İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin gücü, Trampın təzyiqi - İlham İsmayıl Ankara zirvəsinin əsas şifrələrini açıqladı

658 07.07.2026 18:20 Analitika A A

“Ankara NATO zirvəsi faktiki olaraq “kritik zirvə” adlandırılır. Səbəb ABŞ prezidenti Donald Trampın apardığı siyasət nəticəsində alyans daxilində kifayət qədər strateji və taktiki fikir ayrılıqlarının yaranması və davam etməsidir”.

Bu fikirləri Musavat.com- şərhində təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib. İ.İsmayıl xatırladıb ki, hələ keçənilki Haaqa zirvəsində ABŞ tərəfindən irəli sürülən müdafiə xərclərinin hər bir üzv ölkə üçün ÜDM-in 5 faizinə qaldırılması tələbi birmənalı qarşılanmadı, hətta İspaniya açıq şəkildə bundan imtina etdi:

“Ankara görüşündə də hər bir üzv ölkənin müdafiə xərclərinin artırılması və Haaqada götürülən öhdəliklərin müzakirəsi ön planda olacaq. Avropa ölkələri Ukrayna mövzusunu geniş müzakirə etməyi düşünür, amma Trampı “qəzəbləndirməmək” üçün ehtiyatlı davranmağı da dilə gətiriblər. Ümumilikdə, Ankara görüşündə bir neçə istiqamətdə məsələlərin müzakirəsi planlaşdırılır. Qobal geosiyasi vəziyyət, yəni NATO-nun soyuq müharibə dövründəki siyasətinə bənzər siyasətinin davam etdirilməsi, Rusiyanın Avropa üçün təhlükə mənbəyi olaraq qalması və buradan qaynaqlanan zəruri müdafiə potensialının artırılması əsas müzakirə hədəfi ola bilər. Bununla yanaşı, Donald Tramp bunun Avropanın problemi olduğu qənaətindədir, ABŞ-nin isə Avrasiya istiqamətində, daha çox Çin tərəfdən mümkün təhlükənin qarşısını almağa fokuslanmaq niyyətində olduğu deyilir.

İkinci istiqamət Rusiya-Ukrayna müharibəsi və NATO-nun Ukraynaya hərbi və maliyyə yardımının artırılması, eyni zamanda ABŞ-nin Rusiyaya əlavə sanksiyalar tətbiq etməsi, Ukraynaya ABŞ-nin “Patriot” sistemlərinin istehsalı üçün lisenziyanın verilməsi, Trampın Ukraynaya, konkret olaraq Zelenskiyə münasibətində müsbət dəyişikliklərə nail olunmasını saxlamaqdır. Ankara görüşünə gəlməzdən əvvəl Tramp Avropa ölkələrini, İtaliyanı, Almaniyanı yenidən tənqid hədəfinə çevirdi. ABŞ-nin Avropada qoşunlarının sayının azaldılması əvvəllər də Tramp və Pentaqon tərəfindən irəli sürülsə də, Ağ Evdə birmənalı qarşılanmadığı üçün Ankarada da müzakirəsi az ehtimal olunur. Yəni, ABŞ prezidenti NATO-dan narazılığını dəfələrlə, xüsusilə İranla qarşıdurma zamanı səsləndirib və Ankarada da Trampın yeni iradlar bildirməsi istisna edilmir”.

Ekspertin fikrincə, sammitdə NATO daxilindəki münasibətlərdə kəskin qarşıdurmaların aradan qaldırılması, bəzi regionlarda Alyansın köməkliyi ilə gərginliyin azaldılması və əməkdaşlığın inkişaf etdirilməsi də müzakirə hədəflərindəndir:

“Qənaətimcə, Türkiyəyə veriləcək F-35 qırıcılarına tətbiq olunan məhdudiyyətlərin qaldırılması, Suriya məsələsində Türkiyə-ABŞ əməkdaşlığının zəruriliyi və mövcud Suriya hökümətinə İsrailin təzyiqlərinə son vermək üçün ABŞ-nin vacib rol oynayacağına dair ciddi müzakirələr də olacaq. Yalnız Suriya deyil, Yunanıstanla da son vaxtlar artan gərginlik,Türkiyənin Yaxın və Orta Şərqdə, Cənubi Qafqazda rolunun artması və bu istiqamətdə NATO-nun, konkret olaraq bu coğrafiyalarda ABŞ-nin Türkiyəyə dəstəyi də müzakirə olunan məsələlər içərisindədir.

Ankara görüşü Türkiyənin NATO daxilində nüfuzunu və alyans daxilində xüsusi statusa sahib olmasını göstərən amildir. Ukraynaya hərbi və maliyyə yardımının davam etdirilməsi, Rusiyaya təzyiqlərin artırılması, Türkiyənin bölgədə nüfuzunun artması Azərbaycanın da maraqlarına uyğundur. Hesab edirəm ki, Cənubi Qafqazda Rusiyanın təsir imkanlarının tədricən olsa da azalması, Azərbaycanın təhlükəsizliyi baxımından önəmlidir. Əks proses isə birbaşa olmasa da, Azərbaycan üçün dolayı təhlükələr yarada bilər”.

Nigar Həsənli
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR