İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

687 29.07.2024 12:22 Kriminal A A

Xəbər verdiyimiz kimi, Nabranda, Xəzər dənizinin sahillərində tikilmiş “Atlant” İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun da adı qarışan cinayət dosyesi üzrə məhkəmə araşdırmaları aparılır.

Musavat.com-a daxil olan məlumatda deyilir ki, 171 nəfər Azərbaycan vətəndaşına qarşı külli miqdarda – 14 milyon manat dələduzluq işi üzrə ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.

Məhkəmənin sonunda “Atlant” İstirahət Mərkəzi müsadirə olunaraq hərracda satıla və vətəndaşlara dəymiş ziyan qarşılana bilər.

“Atlant” İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev hazırda həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. Bildirilir ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra Nofəl Hacıyev saxlanılıb. Aparılan istintaqla onun ümumilkdə 171 vətəndaşdan 14 milyon manatdan artıq pul aldığı, lakin mənzilləri onlara təqdim etmədiyi məlum olub. İstintaq zamanı Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia ediblər.

Musavat.com-a daxil olan məlumatda deyilir ki, hazırda iş üzrə məhkəmə prosesi keçirilir.

Prosesdə zərərçəkənlər Nofəl Hacıyevlə yanaşı, Tahir Qədəşovun da həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.

Qeyd edək ki, “Atlant” İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın kotteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var.

“Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Müstəqil qiymətləndiricilər “Atlant”ı hazırkı bazar qiymətləri ilə 80-100 milyon manat dəyərləndirirlər.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR