İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli professordan sosial media istifadəçilərinə XƏBƏRDARLIQ

1778 27.10.2023 13:45 Son xəbər A A

“Müharibələrin artdığı bu cür riskli zamanda sosial mediada bir qrup insanlar həqiqətləri öz istək və arzularına görə, reallıqdan kənar təqdim edərək, eləcə də manipulyasiya ilə insanları aldadırlar. Sosial media istifadəçiləri də həmin məlumatın qaynağını sorğulamadan ona inanırlar. Təəssüf ki, sosial medianın da əsas gücü budur”.

Bu fikirləri Musavat.com-a açıqlaması zamanı Anadolu Universitetinin professoru, kütləvi informasiya vasitələri araşdırmaçısı Halil İbrahim Gürcan deyib.

PROFESSOR.jpeg (36 KB)

Professor qeyd edib ki, xüsusilə həssas zamanlarda bu hal daha asan və rahat olur:

“Tutaq ki, bir seçki atmosferindəsiniz və bu müddətdə sosial mediada müəyyən düşüncələrə xidmət edən trol orduları bir məlumatı yalanla manipulyasiya edib yayır və nəticədə bir çox insan bu məlumatın qaynağını sorğulamadan inanır. Sosial medianın da əsas gücü paylaşılan məlumatların qaynağının sorğulanmaması və hər hansı etik dəyərlərinin olmamasıdır. Çünki insanlar oxuduqları xəbərlərin həqiqətəuyğunluğunu sorğulamaq üçün zəhmət çəkmirlər və beləcə dezinformasiya yayılır. Paylaşılan məlumatlar hər dəfə yeni istifadəçi tərəfindən fərqli qruplara ötürülür, qartopunun qarda hərəkəti kimi getdikcə böyüyür. Bunların elmi təsdiqi 1990-2000-ci illərdə aparılan araşdırmalarda öz əksini tapıb. Nəticə olaraq səhər saat 8-də paylaşılan bir məlumat axşama qədər 5 milyon insanın hesabında görünə bilir. Bu müddət ərzində inkişaf edən texnologiyanı və internetin gücünü nəzərə alsaq, hazırda göndərilən bir məlumatın o dövrdə olandan daha çox insana çatdığını deyə bilərik ki, bu da internetin necə güclü bir təbliğat vasitəsi olduğunu sübut edir.

Əsasən müharibə dövründə sosial mediadan əks fikirli insanlar propaqanda vasitəsi kimi istifadə edirlər.

Bəs propaqanda nədir deyə sual olunduğunda, bu məqamı hər hansı bir siyasi fikrin əhali tərəfindən dəstək görərək o fikrə yeni dəstəkçilər qazandırmaq kimi izah edə bilərik. Təbii ki, paylaşılan bu məlumatlar yerə və zamana görə də fərqliliklər ortaya çıxarır. Məsələn, İsrail-Fələstin münaqişəsində yaşananlara türkiyəli bir şəxsin hesabına gələn xəbər fəlakət kimi, amerikalı birinin səhifəsinə gələn eyni xəbər isə normal bir münaqişə kimi görünür. Çünki hər ölkə digər ölkələri fərqli olaraq görür, bu baxış yönünə görə də sosial mediada xəbərlər trol orduları tərəfindən o yöndə çatdırılır.

Əgər paylaşılan məlumatların tərəfsiz müşahidəçilər tərəfindən yoxlanılması və daha sonra platformaya düşməsi, yaxud qaynaq tələbi kimi süzgəclərdən istifadə edə bilsək, bu dezinformasiyaların yayılmasının qarşısını ala bilərik. Sabit vəziyyətdə sosial mediada paylaşılan məlumatlara baxsaq, görərik ki, hər hansı bir “X” bitkisi ürək və damar xəstəliklərinə dərmandır deyə paylaşımlar edilir və insanların ümidləri istismar edilir. Təəssüf ki, insanların yarısından çoxu bu məlumatın doğru olub-olmadığını araşdırmır. Həkimlərin və səhiyyə təşkilatlarının açıqlamalarında belə məlumatlara aldanmayın deyilsə də, çox insan inanır. Bu, adi bir nümunədir, indi bunu daha ciddi – müharibə kimi halla müqayisə etsək, vəziyyət heç də ürəkaçan olmur”.

Belə olduğu halda nə etməli?

Professor bildirib ki, sosial mediada hər görülən məlumata inanmaq olmaz, istənilən halda həmin məlumatın reallığı mütləq sorğulanmalıdır:

“Əgər bu məlumatlar milli-mənəvi dəyərlərlə əlaqəlidirsə, onlar fərqli qaynaqlarda araşdırılmalıdır. Yazılan, yaxud paylaşılan məlumatın düzgünlüyünü yoxlamaq çox rahatdır. Süni intellektin istifadə olunduğu bir çox internet saytı var. İstifadəçi ora sualını ünvanladığında rəsmi saytlardan və ya ekektron ensiklopediyalardan verilən sualın cavabı istifadəçiyə bildirilir. ““X” bitkisi ürək-damar xəstəliyinə dərmandır, bu, alınmalıdır” düşüncəsinin əvəzinə, süni intellekt saytlarında bu haqda məlumat alınaraq doğruluğu yoxlanılmalıdır. Yaxud hansısa münaqişədə tərəflərin günahı qarşı tərəfdə görməsini görüb inanmaq yerinə, araşdırma etməli, həmin məsələ haqqında müəyyən məlumat əldə olunmalıdır. Sosial medianın olmadığı vaxtlarda insanlar qulaqdan-qulağa eşidilən məlumatlara inanaraq onlara əməl edirdi. Eşidilən məlumatları sorğulamadan qəbul etmək xüsusiyyəti insan olaraq bizim təbiətimizdə var, eynilə dini inanclar da belədir. Hansısa müsəlman ölkəsində yaşayan insan keçmişdən gələn və ona ötürülən məlumatlara əsasən dini dəyərləri müdafiə edir. Halbuki, bəzi məlumatlar xurafat da ola bilər. Buna görə də sorğulamaq lazımdır, sorğuladıqca oxunan, yaxud eşidilən məlumatların reallığa nə qədər yaxın olduğuna əmin olmaq mümkündür”.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR