İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Azərbaycan və İranı barışdıracaq? - səfirliyimizə terror hücumundan 2 ay ötdü

1587 29.03.2023 09:03 Siyasət A A

Tehrandakı səfirliyimizə xain terror hücumundan daha bir ay ötdü. Lakin ortada hələ də real təhqiqat yoxdur, terrorçunu dəlixanaya salmaqla İran hökuməti öz işini bitmiş hesab edib. Əslində məntiqlidir. Çünki terror aktının arxasında hakim rejimin özünün dayandığını təsdiqləyən daşdan keçən dəlil-sübutlar var.

Bəs bu vəziyyət daha nə qədər sürəcək? Azərbaycan Prezidenti fevralın 18-də Münhendə xəbərdar etmişdi ki, terror hücumu obyektiv araşdırılıb hüquqi qiymətini, terrorçu isə layiqli cəzasını almayınca iki ölkə arasında əlaqələr normallaşmayacaq. Fakt budur ki, ikitərəfli diplomatik münasibətlər ən aşağı səviyyəyə enib. O zaman Azərbaycanda İran səfirliyinin qalmasının bir önəmi varmı?

Bu arada məlumat yayılıb ki, Türkiyə XİN səviyyəsində Azərbaycan-İran əlaqələrinin normallaşmasına çalışır, çünki hazırkı mürəkkəb vəziyyətdə Ankara iki ölkə arasında hərbi toqquşma, fors-major vəziyyət istəmir, üstəlik, Şuşa Bəyannaməsi var. Ümumiyyətlə, hesab edilir ki, qonşular arasında müharibə, silahlı konflikt heç bir tərəfə lazım deyil. Belə bir vasitəçilik mümkünmü, əgər rəsmi Tehran Bakının haqlı tələbini yerinə yetirmirsə, elementar qonşuluq prinsiplərini gözləmirsə, beynəlxalq hüququ ayaqaltı edirsə?

Hikmət Babaoğlu bu vəzifəsindən AZAD EDİLDİ - Unikal.az

Hikmət Babaoğlu: “İran mövcud münasibətlərin düzəlməsi üçün heç bir addım atmır”

YAP-çı deputat Hikmət Babaoğlu indiki halda dövlətlərarası barışığın əldə olunmasını mümkünsüz sayır: “İran-Azərbaycan münasibətləri Azərbaycan müstəqillik əldə etdikdən sonra bu günə qədər hər zaman gərgin olub. Bu gərginlik bəzən daha da artıb, bəzən də bir qədər səngiyib. Əlbəttə ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktının törədilməsi postmüharibə dövründə onsuz da gərgin olan münasibətləri kritik həddə çatdırdı. Çox təəssüflər olsun ki, bu günə qədər İran bu münasibətlərin düzəlməsi üçün heç bir addım atmır. Bu münasibətlərin düzəlməsi şübhəsiz ki, ilk növbədə səfirliyimizə qarşı bu terroru törədən terrorçunun tapılıb cəzalandırılmasıdır. Onun tapılması üçün qəti addımlar atılmalıdır. Cənub qonşumuz isə bunu etmir. İranın bunu edəcəyini gözləmək də əslində sadəlövlük olardı. Çünki nəticə etibarı ilə İrandakı dövlət dairələri səfirliyimizə qarşı bu terror aktını təşkil edib. Əgər bir ölkə digər ölkədə öz səfirliyinin fəaliyyətini dayandırırsa, bənzər addımı qarşıdakı dövlət də atmalıdır. Yəni İran əgər rəsmi və qeyri-rəsmi diplomatik qaydalara, daha çox qeyri-rəsmi diplomatik etikaya uyğun hərəkət etsəydi, o da səfirliyinin fəaliyyətini Bakıda dayandırardı. Məsələn, Gəncədəki konsulluq səviyyəsində bunu edə bilərdi. Amma bunu etmir. Bu da bir növ həm də İranın ölkəmizə qarşı yuxarıdan aşağı baxmasının göstəricisi kimi qəbul oluna bilər, nəinki diplomatik etikaya riayət etməməsi kimi. Bu münasibətlərin düzəlməsinə hələ ki İran tərəfi hazır deyil. Məhz Azərbaycanla münasibətləri daha da gərginləşdirmək, Ermənistana daha çox dəstək vermək üçün İran əzəli düşmən saydığı ölkələrlə barışmağa başlayıb. Səudiyyənin adını qeyd edə bilərik. Bəzi mənbələrə görə, İsraillə də gizli danışıqlar aparılır. Bu ənənəvi, klassik fars ikiüzlülüyüdür, fars diplomatiyası riyakarlığıdır. Bunun başqa bir adı da yoxdur. Düşmən hesab etdiyi ölkələrlə bu gün münasibətləri sabitləşdirməyə çalışır, əsas hədəf kimi də Azərbaycanı və Cənubi Qafqazı götürür. İran yaxşı başa düşür ki, onun xalqlar həbsxanası kimi mövcud olması 40 milyon azərbaycanlını əsarət altında saxlamaqdan keçir. Ona görə də İran üçün Cənubi Azərbaycandakı soydaşlarımızı əsarətdə saxlamaq strateji əhəmiyyət daşıyır. İran adlanan süni dövlətin taleyi buna bağlıdır. Onun üçün də rəsmi Tehranın hər hansı bir barışıq cəhdi, qardaş Türkiyənin buradakı rolu indiki mərhələdə mümkün görünmür. Bu yalnız və yalnız Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edildikdən sonra bəlkə real görünə bilər”.

Xankəndidə Sürixdəki qədər əhali var” yalanı

Rəşad Bayramov: “Terror dövləti olan İrandan başqa bir şey gözləməyə də dəyməz”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramovun da fikirləri deputatın fikirləri ilə üst-üstə düşür. Onun da fikrincə, Tehrandakı səfirliyimizə terror hücumunun icraçısının əqli qüsurlu elan edilməsi birmənalı olaraq terror aktının təşkilatçıları və sifarişçilərinin tapşırığı ilə baş verib: “Bu, bir daha terror aktının arxasında İranın hərbi-siyasi rəhbərliyinin dayandığını sübut edir. Bunu sübut etmək üçün hadisənin baş verdiyi anın görüntülərinə baxmaq kifayət edir. İkinci bir tərəfdən, baş vermiş terror hadisəsi sifarişli olmasaydı, İran ən azından icraçının layiqli cəza alması üçün konkret addımlar atar və münasibətləri normallaşdırmaq üçün obyektiv araşdırmanı təmin edərdi. Lakin bunların heç biri baş vermədi. Başqa sözlə desək, İran bu addımı ilə bir tərəfdən Azərbaycana qarşı mövqeyini açıq şəkildə ortaya qoymuş oldu, digər tərəfdən isə gələcəkdə də bu cür hadisələrin cəzasız qalacağı mesajını verməklə faktiki olaraq terroru stimullaşdırdı.

Əslində terror dövləti olan İrandan başqa bir şey gözləməyə də dəyməz. İranın Azərbaycana qarşı siyasəti müstəqilliyimizin ilk illərindən etibarən davam edir. Birinci Qarabağ savaşında İranın Ermənistana dəstəyi, atəşkəs dövründə Ermənistanı bütün zəruri vasitələrlə təmin etməsi, ən ucuz qiymətə benzin, qaz və s. verməsi faktdır və bunu Ermənistanın da, İranın da rəsmiləri dəfələrlə təsdiq ediblər. İndi fərq ondadır ki, əvvəllər Tehran bu əməlləri geniş təbliğ etməyərək, Azərbaycanla müəyyən münasibətlər saxlayaraq edirdisə, indi bunu açıq şəkildə və öz düşmən mövqeyini gizlətməyərək edir. Tehranın 44 günlük İkinci Qarabağ müharibəsi dövründə İrəvana hər cür kömək etməyə çalışması, ərazilərini Ermənistana silah tədarükü üçün açdığını yəqin ki, heç kim unutmayıb. İndi də sərhədlərimizdə hərbi təlimlər keçirməklə, hava sərhədimizdə manevrlər etməklə, SEPAH generallarının dili ilə təhdidlər yağdırmaqla, eləcə də rəsmi KİV-ləri vasitəsilə Azərbaycana qarşı düşmənçiliklərini açıq şəkildə bəyan edirlər.

Belə bir vəziyyətdə Azərbaycan-İran əlaqələrinin normallaşması faktiki olaraq mümkünsüz görünür. Əlaqələrin bərpası üçün ilk olaraq rəsmi Tehranın, fars molla rejiminin addımlar atması lazımdır. Açığını deyim ki, Türkiyənin bu münasibətləri normallaşdırmaq üçün konkret hansı fəaliyyəti həyata keçirdiyindən məlumatsızam. Amma rəsmi Ankaranın indiki qarışıq vəziyyətdə Azərbaycanla İran arasında hansısa toqquşma və ya fors-major vəziyyəti istəməməsi başa düşüləndir. Çünki belə bir halın baş verəcəyi halda Türkiyə Şuşa Bəyannaməsinin şərtlərinə müvafiq olaraq Azərbaycanla birgə addımlar atacaq. Bu isə indiki mürəkkəb dövrdə regionda yeni müharibə ocağının meydana gəlməsinə gətirib çıxaracaq. Türkiyə İranın sərhədlərimizdə keçirdiyi təlimlərdən sonra Azərbaycanla birgə “Qardaş yumruğu” təlimi keçirməklə İrana Azərbaycanın yanında olduğu mesajını vermişdi. Xatırlayırsınızsa, hələ bu ilin yanvar ayında Türkiyənin milli müdafiə naziri qazilərimizi qəbul edərkən Bakıya təhdidlərin eyni zamanda Ankaraya da yönəldiyini vurğulamışdı. H.Akar açıq şəkildə demişdi ki, Azərbaycana qarşı hər hansı bir planı olan varsa, bu addımı atmadan əvvək iki dəfə düşünməlidir.

İndidən Türkiyənin münasibətlərin normallaşması ilə bağlı təşəbbüslərinin nə ilə nəticələnəcəyini söyləmək çətindir. Amma məsələ orasındadır ki, son aylar İranın Azərbaycana qarşı artan təhdidləri təkcə Türkiyənin deyil, dünya ictimaiyyətinin də diqqət mərkəzindədir.  Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Praysın İranın Azərbaycana qarşı təhdidləri ilə bağlı danışarkən İranın region üçün təhlükə olduğunu və tərəfdaşları bu təhdidlərdən qorumaq üçün onların yanında olacaqlarını bəyan etməsi, eləcə də bugünlərdə ABŞ dövlət katibi Entoni Blinkenin “Azərbaycanın İranla çox uzun sərhədi var və onu qorumaq lazımdır” bəyanatı ilə çıxış etməsi hərbi toqquşmalar ehtimalında təkcə region ölkələrinin deyil, qlobal güclərin də bu proseslərdə iştirak edəcəyini deməyə əsas verir.

Odur ki, təhdidlər yağdırmaqdansa İran baş verə biləcək təhlükələri görməli, ağlını başına toplamalı, Azərbaycana qarşı düşmən mövqeyindən əl çəkməli və münasibətlərin normallaşması üçün edilən təklifləri qəbul etməlidir".

İranın Ermənistan sevdası: Bakıya acıq olsun deyə atılan addım

Kənan Rövşənoğlu: “Regionda baş verən dəyişikliklər yeni münasibətlər sisteminin qurulmasını tələb edir”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu isə qeyd etdi ki, Azərbaycan və İran arasında münasibətlər xüsusilə də son bir ildə kəskin şəkildə pisləşib: “Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu bunun bir elementidir. Hazırda münasibətlər kəskin şəkildə pisləşib, İran Azərbaycan sərhədinə ordu yığıb. Güman ki, rəsmi Ankara da bu səbəbdən münasibətlərin yumşalması üçün müəyyən addımlar atmaq qərarına gəlib. Lakin hələlik ortada bir açıq cəhd yoxdur. Çünki İran və Türkiyə arasında yaxşı əlaqələr var, Ankara iki qonşusunun düşmən münasibətlərində olmasını istəmir. Bu da normaldır. Amma indiki halda bu barışıq baş tutacaqmı, demək çətindir. Lakin indi hər kəs anlayır ki, iki ölkə uzun illər düşmən olaraq qala bilməz. Barışıq və ya ən azı yumşalma labüddür. Düşünürəm ki, indiki mərhələdə Ankara barışıq üçün ilk növbədə Bakı ilə bu mövzunu müzakirə etməli olacaq. Fikrimcə, 44 günlük müharibədən sonra regionda baş verən dəyişikliklər yeni münasibətlər sisteminin qurulmasını tələb edir. Çünki müharibədən sonra siyasi situasiya ciddi şəkildə dəyişib. Yeni reallığa əsaslanan münasibətlər qurulmalıdır”.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR