İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki zəlzələnin 9-cu günü - ümid axırıncı ölür, proqnozlar isə deyir ki...

864 14.02.2023 09:21 Gündəm A A

Türkiyədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələnin 9-cü günüdür. Hələ də insanların axtarışı davam etdirilir. Günlər keçdikcə dağıntılar altında qalan insanların sağ qalma ehtimalı daha da azalır. Digər tərəfdən, meyitlərin günlərlə dağıntılar altında qalması epidemiyanın yaranmasına zəmin yaradır. Bu baxımdan, ekspertlər hesab edirlər ki, axtarış tədbirlərini sürətləndirmək lazımdır. Qeyd edək ki, qəzet çapa hazırlanan zaman zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatmışdı. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin yaydığı məlumata görə, güclü zəlzələdən sonra 2724 afterşok qeydə alınıb.

Yeri gəlmişkən, Azərbaycan ilk gündən qardaş ölkənin yanında olduğunu bildirdi və bu gün də qardaş ölkəyə yardımlar edilməkdədir.

Habelə, fevral ayının 10-da Türkiyədən Azərbaycana gətirilən vətəndaşlar arasından 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin sektor müdiri Aynurə Zeynalova jurnalistlərə açıqlamasında deyib ki, gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır: “Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir”.

Nazirlik rəsmisi qeyd edib ki, müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.

Bu arada qardaş ölkənin ən böyük şəhəri, 17 milyonluq İstanbulla bağlı bədbin proqnozların çoxluğu diqqət çəkir. İddia edilir ki, meqapolisdə ən azı 90 min bina güclü zəlzələyə davamlı olmaya bilər. Yəni dağılma riski yüksəkdir. Bu barədə yerli hakimiyyət orqanları bildiriblər. Bir çox seysmoloqlar isə yaxın illərdə İstanbulda da güclü yeraltı təkanın ola biləcəyini söyləyirlər. O sırada Almaniyadakı Geologiya Elmləri Tədqiqat Mərkəzinin (GFZ) professoru Marko Bohnhoff xəbərdarlıq edib ki, İstanbulda hər an 7,4 bal gücündə zəlzələ baş verə bilər. Onun sözlərinə görə, Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən zəlzələlər İstanbul zəlzələsini gecikdirib: “Ancaq bu, İstanbul üçün ağrılı bir xəbərdarlıqdır”. Hannoverdəki Federal Yer Elmləri İnstitutundan seysmoloq Gernot Hartmann da İstanbulda zəlzələ riskinin çox yüksək olduğunu bildirib. Lakin o,İstanbul zəlzələsinin nə vaxt baş verə biləcəyini təxmin etməyin mümkün olmadığını söyləyib: “Zəlzələ lap yaxın gələcəkdə, yaxud onilliklər sonra da baş verə bilər. Ona görə də yaxınlaşan təhlükənin fərqinə varmaq lazımdır və hazırlaşmaq vacibdir”.

Bu qəbildən xəbərlər İstanbuldakı işgüzar və biznes mühitinə, evlərin qiymətinə və s. necə təsir edə bilər? Ölkədəki turizm sektoru son müdhiş zəlzələ də daxil, necə təsirlənə bilər? İstanbulun yavaş-yavaş boşalması mümkünmü? On illərlə İstanbulda yaşayanlar nə etsinlər?

Dünya düzənini dəyişən koronavirus (Adil Qeybulla) - ARB 24 (Pandemiya  gündəmi) - YouTube

Adil Qeybulla: "Nə qədər müddət keçsə də, onların sağ qalması mümkündür"

Hazırda isə insanları düşündürən sual dağıntılar altından kiminsə sağ çıxma ehtimalının olub-olmamasıdır. Tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a bununla bağlı dedi ki, dağıntılar altında sağ qalma ehtimalı hələ də var: “Nə qədər müddət keçsə də, onların sağ qalması mümkündür. Çünki insanların əynində paltarın olması, yanında su ehtiyatının olmasından çox şey asılıdır. Amma bütövlükdə götürəndə zəlzələ yayda baş versəydi, insanların sağ qalma ehtimalı çox az olardı. Çünki isti havada susuzluğa görə insanlar dözə bilməzdilər. İndi insanların bədəni həddən artıq soyuyub, bədən temperaturunun aşağı düşməsi, 36 dərəcədən aşağı meyllənməsi yavaş-yavaş mübadilə proseslərini söndürür, 20 dərəcədən aşağı olanda bayılma, sonra isə kliniki ölüm baş verir. Ona görə insanların orada sağ qalması çox amilə bağlıdır. Gün artdıqca bu ehtimal azalır. Düzdür, ehtimal azdır, amma sağ qalmaq ehtimalı tamamilə yox deyil. Bütün bunlara baxmayaraq, orada qalan insanların, meyitlərin daha çox olmasını nəzərə alaraq, onların çürüməsi, ətrafa epidemiyanın, üfunətin yayılmasını nəzərə alaraq axtarış işlərini yekunlaşdırmaq, işləri sürətləndirmək lazımdır. Çünki qarşıda hələ infrastrukturun bərpası və tikinti durur”.

Yeri gəlmişkən, "Bloomber" Türkiyəyə dəymiş zərərin 84 milyard dollar olduğunu yazıb. Digər biznes qruplar isə təkcə binalara dəyən zərərin 70 milyardı ötdüyünü yazır. Ekspertlər hesab edir ki, hələ işlər yekunlaşdıqca, qiymətləndirmə detalları ayırd edildikcə zərər 100 milyard dolları ötəcək.

Eyyub Kərimli: “Rusiya-Ukrayna müharibəsi bitməsə, çörək yenə bahalaşa  bilər”

Eyyub Kərimli: "Bu cür şayiələrin ortaya atılması İstanbulun həm əmlak bazarına, həm də işgüzar həyatına mənfi təsir göstərir"

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, baş verən bu cür hallar, qeyri-sabitlik, təhlükəsizliyin təmin edilməməsi bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir: “Sözsüz ki, bu cür şayiələrin və ya tezislərin ortaya atılması həm İstanbulun əmlak bazarına, həm işgüzar həyatına mənfi təsir göstərir. Ümumiyyətlə, Türkiyənin iqtisadiyyatına mənfi təsir göstərə bilər. Bura həm investisiya qoyuluşunun təmin edilməsi, xarici turistlərin səfəri, həmçinin digər maliyyə qurumlarının Türkiyədə fəaliyyətinə mənfi təsir göstərir. Çünki işgüzar münasibətlərdə ən önəmli olan şərtlərdən də biri təhlükəsizlikdir. Bu cür yanaşmalar iqtisadi aktivliyə və xarici iqtisadi əlaqələrə öz mənfi təsirlərini göstərə bilər. Eyni zamanda ola bilər ki, yaxınlarda lirənin də ucuzlaşmasını müşahidə edə bilərik. Çünki bu cür hallar ajiotaj yaradır və valyutanın sabitliyinə də müəyyən təsirlər göstərir. Yerli sakinlər də sözsüz ki, şayiələrə uymamalıdırlar. Elmi əsaslandırılmış mülahizələri dinləməlidirlər. Eyni zamanda hökumət də bu tərəfdən öz tədbirlərini həyata keçirməlidir”.

Pələng ili: istefa və həbslər gözlənilir - Astroloq Səbuhi Rəhimlidən  2022-ci illə bağlı proqnozlar

Səbuhi Rəhimli: ““Öncə görənlər” insanları təlaşda saxlayıb sensasiya yaratmaq istəyir”

Astroloq Səbuhi Rəhimli də mövzu ilə bağlı  “Yeni Müsavat”a İstanbulla bağlı verilən  proqnozlara belə cavab verdi: “Astrologiyada bunu hesablamaq mümkün deyil. Tarixi xronologiyanı nəzərdən keçirərək, nəticələrə gəlirik. Amma zəlzələdən belə şou düzəldən insanlar var. Kahramanmaraşda baş verən zəlzələ barədə heç bir kəlmə deməyən "öncəgörənlər" insanları təlaşda saxlayıb sensasiya yaratmaq istəyir. İstanbulda, hətta Bakıda dəhşətli zəlzələ olacaq deyib insanları təşvişə salırlar. O vaxt Bakıda da zəlzələdən bir müddət sonra insanlar adyallara bürünüb küçələrdə otururdu, soruşurduq, deyirdilər, falçı Məlahət deyir zəlzələ olacaq. Bunu heç kim deyə bilməz. Yalnız Yaponiyada cihaz var ki, təbii zəlzələlərin 6 saat əvvəldən olacağını göstərir. Düşünürəm ki, bizim təhlükəsizlik orqanları yalandan insanları qorxudan şəxslərlə bağlı iş görməlidir. Çünki bunu proqnozlaşdıran elmi texnologiya yoxdur".

Psixoloqlar isə bildirir ki, belə dönəmlərdə insanlar zərərçəkənlərə yardıma diqqətlərini yönəltsinlər. İnsanların həmrəy olması həm psixoloji dayanıqlılığın artmasına, həm də onların mənəvi cəhətdən rahat olmasına yardımçı ola bilər. Bir müddət sonra isə əhali arasında müşahidə olunan narahatlıq, təşviş də səngiyəcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR