İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Qərb yaxınlaşdıqca Ermənistan təlaşlanır - Səbəb

1225 08.04.2023 08:12 Siyasət A A

Qardaş Türkiyə dağıdıcı zəlzələnin vurduğu ağır yaraları yavaş-yavaş sağaltmağa başlayıb. Bundan ötrü, əlbəttə ki, ən əvvəl böyük maliyyə vəsaiti tələb olunacaq. Söhbət həm də beynəlxalq dəstəkdən gedir.

Xəbər verildiyi kimi, Avropa Komissiyası zəlzələdən sonra yenidənqurma işləri üçün Türkiyəyə 1 milyard avro ayıracağını bildirib. Erməni politoloq Ara Poqosyana görə, bu, o deməkdir ki, Türkiyə yaxın gələcəkdə Qərbdən daha çox asılı olacaq: “Çünki Qərb, ümumiyyətlə, heç kim sırf humanitar səbəblərdən belə maliyyə, iqtisadi yardımı göstərməyəcək. Təsadüfi deyil ki, Finlandiya və İsveçin NATO-ya daxil olması məsələsində Türkiyənin ritorikası dəyişdi (Finlandiya artıq Alyansın rəsmi üzvüdür - red). Ərdoğan Aİ-nin köməyinə görə dərin minnətdarlığını bildirdi və dedi ki, Türkiyə ona kömək əlini uzadanları heç vaxt unutmayacaq”.

Erməni ekspert ehtimal edir ki, Türkiyənin Qərblə yaxınlaşması özü ilə bölgədə dəyişikliklər, o cümlədən Ermənistan üçün problemlər gətirəcək.

“Türkiyə Rusiyanın təsirini azaltmaq və regionda öz təsirini artırmaqda daha iddialı olacaq. Bu məsələdə Qərbin qeyd-şərtsiz dəstəyindən yararlanacaq. Bu isə o deməkdir ki, Ermənistanda da Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün proseslər başlayacaq. Eyni zamanda, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsində Qərbin İrəvana təzyiqi artacaq və bu, mütləq Artsaxın öz müqəddəratını təyinetmə məsələsini tamamilə dəfn edəcək. Ona görə ki, məsələnin sürətli həlli artsax xalqının cüzi hüquqlarının qalması şərtilə Artsaxın Azərbaycanın bir hissəsi kimi tanınmasını nəzərdə tutur. Bu isə artsaxın silahsızlaşmasına gətirib çıxaracaq. Maraqlıdır ki, Rusiya özü regionda yürütdüyü siyasətlə Qərbin məqsədlərinin həyata keçirilməsinə kömək edir”, - deyə Poqosyan əlavə edib.

Bu iddialarda həqiqət payı nə qədərdir? Ermənistanda Türkiyə-Qərb yaxınlaşmasından niyə qorxurlar? Proseslərin belə inkişafını önləmək üçün Rusiya Ermənistana hərbi və ya hakimiyyət çevrilişi edib “qərbçi” Pasinyanı devirə və ya aradan götürə bilərmi, vaxtilə Levon Ter-Petrosyanı Köçəryan-Sərkisyan tandeminin əli ilə devirdiyi kimi? Türkiyədəki seçkilərin nəticələri bu prosesi nə dərəcədə sürətləndirə və ya ləngidə bilər?

Onu da qeyd edək ki, Ərdoğan hökuməti Rusiyaya qarşı Qərbin bəzi sanksiyalarını artıq nəzərə alıb. O sırada həmçinin Rusiyadan S-400 sistemlərinin ikinci partiyasını almaqdan imtina edib və s.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “Türkiyə qısa müddətdə tam ayağa qalxmağa başladı və...”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli ermənilərin ümidlərinin tamamilə puça çıxdığını qeyd etdi: “Əvvəl ermənilər ümid edirdilər ki, Türkiyə zəlzələdən sonra özünə gələ bilməyəcək və çökəcək. Sonra ümid etməyə başladılar ki, Türkiyə əvvəlki siyasətindən müəyyən qədər əl çəkəcək. Çünki hesab edirdilər ki, Türkiyə təbii fəlakətdən zərər çəkmiş bölgələrdə öz daxili imkanları hesabına yenidənqurma işləri apara bilməyəcək, xaricdən sərmayə qoyuluşu almağa çalışacaq, investisiyaların böyük hissəsi isə, ABŞ və Avropadan gələcək, bu da kollektiv Qərbin Türkiyəyə təsirini artıracaq və nəticədə Türkiyə ABŞ üçün yenidən sözə qulaq asan ölkəyə çevriləcək. Sonra ermənilər gördülər ki, Türkiyə nə ABŞ, nə də heç kəsdən asılı olmaq üçün kömək istəməyəcək. Böyük lider Ərdoğan xalqını səfərbər etdi, xalq toparlandı, zəlzələdən zərərçəkən bölgələrə dəstək marafonu keçirildi və nəticədə böyük bir məbləğ yığıldı. Mən hələ kənardan dəstək verən dost və qardaş ölkələri demirəm. Bu prosesdə Azərbaycanımız da fəal iştirak etməyə başladı. Türkiyə qısa müddətdə tam ayağa qalxmağa başladı və bu ABŞ və Avropanın dəstəyi olmadan baş verdi. Üstəlik, Avropa Komissiyasının zəlzələdən sonra yenidənqurma işlərinə 1 milyard pul ayıracağı bildiriləndən sonra düşmənlərimiz lap qorxuya düşərək Qərb, Türkiyə yaxınlaşmasının Ermənistana ziyan verəcəyi haqqında danışmağa başladılar.

Ermənilər Türkiyənin adı gələndə hər şeydən qorxurlar. Türkiyə-Rusiya yaxınlaşmasından qorxurlar, Türkiyə-Qərb yaxınlaşmasını istəmirlər. Azərbaycan-Qərb yaxınlaşmasını isə ümumiyyətlə istəmirlər. Təbii ki, Türkiyə və Azərbaycan öz xarici siyasətlərini Ermənistanın istək və arzuları istiqamətində qurmur. Türkiyə və Azərbaycan, Qərb-Rusiya qarşıdurmasından maksimum yararlanmaq siyasəti qurublar və düz də ediblər. Ermənistanı da qorxudan məhz budur. Deməli, Azərbaycan və Türkiyə bu xarici siyasətlərini davam etdirməlidirlər".

YUNESKO Azərbaycanla bağlı sükutu pozdu - sevinək, yoxsa...

Şəhla Cəlilzadə: “Putin ürək rahatlığı ilə Türkiyəyə gedir”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hər şeyi 14 mayda qardaş ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə bağlayır: “Birincisi onu qeyd etmək lazımdır ki, Ərdoğan hakimiyyəti Rusiya və Putinlə münasibətləri 1 milyard dollar yardım qarşılığında Qərbə qurban vermək üçün inşa etməyib. Türkiyəni Rusiya ilə əməkdaşlığı dərinləşdirməyə, anti-Rusiya sanksiyalarından yayınmağa, o cümlədən Rusiyadan S-400-lər almağa sövq edən məhz Qərbin, xüsusilə ABŞ-ın Türkiyəyə qarşı münasibətdə tətbiq etdiyi ”ikili standartlar" və Türkiyənin bu münasibətdən təngə gələrək azad xarici siyasi kursa keçid etməsi idi. ABŞ Türkiyəyə hava hücumundan müdafiə sistemi olan “Patriot”u, o cümlədən “F-35" qırıcılarını verməkdən imtina etdikdən, hətta ”F-16" proqramından Türkiyəni çıxardıqdan sonra Türkiyə təbii olaraq, alternativ planları reallaşdırdı ki, bu da Türkiyə ilə Qərbin arasındakı münasibətləri qırılma nöqtəsinə gətirdi, hətta Türkiyənin NATO-da üzvlükdən çıxarılması belə müzakirə olunmağa başladı.

Lakin Qərb Türkiyəni itirmək istəmir. Ona görə Qərb üçün ən optimal variant 14 may seçkilərində anti-Ərdoğan koalisiyasının qalib gəlməsi, Türkiyənin təkrar Qərb oxunda fırlanmağa başlamasıdır. Lakin Ərdoğan da seçki ərəfəsində Qərbi çox qıcıqlandırmaq istəmir, odur ki, xüsusilə 6 fevral zəlzələsindən sonra yaranan “isti mühit” (hətta Yunanıstanla normallaşma) Qərbdən gələn dəstəklər fonunda Finlandiyanın NATO üzvlüyü təsdiqləndi. Qalır digər namizəd - İsveç. Bunun qarşılığında isə NATO “Patriot” və “F-16"larını təklif edə bilər. Bütün bunlar Ərdoğanın mövqeyini gücləndirməyə və vaxt qazanmağa hesablanıb. Üstəlik, onun seçimlərdə qələbə qazanması Rusiya üçün də həyati əhəmiyyət daşıyır. Odur ki, Putin, seçkiqabağı tarixdə (27 aprel) Ərdoğana dəstəyini ifadə etmək üçün Türkiyəyə səfər edəcək.

Onu da qeyd edim ki, Rusiya-Türkiyə yaxınlaşması indiyədək hələ bu qədər dərin olmamışdı. 2022-ci ildə yalnız postsovet ölkələri, Çin və İrana səfər edən, 2023-cü il girəndən isə ümumiyyətlə xarici səfər etməyən Putin bu il ilk səfərini Türkiyəyə edəcək və uzun illərdir inşa olunmaqda olan Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasimində iştirak edəcək. Bu yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Putini cinayətkar hesab edərək, səfər etdiyi ilk ölkədəcə tutulub həbs olunması haqqında qərar çıxarıb. BƏM-in Roma statutunu 123 ölkə ratifikasiya edib, onlar arasında Türkiyə yoxdur. Odur ki, Putin ürək rahatlığı ilə gedir.

Türkiyədəki seçkilərin nəticələri Türkiyə-Rusiya münasibətlərində həlledici ola bilər, odur ki, Rusiya NATO qarşısında Türkiyəyə müəyyən addımlar atması üçün güzəştə gedir və buna səssiz razılıq verir. Bura həmçinin Suriya ilə barış məsələsində Rusiyanın Türkiyəyə dəstəyi də daxil edilə bilər. Rus ekspertlər belə hesab edir ki, Rusiyanın Türkiyə-Suriya münasibətlərinin normallaşmasına yardım etməsinin səbəbi də seçkilərdir. Bu, Ərdoğana seçim hədiyyəsi kimi bir şeydir.

Ermənistan və Qarabağdakı qondarma rejimin gələcəyi mövzusuna gəlincə isə, Türkiyədə hansı partiyanın iqtidara gəlməsindən asılı olmayaraq “Bir millət, iki dövlət” şüarının qorunacağından əminəm. Bununla belə, gələcəkdə Ərdoğanın Qərblə Rusiya arasında neytral siyasət yürüdüb-yürütməməsindən asılı olmayaraq, Azərbaycan-Ermənistan barışıq prosesi artıq start götürüb. Türkiyənin Qərblə münasibətləri yaxşılaşdırması isə Qarabağdakı qeyri-qanuni, qondarma rejimin nəzarəti altındakı sivil ermənilərin Azərbaycana reinteqrasiya prosesini daha da sürətləndirəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR