İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə zəlzələsində üçüncü gün-qurbanların sayı durmadan artır

687 08.02.2023 11:31 Gündəm A A

Ümumdünya Səhiyyə Təşkilatı ölü sayının 8 qat artacağını bildirib; Türkiyədə fövqəladə vəziyyət elan olundu

“Kibrit qutuları kimi aşan binalar, dağıntılar altında qalan minlərlə insan, ”anam bəs haradadır" deyə hayqıran körpələr, ayağı yalın qarlı-şaxtalı havada halsız düşən qocalar-ahıllar, qırıq-qırıq olmuş binaların altından əzaları çıxarılanlar, ata ilə övladının qucaqlaşan cəsədləri, əlini Allaha açıb əzizinin dağıntılar altından sağ çıxmasını diləyən çarəsiz insanlar... Bütün bunlar, fevralın 6-da gecə saatlarında Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində yaşananlardır. Ən ağrılısı isə fəlakətin qarşısında nəinki binaların, insanların da kibrit qutusu tək aşmasını, gücsüz olmasını görməkdir... 

Gecə saatlarında Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, elə həmin gün saat 13:24-də Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 3549 nəfər, yaralananların sayı isə 22 168 nəfərdir. 

Türkiye'nin deprem risk haritaları çıkarılacak - Son Dakika Haberleri

Türkiyə mediası ölkə ətrafında son 2 gündə baş verən zəlzələ hallarının sayını da açıqlayıb. Aralıq dənizi bölgəsində 540 yeraltı təkan qeydə alınıb. Bildirilib ki, müxtəlif bal gücünə malik olan zəlzələlərin hamısı hiss olunmasa da, afterşoklar davam edəcək.

Ötən gün yenə də Türkiyənin Adıyaman vilayətində Rixter şkalası ilə 5.1 ballıq yeni zəlzələ baş verib. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tvitter səhifəsində məlumat yayıb. Məlumata görə, zəlzələ vilayətin Sincik rayonunda qeydə alınıb. Yeraltı təkanın ocağı yerin 6.85 kilometr dərinliyində yerləşib. İtki və dağıntılarla bağlı məlumat verilməyib.

Fevralın 7-də güclü zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması, dağıntılar altında qalmış insanların axtarışı davam etdirilib. Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum bildirib ki, 13.5 milyon vətəndaş zəlzələnin təsirinə məruz qalıb. Türkiyənin vitse-prezidenti Fuat Oktay isə deyib ki, 14 ölkədən 3 294 axtarış-xilasetmə personalı zəlzələ bölgəsindədir.  Onun sözlərinə görə, 8 mindən çox insan dağıntıların altından çıxarılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “NATO və Avropa Birliyindən əlavə  45 ölkədən də yardım təklifi almışıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, zəlzələ bölgəsinə yardım ayrılıb: “Bildirim ki, zəlzələ olan bölgəyə 100 milyard lirə ayrılıb. Hazırda biz regionun və dünyanın ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzəyik”. Türkiyə Prezidenti qeyd edib ki, artıq fövqəladə vəziyyət rejimi elan olunub. Dövlət başçısı bildirib ki, fövqəladə vəziyyət rejimi üç ay müddətində 10 vilayətdə qüvvədə olacaq.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan hər zaman qardaş ölkənin ağır zamanlarında yanında olub, yardım əlini uzadıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, fevralın 6-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Fevralın 7-də də zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınıb. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən - qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Qırx beş nəfərlik tibbi personalın olduğu hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub. İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınır.

“Azərbaycan qardaş Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə axtarış-xilasetmə qruplarını göndərib”. Bu barədə isə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 100-dən çox xilasedici mütəxəssisdən ibarət ilk qrup öz avadanlıqları ilə birlikdə Türkiyədə xilasetmə işlərinə kömək etmək üçün zəlzələ bölgəsindədir. “Biz səninləyik, Türkiyə!”, - XİN-dən qeyd olunub.

Cəlil Xəlilov (polkovnik) — Vikipediya

Cəlil Xəlilov

Bizimlə söhbətdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib ki, Azərbaycan və Türkiyə tarixin ən mürəkkəb, ən təlatümlü anlarında belə mənəvi baxımdan bir-birilərinin yanında olub, bir -birilərinə dəstək nümayiş etdiriblər: “Azərbaycan-Türkiyə tarixi qardaş xalqlar, qardaş dövlətlər tarixidir və biz bu tarixə nəzər salanda görürük ki, hər iki dövlət ən çətin, ən dar, ən məşəqqətli gündə belə bir-birilərinin yanında olub, bir-birilərinə dəstək nümayiş etdiriblər. Bu gün qardaş Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadlar Azərbaycanda ciddi təəssüf və hədsiz həyəcana səbəb olub. Şübhəsiz, Türkiyə dövlətinin gücü,  türk xalqının mübarizə əzmi, həmrəylik ruhu ona bu çətinlikdən də çıxmağa kömək edəcək. Artıq Türkiyənin bütün əlaqədar dövlət qurumları zəlzələ bölgəsində genişmiqyaslı iş aparmaqda, insanlara operativ şəkildə köməklik göstərməkdədir. Lakin bu çətin anda hər kəsin - sadəcə türk-İslam dövlətlərinin deyil, bütün sivil dünyanın borcu Türkiyənin yanında olmaq, ona dəstək verməkdir”. Ekspert əlavə edib ki, zəlzələnin ilk anından etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirib, onunla birlik və həmrəylik sərgiləyib: “Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyədə fəaliyyətdədir. Türkiyəyə ilkin yardımla bağlı fasiləsiz olaraq zəruri vasitələr - tibbi ləvazimatlar, çadırlar, yataq dəstləri, digər zəruri vasitələr tədarük edilir. Təbii ki, prosesin gedişində gərəkli ehtiyaclar nəzərə alınmaqla Azərbaycan dövləti, Azərbaycan xalqı hərtərəfli yardımlarını davam etdirir. Ölkəmiz zəlzələnin fəsadları tam olaraq ortadan qaldırılana qədər qardaş Türkiyəyə dəstəyini davam etdirəcək, bunun üçün əlindən gələni əsirgəməyəcək”.

Bu arada,  Azərbaycanda zəlzələ ilə bağlı yardım kampaniyasına da başladılıb. Artıq “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması Azərbaycan” adlı yardım toplama məntəqəsi zəlzələdən əziyyət çəkən insanlara kömək etmək üçün çağırışlar edib. Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, kampaniya səfirlik deyil, etibarlı dostların təşkil etdiyi yardım məntəqəsi tərəfindən həyata keçirilir.

Kahramanmaraş'ta 7,6 büyüklüğünde yeni deprem - Son Dakika Haberleri

Onu da nəzərə çatdıraq ki, Türkiyənin Malatya bölgəsində zəlzələnin təsirindən yaranan dağıntılar altından dörd azərbaycanlı tələbəni xilasedicilərin tapdığı bildirilir. Tələbələrin vəziyyətinin necə olduğu barədə hələlik məlumat yoxdur. Türkiyənin zəlzələ baş verən şəhərlərində yaşayan digər azərbaycanlı tələbələr sosial şəbəkələrdə paylaşım edərək Azərbaycana göndəriləcəklərini, bir yerə toplaşmaq üçün tapşırıq verildiyini bildiriblər. Azərbaycanın Türkiyədəki səfirliyi məlumatında bildirib ki, Azərbaycan səfirliyi fövqəladə hal elan olunmuş vilayətlərdə zəlzələdən zərər çəkmiş və Azərbaycana təxliyə olunmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib. Qeyd edilib ki, tələbələrə kömək edilməsi, mümkün olduqda isə Azərbaycana göndərilməsi nəzərdə tutulur: “İndi daha çox zəlzələdən əziyyət çəkən azərbaycanlıları müəyyənləşdirmək və kömək etmək üçün çalışırıq. Hava şəraiti əlverişli deyil. Qar və çovğun var. Mümkün olduqda, tələbələrin Azərbaycana göndərilməsini həyata keçirəcəyik. Bu istiqamətdə iş aparılır. Məlumat veriləcək”.

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi Türkiyədə zəlzələ nəticəsində yaşanan kütləvi insan tələfatı barədə şok açıqlama verib. Təşkilatın Avropa üzrə nümayəndəsi Katrin Smolvud ölü sayının 8 qat artacağını bildirib: “Təəssüf ki, baş verən bütün zəlzələlərdə hər zaman eyni halı müşahidə edirik. Dağıntılar altında xeyli insan var. Bu səbəbdən də həftə ərzində ölən və yaralananların sayının əhəmiyyətli dərəcədə artması gözlənilir. Ölü sayı isə 8 qat artacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR