İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə zəlzələdən nə qədər ziyan çəkəcək: fərqli hesablamalar meydana çıxır

1571 14.02.2023 09:01 Gündəm A A

Elman Sadiqov: “Yetim böyüyəcək uşaqları, ailəsi məhv olan, psixologiyası pozulan, əlil qalan on minlərlə insanı düşündükcə iqtisadi məsələlər kölgədə qalır”

Əsrin faciəsinə çevrilən zəlzələdən günlər keçdikcə onun Türkiyə iqtisadiyyatına vurduğu zərərlə bağlı müzakirələr də güclənir. Bir neçə gün öncə "Fitch" agentliyi təbii fəlakət nəticəsində yaranan dağıntılara görə sığorta xərclərinin 1 milyard dollar təşkil edəcəyini açıqlayıb. Agentlik həmçinin daha 2-3 milyard dolların yeni tikintilər üçün tələb olunacağını bəyan edib.

"Bloomberg" agentliyi isə Türkiyənin Sahibkarlar Konfederasiyasi və işgüzar dairələrin nümayəndələrinə istinadən məlumat yayıb ki, zəlzələ qardaş ölkəyə 84 milyard dollar zərər vurub. Bu, Türkiyənin ümumi daxili məhsulunun 10 faizinə yaxındır. Agentliyə danışan biznes-qrupun hesablamalarına əsasən, bu məbləğin 70,8 milyard dolları bilavasitə yaşayış tikililərinə dəyən zərəri ifadə edir. Bundan əlavə, zəlzələ Türkiyə büdcəsini 10,4 milyard dollarlıq gəlirdən məhrum edəcək. İşçi qüvvəsinin itirilməsi isə qardaş ölkənin iqtisadiyyatına 2,9 milyard dollara başa gələcək.

"Bloomberg" qeyd edir ki, konfederasiyanın qiymətləndirməsində digər iqtisadçılarla müqayisədə zərərin məbləği ən yüksək qeyd olunur.

Agentliyə təqdim edilən hesabata görə, yollar, elektrik şəbəkəsi, səhiyyə və təhsil müəssisələrinə dəyən zərər nəticəsində 2023-cü ildə Türkiyə büdcəsində kəsir ölkə ÜDM-nin 5,4 faizini keçə bilər. Rəsmi proqnoz büdcə kəsirinin EÜDM-in 3,5 faizi həcmində olacağını nəzərdə tutur.

"Bloomberg Economics"in hesablamaları göstərir ki, təbii fəlakətlə bağlı xərclər, o cümlədən bərpa xərcləri Türkiyə ÜDM-nin 5,5 faizinə bərabər ola bilər.

Zəlzələ bölgəsinin Türkiyə iqtisadiyyatındakı payını təsəvvür etmək üçün bəzi rəqəmlərə diqqət yetirməyə ehtiyac var. Belə ki, zəlzələdən sonra Türkiyədə enerji istehlakında 11 faiz azalma qeydə alınıb. Bu isə zəlzələ bölgəsinin ölkə üzrə enerji istehlakında 10,5 faizə qədər paya malik olduğunu göstərir.

Türkiyə rəsmi qurumlarının məlumatına əsasən zəlzələnin təsir etdiyi 10 əyalətdə 13,42 milyon nəfər yaşayır. Türkiyə Statistika Qurumunun məlumatından aydın olur ki, bu bölgələr ölkə ÜDM-nin 9,3 faizini təmin edir. AFAD, depremde, 12 bin 141 bina ve 66 bin 58 bağımsız bölümün yıkıldığını açıkladı. Bu zaman kənd təsərrüfatı istehsalında bu göstərici 14,3 faiz, sənaye istehsalında isə 11,2 faizə bərabərdir.

Ekspert Elman Sadıqov: "Yay mövsümündən etibarən lirə müəyyən qədər  möhkəmlənəcək"

Elman Sadiqov

Zəlzələ bölgəsi Türkiyə ixracatının 8,5 faizini, idxalının isə 6,7 faizini təmin edir. Təkcə Gaziantepin ixracda payı 4,4 faizə, Hatayın payı 1,6 faizə, Adananın payı isə 1,2 faizə çatır. Buna görə də iqtisadçılar zəlzələnin ölkə ixracatında bir neçə milyard dollarlıq azalmaya səbəb olacağını proqnozlaşdırırlar. Lakin eyni zamanda idxalın da azalması xarici ticarət kəsirində artımın qarşısını alacaq.

Türkiyəyə gələn xarici turistlərin cəmi 1 faizə qədəri zəlzələdən təsirlənən 10 əyalətə baş çəkir. Bu isə turizm sektoruna zəlzələnin təsirlərinin demək olar ki, olmayacağını deməyə əsas verir.

Fevralın 13-də Türkiyənin Ekologiya və Şəhərsalma Nazirliyi açıqlama yayaraq zəlzələdə dəymiş zərəri qiymətləndirmə işlərinə başlandığını açıqlayıb. Məlumata görə, 6 min personalın iştirakı ilə aparılan qiymətləndirmənin bir sıra nəticələri məlum olub. Belə ki, indiyə qədər 10 əyalətdə 171 min 882 bina araşdırılıb. 24 min 921 binada 120 min 940 sayda ayrı-ayrı müstəqil seksiyaların söküldüyü, təcili sökülməsi tələb olunduğu və ya ciddi şəkildə zədələndiyi müəyyən edilib.

Türkiyədə zəlzələdə dağılan binalara görə 113 nəfər SAXLANILDI | KONKRET

10 vilayətdə araşdırılan binalar arasında 122 min 279 binanın yüngül zədələndiyi və zədəsiz olduğu təsbit edilib.

Xatırladaq ki, Türkiyənin fövqəladə hallar qurumu olan AFAD zəlzələ nəticəsində 12 min 141 bina və 66 min 58 müstəqil bölüm dağılıb.

Fevralın 10-11-də Prezident Rəcəb Tayib Ərdoğan zəlzələ bölgəsində olarkən bütün dağılan binaların bir il ərzində yenidən tikiləcəyini bəyan edib. Bildirib ki, bu məqsədlə dövlət büdcəsindən ilkin olaraq 100 milyard lirə - təxminən 5,3 milyard dollar ayrılıb. Bir sıra iqtisadçılar hesab edirlər ki, zəlzələ bölgəsində həyata keçiriləcək böyük tikinti-quraşdırma işləri iqtisadiyyat üçün multiplikativ effekt yarada bilər.

"Bloomberg" həmçinin Türkiyə iqtisadçıları hesab edirlər ki, zəlzələnin ayrı-ayrı sektorlara fərqli təsirləri mümkündür və indiki mərhələdə zərərin nə qədər olduğunu dəqiq söyləmək mümkün deyil.

İqtisadçı-ekspert Elman Sadiqov da hesab edir ki, Türkiyə iqtisadiyyatı haqqında söz demək hələ tezdir: “Beynəlxalq təşkilatların əvvəlcə 1 milyard, sonra 4 milyard və sair səsləndirdikləri rəqəmləri bir çox məqamları nəzərə almadan verilmiş tələsik açıqlamalar hesab edirəm.

Hesablamalar üçün qeyri-müəyyənlik yaradan məqamların cüzi hissəsini qısaca qeyd etməyə çalışaq. Düşünürəm ki, zəlzələnin iqtisadiyyata təsirlərini 4 hissəyə bölmək olar: 1) Birbaşa təsirləri; 2) Sonrakı dövrlərdə dolayı təsirləri; 3) Multiplikativ effekti; 4) Digər bölgələrə və digər sektorlara təsir edəcək təsirləri.

Birbaşa təsirləri hesablamaq daha asandır. Hesablamalar daha çox bu hissə üzrə aparılır. Buraya həmin bölgələrin ÜDM-dəki payı, yıxılan binaların maliyyəti, hazırda xərclənən və dağıntılar aradan qaldırılana qədər xərclənəcək təxmini vəsait, yaralıların hazırki müalicəsi, verilən ərzaqlar və sair daxildir.

Sonrakı dövrlərdə dolayı təsirləri olaraq həmin bölgənin ÜDM-ni zərər kimi hesablamaq mümkündür. İqtisadiyyatın böyüməsinə mənfi təsirini hesablamaq mümkündür. Lakin həmin bölgənin zərərlərini aradan qaldırmaq üçün görülən tədbirlərin iqtisadiyyata təsirini ölçdükdə zərər 2 qat olur. Həm ÜDM-nin artımında iştirak etmir, həm də xərc tələb edir. Bura əhalinin bundan sonra yerləşdirilməsi, onlara ödənəcək vəsaitlər, dağılmış (hələlik hesablanması mümkün olmayan) infrastruktur (xüsusilə su, kanalizasiya xətləri və sair), dövlət müəssisələrinin tikintisi, yaralıların müalicəsi, əlillər üçün protezlər və müavinətlər və sair xərcləri də əlavə etmək lazımdır. Digər tərəfdən, faktiki olaraq yıxılan bina sayı 6444 səsləndirilsə də, yıxılmayan, lakin qəzalı vəziyyətə düşdüyü üçün yaşamaq mümkün olmayacaq minlərlə bina var. Minlərlə binanın əsaslı təmirə ehtiyacı olacaq. Sayları bilinmir. Bütün bunlar və əlavə olaraq tikiləcək minlərlə binalar. Kiçik və orta biznesə, kənd təsərrüfatına dəyən zərərin həcmi bilinmir. Büdcə daxilolmalarına təsiri də nəzərə aldıqda sonrakı təsirlərin həcminin böyük olduğunu görürük".

İqtisadçı qeyd edir ki, zəlzələnin multiplikativ effektinin ölçülməsi üçün daha mürəkkəb hesablamalar və datalar lazımdır: “Əhalinin gəlirləri, xərcləmələri, dövriyyə, digər bölgələrlə əlaqələri, xüsusilə daxili turizm üçün Türkiyənin turist bölgələrinə gedən əhali sayı və xərcləmələrin olmayacağı və sair növbəti dövrlərdə mənfi təsirləri olacaq faktorlardır. Ən böyük təsirlərdən biri monetar siyasətlə bağlıdır. Ölkə artan xərclər, azalan büdcə daxilolmaları fonunda lirə çap etməyə məcbur olacaq ki, bu da inflyasiyanı daha da tətikləyəcək və sair.

Borsa İstanbul A.Ş.

İstanbul Menkul Kiymetler Borsası (İMKB) - İstanbul birjası fevralın 14-ü axşama qədər fəaliyyətini dayandırıb. Birja Türkiyə şirkətlərinin səhmlərinin kəskin dəyərsizləşməsinin qarşısını almaq üçün belə qərar qəbul edib. Çünki birja indeksi olan BİST100 ilk ticarət günündə 7 faizə qədər dəyər itirmişdi. Həmin bölgə ilə ticarət əlaqələrinin qırılması, özəl sektora dəyən zərər və sair nəticəsində dəyən zərərin hesablanması üçün datalara və zərərin miqyasının ölçülməsinə ehtiyac var. Nəqliyyata, hava yollarına dəyən zərərlər hələ davam edir. Gündəlik zərərin belə hesablanmasında bir çox amilləri nəzərə almağa ehtiyac var.

Bütün bu zərər və xərclərin müəyyən hissəsini kompensasiya edəcək amillər də var, lakin cüzidir. Tikinti ilə məşğul olan şirkətlərin gəlirləri, Türkiyədə istehsal olunan tikinti materiallarının istifadəsi, həmin şirkətlərin gəlirlərinin artmasını qeyd etmək tələskənlik olar. Çünki bu, həssas məsələ olduğu üçün həmin şirkətlərin kommersiya maraqlarının yüksək olacağı gözlənilmir. Digər tərəfdən isə keyfiyyət amilinin arxa plana çəkilməməsi, zəlzələyə davamlı binaların tikilməsi üçün dövlət həmin şirkətlərlə sıx və qarşılıqlı əməkdaşlıq edəcək, nəzarət yüksək olacaq.

Amma qeyd etdiklərim sadəcə iqtisadi məsələlərdir. Bir insan bir dünyadır. On minlərlə dünyalar dağıldı. Bir ailə kiçik bir dövlətdir. On minlərlə dövlət dağıldı. Yetim böyüyəcək uşaqlar, ailəsi məhv olan, psixologiyası pozulan, əlil qalan on minlərlə insanları düşündükcə iqtisadi məsələlər kölgədə qalır. Bəs niyə fəlakətin əhatə dairəsini cızmağa çalışdım? Çünki zəlzələ zamanı fəlakətin həcmini müəyyən edən, artıran və ya azaldan əsas yeganə bir amil var. Tikinti, inşaat. İnsanları zəlzələ deyil, yıxılan binalar öldürür. İqtisadiyyata zərərin miqyasını zəlzələ deyil, yıxılan binaların həcmi müəyyən edir. Dağıntı nə qədər az olursa, maddi və mənəvi zərərləri də bir o qədər az olur. Deməli, tikinti bir ölkənin iqtisadiyyatında rol oynadığı kimi, dövlətin və millətin taleyində də düşündüyümüzdən daha böyük və həlledici rol oynayırmış"...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR