İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə CHP-sində onun dövrü başladı - Azərbaycan müxalifəti Özəli təbrik edəcəkmi...

1066 07.11.2023 14:09 Siyasət A A

Bazar günü Türkiyənin ana müxalifət lideri dəyişdi. CHP-yə yeni sədr Özgür Özəl seçildi. O, siyasi səhnənin tanış simalarındandır. Əsas peşəsi əczaçılıq olan Özəl 1974-cü ildə Manisada anadan olub.

Ege Universitetinin Əczaçılıq fakültəsində bakalavr təhsilini başa vuran Özəl 1999-cu ildə əczaçı kimi fəaliyyətə başlayıb. Yeni sədr 2001-2007-ci illər arasında Manisa Əczaçılar Birliyində iki dövr baş katib və palata sədri, 2007-2011-ci illərdə isə Türkiyə Əczaçılar Birliyində bir dövr xəzinədar və iki dövr baş katib vəzifələrində çalışıb. 2009-cu ildə yerli seçkilərdə Cümhuriyyət Xalq Partiyasından seçilən Özəl Manisa Bələdiyyə başqanlığına namizəd olsa da, seçilə bilməyib.

O, ilk dəfə 2011-ci il seçkilərində CHP Manisa millət vəkili olaraq parlamentə daxil olub. Özəl 2014-cü ildə yerli seçkilərdə eyni partiyadan Manisa Böyükşəhər Bələdiyyə rəhbərliyinə namizəd olub, lakin bir daha seçilməyib.

O, 2015-ci ilin iyun və 2015-ci ilin noyabrında keçirilən Türkiyə Ümumi Seçkilərində CHP-nin Manisa millət vəkili olaraq yenidən parlamentə daxil olub. Cümhuriyyət Xalq Partiyasının 18-ci Fövqəladə Qurultayında CHP partiyasının məclis üzvü seçilib. Millət vəkili olduğu müddətdə Türkiyə Böyük Millət Məclisinin Səhiyyə Komissiyası və CHP Həbsxanaları Araşdırma Komissiyasının üzvü olub. Özəl 24 iyun 2015-ci ildə CHP qrup sədr müavini seçilib. O, Müasir Jurnalistlər Dərnəyi və Atatürkçü Düşüncə Dərnəyi tərəfindən verilən 2015-ci ilin Uğur Mumcu İlin Siyasətçisi Mükafatını alıb.

Özəl 13 illik Kılıçdaroğlu dönəminin ardından 812 səslə CHP-nin yeni lideri seçilib. Evli və bir övladı olan Özəl alman və ingilis dillərini mükəmməl bilir.

Maraqlıdır ki, AKP sədri, prezident Rəcəb Tayyib Ərdoğan təzə sədri təbrik edib ona xeyir-dua verməyib.

Ərdoğan bildirib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir: “Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə "sağ ol" deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər".

Azərbaycan müxalifəti Özgür Özəlin qələbəsini necə qiymətləndirir, gözləntisi nədir? Onu təbrik edəcəkmi?

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “Təbrik etmək kimi bir niyyətimiz yoxdur”

AĞ Partiya başqanı Tural Abbaslı belə bir addım atmayacaqlarını söylədi. Səbəb kimi də bunları dedi: “Müxtəlif ölkələrin partiyaları bir-biri ilə əməkdaşlıq, müttəfiqlik edirlər, ən müxtəlif təşkilatlarda birləşirlər. Adətən ideoloji baxımdan eyni olan partiyalar bir-biriləri ilə əlaqələr qururlar, əməkdaşlıq edirlər, bir-birilərini təbrik edirlər, yaxud da bir-birilərinə dəstək bəyanatları verirlər. Bizim AĞ Partiya olaraq, CHP ilə heç bir ideoloji bağlılığımız olmadığı, bəlkə də bir çox məsələlərdə əks qütblərdə yer aldığımız üçün təbrik etmək kimi bir niyyətimiz yoxdur. Amma hər halda, Azərbaycanda CHP xəttini tutan kimsə təbrik edə bilər. Bu həm də daha çox Türkiyənin, yəni partiyaların daxili işidir. Amma ümumi anlamda dediyim kimi, kimlərsə təbrik edə bilər".

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev: “Özəlin CHP sədri seçilməsinə xüsusi münasibətimiz yoxdur”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev CHP-nin yeni başqanının ölkəmizə normal münasibət sərgiləməsinə nail olmağın tərəfdarıdır: “Özgür Özəl "yenilikçi"lərin namizədi olsa da, uzun müddət Kılıçdaroğlunun komandasında olub və o komandanın siyasətinə rəhbərlik edən adamlardan olub. Son qurultayda isə həbsdə olan Səlahəddin Dəmirtaşa və o qəbildən olanlara sevgilərini-salamlarını çatdırıb. Bununla da bəzi məsələlərdə Qərbin müəyyən dairələri ilə eyni cizgidə olacağının açıq siqnallarını vermiş oldu.

Özgür Özəlin CHP sədri seçilməsinə xüsusi münasibətimiz yoxdur. Azərbaycanın haqlı davasında da ondan elə bir pozitiv gözləntimiz yoxdur.

Amma bütün hallarda onun Türkiyənin ana müxalifət partiyasının lideri olduğunu nəzərə almalı və Azərbaycana yönəlik normal münasibət sərgiləməsinə nail olmalıyıq. Dövlətçilik maraqlarımız bunu tələb edir".

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

 

Arzuxan Əlizadə: “CHP-nin bundan sonrakı siyasətində yeni hədəflər müəyyən ediləcək”

AMİP sədri Arzuxan Əlizadə də Özəli xüsusi tərbik etməyəcəklərini bildirdi: “Cümhuriyyət Xalq Partiyası Böyük Atatürkün yaratdığı və rəhbərlik etdiyi, zamanında Türkiyənin müstəqil dövlət olaraq formalaşmasında əvəzsiz xidmətləri olan bir siyasi təşkilatdır. Eyni zamanda qardaş Türkiyə Cümhuriyyətinin aparıcı ana müxalifət partiyasıdır. Amma bütün bunlara rəğmən CHP son dönəmlərdə, xüsusilə Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi vaxtlarda hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına lazımi səviyyədə töhfə vermədi. Daha çox bugünkü Türkiyə iqtidarı, hörmətli Rəcəb Tayyib Ərdoğanın timsalında Azərbaycanla, bütövlükdə Türk dünyası ilə münasibətlərin inkişafına daha çox töhfə verib. Buna daha çox diqqət ayrılıb. Azərbaycan-Türkiyə münasibətləri AKP dönəmində daha üst zirvələrə qalxdı. Bu münasibətlər hazırda uğurla inkişaf etdirilməkdədir. Eyni zamanda CHP Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları ilə də bu dövr ərzində münasibətlərini qurmayıb. Zamanında II Qarabağ savaşı zamanı Türkiyə parlamentində Azərbaycanın haqq davasına CHP də daxil, verdikləri dəstəyə görə 4 partiyaya təşəkkür məktubları ünvanlamışıq. Mənim imzamla CHP-yə də belə bir məktub göndərilmişdi. İndi sədr dəyişikliyi baş verib. CHP-nin bundan sonrakı siyasətində yeni hədəflər müəyyən ediləcək. Azərbaycanla, ölkəmizdəki siyasi partiyalarla münasibətlərin inkişaf etdirilməsi istiqamətində addımlar qarşı tərəfdən atılacaqsa, bunu zamanında dəyərləndirəcəyik. İndiki halda təbii ki, yeni seçilmiş sədrə uğurlar arzulayırıq. Amma konkret olaraq, partiyamız tərəfindən rəsmi təbrik məktubu ünvanlanmayacaq. Gələcək fəaliyyətdə qarışıqlı münasibətlərin formalaşması istiqamətində addımlar atılacaqsa, o zaman tərəfimizdən bu dəyərləndirilə bilər. Amma hazırda Azərbaycan-Türkiyə münasibətlərini yönləndirən, buna töhfələr verən iqtidardakı partiyadır. Onun üçün də bu partiyaya daha çox önəm veririk”.

Akif Nağının partiyası qeydiyyata alındı – Novator.az

Akif Nağı: “Atatürkün təməlini qoyduğu bu partiya...”

Azad Vətən Partiyasının sədri Akif Nağı yeni sədrdən bir qədər ehtiyatlı danışdı: “Qısaca deyə bilərəm ki, CHP-nin ciddi islahatlara, özünə, Atatürk prinsiplərinə və ilkin vəziyyətinə qayıtmasına ehtiyac var. Yeni sədr necə olacaq, demək çətindir. Amma dəyişikliklərin, kursun yeniləşəcəyinin əlamətləri görünmür. Ehtiyat etmək olar ki, yeni başqan əvvəlkinin atasına rəhmət oxutduracaq. Hər halda, biz Türkiyədə Ərdoğanın xəttinin düzgün olduğu qənaətindəyik. O, yeni sədrə bu cür sərt təpki verdisə, deməli, nəsə bilir. Mənim Türkiyədə CHP-li dostlarım da var. Onlar, yeni sədr, Türkiyə üçün "xeyirli, uğurlu olsun" deyirəm. Amma bir daha qeyd edirəm ki, Atatürkün təməlini qoyduğu bu partiya terrorçu PKK, yalançı Qərb dəyərləri və sair rüsvayçılıqlardan uzaq durmalı, xarici qüvvələrin oyuncağı olmamalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR