. O, İranla əlaqə kanalları haqqında danışmaq istəmədiyini, habelə danışa da bilmədiyini vurğulayaraq əlavə edib: “Ancaq onu deyə bilərəm ki, Əhatəli Razılaşma Planının bərpası ilə bağlı aktiv danışıqlar aparılmır". O, Tehranın etiraz aksiya iştirakçılarını öldürdüyünü, terrorçu qruplaşmaları dəstəklədiyini vurğulayaraq deyib ki, əvvəlki danışıqlarda İran ABŞ-nin yerinə yetirə bilməyəcəyi tələblər irəli sürmüş və məsuliyyətsiz danışıqlar aparmışlar.

Kibri bundan əvvəl də bildirmişdi ki, ABŞ-nin İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianla nüvə danışıqları aparmağa həvəsi yoxdur. O, bunu həm də İranın husiləri, “HƏMAS”ı və “Hizbullah”ı dəstəkləməsi ilə əlaqələndirib.

8559ef73-e50d-35cc-9620-3af5ae32fbd5.jpg (36 KB)

İran rəsmilərinin danışıqların getdiyinə dair açıqlaması, qarşı tərəfin bunu təkzib etməsi ilk hadisə deyil. ABŞ İrana 1980-ci ildən sanksiya tətbiq edib. Başqa sözlə ikitərəfli münasibətlərin pozulduğu 45 il ərzində gizli, mətbuata sızan görüşlərin olduğuna dair çoxsaylı informasiyalar var. İrana belə bir görüşün baş tutduğunu, yaxud bununla bağlı “blef” HƏMAS-İsrail, İsrail-Hizbullah münasibətləri fonunda vacibdir. Çünki o, bununla İsrail-ABŞ münasibətlərində inamsızlıq, ərəb dünyası ilə ştatlar arasında çat yaratmaq istəyir.

Bundan başqa Tehran yeni prezidentin və qurulacaq yeni hökumətin ABŞ başda olmaqla Qərblə danışıqlara hazır olduqları ismarışını da bu yolla çatdıra bilər. Avropa “üçlüyü“+3 İranın islahatçı prezidenti ilə iki dəfə uğurlu nüvə danışığı aparıb. Ancaq bunlar uğrusuzluqla nəticələnib.

Danışıqların mövzusu yalnız İranın nüvə proqramına aid olduğu üçün əhatəli razılaşma əldə etmək mümkün olmur. Qərbi, xüsusi ilə ABŞ-ni nüvə proqramı ilə bağlı razılaşdırma qane etmir. Ehtimal etmək olar ki, Ağ ev İrandan Fələstin, Livan, Yəmən, İraq və Suriyadakı fəaliyyətini məhdudlaşdırmasını da istəyir. Ona görə də islahatçı prezident Məsud Pezeşkianın bununla daha bir tələbi realaşdıracağını gözləmək olar. Bu isə İranın Yaxın Şərqdəki fəaliyyətinin məhdudlaşdırması deməkdir.

Ali rəhbər ayətullah Seyid Əli Xamənei islahatçı Pezeşkiana belə bir göstərişin icrasını tapşıracaq? Bu baxımdan yeni prezidentlə vaxt udan Tehranın nəfəsi növbəti addımadək çətin çata. Cəmiyyət yenilik teşnəsidir. Pezeşkiana həm də bu təbəqə və rejimə etiraz edənlər səs verib. Dəyişiklik edilməyəcəyi halda onlar səslərinin doğrulmasını tələb edə bilərlər. Odur ki, Tehranın danışıqlar iddiası, Vaşinqtonun təkzib açıqlaması yeni şərait üçün özünəməxsus siqnal da sayıla, yeni islahatların baş tutmasının barometri ola bilər. Üçüncü islahatçı prezident, danışıqlara üçüncü cəhd - bu həm də İran hakimiyyətinin gələcək fəaliyyətinə təsir edə bilər.

Sədrəddin Soltan,
Report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR