İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə gerisayım başlayır: Ərdoğan liderliyi qoruyur - son 10 günün gözləntiləri

1252 04.05.2023 11:10 Siyasət A A

Türkiyədə seçki həyəcanı getdikcə yüksəlir. Qardaş ölkədə artıq seçkinin gerisayımı başlayır. Son 10 gündə həyəcanla yanaşı, əlbəttə ki, siyasi gərginlik də artacaq.

Qərb mediası da demək olar ki, hər gün Türkiyədəki seçki proseslərindən yazır, xüsusi maraq göstərir. Əlbəttə ki, bu təsadüfi deyil, Qərbin Türkiyə seçkiləri ilə bağlı xüsusi marağı, iddiası və arzusu var.

Şübhəsiz ki, Türk dünyasının liderinə çevrilmiş Ərdoğanın Türkiyəni xarici təsirlərdən qoruması, yad əllərin müdaxiləsinin qarşısını ustalıqla alması bəzi məkrli dairələri rahatsız edir. Odur ki, seçkinin son günlərində Türkiyədə müxtəlif təxribatların da törədilə biləcəyi istisna deyil.

Seçki prosesinin son günlərində Türkiyənin “Optimar” Tədqiqatlar Mərkəzinin keçirdiyi seçkiqabağı sorğunun nəticələri də kifayət qədər maraqlıdır. Mərkəzin keçirdiyi sorğunun nəticələri belədir: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 51,4%, onun rəqibi, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu isə 48,6% səs toplayır.

Sorğu aprelin 25-dən 28-dək 3005 nəfər arasında keçirilib.

“Son 10 gündə hər iki namizəd yüksəlişdədir. Ərdoğan zəlzələdən sonrakı enişi artıq arxada qoyub, iki həftədir ki, yüksəlişdədir. Kılıçdaroğlu səs sayını artıran ikinci namizəd olub. "Prezident seçkilərində iki namizəddən kimə səs verəcəksiniz?" sualına rəyi soruşulanların 51,4 faizi Ərdoğanın, 48,6 faizi isə Kılıçdaroğlunun adını çəkib", - deyə açıqlamada bildirilir.

Beləliklə, Ərdoğan 2018-ci ildə seçkilərdə qalib gəldiyi nəticəyə yaxınlaşan kimi görünür.

Dörd namizədlə bağlı sorğunun nəticələri belə olub: Məhərrəm İncə 4,3%, Sinan Oğan 3%.

“Hurriyet” qəzeti yazır ki, seçkilərlə bağlı ikinci turun olacağı proqnozlaşdırılır.

Məhz bu sorğuda deyildiyi kimi, əgər ikinci tur olarsa, bu daha çox kimin xeyrinədir? Ərdoğanın, yoxsa müxalifətin?

Bəhruz Məhərrəmov: Bakı-Daşkənd əməkdaşlığı Türk dünyasını tranzit habına,  kommunikasiya arteriyasına çevirəcək - AZƏRTAC

Bəhruz Məhərrəmov: “Türkiyə cəmiyyətinin böyük kəsimi Ərdoğanın müasir reallığın qarantoru olduğunu anlayır”

Deputat Bəhruz Məhərrəmov üz-üzə dayanan iki cəbhəni bu cür dəyərləndirdi: “Türkiyədə seçkilər yalnız Türkiyə xalqı üçün yox, bütövlükdə Yaxın Şərq, Qafqaz, Orta Asiya üçün dönüş nöqtəsidir. Bir tərəfdə milli iradəni təmsil edən, siyasi, iqtisadi və hərbi cəhətdən tam müstəqil Türkiyəni bərqərar etmiş Ərdoğan, digər tərəfdə isə faktiki olaraq tam əks qütbü, xüsusən Vaşinqtonun iradəsini təmsil edən müxalifət koalisiyası dayanır. Sirr deyil ki, Türkiyə cəmiyyəti yekcins deyil, Osmanlı dövründə devrilən Qərb əsilli kütlə, o cümlədən sonrakı dövrlərdə milli kimliyini gizlədən erməni-yunan toplumu, habelə cənub-şərq vilayətlərində ciddi sayda kürd etnosu mövcuddur. Habelə, ölkədə İstanbul, İzmir başda olmaqla, kosmopolit şəhərlərdə milli-mənəvi dəyərlərə o qədər də bağlı olmayan böyük nihilist qruplar mövcuddur. Qərbin bu gün Türkiyədə əsas hədəf kütləsi də məhz qeyd olunan qruplardır. Lakin nəzərə almalıyıq ki, bütün bunlara rəğmən milli iradə tərəfdarları Türkiyənin əsas çoxluğudur və Ərdoğanı 20 ildir ki, iqtidar edən amil də budur.

Bu gün Türkiyə tarixdə ilk dəfə Türk-İslam dünyasını ətrafında sıx birləşdirə bilib. Sirr deyil ki, bu prosesdə Ərdoğanın şəxsiyyəti ciddi rol oynayır və onun seçkilərdə mümkün məğlubiyyəti bu konfiqurasiyanı da dağıda bilər. Təbii ki, Qərbin əsas istəklərindən də biri məhz mövcud situasiyaya son qoymaqdır. Türkiyə cəmiyyətinin böyük kəsimi də bu reallığı başa düşür və Ərdoğanın müasir reallığın qarantoru olduğunu anlayır. Bu mənada proqnoz vermək nə qədər çətin olsa da, AKP-nin qələbəsi ehtimalları çox yüksəkdir. Bu, Türkiyənin özünün yüksəliş dönəminin davamlılığı üçün yeganə şərtdir".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “HDP-nin rəsmi şəkildə CHP-ni dəstəkləməsi müxalifətin reputasiyasına ziyan oldu”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli seçkilərin ikinci tura qalmayacağını düşünür: “Bu il başlayandan xarici medialarda qardaş ölkə Türkiyədə keçiriləcək prezident seçkilərindən müxtəlif yönümlü yazılar dərc olunur. Bu məqalələrdə Azərbaycanın da adı hallanır. Mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkiləri aparıcı dünya KİV-lərinin diqqətindədir. Misal kimi bu yaxınlarda Rusiyanın seqodnya.ru saytında qardaş ölkə Türkiyədəki seçkilər haqqında dərc olunan məqalə haqqında danışa bilərik. Və yaxud bu ilin yanvar ayında Qərb Ərdoğanın prezident olmasını niyə istəmir kimi suala ABŞ-ın dünyaca ünlü "The Washington Post" qəzetində gedən məqaləni göstərə bilərik. Məqalənin çox maraqlı başlığı da var idi, “The World’s Most Important Election in 2023 Will Be in Turkey”- 2023-cü ildə dünyanın ən mühüm seçkisi Türkiyədə olacaq. 2023-cü ilin 9 yanvarında çap olunan yazı siyasi təhlilçi Bobby Ghosh tərəfindən qələmə alınıb. O yazır ki, Türkiyədəki seçkinin nəticəsi Vaşinqton və Moskvada, eləcə də Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikadakı paytaxtlarda geosiyasi və iqtisadi hesablamaları formalaşdıracaq.

Gördüyünüz kimi, birmənalı olan odur ki, Türkiyədəki seçkilər dünyanın siyasi, iqtisadi və hərbi mənzərəsinə yeni nizam verəcək. Təbii ki, bu, Ərdoğan seçiləcəyi təqdirdə baş verəcək. Türkiyədəki seçkilərin dünyaya təsir miqyası qardaş ölkənin Ərdoğan dönəmində nə qədər böyüdüyünün göstəricisidir.

O ki qaldı seçkinin nəticələrinə, fikrimcə, elə ilk turda “Cümhur İttifaqı”nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan qalib gələcək. “Altılı masa” və onların dəfələrlə seçkilərdə məğlub olmuş vahid namizədi həddindən ziyadə şişirdilir. Elə təsəvvür yaradırlar ki, guya “altılı masa” öz vahid namizədi ilə seçkiyə qatılarsa, bu, AKP-nin məğlubiyyətinə səbəb olacaq. Ən azından seçkinin ikinci tura qalacağına ümid edirlər. Ancaq mən o fikirdə deyiləm. Vahid namizədə rəğmən “altılı masa+PKK”da hələ də ciddi fikir ayrılıqları mövcuddur. Akşənərin müəyyən şərtlərlə müxalif bloka geri dönməsi heç nəyi dəyişmir. “Altılı masa” qeyri-sağlam və dəyişkən məfhumdur. Orada bir-birini qəbul etməyən, aralarında ciddi fərqlər olan siyasi güclər yer alıb. Bu qədər çək-çevirlə, ziddiyyətlə, ittihamlarla seçkiyə qatılmaq və uğur əldə etmək mümkün deyil. Çünki seçicinin etimadını, güvənini itirirlər. PKK-nın siyasi qolu sayılan HDP-ni unutmaq olmaz. Bu yaxınlarda HDP-nin rəsmi şəkildə CHP-ni dəstəkləməsi müxalifətin reputasiyasına ziyan oldu. Seçki günü bunun təsirini görəcəyik".

Sərhəddə baş verənlərin səbəbi nədir? – Bakıdan şərh

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimov bir sıra vacib amilləri irəli çəkdi: “Türkiyədəki prezident seçkisinin qalibinin kim olacağını proqnozlaşdırmaq üçün beynəlxalq konyunkturadakı rəsmi Ankaranın yeri və bunun daxili siyasətdəki rolu, müdafiə sənayesi üzrə yerli istehsala fikir vermək lazımdır. Türkiyənin indiki iqtidarı ilə Qərb arasında hər nə qədər gərginlik olsa da, ümumi planda Türkiyənin oyunçuluq qabiliyyəti, onun qlobal oyunçuların arasında tarazlaşdırıcı mövqedən çıxış etməsini nəzərə almalıyıq. Bu cür oyunçuluq qabiliyyəti və bunun Türkiyənin qlobal aktora çevrilməsi üçün təqdim etdiyi narrativlər beynəlxalq konyukturanın seçkilərdə kimin tərəfində olduğunu açıqlaya bilər. Niyə? Çünki burada Türkiyə hakimiyyətindəki ali şəxsin şəxsi avtoriteti rol oynayır, hərçənd ki, Qərbdə onu xoşlamayanlar xoşlayanlardan çox ola bilər. İkinci, Çin, Böyük Britaniya, Rusiya, Cənubi Qafqazda həlledici mövqelərə qalxan Azərbaycan da mövcud Türkiyə iqtidarının tərəfindədir. Bunları ona görə sadalayırıq ki, beynəlxalq dəstək Türkiyənin daxili siyasi həyatında AKP iqtidarı üçün hərəkətverici qüvvələrdən birini təşkil edir. Mən seçkilərin birinci, ikinci turuna deyil, ümumi nəticələrinə köklənmək istərdim. Rəcəb Tayyib Ərdoğanın da, Kamal Kılıçdaroğlunun da tərəfdarları çoxdur, məncə seçkidə həlledici nəticəni davam edən seçki kampaniyasında seçilən ifadələr və onların inandırıcılıq qabiliyyəti müəyyən edəcək. Mən düşünürəm ki, Kılıçdaroğlunun uğurlu olması üçün seçdiyi ifadələr bir qədər qarışıq təəssüratlar yaradır, məsələn, "mən ələviyəm" açıqlaması birləşdirici islam amili kimi çıxış edə bilmir. Türkiyə iqtidarı isə səlahiyyətlərindən istifadə edərək büdcənin ağzını açır və xalqa güzəştlər təqdim edir, hərçənd bunun iqtisadi nəticələri ağır ola bilər. Lakin hələlik bunlara o qədər fikir verilmir, Türkiyə iqtidarı xalqın rifahını yaxılaşdıracaq mənbələri göstərmək üçün yeni-yeni layihələrdən söz açır, enerji və müdafiə sənayesi sahəsindəki arqumentlərdə yapışacaq. Hesab edirəm ki, seçkinin qalibi barədə proqnozlaşdırıla bilən meyara diqqət yetirərkən həmin qeyd etdiyim amilləri nəzərə almaq lazımdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR