İnsanlara hürriyət, millətlərə istiqlal!

Yağışdan çıxıb palçığa bulaşan Paris - Könüllüləri əvəz edən Fransa polisi

403 29.07.2024 10:49 Dünya A A

İyulun 25-i axşamdan başlayan yağış Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsini çətin vəziyyətdə qoydu. Daha dəqiq desək, bütün problemləri tam olaraq ortaya çıxardı. Düzdür, şəhər dünən səhər tezdən Günəşin istisini hiss etməyə başladı. Amma son üç gündə artıq olan olmuşdu...

"Ənənə"yə sadiq qalaraq yarış məkanına çatmaq üçün 2 saata yaxın vaxt itirdik. Səfərimiz Eyfel qülləsindən bir qədər aralıda yerləşən cüdo arenasına idi. Təbii ki, məqsəd Azərbaycan millisinin üzvlərini iş başında görmək idi. Dəmir konstruksiyadan quraşdırılmış arenaya bir neçə polis kordonundan keçərək çatdıq. Əslində bura qədər hər şey yaxşı idi. Arenanın ərazisinə daxil olanda isə biabırçı mənzərə ilə üzləşdik. Yağışın fəsadları aşkar şəkildə görünür, sanki adamın üzünə dururdu. Hər tərəf palçığın, çirkabın içində idi. Di gəl ki, bu qüsuru aradan qaldırmağa borclu olan yerli Təşkilat Komitəsi günün sonuna qədər "yuxuladı". Elə təsəvvür yarandı ki, sanki belə də olmalı imiş.

78f8225e-201e-30be-9c7c-2c7e526d.jpg (192 KB)

Yarış məkanlarındakı media mərkəzlərində də yetərincə çatışmazlıq var. Çadırdan quraşdırılan mərkəzdə dünən istidən nəfəs almaq olmurdu. Havalandırma sisteminin zəif olması KİV təmsilçilərini çətin vəziyyətdə qoymuşdu. Elə jurnalistlərə qulluq da ürəkaçan səviyyədə deyil. Bu üzdən qələm əhli qidalanmaq üçün məkanı tərk etmək məcburiyyətində qalır. Arenanın ətrafındakı obyektlərdə isə qiymətlər əl yandırır. Yenidən arenaya qayıtmaq üçün isə bir daha polis kardonlarını dəf etməli və digər prosedurları təkrarlamalı olursan. Bu isə əlavə vaxt itkisi, əsəb və stress deməkdir. Halbuki Azərbaycanda təşkil edilən sıradan beynəlxalq turnirlərdə belə bu cəhətdən hər şey yüksək səviyyədə olub. Hələ biz Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarını demirik. Bakının bu yarışlardakı təşkilatçılığı, rəsmi qonaqlara, yarış iştirakçıları və KİV təmsilçilərinə diqqət və qayığısı hələ də yaddaşlardan silinməyib.

efd3ffa7-28c1-394f-b0f1-7e7703c0.jpg (247 KB)

Cüdoçularımızın çıxışını izlədikdən sonra bir qədər aralıda yerləşən məkana - çimərlik voleybolu arenasına üz tutduq. Məqsəd həm ordakı durumla əyani tanışlıq, həm də yarışı izləmək idi. Amma arenaya girmək istəyimiz baş tutmadı. Girişdə dayanan polislər "olmaz, icazə yoxdur" deyib qarşımızı kəsdilər. Səbəbini soruşduqda isə, tam təbii olaraq, məntiqli cavab eşitmədik. Ümumiyyətlə, təhlükəsizliyə cavabdeh Fransa polisinin arenanın girişində nə etdiyi anlaşılmaz qaldı. Çünki jurnalistləri və azarkeşləri yarış məkanında qarşılayıb, lazımi ünvanlara göndərmək birbaşa könüllülərin üzərinə düşən işdir. Onlar isə həmin ərazidə gözə dəymədilər...

Bir sözlə, hər gün minimum 4 saatımızı yollarda sərf etdiyimiz Parisdə hər gün qəribəliklər və anormal durumla rastlaşırıq. Və görünən budur ki, qarşıda bizi başqa "sürprizlər" gözləyir.

"Report"un Parisə Olimpiya Oyunlarına ezam olunmuş əməkdaşı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR