İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə üçün donorlar konfransı - Qərb seçkilərədək Ərdoğan hökumətinə kömək edərmi?

659 11.03.2023 09:03 İqtisadiyyat A A

Ekspert: “Belə yardımların çatdırılmasının bəlli mexanizmi var”

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Türkiyədəki daimi nümayəndəsi Luiza Vinton fevralın əvvəlində Türkiyə və Suriyada baş verən zəlzələlərin iqtisadi zərərinin təkcə Türkiyə Respublikasında 100 milyard dolları keçəcəyini bildirib.

O qeyd edib ki, qiymətləndirmə hələ də davam edir və martın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqının donorlarının konfransınadək başa çatacaq.

“Zərərin 100 milyard dollardan çox olacağı artıq aydındır”, - Vinton Cenevrədəki brifinqdə deyib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 600 mindən çox mənzil və ofisin yerləşdiyi 200 mindən çox bina dağılıb.

O, qiymətləndirmənin hələ də davam etdiyini və açıqlanan rəqəmlərin yalnız Türkiyədəki iqtisadi zərərə aid olduğunu da sözlərinə əlavə edib.

“Türkiyədə zəlzələlərin vurduğu ziyan təqribən 80 milyard dollar təşkil edir”,- bunu isə ölkənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi deyib.

“Təxmini zərər 80 milyard dollardır. Təkcə zəlzələlər nəticəsində Su Təsərrüfatı İdarəsinə dəyən ziyan 22 milyard lirə (1,15 milyard dollar) təşkil edir”, - nazir bildirib və əlavə edib ki, təzyiqli su sistemi ilə əkin sahələrinin suvarılmasına başlamağın vaxtı gələndə Su Ehtiyatları İdarəsinin maliyyə itkiləri daha da arta bilər.

Aİ Türkiyə və Suriya üçün donorlar konfransı keçirəcək

Bloomberg Agentliyi isə Türkiyənin Sahibkarlar Konfederasiyasi və işgüzar dairələrin nümayəndələrinə istinadən məlumat yayıb ki, zəlzələ qardaş ölkəyə 84 milyard dollar zərər vurub. Bu, Türkiyənin ümumi daxili məhsulunun 10 faizinə yaxındır. Agentliyə danışan biznes-qrupun hesablamalarına əsasən bu məbləğin 70,8 milyard dolları bilavasitə yaşayış tikililərinə dəyən zərəri ifadə edir. Bundan əlavə, zəlzələ Türkiyə büdcəsini 10,4 milyard dollarlıq gəlirdən məhrum edəcək. İşçi qüvvəsinin itirilməsi isə qarda ölkənin iqtisadiyyatına 2,9 milyard dollara başa gələcək.

Bloomberg qeyd edir ki, konfederasiyanın qiymətləndirməsində digər iqtisadçılarla müqayisədə zərər məbləği ən yüksək qeyd olunur. Agentliyə təqdim edilən hesabata görə, yollar, elektrik şəbəkəsi, səhiyyə və təhsil müəssisələrinə dəyən zərər nəticəsində 2023-cü ildə Türkiyə büdcəsində kəsir ölkə ÜDM-nin 5,4 faizini keçə bilər. Rəsmi proqnoz büdcə kəsirinin ÜDM-in 3,5 faizi həcmində olacağını nəzərdə tutur.

Bloomberg Economics-in hesablamaları göstərir ki, təbii fəlakətlə bağlı xərclər, o cümlədən bərpa xərcləri Türkiyə ÜDM-nin 5,5 faizinə bərabər ola bilər.

Zəlzələ bölgəsinin Türkiyə iqtisadiyyatındakı payını təsəvvür etmək üçün bəzi rəqəmlərə diqqət yetirməyə ehtiyac var. Belə ki, zəlzələdən sonra Türkiyədə enerji istehlakında 11 faiz azalma qeydə alınıb. Bu isə zəlzələ bölgəsinin ölkə üzrə enerji istehlakında 10,5 faizə qədər paya malik olduğunu göstərir.

Türkiyə rəsmi qurumlarının məlumatına əsasən zəlzələnin təsir etdiyi 10 əyalətdə 13,42 milyon nəfər yaşayır. Türkiyə Statistika Qurumunun məlumatından aydın olur ki, bu bölgələr ölkə ÜDM-nin 9,3 faizini təmin edir. Bu zaman kənd təsərrüffatı istehsalında bu göstərici 14,3 faiz, sənaye istehsalında isə 11,2 faizə bərabərdir. Məsələn, Kahramanmaraş Türkiyənin iplik istehsalının 36 faizini təkbaşına həyata keçirir, Yaxın Şərq bazarlarının ixrac bazası olan Qaziantep isə dünya tək parça xalça istehsalının yüzdə 60-na ev sahibliyi edir.

Türkiyənin ümumi sitrus meyvələri istehsalının üçdə biri Adanadadır, Hatay isə Türkiyənin ən böyük dəmir-polad fabrikinə ev sahibliyi edir və sitrus meyvələri istehsalının 21 faizini qarşılayır.

Avropada Türkiyə və Suriya zəlzələlərilə bağlı Donorlar Konfransı təşkil  edilir - Şafaqna Azərbaycanca

Ümumilikdə zəlzələ bölgəsi Türkiyə ixracatının 8,5 faizini, idxalının isə 6,7 faizini təmin edir. Təkcə Gaziantepin ixracda payı 4,4 faizə, Hatayın payı 1,6 faizə, Adananın payı isə 1,2 faizə çatır. Buna görə də iqtisadçılar zəlzələnin ölkə ixracatında bir neçə milyard dollarlıq azalmaya səbəb olacağını proqnozlaşdırırlar.

Aydın məsələdir ki, Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılmasını öz gücünə həyata keçirsə, bu proses illərlə vaxt aparacaq. Türkiyə iqtisadiyyatında son illərdə müşahidə olunan geriləmə, xarici borcun artması fonunda ölkənin beynəlxalq donorlardan irihəcmli güzəştli kreditlər almaq imkanlarını məhdudlaşdırır. Bu baxımdan, kənardan yardımlar olmasa qardaş ölkənin zərərçəkən bölgələri bərpa etməsi ortamüddətli dövrdə belə real görünmür.

Fevralın 20-də İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, Avropa İttifaqı Şurasının sədri kimi İsveç martın 16-da Avropa Komissiyası ilə birlikdə Brüsseldə donor konfransı təşkil etmək niyyətindədir. Konfransın məqsədi Türkiyə və Suriyada baş vermiş zəlzələdən zərər çəkənlərə yardım etməkdir: “Məqsədimiz Türkiyə və Suriyaya əlavə dəstək vermək və bu zəlzələnin dəhşətli fəsadlarını yumşaltmaq üçün əlimizdən gələn yardımı göstərməkdir”.

Daha sonra donorlar konfransının BMT-nin rəhbərliyi altında təşkil olunması qərara alınıb.

Qeyd edək ki, son 20 ildə dünyada bir neçə dağıdıcı zəlzələ qeydə alınıb. Onlardan yalnız biri ilə bağlı böyük donor konfransı keçirilib. Belə ki, 2004-cü ilin dekabrında İndoneziyanın Sumatra adası yaxınlığında baş verən güclü zəlzələdən sonra okeanlarda yaranan sunami İndoneziya, Hindistan, Tailand və Şri-Lankada böyük dağıntılara səbəb oldu, 230 mindən çox insan həyatını itirdi. Həmin vaxt ABŞ, Avropa İttifaqı və Avstraliya yardım koalisiyası yaratmaq təşəbbüsü ilə çıxış etdilər. 2005-ci ilin yanvarında bütün yardım təşəbbüsləri BMT-nin rəhbərliyi altında böyük hərəkata çevrildi. Yanvarda keçirilən donorlar konfransında sunamidən zərər çəkən 4 ölkəyə nəticələrin aradan qaldırılmasında verilən fiziki dəstəkdən əlavə, 10 milyard dollardan yuxarı yardımın edilməsinə dair qərarlar alındı. Bu yardım sunamidən ötən 4-5 il ərzində ölkələrə çatdırıldı. Proses çox ləng getdiyinə görə dəfələrlə BMT tərəfindən yardım vəd edən ölkələrə müraciətlər edildi. Yardım vəd edən bir sıra ölkələr ya həcmi azaltdılar, ya da ümumiyyətlə, heç nə etmədilər. Digər ölkələrin yardım həcmlərini artırması vəd olunan 10 milyard dolların zərərçəkən ölkələrə çatdırılmasını təmin etdi.

Lakin bu yanaşma ondan bir il əvvəl İrandakı zəlzələ ilə bağlı sərgilənməmişdi. 2003-cü ildə İranın Bam şəhərində baş verən zəlzələ 26 mindən çox insanın ölümünə səbəb oldu. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün İrana 1 milyard dollar yardım vəd olunsa da, 2005-ci ilədək onun cəmi 17,5 milyon dolları təmin edilib.

2011-ci ildə Yaponiyada baş verən 9 ballıq zəlzələ, ardınca qeydə alınan ən dağıdıcı sunami 15 min 846 nəfərin ölməsi, 3320 nəfərin itkin düşməsinə, çox nəhəng dağıntılara səbəb oldu. Yaponiya iqtisadiyyatına bu təbii fəlakətlərin vurduğu zərər 360 milyard dollar həcmində hesablanıb. Bura ölkə ÜDM-nin və sənaye istehsalının azalması, zəlzələ bölgələrinə turist axınının bir neçə illiyə dayanması, ticarət həcminin kiçilməsi, həmçinin Fukusimoda yerləşən atom elektrik stansiyasından radiasiya sızmasının təsirlərinə qarşı həyata keçirilməkdə davam edən tədbirlərin dəyəri daxil deyil. Zərərin böyüklüyünə baxmyaraq, Yaponiyaya yardımla bağlı donor konfransı təşkil olunmadı, hər dövlət ayrılıqda yardımlar etdi.

Aİ liderləri Türkiyədəki zəlzələ ilə bağlı donorlar konfransında iştirak  edəcəklər

Əgər İrana BMT çətiri altında yardımın olunmaması bu ölkənin avtoritar rejimli, sanksiyalara məruz qalan hakimiyyət tərəfindən idarə olunması ilə bağlıydısa, Yaponiyaya münasibətdə bu addımın atılmaması ölkənin iqtisadi qüdrətinin böyüklüyü və iqtisadiyyatın zərəri aradan qaldırmaq imkanında olması ilə əlaqəlidir. Yaponiya 3-4 il ərzində insan itkisi xaricində, zəlzələ və sunaminin vurduğu bütün zərəri aradan qaldırmağı, dağılan infrastrukturu tam bərpa etməyi bacardı. Lakin Türkiyə və Suriya ilə bağlı belə nikbin gözləntilər yoxdur. Hər iki ölkənin iqtisadiyyatı dəyən zərəri qısa müddətə aradan qaldırmağa imkan verəcək səviyyədə deyil. Bu baxımdan, BMT çətiri altında beynəlxalq donorların bir araya gələrək yardım toplaması mühüm əhəmiyyət kəsb edir.

Hazırkı Türkiyə hakimiyyətinə Qərbdə, xüsusilə də ABŞ və Avropada münasibət birmənalı deyil. Prezident Rəcəb Tayib Ərdoğanın müstəqil xarici siyasət yürütməsi, bir çox hallarda kollektiv Qərbin verdiyi qərarlara uymaması nəticəsində may ayında keçiriləcək seçkilərdə həmin qüvvələrin müxalifət namizədinə dəstək verəcəyi gözlənilir. Belə bir şəraitdə Qərb və onun təsirində olan beynəlxalq maliyyə qurumları Ərdoğan hakimiyyətdə olduğu müddətdə Türkiyəyə irihəcmli yardımlar edəcəkmi?

Sualı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, donor konfransları dağıdıcı təsirli təbii fəlakətlər zamanı tətbiq olunan və dünyada artıq normaya çevrilən bir praktikadır: “Türkiyə və Suriyada baş verən zəlzələnin vurduğu zərərin qarşılanması üçün donor konfransının keçirilməsinə yalnız Avropa İttifaqı deyil, ABŞ, Böyük Britaniya, Yaponiya kimi böyük dövlətlər tərəfindən də təşəbbüslər göstərilib, dəstək verilib. Artıq hətta toplana biləcək yardımın təxmini məbləği də hesablanıb. Söhbət haradasa iki ölkəyə birlikdə 5-8 milyard dollar arası vəsaitdən gedir”.

Ekspertin sözlərinə görə, əsas vəsaitin ayrılmasıdır: “Əsas odur ki, qərar verilsin. Onun çatdırılma mexanizmi bəllidir: BMT strukturları vasitəsilə əsas ehtiyaclar müəyyənləşdirilir və həmin istiqamətlərə yardım çatdırılır. Sadəcə, əsas məsələ dövlətlərin nə qədər aktiv qoşulacağıdır yardım kampaniyasına”.

N.Cəfərli onu da qeyd edir ki, hər bir halda, donor konfransında qərar verilsə belə, vəsaitlərin hamısının qısa müddətdə Türkiyəyə verilməsi mümkün deyil: “Yəni martın 16-da qərar verilsə, ilk yardımların təyinat yerinə çatması azı 2 ay çəkəcək. Yəni Türkiyədə hakimiyyətdə kimin olmasının yardımın çatdırılma müddətinə təsiri indiki halda real deyil”.

P.S. Türkiyə mətbuatının yaydığı məlumata görə, Türk Dövlətləri Təşkilatının martın 16-da Ankarada keçiriləcək Fövqəladə Zirvə Toplantısı ilə əlaqədar donorlar konfransı təxirə salına bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR