İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə seçkilərində gerisayım başladı - Ərdoğanla davam, yoxsa...

813 07.04.2023 12:40 Siyasət A A

Siyasi şərhçi: “Ərdoğanın seçilməsi Türkiyə və türk dünyası üçün perspektivə əminlik yaradacaq”

Aprelin 1-də Türkiyədə prezident seçkiləri kampaniyasına start verilib. Ölkənin Yüksək Seçim Qurumu (Mərkəzi Seçki Komissiyası) tərəfindən prezidentliyə dörd namizəd qeydə alınıb.

Bunlar hazırkı dövlət başçısı, hakim AK Partiyanın sədri və “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri və “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Muharrem İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Sonuncu iki namizəd parlamentdə təmsil edilməyən siyasi təşkilatlar tərəfindən irəli sürüldüyü üçün müvafiq qanunun tələbinə əsasən, 100 min imza toplayaraq qeydə alınıblar.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri mayın 14-nə nəzərdə tutulub. Eyni gündə parlament - Türkiyə Böyük Millət Məclisinə də növbəti seçkilər keçiriləcək. ASAL sorğu şirkəti Türkiyə vətəndaşlarına “Bu bazar parlament seçkiləri olsa, hansı siyasi partiyaya səs verərdiniz” sualını ünvanlayıb. Sorğuda hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçkidəki rəqiblərini üstələyib.

Belə ki, rəy sorğusunda AKP 38.8, CHP 23.2, HDP 10.3 faiz səs toplayıb.

Ümumi nəticə belədir:

AKP - 38.8 faiz

CHP - 23.2 faiz

HDP - 10.3 faiz

 İYİ Partiya - 8.9 faiz

MHP - 7.4 faiz

Məmləkət Partiyası - 4.2 faiz

Digər partiyalar - 7.2 faiz.

Seçki kampaniyasının ilk günlərində rəy sorğusunun ortaya çıxardığı bu rəqəmlər seçkilərin sona qədər AKP və Ərdoğanın üstünlüyü ilə keçəcəyinin göstəricisi sayıla bilərmi? Ərdoğanın qalib gəlməsi həm də türk dövlətləri üçün önəmlidirmi? 

Azər Həsrət: Beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrdəki proseslərə  yanaşmaları ikili standartlara əsaslanır - AZƏRTAC

Azər Həsrət 

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, qardaş Türkiyədə siyasi proseslər, hadisələr Azərbaycan və digər türk respublikalarında həssaslıqla izlənilir. Türkiyədə kimin prezident seçilməsi, parlamentin tərkibinin yenidən seçilməsi bizim üçün də mühüm əhəmiyyət kəsb edir: “Rəy sorğularına gəlincə, seçkilərdə bu cür sorğuların keçirilməsi təbiidir. Bəzən manipulyasiyalar da olur. Amma Türkiyənin xaricindən baxan bir müşahidəçi olaraq, xüsusilə də qardaş ölkədəki siyasi prosesləri yaxından izləyən birisi olaraq, ilkin qənaətim bundan ibarətdir ki, hazırkı durumda Rəcəb Tayyib Ərdoğanın seçilmək şansları çox yüksək görünür. Ərdoğanın birinci turda qələbəsini təmin edəcəyi gözlənilir. Bu da onunla şərtlənir ki, Türkiyə seçki kampaniyası öncəsi-fevralın 6-da baş verən dəhşətli zəlzələ ilə üz-üzə qaldı, 10 minlərlə insan tələfatı, çox böyük dağıntılar yaşandı və bütün bunları müxalifət Prezident Ərdoğana qarşı çevirmək istəyirdi. Absurd ittihamlar o dərəcədə artmışdı ki, hətta zəlzələni də Rəcəb Tayyib Ərdoğanın süni şəkildə etdiyini dilə gətirənlər var idi. Xalqın ən ağır, həssas anlar yaşadığı bir zamanda müxalifətin o cür davranışı xalqın nəzərində müxalifətə qarşı münasibətə ciddi mənfi rəy formalaşdırdı. Lakin Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə iqtidar həmin günlərdə heç bir siyasi mübarizəyə baş qoşmadan toparlandı və bütün gücünü zəlzələnin fəsadlarını mümkün qədər sürətli aradan qaldırmağa yönəltdi. Prezident Ərdoğan zəlzələyə verdiyi reaksiya ilə daha da önə çıxdı. Müxalifət isə zəlzələdən sonrakı davranışları ilə geriləmiş və xalq arasında nüfuzunu zədələmiş oldu”.

Siyasi şərhçinin sözlərinə görə, bu istiqamətdə daha bir faktor Ərdoğanın reytinqini artırdı: “Zəlzələdən sonrakı dövrdə Azərbaycan başda olmaqla, bütün türk dövlətləri Türkiyəyə dəstək oldular. Burada Prezident Ərdoğanın türk dövlətləri ilə qurduğu münasibətlərin də rolu danılmazdır. Türkiyə xalqı Ərdoğanın türk dövlətləri ilə əlaqələrə üstünlük verməsini dəstəkləyir. Bu siyasət də onun seçkilərdə səslərini artıran amillərdəndir. Türk Dövlətləri Təşkilatı Türkiyənin və Azərbaycanın öncüllüyündə irəliləyir. Türk xalqı bundan məmnundur. Zəlzələdən sonra Türk Dövlətləri Təşkilatının üzvlərinin Türkiyəyə dəstəyi cənab Ərdoğanın türk dünyasına yönəlik siyasətinin faydalı nəticəsi kimi qəbul edilir”.

Azər Həsrətin fikrincə, bütün bu proseslər onu deməyə əsas verir ki, hazırkı cümhurbaşqanı, eyni zamanda onun liderlik etdiyi AKP parlamentdəki mövqeyini qoruya biləcək. Kamal Kılıçdaroğlunun seçkilərdə 35-40 faiz səs toplaması mümkün görünmür: “Kılıçdaroğlu "altılı masa"nın vahid namizədi kimi çıxış etsə belə, o masanın ətrafındakı partiyaların üzvlərinin və tərəfdarlarının böyük hissəsi heç də onu dəstəkləmir. Xüsusilə də İYİ Partiya üzvlərinin və tərəfdarlarının heç də hamısı gedib Kılıçdaroğluna səs verən deyil. Kılıçdaroğlunun həm də HDP ilə yaxınlaşması milliyyətçi kəsimin ürəyincə deyil. Ona görə də partiya sədrlərinin verdiyi qərara baxmayaraq, partiyanın üzvlərinin və tərəfdarlarının hamısının Kılıçdaroğluna səs verəcəyi mümkün görünmür. Burada ikinci eşelondakı namizədləri də gözardı etməməliyik. Muharrem İncə Kılıçdaroğlunun alacağı səslərin müəyyən hissəsinin azalmasına səbəb olacaq. Eyni zamanda Sinan Oğanın alacağı səslər daha çox İYİ Partiyadan qoparılacaq. Nəticədə həm İncə, həm də Oğan Kılıçdaroğlunun nəticələrinə mənfi təsir etmiş olacaqlar. Ərdoğanın bütün seçkilərdə oturuşmuş bəlli seçici dəstəyi var. Bu dəstəyi o, yenə də təmin edəcək. İndiki durum üçün bunu əminliklə söyləyə bilərik. Rəy sorğusunda AKP-nin 38 faizlə öndə getdiyi ortaya çıxır. Nəzərə almaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğanın lider olaraq özünün də çox böyük seçici dəstəyi var. Yəni Ərdoğanın seçici dəstəyi AKP-nin seçicilərindən xeyli çoxdur. Ərdoğan təkbaşına bir partiyanın özündən daha çox səs toplaya bilən liderdir".

Həmsöhbətimiz vurğuladı ki, Rəcəb Tayyib Ərdoğanın seçilməsi Türkiyə və  türk dünyası üçün perspektivə əminlik yaradacaq: “Kılıçdaroğlunun seçki kampaniyasında çıxışlarında biz hələ ki, türk dünyası ilə bağlı fikirlər eşitmirik. Seçicilər bu amili diqqətdən qaçırmayacaqlar. Lakin Türkiyə siyasi həyatı  dinamikdir, bəzi hallarda dəyişkəndir. Hansısa gözlənilməz proseslər, hadisələr də seçkinin nəticələrinə təsir göstərə bilər”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR