İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə regional qaz mərkəzinə doğru real addımlar atır

345 11.04.2023 14:31 Siyasət A A

Azərbaycan bu mərkəzdən nə əldə edə bilər? - təhlil

Türkiyə parlamenti beynəlxalq qaz ticarəti mərkəzinin, qaz qovşağının fəaliyyəti üçün zəruri olan qanunvericiliyə dəyişiklik prosesinə başlayıb.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “CNN Türk” telekanalına müsahibəsində deyib.

“Qaz qovşağı kontekstində ilk qanunvericilik qərarları parlamentdən keçib. Bu qərarlar sayəsində "Botaş" (Türkiyə neft-qaz şirkəti - red.) və digər şirkətlər daha sürətli və asan işləyə biləcəklər. Qaz ticarəti mərkəzinin açılması ilə qiymətlər də aşağı düşəcək ki, bu da Avropa üçün vacibdir. Türkiyə qazın istinad qiymətini müəyyən edən bazarlardan birinə çevriləcək".

Fatih Dönməz həmçinin qeyd edib ki, ölkəsi qazın Avropaya nəqli və satışı üzrə digər ölkələrlə əməkdaşlıq variantlarını nəzərdən keçirir. Xüsusən də bununla bağlı Azərbaycanla müştərək müəssisənin yaradılmasına dair razılaşmalar var.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin qanunvericiliyə etdiyi dəyişikliklə BOTAŞ-ın əsasnaməsində yeniliklər olunub. Şirkətin işi prezident sərəncamları ilə tənzimlənəcək, onun yeni qurumları yaradılacaq. Bundan əlavə, Türkiyədə özəl şirkətlərə də qaz idxal etmək icazəsi verilir. Lakin bu icazə maye qaz - LNG və spot boru qazına aid deyil.

Türkiyəli nazir qaz mərkəzinin bu ilin sonunadək işə salınacağını bildirib: “Şərqi və Cənub-Şərqi Avropada qaz ticarəti mərkəzi yoxdur. Bizim təmasda olduğumuz region ölkələri qaz mərkəzi layihəsini dəstəkləyirlər. Ümid edirəm ki, biz bir il ərzində mərkəzin fəaliyyətinə başlaya biləcəyik”.

Fatih Dönməz həmçinin bildirib ki, SOCAR-la BOTAŞ qaz ticarəti üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər. Onun sözlərinə görə, Balkan dövlətləri Türkiyə və Azərbaycandan təbii qaz almaq istəyirlər. Azərbaycan Türkiyəyə böyük həcmdə sərmayə yatırıb və bu sahədə əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək. Avropaya qaz satışı istiqamətində icra olunan layihələri Türkiyə ilə Azərbaycan həyata keçirəcək.

Nazir diqqətə çatdırıb ki, yaxın gələcəkdə Türkiyə qaz satışı mərkəzinə çevriləcək və Azərbaycan da bunu dəstəkləyir.

Dönməzin sözlərinə görə, Türkiyə ildə təxminən 100 milyard kubmetr qaz almaq imkanına malikdir ki, bunun 60 milyard kubmetrini özü istehlak edir, 40 milyardını isə qonşu ölkələrə sata bilər.

Vladimir Putin has taken a more direct position in the strategic planning  for the war in Ukraine- US officials

Qeyd edək ki, Türkiyədə qaz habının yaradılması ideyasını Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin oktyabrında irəli sürüb. Avropanın qaz şantajına boyun əymədiyini, artıq arxada qalan qış mövsümü üçün öz enerji təhlükəsizliyini təmin etdiyini görən Rusiya Prezidenti Türkiyənin aracılığı ilə öz məhsulunu satmağı hədəfləyir. Artıq Rusiya qazının Avropaya nəqli minimuma düşüb. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, 2022-ci ildə Avropaya qaz nəqli 50 faiz azalmaqla 83 milyard kubmetr təşkil edib. Bu, 1980-ci illərdən bəri ən aşağı həddir. Agentlik 2023-cü ildə nəqlin daha 40 faiz, yaxud 30 milyard kubmetr azalacağını proqnozlaşdırır. Hazırda Rusiya qazı birbaşa Avropaya yalnız Ukrayna ərazisindəki bir xətlə nəql olunur. Bundan əlavə, Türkiyə və onun vasitəsilə Macarıstan, Moldova və Bolqarıstan qaz alır. “Qazprom”un digər və əsas müştəriləri olan Polşa, Findlandiya, Niderland, Danimarka, İtaliya və Almaniya hesablaşmalar rubla keçirildikdən, həmçinin sanksiyalardan sonra qaz alışını dayandırıblar.

Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumatdan aydın olur ki, bu ilin fevralında qaz ixracından əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz azalıb.

“Qazprom”un Avropadakı müştərilərlə müqavilələri hablardakı qiymətlərə, həmçinin neft qiymətlərinə bağlıdır. Ukraynadakı işğalçı müharibə ərəfəsində şirkətin ixracının 20 faizi neft qiymətlərinə, 5 faizi spot qiymətlərə, 40-45 faizi bir aylıq müqavilələrə, qalanı isə mövsümi və ya rüblük müqavilələrə bağlıydı. İndiki vəziyyəti şirkət açıqlamaqdan imtina edir. Lakin ixrac qiyməti neft qiymətlərinə bağlı müqavilələr olan ölkələr, əsasən də Türkiyə və Macarıstan idxal həcmini azaltmağa tələsmirlər. Neft qiymətləri 74 dollara qədər düşdüyü bir vaxtda belə idxal onlara sərf edir. Lakin hab qiymətləri ilə qaz alan ölkələr onun həcmini maksimum azaltmaqda maraqlıdılar.

Rusiyanın Avropanın almadığı qazını satmağa ümid etdiyi Çin Moskvanın təkliflərinə isti yanaşmır. Rusiya “Sibirin Gücü-2" kəmərinin tikintisinə başlamaq üçün Çindən qaz alışına dair müqavilə gözləyir. 50 milyard kubmetrlik ötürmə gücünə malik bu kəmər işə düşərsə, istismarda olan birinci kəmər, həmçinin Uzaq Şərq marşrutu ilə birlikdə Rusiya Çinə 100 milyard kubmetr qaz sata biləcək. Əgər əlbəttə, Çin bu həcmi alsa. Müqayisə üçün deyək ki, 2021-ci ildə Rusiya Avropaya boru ilə 155 milyard kubmetr qaz satmışdı.

Hazırda işlək olan “Sibirin gücü-1" kəməri ilə Çinə satılan qazın qiyməti 2022-ci ildə Avropaya satılandan 5 dəfə ucuz olub. Çinə qaz mazut və qazoylun qiymətinə 9 aylıq laqla bağlıdır. Bundan əlavə, boru kəməri Çin investisiyası hesabına tikilib, əldə olunan gəlirin bir hissəsi onun ödənişinə sərf olunur.

6,7 min kilometr uzunluğunda olan “Sibirin gücü-2" kəmərinin Monqolustan ərazisində düşən hissəsinin tikintisini də Rusiya özü maliyyələşdirmək  niyyətindədir. Bu isə 13-15 milyard dollar hesablanan layihə xərcinin 8-9 milyard dolları deməkdir. 2020-ci ildən layihələndirilməsi başlanan kəmərin tikintisi 3 il müddət tələb edəcək. Hələ Ukraynaya işğalçı hücumdan əvvəl Rusiya mənbələri kəmərin qazla doldurulması nəzərdə tutulan Çayandin yatağında lazımi qədər qaz ehtiyatlarının aşkarlanmadığını yazırdılar. Məhz buna görə də ikinci bir yataqdan - Kavıktindən də kəmərə qaz verilməsi qərara alındı ki, bu da layihənin dəyərində 1,6 milyard dollara yaxın artıma gətirəcək.

Çin Devlet Başkanı Şi Cinping, üçüncü dönemine başlıyor - BBC News Türkçe

Si Cinpinin Moskva səfəri zamanı Putin “Sibirin gücü-2" kəməri ilə bağlı bütün həlledici məqamların razılaşdırıldığını açıqladı. Lakin bir gün belə keçməmiş Rusiya mətbuatının özündə də Çinin heç bir dəqiq razılaşmaya getmədiyinə dair məlumatlar yayıldı. Bunu Çinin rəsmi mətbuatında səfərlə bağlı verilən materiallardan da görmək mümkündür. Belə ki, "Sinxua" dövlət agentliyi Çin rəhbərinin Moskvaya səfərini çox geniş, bütün detallarına qədər təsvir etsə də, materialda qaz kəmərindən bir dəfə də olsun bəhs edilməyib, onun adı, ümumiyyətlə, çəkilməyib.

Çin 2030-cu ilədək dövr üçün karbon qazı emissiyasını ciddi şəkildə azaltmaq öhdəliyi götürüb. Bunun üçün ölkə sürətlə daş kömürdən istifadəni azaltmalı, əsas enerji istehsalı müəssisələrində təbii qaza keçidi təmin etməlidir. Belə bir şəraitdə, Rusiyadan LNG-dən daha ucuz qiymətə alınan qaz çox cəlbedici olmalıdır. Lakin buna baxmayaraq, Çin hökuməti Moskvanın qızıl tabaqda təklif etdiyi qazı almağa tələsmir. Bunun əsas səbəbi isə Pekinin heç bir məhsulun idxalında bir mənbədən asılılığa imkan verməməsidir. Avropanın nümunəsi göz önündə olduğuna görə bu asılılığın Rusiyadan olmasına Çin heç vaxt imkan verməyəcək. Buna görə də Rusiyanın kəmərin xərclərini özü çəkməsinə rəğmən, onun təklifini qəbul etməkdənsə, öz vəsaiti hesabına Türkmənistandan əlavə boru xətti çəkməyə üstünlük verir: Türkmənistanın Çini şantaj etmək imkanları sıfıra bərabərdir.

Pekin eyni zamanda özü qaz istehsalını sürətlə artırır. Rəsmi rəqəmlərə əsasən Çində qaz istehsalı 2022-ci ildə 217,8 milyard kubmetr təşkil edib. 2021-ci illə müqayisədə artım 6,4 faiz olub. Qaz idxalı isə 9,9 faiz azalmaqla 109,25 milyon ton olub.

Beləliklə, hazırda Rusiya hasil etdiyi qazı satmağa bazar tapa bilmir. Buna görə də Putin Türkiyədə öz nəzarətində olacaq qaz mərkəzi qurmaq istədi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ideyanı icraya yönəltsə də, mərkəzdə söz sahibinin Türkiyə olacağını Moskvaya çatdırdı: İsrail, Əlcəzair, Azərbaycan, İran, Türkmənistanla mərkəzdə satılması üçün qaz alışına dair danışıqlar başlatdı. Bu fəaliyyətlər başlayandan sonra Moskvada mərkəzə maraq kəskin azaldı, diqqətlər Çinə yönəldi. Rusiya ekspertləri “Türkiyə qaz mərkəzi istəyirsə, öz hesabına qursun” tipli açıqlamalarla çıxış etməyə başladılar. Lakin artıq Pekinin də Putinin istədiyi şərtləri qəbul etməyəcəyi məlum olur və diqqət yenidən Türkiyədə qurulmaqda olan mərkəzə yönəlir.

Türkiyədə qaz ticarətinin aparılacağı regional mərkəzin fəaliyyət göstərməsi Azərbaycan üçün də əlverişli ola bilər. Azərbaycan Avropaya uzanan kəmərləri genişləndirmək üçün artıq ötürüləcək həcmlərə dair alqı-satqı müqavilələrinə ehtiyac duyur. Artıq Şərqi Avropanın 10-a yaxın dövlətindən əlavə qaz həcmi alışına dair müraciətlər alan Bakı öz məhsulunu satmaqda çətinlik yaşamayacaq. Lakin Türkiyədə regional mərkəzin formalaşması Bakının qaz ticarətinin coğrafiyasını daha da genişləndirməsinə imkan yarada bilər. SOCAR özü də həmin mərkəzdə oyunçu olaraq əlavə gəlir təmin etmək imkanındadır. Buna görə də Türkiyədə qaz ticarət mərkəzinin qurulması bir çox istiqamətlərdə Bakının mənafeyinə cavab verir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR