İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistanda ata və oğul hakimiyyəti rəsmiləşir FOTO

3153 12.03.2022 17:28 Gündəm A A

Bu gün keçirilən seçkidə iqtidardakı Demokrat Partiyasının namizədi Sərdar Berdiməhəmmədovun yeni “Türkmənbaşı”olacağına şübhə yoxdur

Bu gün-martın 12-də Türkmənistanda  növbədənkənar prezident seçkiləri keçirilir.  Yada salaq ki, bir ay əvvəl  Türkmənistan prezidenti  Qurbanqulu Berdiməhəmmədov səlahiyyət müddətinin bitməsinə 2 il qalmış ölkədə növbədənkənar prezident seçkiləri elan edib.  Q.Bediməhəmmədov parlamentin yuxarı palatası olan Xalq Məsləhətinin xüsusi sessiyasındakı çıxışında yeni prezident seçkilərini “özü haqqında çətin qərar” kimi izah edib. Onun açıqlamasından məlum olub ki, prezident postundan vaxtından əvvəl çəkilməsində məqsədi gənc liderlərin hakimiyyətə yolunu açmaqdır. Siyasətçi onu da bildirib ki, bundan sonrakı fəaliyyətini Türkmənistan parlamentinin yuxarı palatasının sədri kimi davam etdirməyə qərar verib.  

seçki.jpg (71 KB)

Bu gün keçirilən seçkidə iqtidardakı Demokrat Partiyasının namizədi Sərdar Berdiməhəmmədovun yeni “Türkmənbaşı”olacağına şübhə yoxdur. Qeydə alınmış digər səkkiz namizəd aşağı çinli  məmurlardır və barələrində seçicilərə demək olar ki, heç nə məlum deyil. Müxalifətdən olan alternativ namizədlərin hamısı xaricdə yaşamaq məcburiyyətində qaldığından onların seçkilərdə iştirakı müzakirə belə olunmayıb.

 Əslində oğul  Berdiməhəmmədovun şəxsi keyfiyyətləri ilə bağlı da xalqa heç nə məlum deyil. O, ictimai rəydə qəbul edilən lideri deyil, özünü milli səviyyəli siyasətçi kimi sübut etməyib və atasının kölgəsindən çıxmayıb. 

serdar.jpg (66 KB)

Türkmənlər baş verənləri  “Sərdarın seçkisi” adlandırırlar. Türkmən liderinin yeganə oğlu 40 yaşlı Sərdar Berdiməhəmmədov Rusiya XİN-in Diplomatiya Akademiyasını bitirib. O, bir müddət Prezident yanında Karbohidrat Ehtiyatlarının İdarə Olunması və İstismarı üzrə Dövlət Agentliyinin rəhbərliyində çalışıb. Daha sonra Sərdar Berdiməhəmmədov Axal vilayəti prokurorunun köməkçisi, XİN-də departament rəhbəri vəzifələrində işləyib ,hazırda isə baş nazirin müavinidir.

 Mərkəzi Asiya üzrə ekspert Sərdar Aytakov “Nezavisimaya qazeta”ya deyib ki,   Türkmənistanda prezident seçkiləri   demokratiyanın imitasiyasıdır. Onun sözlərinə görə, yedək namizədlər 1 aylıq seçki kampaniyası dövründə hətta rəqabət görüntüsü yaratmağa belə nail olmayıblar, indiki hökumətə qarşı hətta tənqidə işarə edəcək fikir belə səsləndirməyiblər. Eyni zamanda, heç bir namizəd tabu qoyulmuş xarici siyasət, dövlətlərarası münasibətlər mövzusuna da toxunmayıb. 

ser.jpg (9 KB)

Ekspert qeyd edib ki, yalnız Sərdar Berdiməhəmmədov hakimiyyətin bütün sahələrini əhatə edən praktiki olaraq hazır proqramla seçkiyə gedib. “Qüdrətli dövlətin yeni dövrünün dirçəlişi: Türkmənistanın 2022-2052-ci illər üçün sosial-iqtisadi inkişafı milli proqramı” Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə hazırlandığı elan olunub.  

Beynəlxalq müşahidəçilərin Sərdar Berdiməhəmmədovun seçkilərin qalibi olacağı və rəqiblərini böyük fərqlə üstələyəcəyi barədə yekdil fikirdədirlər. Seçkiləri yerli müşahidəçilər ilə yanaşı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı  və Türk Dövlətləri Təşkilatından olan müşahidəçilər də izləyir. 

Seçicilərə isə əvvəldən “necə düzgün səs vermələri” barədə xəbərdarlıq edilib. Tələbə oğlanların seçki məntəqəsinə kostyumda, qızlara isə milli geyimdə seçki məntəqələrinə gəlmələri tövsiyə olunub. Təzə paltar ala bilməyənlərə isə kirayə paltar götürmələri məsləhət bilinib.  

 Hərbi hissələrin birində isə maraqlı olay yaşanıb. "Xronika Türkmənistan" portalı xəbər verib  ki, hərbi bölmələrin birində xidmətə çağırılan əsgərlərin çoxu savadsız olub, seçki bülletenində Sərdar Berdiməhəmmədovun  adını oxuya bilməyiblər. Sonra onlara izah edilib ki, 3 nömrəli namizədin qarşısına işarə qoysunlar... 

 Qurbanqulu Berdiməhəmmədovun özü də siyasətdən getməyə hazırlaşmır. O, parlamentin yuxarı palatasının rəhbəri postunu saxlayacaq və varisin fəaliyyətinə nəzarət etməklə yanaşı, dövlət işləri ilə də məşğul olacaq. O, konstitusiyaya əlavə dəyişikliklər etmək niyyətindədir. Əsas qanuna 2020-ci ildə  dəyişiklik edilərək ikipalatalı parlament yaradılıb. Berdiməhəmmədov Türkmənistanın yeni konstitusiyası ilə rəhbərlik edəcəyi Xalq Məclisinə də bəzi genişləndirilmiş səlahiyyət vermək niyyətindədir. 

Orxan Əliyev, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR