İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Özbəkistanda güclənir və onu gücləndirir – Böyük layihənin icrası

1825 06.06.2024 11:53 Analitika A A

Özbəkistan lideri Şavkat Mirziyoyevin Ankaraya bu gün baş tutam rəsmi səfəri həm Özbəkistan və Türkiyədə, həm də ondan kənardakı siyasi dairələrdə, mediada müzakirə olunur.

Xüsusilə də Rusiya mediası bu səfərin gedişinə, nəticələrinin nə olacağına, hansı sazişlərin imzalanacağına diqqət kəsilib.

“Nezavisimya qazeta”nın Özbəkistan-Türkiyə münasibətlərinə həsr etdyi məqalədə iki ölkə liderinin arasındakı danışıqlar zamanı ticarət-iqtisadi və investisiya əməkdaşlığı məsələlərinin müzakirəsinin planlaşdırıldığı, yaşıl enerji, sənaye əməkdaşlığı, kənd təsərrüfatı, turizm və nəqliyyat əlaqələri sahələrinə xüsusi diqqət yetiriləcəyi bildirilir.

“Türkiyə Özbəkistan bazarında mövcudluğunu gücləndirir” başlıqlı məqalədə qeyd olunur ki, Özbəkistanda müştərək müəssisələrin sayına görə artıq ilk üçlükdə yer alan Türkiyə (Rusiya və Çindən sonra) Özbəkistan bazarında mövcudluğunu gücləndirməyə çalışır.

Yazı müəllifi Ankaranın hələ də inkişaf etmiş infrastrukturun olmaması ilə bağlı bəzi maneələri dəf etməli olmasını qeyd edərək əlavə edir ki, ikitərəfli münasibətlərin inkişafında uğurlar danılmazdır. “Ölkələr arasında ikitərəfli ticarətin həcmi 3 milyard dolları ötüb, ortamüddətli perspektivdə isə 5 milyard dollara, son gələcəkdə isə Türkiyə sərmayəsinin həcminin 10 milyard dollara çatdırılacağı planlaşdırılır”.

Türk-Dövlətləri-Təşkilatı.jpg (28 KB)

Son illərdə türk dövlətlərinin arasında intensiv inkişafda olan inteqrasiya prosesinin rəvan halda davam etməsi artıq region və dünya ölkələri üçün yenilik deyil. Özbəkistan-Türkiyə əlaqələrinin sıxlaşması həmin müstəvidə gedir. Bu, böyük bir layihədir, Azərbaycan da burada yer alır. Eyni zamanda türk dövlətlərinin iqtisadi əlaqələrinin, ticarət dövriyyəsinin genişləndirilməsi prosesində Qırğızıstan və Qazaxıstan da fəal iştirakçıdır. Hələlik köhnə Türküstan ölkələrindən yalnız Türkmənistan bir qədər neytral mövqedədir, Türk Dövlətləri Təşkilatına çox da qaynayıb-qarışmır, amma onun öz mövqeyinə korrektələr edəcəyi zamana bağlıdır.

44 günlük müharibənin önəmli nəticələrindən biri kimi, Türkiyə ilə Azərbaycanı, eləcə də Mərkəzi Asiya respublikalarını birləşdirəcək 40 kilometrlik Zəngəzur yolunun açılması bütün türk dövlətləri üçün əsas nəqliyyat arteriyası olacaq. Ermənistan nə qədər cığallıq etsə və bu layihəyə müqavimət göstərsə də, sonda anlamağa məhkumdur ki, bu, onun təkcə Azərbaycan və Türkiyə ilə deyil, bütün Asiya respublikaları ilə düşmənçilik aparması demək olacaq. Nəhayət, Ermənistanda onu da anlayacaqlar ki, bu yol onların nicat yoludur, ölkə bu 40 kilometrlik keçiddən hər il milyonlarla dollar həcmində pul qazana bilər.

“Nezavisimaya qazeta”nın məqaləsində bu məsələyə də toxunulur və qeyd edilir ki, 2013-cü ildən Türkiyə tərəfindən Anadolu, Qafqaz, Mərkəzi Asiya və Çin ərazilərindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun infrastruktur layihəsi fəal şəkildə təşviq edilir. “Bu marşrutun türk dünyasının bütün ölkələrini birləşdirəcəyi güman edilir. Bu dəhliz sayəsində Türkiyə özünün Mərkəzi Asiyaya birbaşa çıxışını təmin edəcək ki, bu da həm sənaye mallarının ixracını, həm də xammal idxalını artıracaq. Eyni zamanda, Özbəkistan və Türkiyə Asiya-Sakit okean regionu - Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa multimodal nəqliyyat dəhlizinin təşviqində fəal əməkdaşlıq edirlər”, - məqalədə qeyd olunur.

Göründüyü kimi, Ermənistanın destruktivlik edəcəyi təqdirdə həmin marşturun alternativ deltası da var və Gürcüstandan keçir. Ancaq həmin marşrutun bir qolunun eyni zamanda Ermənistandan keçməsi həm maddi, həm coğrafi, həm də siyasi baxımdan daha sərfəli variantdır.

Yazıda bildirilir: “Lakin Dünya Bankının hesablamalarına görə, bu dəhliz kontinental dəhliz rolunu oynamır, əsasən regiondaxili ticarət əlaqələri üçün işləyir. Özbəkistandan ötrü bu, sadəcə olaraq, xarici bazarlara çıxmaq üçün bir çox variantdan biridir, xüsusən də Daşkənd türk dünyası kimi hər hansı siyasiləşdirməyə və ya ideolojiləşdirməyə deyil, xarici iqtisadi fəaliyyətində daha praqmatik olmağa meyllidir”.

Məqalə müəllifinin təhkiyəsindən hiss olunur ki, o, Türkiyənin Özbəkistan bazarındakı mövcudluğunu, eləcə də türk dövlətlərinin inteqrasiyasını öz ölkəsinin maraqlarına təhdid kimi görür və ümidvardır ki, Türkiyənin nə Rusiya, nə də Çin kimi geniş investisiya imkanları yoxdur. Onun fikrincə, Özbəkistandakı türk biznesi əsasən kiçik və orta sahibkarlıq seqmentində fəaliyyət göstərir. “Bu, artan iqtisadiyyatı və iş yerlərinin yaradılmasına yüksək ehtiyacı ilə Özbəkistan üçün vacibdir”, -yazıda qeyd olunur.

Ancaq təbii ki, bir yerdə olmaq, necə deyərlər, çəkici bir zindana vurmaq üçün yekdil siyasi iradə göstərmək uğurun yarısıdır. Bu, olandan sonra türk dövlətlərinin bir-birinin inkişafına kömək etmələri, bir-birinin iqtisadi problemlərinin həllinə yardımçı olmaları artıq mexaniki hala gələcək, intensiv səciyyə daşıyacaq.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR