İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə turist axını azala bilər - turşirkətlərdən narahatlıq doğuran açıqlama

667 16.02.2023 08:12 Gündəm A A

Ekspert: “Düşünmürəm ki, hotellərdə qiymətlər  artsın, çünki...”

“Türkiyənin Cənub-Şərqində baş verən silsilə zəlzələlərdən sonra ölkəyə turist axın xeyli azala bilər. Çox güman ki, rusiyalı turistlər də səyahətdən çəkinəcək və Qara dəniz sahili və Abxaziya kurortlarına üstünlük verəcəklər”. Rusiya mediası xəbər verir ki, bu fikri Dövlət Dumasının Turizm və Turizm İnfrastrukturunun İnkişafı Komitəsinin Şurasının üzvü Anatoli Tarasenko deyib. O qeyd edib ki, turizm  sənayesi istənilən geosiyasi, texnogen və epidemioloji dəyişikliklərə çox həssasdır. İlk növbədə o, əziyyət çəkir. Zəlzələnin episentri ölkənin turizm bölgəsindən bir qədər aralıda yerləşsə də, yeraltı təkanlar Antalya kurortunda da hiss olunub. Üstəlik, seysmoloqlar zəlzələ riskinin altı ay davam edəcəyini deyirlər. Bu baxımdan, rusların Krasnodar diyarının, Soçi, Abxaziya və Krımın kurortlarına diqqət yetirməsi ehtimalı var", - deyə Tarasenko əlavə edib.

Nəzərə çatdıraq ki, rus turistlər Türkiyəyə gələn turistlərin əsas hissəsini təşkil edir. Azərbaycandan da çox sayda turist istirahət və ya işlə bağlı qardaş ölkəyə üz tuturdu. Xatırlatmaq yerinə düşər ki, hər il yanvar-fevral aylarında Azərbaycanın travel şirkətləri Türkiyədə yay ayları üçün əvvəldən endirim qiymətlərə ilkin rezervasiyalar təklif edirlər. Bəs görəsən, zəlzələdən sonra bizim turşirkətlərə Türkiyəyə səfərlərlə bağlı müraciət edilirmi? İlkin rezervasiyalar ləğv edilibmi?

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı bir neçə travel şirkəti ilə əlaqə saxlayaraq vəziyyəti öyrənməyə çalışıb. “Jeluxe” travelin direktoru Vüsal Nəsirov “Yeni Müsavat”a mövzu ilə bağlı dedi ki, martın 31-nə qədər olan bütün rezervasiyalara imtina edilib: “Düzdür, yay ayları üçün Türkiyə hotellərinə artıq rezervasiya edənlər də təlaş edirlər, amma biz onlarla danışırıq. İmtina etmək istəyənləri fikirlərindən daşındırırıq. Ən çox imtina Novruz bayramından martın 31-nə kimi sırf İstanbul turpaketlərinədir. Yəni artıq alanları biz qaytarmağa qoymuruq. Amma turpaket almaq istəyənlər fikirlərindən daşınıblar, hələ ki vaxt qazanırlar”.

“Traveline” şirkətinin meneceri Gülçin Atakişiyeva də bizimlə söhbətdə dedi ki, kifayət qədər imtinalar var: “Yaxın müddətə olan rezervasiyaların əksəriyyəti ləğv olunub. May ayından sonrakı rezervasiyalar isə hələ ki yerində qalır. İnsanlar narahatdır, hotellərdə yerin olub-olmayacağını daha çox soruşurlar”.   

“Star” traveldən isə bildirildi ki, 10-15 gün üçün müraciət edənlərin hamısı imtina edib: “Ümumiyyətlə, xarici turlara görə imtina edənlər oldu. Yalnız ölkədaxili turlar üçün imtina edənlər olmayıb”.

Yeri gəlmişkən, Türkiyə hotellərinə əvvəldən rezervasiya edənlərin ikinci bir narahatlığı  zəlzələdən sonra hotellərin qiymətlərinin daha da artacağı ilə bağlıdır. Bu səbəbdən əksəriyyət imtina etmək istəyir.

Rəşad Məmmədov

"TBS Group" şirkətinin azərbaycanlı sahibi Rəşad Məmmədov zəlzələ ilə əlaqədar Türkiyəyə turların qiymətinin dəyişib-dəyişməyəcəyi barədə proqnoz verib. O, Rusiya mediasına açıqlamasında deyib ki,  buna təsir edəcək heç bir faktor yoxdur: “Bəli, bir çox mehmanxanalar zəlzələ qurbanlarını yerləşdirib. Amma bu məqsədlər üçün tutulan otaq fondunun həcmi nisbətən kiçikdir və 5-20% arasında dəyişir. Bu, hotelin nə qədər böyük və uğurlu olmasından asılıdır. Elə bir mehmanxana yoxdur ki, öz otaq fondunun yarısını versin. Otaqların 10-15%-nin demək olar ki, həmişə boş olduğunu nəzərə alsaq, bu, onların iqtisadiyyatına çox az təsir göstərəcək. İkincisi, Türkiyə dövləti sosialyönümlü biznesin dəstəklənməsi məsələsinə hər zaman məsuliyyətlə yanaşır. Fəlakətin nəticələrini aradan qaldırmağa kömək edən hotellər müəyyən kompensasiya alacaqlar. Çox güman ki, bu, vergi endirimi şəklində həyata keçiriləcək. Nəhayət, müqavilələrin bu cür pozulması qaydalara ziddir və buna dövlət də nəzarət edir. Yalnız Rusiyada bir hotel birbaşa turistə turoperatordan daha yaxşı qiymət verə bilər. Ona görə də turizmimiz hələ də dünya səviyyəsindən çox uzaqdır. Əminəm ki, qiymətlər qalxmayacaq. 1999-cu ildəki ciddi zəlzələdən sonra olduğu kimi, tam əksinə. Türk hotelləri hadisələr fonunda tələbi proqnozlaşdırmağı bilən əsl peşəkarlar tərəfindən idarə olunur. İstədikləri yükləmə parametrlərinə nail olmaq üçün fəal şəkildə hərəkətə keçir və qiymətləri tənzimləyirlər. Üstəlik, tələbin azalmasının uzunmüddətli olacağını düşünmürəm. Bu, ilk və sonuncu zəlzələ deyil, ona görə də yay mövsümünə qədər turistlər bunu unudacaqlar”.

Müavinətlərin məbləğinin artımı ölkəmizdə həssas təbəqəyə olan qayğının  daha bir göstəricisidir - RƏY - AZƏRTAC

Eldəniz Əmirov

Bununla belə, İqtisadçı Eldəniz Əmirov bizimlə söhbətdə bildirib ki, ümumilikdə dəymiş zərər Türkiyə ÜDM-nin 10%-ni ötə bilər: “2022-ci ildə Türkiyənin ÜDM-i 853.49 milyard dollar olub. Bu il isə bunun 941.55 milyard  dollar olması proqnoz edilib. Lakin zəlzələ bu proqnozun da gercəkləşməsinə imkan verməyəcək. Türkiyənin 2023-cü ildə büdcə xərcləri 4 trilyon 470 milyard TL, büdcə gəlirləri isə 3 trilyon 810 milyard TL proqnoz edilib. 660 milyard 901 milyon TL isə büdcə kəsiri proqnoz edilib. Bu isə hazırkı kursla 237 milyard dollar xərc, 202 milyard dollar gəlir, 35 milyard dollar kəsr deməkdir. 

Rəqəmlərdən göründüyü kimi, dəymiş ziyan 100 milyard dollar olarsa, bu, Türkiyənin ÜDM-nin 12%-nə qədəri deməkdir. Eyni zamanda illik büdcə gəlirlərinin təxminən yarısına, daha dəqiq 49,55%-nə bərabər olacaq.  Bu xərcləri qarşılamaq üçün lazım olan vəsait illik büdcə kəsirini qapatmaq üçün lazım olan vəsaitdən təxminən 3 dəfə çoxdur. Odur ki, dəymiş ziyanı yalnız büdcə vasaitləri hesabına aradan qaldırmaq mümkün olmayacaq. Hətta büdcə kəsirinin indikindən ortalama daha 20% artırılması belə, bu işlər üçün 12 il zaman tələb edəcək. Buna görə də əlavə maliyyə mənbələrinə ciddi ehtiyac yaranacaq.

Amma təbii ki, bu, qardaş ölkənin taleyində hansısa ciddi anlamda dəyişikliyin baş verməsi demək deyil. Düzdür, Türkiyəni sevməyənlər nəyəsə nail olmaq istəyirlər, amma Türkiyə kimi bir dövləti bir zəlzələnin yaratdığı fürsətlə sarsıtmaq mümkün deyil. Sadəcə, bu zəlzələ Türkiyəni öz strateji hədəflərində bir neçə il ləngidəcək. Lakin missiya və strategiyanın dəyişməyəcəyi dəqiqdir".

Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərində 7,7 və Elbistan ərazisində 7,6 maqnitudalı iki zəlzələ olub. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, minlərlə bina dağılıb və on minlərlə insan vəfat edib. Qeyd edək ki, zəlzələdən zərərçəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR