İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə çalışan professordan sülhsazişi ilə bağlı ilginc açıqlamalar

2064 20.01.2024 11:52 Müsahibə A A

Toğrul İsmayıl: “Ermənistan bu qədər həyəcanlıdırsa, tək oturmağa qorxursa, o zaman 2+2, yəni Azərbaycan və Türkiyə, Ermənistan və Rusiya üz-üzə oturaraq...”

Rusiyanın baş diplomatı Sergey Lavrov sülh müqaviləsi ilə bağlı açıqlamasında bir sıra maraq doğuran və müzakirələrə səbəb olan açıqlamalar verib. Açıqlamalardan ortaya çıxan qənaət bundan ibarətdir ki, Kreml Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlardan və bu danışıqların sonda ikitərəfli müqavilə ilə bitməsi ehtimalından heç də məmnun deyil. Mövzunu Türkiyədə yaşayan və çalışan professor Toğrul İsmayılla müzakirə etdik.

- Toğrul bəy, sizcə, Lavrov sülh müqaviləsi anonsu və açıqlaması ilə nə demək istəyirdi? Sülh sazişinin harada imzalanması Azərbaycana sərfəlidir?

- Əslində, alim kimi yox, bir az loru dildə sual edək ki, Azərbaycan üçün sülh müqaviləsi lazımdır, ya yox? Mənə görə, Azərbaycanın qarşısındakı bütün problemlər həll olunduğu üçün Azərbaycanın sülh imzalayıb-imzalamaması onun dərdi deyil. Sülh Ermənistan üçün vacibdir. Çünki işğalçıdır, Azərbaycan ərazilərini işğal etmişdi və işğalla birlikdə bütün beynəlxalq hüququ pozub. Mən bunu dəfələrlə bildirmişəm, yenə təkrar edirəm. 1991-ci il Bəyannaməsindən danışırlar, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi ilə və uzun müddət işğal altında saxlamaqla, sovet dövründə əldə olunmuş müqavilələrin üstündən beynəlxalq hüquqa görə xətt çəkib. Yəni dolayısı ilə indiki şərtlər Azərbaycana fürsət verib ki, Azərbaycan Ermənistanı dövlət kimi tanımasın. Prezident İlham Əliyev açıq şəkildə bəyan edir ki, İrəvan Azərbaycandır! Əslində bu, indiki şəraitdə Ermənistanın yaratdığı mühit, abu-havadır. Çünki bütün anlaşmalar alt-üst olub, yox olub. O zaman hansı anlaşmalar işə düşür? 1918-20-ci ildəki anlaşmalar. Yəni Azərbaycanın ərazisi nə qədər idi? 114 min kv.km, o zaman sərhədlərimiz harada idi, bizi necə tanıyırdılar? Bütün bu faktlar da ortada. Burada ikinci əsas məsələ...Biz müstəqilliyimizi bərpa edərkən Müstəqillik haqqında Konstitusiya Aktında sovet dövrünü işğal dövrü adlandırmışıq. Bu işğal dövründə həm Ermənistandan azərbaycanlılar qovulmuş, həm də Azərbaycan torpaqları pay-pay Ermənistana verilib. Üstəlik, 1991-ci ildə Ermənistanla hər hansı müqavilə olmadığı üçün - indi Rusiya da deyir elədir, belədir, 1991-ci il-filan - Azərbaycanın Sovet İttifaqına daxil olduğu ərazilər gündəmə gəlməlidir. Yəni Zəngəzurun Ermənistana verilməsi məsələsi açıq qalır. Erməni tərəf bunu çox yaxşı bildiyi üçün manipulyasiya edir. İdeal variant da budur. Prezident İlham Əliyev də bunu təkrarladı. Tərəfsiz bir bölgədə, iki ölkə bir araya gəlib, sülh müqaviləsini imzalamalıdır və vasitəçilərə də ehtiyac yoxdur. Çünki Ermənistan işğalçıdır, Azərbaycan Ermənistanı işğal etməyib və ərazi iddiasında da deyil. Ermənistan əraziləri tarixən Azərbaycan, Türk torpaqları olsa belə. Bunu hamı bilir, həmçinin ermənilər özləri yaxşı bilir. Ona görə Azərbaycan üçün nə vasitəçiyə ehtiyac var, nə də dərinliyinə gedəndə sülh müqaviləsinə. Çünki qeyd etdiyim kimi, Azərbaycan qarşısına qoyduğu məqsədinə çatıb və öz sərhədlərini özü müəyyən etmək gücünə sahibdir. Həm ordu, həm əhali, həm iqtisadiyyat olaraq, həm geopolitik vəziyyət baxımından Azərbaycan qat-qat üstündür. Azərbaycan Şuşa Bəyannaməsindən sonra Türkiyə ilə birlikdə böyük bir gücə çevrilib.

- Lavrov deyir ki, Azərbaycan Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsini Rusiyada imzalamağa hazırdır. Amma dediyinə görə, Ermənistandan bu mövqeyi görmür. Azərbaycan ikili danışıqlara və yekun sülhü imzalamağa üstünlük verir. Ola bilərmi ki, Rusiya XİN başçısı diplomatik dillə Azərbaycanı da üçtərəfli əməkdaşlığa təhrik edir?

- Burada Azərbaycanın nə etmək istədiyindən daha çox, Ermənistanın nə etmək istədiyini ortaya qoymaqdır. Rusiya bildirir ki, Azərbaycan bizimlə danışığa gedir, müttəfiqimiz Ermənistan oyun oynayır. Bir az da Ermənistanın boynuna minnət qoyur, yəni başınıza gələcək bəlalara görə biz məsul deyilik.

- Qərblə bağlı xəbərdarlıq...

“Amerika bölgəyə girə bilən idisə, elə Gürcüstana girərdi, gücünü göstərərdi”

- Bəli. Məsuliyyəti Qərbin üzərinə yıxır. İkincisi, Paşinyan iqtidarına qarşı müxalifətin əlini gücləndirir. Sabah Ermənistanda Paşinyana müxalif olanlar “bax, görürsən, Rusiya bizi müdafiə edir, amma Paşinyan gedib Qərblə oyun oynayır, Azərbaycanla müqaviləni Rusiya ilə birlikdə imzalasa, Moskva bizi qoruyacaq” deyəcək. Çünki Ermənistanda Rusiyanı satqın və başqa cür göstərməyə çalışırlar. Mesaj da bu yöndədir. Azərbaycan üçün sülh sazişinə imza atmaq o qədər də əhəmiyyətli deyil və ən idealını təklif edir, iki ölkə arasında, tərəfsiz bölgədə və ya sərhəddə. Bu, ən ideal variantdır. Amma eyni zamanda sənədə Moskvada da imza atıla bilər. Çünki görüşlər davam edir. Nəticə etibarilə müqavilə Azərbaycanı qane etdiyi halda, Azərbaycan onun altına imza atar. Yəni Azərbaycanın maraq və mənfəətinə zidd olan bir müqaviləyə, əli bu qədər güclü olduğu təqdirdə Azərbaycanın imza atmaq ehtimalı olduqca azdır. Azərbaycan özünə güc gətirəcək bir müqaviləyə imza atacaq. Ermənistanın prosesi uzatmasının səbəbi də budur. Arxa axtarır ki, onun güclü göstərsin. Bu yaxınlarda Stanfordun da açıqladığı, daha əvvəllər bizim də mütəxəssis kimi söylədiyimiz - bizə subyektiv olaraq baxa bilərlər ki, azərbaycanlı, türk alimdir, belə deyir - amma Stanford da eyni şeyi söylədi ki, Ermənistanın çarəsi yoxdur, Azərbaycanın qoyduğu bütün şərtləri qəbul edəcək, başqa yolu, alternativi də qalmayıb. Çünki əks halda, onun bölgədəki varlığı yox olacaq.

- Bunu bəzi erməni ekspertləri də etiraf edir. Toğrul bəy, bu da gerçəklikdir ki, Moskvanın moderatorluğu ilə imzalanacaq yekun sülhü Qərb və onun əlində oyuncağa çevrilmiş Ermənistanın pozması da istisna deyil. Belə olan halda Rusiya niyə nəticəsizliyə bu qədər maraqlıdır?

- Ermənistan danışıqların gedişatını poza bilər. Amma Ermənistan sülh anlaşması istiqamətində addım atarsa, sonra onu pozarsa, bu, beynəlxalq hüququn ən həssas nöqtələrindən biri, hətta savaşa çağırış demək olar. Əgər Ermənistan Moskvada sülhə imza atarsa, buna getməz. Paşinyan kənardan özünə müttəfiq arayır ki, onu müdafiə eləsin. Amma Azərbaycan bugünkü şərtlərlə Fransanın vasitəçiliyi ilə hansı anlaşmaya gedər? Heç bir halda. Yaxud Amerika? Yenə Azərbaycan buna getməz. Mənə görə ən ideal variant - zamanında TRT-dəki çıxışımda da demişdim, çox xoşuma gələn hal oldu ki, Türkiyə Prezidenti hörmətli Ərdoğan da eyni şeyi dedi - 2+2 variantıdır. Yəni bir tərəfdə Azərbaycan öz müttəfiqi Türkiyə ilə, digər tərəfdə Ermənistan öz müttəfiqi Rusiya ilə bu müqaviləni imzalasın. Bu, sərhəddə də, neytral bir bölgədə də ola bilər. Ya 1+1, yəni Azərbaycanla Ermənistan qarşı-qarşıya... Amma Ermənistan bu qədər həyəcanlıdırsa, tək oturmağa qorxursa, o zaman 2+2, yəni Azərbaycan və Türkiyə, Ermənistan və Rusiya üz-üzə oturaraq o müqaviləni həm sonlandıra, həm də imzalaya bilər. Mənə görə, hər iki variant ideal variantdır.

- Davos Forumu çərçivəsində Makron yenə də Ermənistan prezidentini bağrına basmışdı. Belə bir durumda rəsmi İrəvana öz orbitindən çıxmağa imkan verərmi Fransa və digərləri?

- Ermənistan bu məsələni uzatmaqla ancaq özünə zərr verir və Azərbaycana açıq şəkildə, beynəlxalq hüquqa uyğun olaraq Ermənistana hər mənada təzyiq etmək üçün əsaslar yaradır.

- Avropa İttifaqının müşahidə missiyasının üzvlərinin sayı 138-dən 209-a qaldırıldı. Təbii ki, bu, Rusiyanı da qıcıqlandıran və bölgədə gərginliyi tətikləyən addımdır. Bu prosesin perspektivini necə görürsünüz?

- Ermənistan öz ərazisini və özünü, əfsuslar olsun ki, beynəlxalq güclərin döyüş arenasına çevirir. Azərbaycan və Türkiyə nöqteyi-nəzərdən burada nə var? Bizimçün heç bir problem yoxdur. Bölgədə riski artıra bilərmi? Yox, artırmaz. Çünki çox lokal bir dava gedir. Ermənistan bölgə ölkəsidir və bu, bölgə ölkəsi qonşularının istəmədiyi bir gücün bölgəyə gətirməsi imkansızdır. Yəni Fransa olmasın, ABŞ olsun. Amerika bölgəyə girə bilən idisə, elə Gürcüstana girərdi, gücünü göstərərdi. Buş gəldi, Saakaşvili ilə rəqs elədi, içki içdi, əyləndi, sonra nə oldu? 5 günlük Gürcüstan müharibəsində ABŞ hardaydı, neyləyə bildi? Rusiya istəsəydi, Tiflisi alacaqdı, Potiyə girdi, hər şeyi darmadağın elədi, durdu. İki separatçı bölgənin də müstəqilliyini tanıdı. İndi Ermənistan da çox oynayıb, neyləyəcək, fransızlarımı bölgəyə gətirəcək? Fransa hansı yolla gələcək?

- Fransanın hətta Zəngəzur dəhlizinə nəzarət etmək iştahı da var...

- Bu, mümkün deyil. Nəyə görə? Birincisi, Ermənistan beynəlxalq hüquqa görə, Avrasiya İqtisadi Birliyinin üzvüdür. İkincisi, KTMT üzvüdür. Üçüncüsü, Ermənistan ərazisində yetərində rus hərbi gücü var. Dördüncüsü də, xatırlatmaq istəyirəm, çox vaxt bunu unuduruq, 2020-nin 10 noyabrında Ermənistan Zəngəzur məsələsinə imza atıb. Burada bir şeyi də unuduruq, onu da xatırladım, Ermənistan eyni zamanda MDB-nin üzvüdür və bu qurumun qaydaları var. Qaydalar da belədir ki, üçüncü dövlətlər MDB ərazisində hər hansı bir sərhəd, digər məsələ funksiyasını yerinə yetirə bilməz. Ona görə də MDB üzvü olan Rusiya belə, Azərbaycan-Ermənistan sərhədinə əsgər gətirə bilmir. Amma Türkiyə-Ermənistan sərhədində rus əsgəri var, İran sərhədində də ola bilər. Amma Azərbaycanla Ermənistan sərhədində MDB qanunlarına görə, rus əsgəri varlığını sürdürə bilməz. Bunlar imzalanmış sənədlərdir, Rusiya kimi dövlət belə, məcburən ona itaət edəcək. Poza da bilər, gücü də yetər. Amma indiki şərtlərdə pozmaq, qəbul edəcək. Fransa bölgəyə kimin üzərindən gələcək, necə gələcək, o da ayrı məsələdir.

Elşad PAŞASOY,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR