İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə yaşayan azərbaycanlı aktrisa: “Qarşıma o qədər əngəl çıxdı ki”... - FOTO, VİDEO

1402 20.05.2022 17:07 Mədəniyyət A A

Azərbaycanlı aktrisa və rejissor Könül Nağıyeva 2016-cı idə Türkiyəyə köçüb. İstambulda yaşadığı müddətdə bir çox filmlərdə, beynəlxalq layihələrdə yer alıb. Könül Nağıyeva bu illər ərzində İstambuldakı həyatı, eyni zamanda gördüyü işlər barədə Musavat.com-a özəl müsahibə verib.

-Artıq bir neçə ildir Türkiyədə yaşayır və çalışırsınız. Öncə bu qərarınızın alınmasına bir dönüş edək. Xatırlayıram ki, bir təklif gəldiyini demişdiniz. İstanbuldakı həyatınızdan məmnunsunuz?

-İstanbul məni ilhamlandırır. Buradakı həyatım monotondur:ev-iş, iş-ev.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, assosial insansınız. İstanbul kimi şəhərdə adaptasiya olmaq çətin olmadımı?

- Əksinə, böyük şəhərlərdə özümü daha rahat hiss edirəm. Bakını çox sevirəm, amma Bakı balaca şəhərdir, hamı bir-birini tanıyır. Demək olar ki, hamı bir-biri ilə qohumdur. Belə deyim, özünü itirə bilmirsən. Hər zaman çərçivədəsən. Amma böyük şəhərlərdə insanlar arasında itirsən. Bu da sənin daxili dünyanla baş-başa qalmağına kömək edir. İstanbulda yaşasam da, balaca dünyam var.

- Bu müddətdə yer aldığınız projelər ürəyinizcədirmi? Türkiyədəki karyeranızdan razısınız?

- Mən ümumiyyətlə yaşadığım həyatdan məmnunam. Çünkü qarşıma nə qədər əngəl çıxdısa, bir o qədər dərs aldım. Proje seçmə şansım hər zaman var. İnandığım ve sevdiğim işlə məşğulam. Sevdiğim insanlar var. İnsana başqa nə lazımdır ki? Sevgisiz heç nəyin anlamı yoxdur.

konul1.jpg (12 KB)

- Türk film sektorunun mənfi və müsbət cəhətləri?

- Fərqli ölkələrdə çalışmışam. Film sektoru bütün dünyada bəlkə də ən çətin sektorlardan biridir. Eyni zamanda zövqlü işdir. Əziyyətli sektordur, təkcə beyin deyil, duyğular da çalışır. Film sektoruunun müsbət, yaxud mənfi cəhətləri barədə konkret fikir bildirə bilmirəm.

- 2020-ci ildə çəkilən "Gerçek olamaz" filminin ssenarisini yazmısınız, həm də rejissorluqda yer almısınız. Filmin ideyası necə yarandı?

- Bir neçə il öncə anam demensiya xəstəliyinə yoluxdu. Keçirdiyim şok, ağrı-acı, qəlbimi paramparça edən o duyğular içimdə partlayacaqdı. Hər durumda, hər zaman sakit qalmağa çalışıram. Amma bu dəfə özümə dedim ki, içimdə tutsam, mənə də bir şey olacaq. Mənə bir şey olsa, anama kim baxacaq? Özümü ələ aldım. Diaqnozu öyrəndiyimiz gecə oturdum və içimdəki bütün ağrı-acıları yazmağa başladım. Filmin əsas qəhrəmanı Leyla əslində bir neçə qadının hekayəsini özündə birləşdirir. Onların vasitəsilə öz acımı çıxardım. Öncə bir hekayə idi. Sonra Korhanla (Korhan Uğur) görüşdüm. Əvvəl də işbirliyimiz olmuşdu. Dostluğumuz da vardı. Ondan ssenari yazmaq üçün dəstək istədim. Ssenari üzərində birgə çalışdığımız üçün rejissorluğu da bərabər etməyə qərar verdik. Bu filmdə həm qadın, həm də kişi baxışı birləşib. Korhan texniki və peşəkar baxımdan, mən isə daha çox kreativ tərəflə məşğul oldum.

MV5BMDllNTJkMWUtNjg4Mi00ZTFmLWFkMjgtODllN2M5NmE1Njk3XkEyXkFqcGdeQXVyOTc4OTI5MDI@._V1_.jpg (148 KB)

- Film haqqında bir qədər məlumat verərdiniz.

- Dram jandındadır. Əsas qəhrəman Leyla İstanbulda caz-barda müğənnidir. Uşaq ikən valideynlərinin xoşbəxt olmayan evliliyinin, milliyətcə rus anasının içki asılılığı və ölümünün, üstəlik, atasının depressiyasının şahidi olub. Yaşadıqları ona bir çox travmalar yaşadıb. Bu da Leylanın duyğusal olarak atasından uzaqlaşmasına səbəb olub. Nəticə olaraq o, heç kimlə əlaqə qura bilmir. Bir gecə küçədə fotoqraf Muradla qarşılaşır. Bir müddət sonra Leyla və Murad bir-birinə aşiq olurlar. Leyla üçün bu eşq həyatında xüsusi önəm daşıdığına görə qorxmağa başlayır. Əvvəlki həyatına dönmək istəsə də, çox gec olduğunu anlayır.

Bu arada filmin icraçı direktoru Ülviyyə Mahmudovadır. Bu, bizim ilk iş birliyimizdir. “Sana sarılmayı o kadar özledim ki” adlı qısa film də çəkmişdik, ötən il Bakıda təqdimatı olmuşdu.

- Film 2020-ci ildə çəkilib. Amma premyerası gecikdi.

footeer.jpg (93 KB)

-Biz filmi çəkdik, pandemiya başladı. Buna görə festivallara göndərdik. Sonuncu dəfə Moskvada dünya premyerası olmuşdu.

-Filminiz Beynəlxalq Moskva Film Festivalında (MIFF) müsabiqədənkənar proqram çərçivəsində təqdim olundu. Reaksiyalar necə oldu?

- Moskva Film Festivalı oflayn rejimdə keçirilən nadir festivallardan biridir. Bundan əvvəl filmimiz Around Films Festival Paris, Los Angeles La Femme, Sankt-Peterburq White Nights və başqa beynəlxalq film festivallarına seçilib və ən yaxşı ssenari kateqoriyasında finala yüksəlib. Film həmçinin İtaliyanın Salerno şəhərində keçirilən Beynəlxalq kinofestivalının finalçısı olub. Sürprizlərdən biri o oldu ki, filmimizin tizeri üçün yazdığım Leyla mahnısı Amerikada keçirilən “Palm Beach International Music Awards” festivalında “Ən yaxşı caz mahnısı” nominasiyasında finalçı olub. Festivalda qadınlar göz yaşları ilə yanıma gələrək səmimiyyətimə və dürüstlüyə görə təşəkkür edəndə çox təsirləndim. Dedilər ki, filmə baxandan sonra sanki psixiatrın yanına getmiş kimi hiss etdiklərini bildirdilər. Tamaşaçıların minnətdarlığından gözəl heç nə ola bilməz.

- Türkiyədə bu günlərdə dijital platformada yayınlandı. Azərbaycanda necə, premyera olacaqmı?

- Bəli. Bakıda qala gecəsi keçirməyi planlaşdırırıq. Lakin tarix hələ ki, bəlli deyil.
- Filmdə baş rolu Kaan Urgancıoğlu ilə paylaşmısınız. Kaan bəy bu mövsümün ən populyar aktyorlarındandır. Nəinki Türkiyədə, başqa ölkələrdə də çox sevilir. Proje başlamadan öncə barəsində nə düşünürdünüz? Kaan bəylə çalışmaq necə idi?
- Oynadığım bütün partnyorlarıma hər zaman ayna kimi baxmışam, hər dəfə yeni bir şeylər öyrənirəm. Kaandan da çox şey öyrəndim. Mənim üçün faydalı bir təcrübə idi.

leyla.png (242 KB)

- Kaan bəy Bakı keçiriləcək qala gecəsində iştirak edəcəkmi?

-Bəlli deyil.

- Başqa hansı projelərdə çalışırsınız?

-Ən son oynadığım İsveçli rejissor Tarik Salehin “Boy from Heaven” filmi bu il Kann kinofestivalında nümayiş olunacaq. Bundan başqa, “Evlilik haqqında her şey” serialında qonaq aktrisa kimi yer aldım. Eyni zamanda Azərbaycanda çəkiləcək filmin ssenarisini bitirmək üzrəyik. Yaxın zamanda detalları açıqlayacağam.

-Bakıdakı filmin yaradıcı heyəti haqqında məlumat verə bilərsiniz?

-Hazırda məlumatım yoxdur, dəqiqləşərsə, açıqlayacağam.

-Yeri gəlmişkən, Bakıdan dəvət alırsınızmı, film yaxud başqa proje üçün?

-Uzun zamandır almıram. Yaddan çıxarıblar məni.

-Dəvət olsa, qəbul edərsiniz?

-Ssenari ürəyimcə olsa, hər zaman hazıram.

P.S. Könül Nağıyeva 2018-ci ildə Türkiyənin ən yaxşı əcnəbi aktrisası seçilib. Eyni zamanda Türkiyədə “Free Mind Media” şirkətini təsis edib.

https://www.youtube.com/watch?v=8K25cLAbPkY

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR