İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkü aşağılayan rus “tarixçi”yə sərt cavab - türklər dövlət quranda...

9561 27.01.2024 14:40 Siyasət A A

Musa Qasımlı: “Söylədiklərinin gerçək tarixlə bağlı heç bir əlaqəsi yoxdur”

Rusiyalı “tarixçi” Mixail Smolin NTV telekanalında 1917-ci il inqilabına qədər qazax, özbək və azərbaycanlı kimi xalqların olmadığını deyib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Smolin bu sözləri “Görüş yeri” tok-şousunda deyib.

Sitat: “Qazaxıstan necə meydana çıxdı? Əslində əvvəlcə RSFSR-in tərkibində Kazax SSR adlanırdı, qazaxlar, ümumiyyətlə, yox idi. Sonra Kazax SSR tərkibində Qırğızıstan SSR yaradıldı, sonra bunlar RSFSR-dən ayrıldı. Orada xalqların yaranması ilə bağlı qərarlar belə könüllü olaraq qəbul edilirdi. Məsələn, özbəklər inqilabdan əvvəl heç vaxt mövcud olmayıb, belə bir etnik ad olmayıb. Onu götürüb bir neçə Orta Asiya xalqından özbəklər yaratdılar. Azərbaycanlılar kimdir, belə bir millət yoxdur”.

Artıq Özbəkistan onun sərsəmləməsinə sərt reaksiya verib. Sosial şəbəkələrdə bir çox Özbəkistan vətəndaşları qeyd ediblər ki, dar düşüncəli insanların bu cür bəyanatları Özbəkistan və Rusiya arasında ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərir. “İki ölkənin siyasətçiləri ölkələr arasında münasibətləri yeni səviyyəyə qaldırmağa çalışsalar da, bu cür dar düşüncəli xarakterlər gərginlik və anlaşılmazlıq yaradır. Rusiyada ilk dəfə deyil ki, dövlət kanallarında bizim ölkə haqqında pis danışırlar”, - istifadəçilərdən biri qeyd edib.

Professor Musa Qasımlı: Azərbaycan dövlət suverenliyini bütün ərazilərində  qurdu - AZƏRTAC

Musa Qasımlı

Azərbaycan haqda da ara-sıra bənzər sayıqlamalar səslənir. Bu üzdəniraq “tarixçi”nin sərsəmləməsinə Azərbaycanın tanınmış tarixçisi, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Yeni Müsavat”da konkret ifşaedici faktlarla cavab verdi:

“Həmin tok-şouya baxmamışam. Tarixçinin belə fikirlər səsləndirməsi ilk növbədə, onun bilik səviyyəsi barədə təsəvvür yaradır. Türk xalqlarının tarixi minilliklərə gedib çıxır. Qazax xanlığının bəlli bir tarixi var. Bununla bağlı onlarla kitab buraxılıb. Özbək tarixi ilə bağlı çoxsaylı əsərlər nəşr olunub. Eyni zamanda, qırğız tarixinə həsr olunmuş çoxlu kitablar var. Həm qazaxların, həm özbəklərin, həm də qırğızların böyük dövlətçilik ənənələri mövcuddur. O ki qaldı Azərbaycanla bağlı deyilən fikirlərə, təəssüf edirəm ki, Rusiyada belə bir tarixçi var və onu televiziya ekranına çıxarıblar. Azərbaycan adının yaranmasının minilliklərə söykənən tarixi var. Xalqımızın formalaşması tarixi də bəllidir. Belə qeyri-elmi fikirləri irəli sürən tarixçiyə tövsiyəm odur ki, XIX əsrin 30-cu illərinin əvvəllərindəki rus-Azərbaycan dili lüğətinə baxsın. Azərbaycanlı ifadəsi bəzilərinin söylədiyi kimi sovet dövründə Stalin tərəfindən dövriyyəyə gətirilməyib. Azərbaycanlı, yaxud rusca Azerbaydjançı ifadəsi Çar Rusiyasının senzurasının icazə verdiyi və Tiflisdə nəşr olunan rusdilli qəzetlərdə XIX əsrin 70-80-ci illərində işlənilib. Azərbaycan xalqı ifadəsi sovet hakimiyyətindən əvvəl olub. Tarixçinin söylədikləri elmdən tamamilə kənardır. Tövsiyə edərdim ki, o, Azərbaycan kəlməsinin, azərbaycanlıların kökü ilə bağlı yazılmış əsərləri oxusun. Ola bilsin ki, o, Azərbaycan tarixçilərinin əsərlərini oxumaq istəməsin. Amma xarici ölkələrin və Rusiyanın tarixçilərinin kitablarını, Rusiyada çap olunan kitabları oxuya bilər. O zaman başa düşər ki, söylədiklərinin gerçək tarixlə bağlı heç bir əlaqəsi yoxdur. Belə olan halda soruşulur ki, bu tarixçini efirə çıxaranların məqsədləri nədir. Fikrimcə, belə bir tarixçini efirə çıxaranların məqsədi Rusiya-Qazaxıstan, Rusiya-Özbəkistan, Rusiya-Qırğızıstan, Rusiya-Azərbaycan münasibətlərini soyuqlaşdırmaqdır. Bu niyyətləri kimlərin, hansı mərkəzlərin həyata keçirmək istədikləri də aydındır. Ona görə də hər adamı, özünü tarixçi adlandıranı telekanallara çıxarmaq olmaz”.  

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR