İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkün çörəyi

1466 01.09.2023 09:07 Yazarlar A A

“Acın imanı, toxun amanı, qanmazın dərmanı olmaz”

(Azərbaycan ata sözü)

Əski günlərdə sentyabrın 1-ni biz məktəblərdə “Bilik günü” kimi qeyd edərdik, bu gün dərslər açılmasa da, yenə bəzi vətəndaşlarımızın bilgilərə ehtiyacı yaranıbdır. Xüsusilə Qarabağda yaşayan erməni zəhmətkeşlərimizə aiddir. Ümid edirəm bu yazı hansısa yolla onların əlinə keçər, bir az savadlanarlar. Yoxsa qəzəb, kin gözlərini örtüb, elə hey qışqırırlar. Ya da ağlaşırlar. Qışqırmaq və ağlaşmaqdan isə bəşəriyətə heç vaxt xeyir gəlməyibdir. Bunu görkəmli şairimiz hələ yüz il qabaq öz əsərində qeyd edibdir: “Ağladıqca kişi qeyrətsiz olur, Necə ki, ağladı İran oldu”.

Bu uzun girişdən sonra dərhal keçək mətləbə. Son günlər Qarabağ ermənilərinin guya aclıq çəkməsi beynəlxalq səviyyəli hoqqabazlığa çevrilib, Çarlz Hayderin məşhur aclıq aksiyasını xatırladır. 1986-cı ildə bu amerikalının Vaşinqtonda, Ağ Evin qabağında keçirdiyi aclıq aksiyasını SSRİ-nin bütün televiziya və qəzetləri az qala canlı yayımla göstərərdilər. Yadımda deyil nəyə etiraz edirdi, deyəsən, nüvə silahlanmasına qarşıydı. Lakin insan nə qədər ac qala bilər? Hayderin aclığı isə nə az, nə çox - 218 gün çəkmişdi. Təbii ki, bu da aksiyanı müəyyən dərəcədə anekdota çevirmişdi. İndi qarabağlı ermənilərimizin “aclığı” da bir-iki aya il olacaqdır.

Azərbaycan onların bəhanəsini kəsmək üçün Ağdam yoluyla un maşınları göndərib, lakin qəbul etmirlər. “Biz türk çörəyi yemək istəmirik!” - şüarları bu cürdür.

Açığı, məsələnin bu cür qoyuluşu çağdaş dünyada idiotluq əlamətidir. Qloballaşma zamanı kimin hansı çörəyi yediyini müəyyən etmək çətindir. Üstəlik, ac adamın çörəyə bu cür fəlsəfi-etnik məna yükləməsi maraqlıdır, şübhəlidir. Əsl ac ilan-qurbağa da yeyir, heç “milliyətinə” baxmır.

Lakin biz hesab edək bunlar da belə dəlidir, neynək, öz camaatımızdır, birtəhər yola verməliyik. Sadəcə, söhbət ondan gedir ki, Qafqazda yaşayan ermənilər - həm Qarabağdakı, həm Ermənistandakı - tarixən türk çörəyi yeyiblər! Nə oldu, əvvəl yeyəndə dadlıydı, indi, bərəkətindən uzaq, “pxı” oldu?

Qafqazda taxıl, buğda yetişdirməklə əsasən türklər məşğul olublar. Ermənilərin işi heyvandarlıq, üzümçülük, şərabçılıq, xırda ticarət, məişət sənətkarlığı olub. Bunun əsas səbəbi həm də təbiətdir, relyefdir. Qarabağın dağlıq hissəsində, həmçinin bütün dağ-dərədən ibarət Ermənistanda buğdanı, taxılı harada əkmək mümkündür? Cüzi yamaclarda, yağış umuduna... O da dəqiqədə dolu vurur, sel gəlir, nə bilim, daha nələr olur.

Boşboğazlıq kimi görünməsin deyə, bir-iki rəqəm yazıram.

Ermənistanın 2022-ci ildə taxıl istehsalı 240 min ton olub. Bunun 130 mini buğdadır, qalanı arpa-filandır. Füzuli rayonu 2020-ci iləcən - böyük ərazisi işğal altında olanda ildə 100 min tondan çox taxıl yetişdirirdi. (Azərbaycanda hərəsi 100 min tondan çox taxıl verən 6 rayon var). Yəni Füzulinin cəmi 22 kəndi bizdə olanda yetişdirdiyi taxıl cəmi Ermənistanın taxılının yarısı qədər idi.

Və işğal altında olan ərazilərimizin çörəyini 30 il idi ermənilər yeyirdilər. Bunu özləri də gizlətmirdilər, 44 günlük savaşdan sonra “buğda sahələrimiz əldən getdi” deyə ağlaşma qurmuşdular. Heç sağ ol da demirdilər. O zaman Füzulinin, Cəbrayılın, Ağdamın bərəkətli, qara torpaqlarında yetişən çörək, görəsən, “türkün çörəyi” deyildimi? Davam edək. 

 Azərbaycanın illik taxıl istehsalı 2 milyon tona yaxındır. Bununla biz çörəyə, una olan ehtiyacımızın 60 faizə qədərini ödəyirik. Ermənistanda bu faiz güclə 24-ə çatır. Yəni ikimiz də “rus, ukrain, qazax və sairə çörəyi” yeyirik, sadəcə, ermənilər başqasının çörəyini bizdən iki-üç dəfə çox yeyir.

1988-ci ildə bütün Dağlıq Qarabağ Muxtar Vilayətində 104 min ton taxıl yığılıb. Yuxarıda yazdığım kimi, bu, Füzulinin 22 kəndinin məhsulu qədərdir.

Ümumiyyətlə, Qarabağ erməniləri şərab, baramaçılıq, heyvandarlıq kimi guya fərqləndikləri sahələrdə istehsal üzrə də fərli göstəricilərə malik deyil. Məsələn, həmin 1980-ci illərdə cəmi DQMV ildə 75 min ton (1988) üzüm yığırdı. Təkcə Cəlilabad rayonu 277 min ton üzüm yığan zaman. Ta başqa rayonları saymıram.

Lap o 277 minin 100 minini “pripiskaya” yazaq. Yenə çox eləyir.

Ona görə də Qarabağ ermənilərinin şərab, ipək üzrə sənaye müəssisələri xammalı ətraf rayonlardan - Ağdamdan, Füzulidən, Bərdədən alırdılar.

Türk çörəyi halal çörəkdir. Utanmadan yemək olar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR