İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin sərhəd şərti dəyişməyib - Akarın bəyanatı

988 07.04.2023 08:39 Siyasət A A

Ermənistanın ön şərtlər olmadan Türkiyə ilə sərhədi açmaq ümidləri doğrulmadı

Türkiyənin Ermənistanla əlaqələrinin vacib bir hissəsi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır. “Trend”  bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar erməni hadisələri ilə bağlı seminardakı çıxışında deyib. O qeyd edib ki, Ermənistan 30 il əvvəl Azərbaycan torpaqlarını işğal etdi.

“İşğalla birlikdə bir milyondan çox azərbaycanlı torpaqlarından didərgin salındı. Beynəlxalq hüquq çərçivəsində qəbul edilən qərarlara, Azərbaycanın bütün diplomatik, sülh addımlarına baxmayaraq, problem həll edilmədi. ATƏT-in Minsk Qrupunun da problemi həll etməkdə aciz qalması Ermənistanın aqressiyasını artırmasına səbəb oldu. Bunun qarşılığında can Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdi. Ermənistan uzadılan sülh və dostluq əlini tutmalıdır. Biz də Azərbaycan və Ermənistan münasibətllərinin normallaşması istiqamətində atılan addımları dəstəkləyirik. Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir. Hər zaman olduğu kimi, Azərbaycanın yanında olmağa davam edəcəyik”, - deyə H.Akar əlavə edib

Qeyd edək ki, Ermənistan ön şərtlər olmadan Türkiyə ilə münasibətləri yoluna qoymağa və sərhədi açmağa hazır olduğunu dəfələrlə bəyan edib. Baş nazir Nikol Paşinyan da bir neçə dəfə bəyan edib ki, Türkiyə ilə sərhədi bağlayan Ermənistan deyil, Ankara belə qərar verib. Zəlzələyə görə Türkiyəyə humanitar yardım və xilasedici dəstə (27 nəfər) göndərənlər arasında Ermənistan da vardı. Humanitar yardım da Ermənistan-Türkiyə sərhədini keçərək İğdır şəhərinə gəldikdən sonra ermənilərin ümidləri artmışdı. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə Ermənistanın işğalçı siyasətinin davam etdiyi təqdirdə sərhədlərin açılmayacağını qətiyyətlə bəyan edib.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa edəndən qardaş Türkiyə yanımızdadır: “2020-ci il müharibəsində Türkiyə Cümhuriyyəti dövlətinin başında duran Ərdoğan-Akar-Çavuşoğlu üçlüyü daim Azərbaycanın yanında oldular. İndiki məqamda da Hulusi Akarın dəstəyi çox vacib və önəmli amil idi. Zərzələdən sonra və seçkilərdən öncə Türkiyənin Azərbaycanın yanında olması dosta da, düşmənə də bir mesaj idi. Son dönəmlərdə düşmənlər tərəfindən belə bir təbliğat gedir ki, guya Azərbaycan Türkiyədən uzaqlaşıb və yaxud Ankaranın başı daxili problemlərə qarışıb, ona görə də əvvəlki kimi Azərbaycana dəstək durmayacaq və s. Bu cür təbliğatın qarşısında Hulusi Akarın açıqlaması lap yerinə düşdü və bir daha hər zaman olduğu kimi yenə də Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu və Qiyamət gününə qədər davam edəcəyini göstərdi”.

AMİP-in qurultayı onlayn keçirilə bilər - Əli Orucov

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov indiki vaxtda heç bir halda sərhədlərin açılmasının mümkün olmadığını söylədi. Onun fikrincə, bunun üçün Ermənistan boş-boş iddialarından geri çəkməlidir: “Türkiyə cənub və şimal qonşularımızdan tam fərqli olaraq Azərbaycanla bağlı ikili standartlara əl atmayıb, üzdə dostluq, qardaşlıq, strateji müttəfiqlik fonu yaratmaqla riyakarcasına fürsət düşən kimi əzələ, güc nümayiş etdirməyib. Həmişə hər yerdə, o cümlədən regional və beynəlxalq təşkilatlarda Azərbaycanı müdafiə edib. Türkiyə doğrudan da yeganə tam güvənə və arxalana biləcəyimiz qardaş dövlətdir. Türk cəmiyyəti, türk yetkililəri hətta Azərbaycanın adını "Can Azərbaycan" deməklə sevgi və hörmətlə çəkirlər. Təbii ki, Azərbaycanda da Türkiyəyə xüsusi münasibət var. Sanki bir dövlətik. Bu təkcə şüarda deyil, reallıqda da belədir. Türkiyə ilə Azərbaycanı təkcə qardaşlıq və strateji müttəfiqlik, eləcə də, digər faktorlar birləşdirmir, eyni zamanda dövlət və milli maraqlarımız birləşdirir. Ortaq düşmənlərimiz və rəqiblərimizlə birgə mübarizə aparmaq, özümüzü müdafiə etmək kimi amillər də var. Bunlardan da biri məhz Ermənistan və ermənilərdir. Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etmişdi, eyni zamanda Türkiyəyə ərazi iddiasında idi. İndi də həmin iddiadan əl çəkməyib. Qondarma “soyqırım ” iddiasından əl çəkməyib. Erməni cəmiyyəti türk düşmənçiliyi tərbiyə və təbliğatında yetişib. Qeyri-adi haldır ki, bir dövlətin dövlət rəmzində başqa bir suveren dövlətin ərazisi təsvir olunur. Ermənistanın gerbində Türkiyədə yerləşən Ağrı dağının təsviri əks olunub. Belə olan halda Ermənistanın Türkiyə ilə də sərhədləri açmaq, münasibətləri normallaşdırmaq istəyi absurd görünür. Əslində Rusiyadan uzaqlaşmağa cəhd göstərən Paşinyan hökümətinin Qərbə çıxışı üçün Türkiyə lazımdır. Həmçinin iqtisadiyyatının Rusiya asılılığından xilası üçün Türkiyənin sərmayəsi lazımdır. Qərblə ticari, lojistik əlaqələrinin yolu Türkiyədən keçir. Paşinyan hökuməti anlayır ki, hazırkı strateji müttəfiqləri olan Rusiya və İran çox ağır bir dövrə giriblər və buradan da salamat çıxmaları çox çətindir. Odur ki, məcburiyyətdən canfəşanlıqla iki bir-birinə zidd xətt tutmaqla Türkiyə ilə sərhədləri açmaq istəyi növbəti erməni hiyləsindən biridir. Türkiyəyə qarşı ərazi və qondarma soyqırım iddiasından imtina etmədən, yaxud da həmin dövlətin strateji və hərbi müttəfiqi olan Azərbaycanla münasibətləri normallaşdırmadan, öz təxribatçı- təhrikçi əməllərindən əl çəkmədən sərhədləri açmaq olar? Bu mümkün deyil. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın da dediyi kimi, Bakı ilə İrəvan arasında münasibətlər normallaşmayınca, Türkiyə ilə sərhədlərin açılmasından söhbət gedə bilməz".

Ekspert bir vacib məsələyə də toxundu: “Qabaqdan ermənilərin qondarma soyqırım günü kimi elan etdikləri 24 aprel gəlir. Hər il olduğu kimi, beynəlxalq erməni diasporu və Ermənistanın özü indidən geniş təbliğata start veriblər. İndi bu yalanın üzərinə Azərbaycanı da qatmağa, daha bir yalan uyduraraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Yəni belə olan halda təbii ki, Türkiyə ilə sərhədlərin açılmasını gözləmək inandırıcı deyil. Türkiyə ilə Azərbaycanın birgə hərəkəti nəticəsində məhz ermənilərin vasitəsilə Cənubi Qafqazda Fransa kimi regiona yad, yaxud da İran kimi terrorçu dövlətlər meydan sulaya bilmirlər. Moskvanı cilovlayan də bu iki qardaş dövlətin birgə qətiyyətli mövqeyidir. Lakonik desək, bölgədəki kövrək sülh və sabitlik Azərbaycanla Türkiyənin birgə səylərinin nəticəsidir. Ermənistan Türkiyədə baş verən dəhşətli zəlzələni fürsət bilib bu təbii fəlakətdən yararlanmağa çalışdı. Qardaş ölkəyə humanitar yardım iki dövlətin sərhəd-keçid məntəqələrindən keçməklə çatdırıldı. Məhdud sayda da olsa xilasedicilər göndərdi. Xarici işlər nazirləri birgə mətbuat konfransında önəmli bəyanatlar verdilər. Lakin bütün bunlar Türkiyənin Azərbaycanla bağlı Ermənistana qarşı yürütdüyü xarici siyasət kursuna təsir göstərmədi. Paşinyan hökumətinin gözləntiləri özünü doğrultmadı. İstisna deyil ki, Ermənistan həm güclü NATO ölkəsi və beynəlxalq güc mərkəzinə çevrilən qonşusu qüdrətli Türkiyə ilə sərhədlərinin açması zərurətini çox yaxşı anlayır. Bu həm də həyatı əhəmiyyət daşıyan addımdır. Qərbə inteqrasiyanın da, Rusiya boyunduruğundan xilasın də həlli bundadır. Onu da dərk edir ki, Azərbaycanla münasibətləri normallaşdırmayınca bütün bunların hamısı, sadəcə, xəyal olaraq qalacaq. Əks halda, təsəlliləri Fransanın və ya hansısa təşkilatların bəyanatları olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR