İnsanlara hürriyət, millətlərə istiqlal!

“Turistlərə təkcə Bakını göstərməməliyik” - səyyah-blogerlə müsahibə

1086 12.09.2023 12:31 Müsahibə A A

İradə Qədirova: “Hər insan qorxuları ilə üz-üzə qalmaq üçün həyatında bir dəfə tək səyahət etməlidir”

Onu digərlərindən fərqləndirən tarixə sevgisi və bu sevgini  biliyi ilə vəhdət şəklində təqdim etmə bacarığıdır. Dünyagörüşü, səmimiyyəti onun sosial mediadakı auditoriyasını günü-gündən genişləndirir.

Tarixçi, səyyah, fotoqraf İradə Qədirova  “Yeni Müsavat” a müsahibəsində xarici ölkələrə səfərlərindən, Azərbaycanda turizmin vəziyyətindən, tarixi abidələrimizin vəziyyətindən və s. barədə danışıb.

- Sizi səyahətə həvəsləndirən idealınız olub?

- Mənim ideallarım İbn Battuta və Övliya Çələbi olub. Onlar təkcə səyahət etməyiblər, olduqları yerlərin hekayələrini də yazıblar. Hacı Zeynalabdin Şirvani haqqında az məlumat olmasına təəssüflənirəm. Eyni zamanda Hacı Zeynalabdin Şirvaninin adını çəkə bilərəm. Yeri gəlmişkən, Əzizə Cəfərzadənin “Səyyah” kitabı onun haqqındadır. Əslən Şamaxılı olan Hacı Zeynalabdin Şirvaninin ömrü qısa olsa da, uzun yollar qət edib. XVIII əsrin sonu, XIX əsrin əvvəlində Hindistanı qarış-qarış gəzib. Övliya olsa da, səyahət etdiyi ölkələrin mədəniyyəti, iqlim qurşağı, mətbəxi və s. haqqında ətraflı məlumat verib.  Düşünürəm ki, öz səyyahlarımızı tanımalıyıq.

- Səyahətləriniz haqqında paylaşımlarda tarixi məlumatları yazırsınız. Sizi digər blogerlərdən fərqləndirən həm də budur. Deməli, tarixi doğru təqdimatla sevdirmək mümkündür?

- İxtisasca tarixçiyəm. Bu ixtisası seçməklə dünyanı gəzmək, müxtəlif xalqların tarixi, məişəti ilə maraqlanmaq istəyirdim. Jurnallarda getdiyim yerlər haqqında yazmaq istəyirdim. 2016-2017-ci illərdə “Vision” jurnalı üçün mənim Azərbaycanda çəkdiyim şəkilləri seçilmişdi. Sosial şəbəkədə paylaşım edəndə fərqinə varmırsan, amma jurnalı vərəqləyəndə arzumun yerinə yetdiyini hiss etdim. Dünyanı gəzməyə başlayanda, fərqli xalqların dillərini eşidəndə, insanların fotolarını çəkəndə də həqiqətən bunu niyə istədiyimi anladım. 44 günlük Vətən müharibəsi zamanı hər kənd azad edildikcə o kənd haqqında post paylaşırdım. O zaman qədər paylaşımlarım bu qədər maraq görməmişdi. Anladım ki, insanlar tarixlə maraqlanırlar.

- Adətən səyahət həvəsində olanlar dünya turu barədə düşünürlər,  hansı ölkədən başlamaq barədə plan qururlar. Sizin belə planınız olub?

- İlk səfərim Yunanıstana olub, amma hər zaman dünya səyahətinə Hindistandan başlamaq istəmişəm. Şərq sevdalısıyam. Səfəvi tarixi ilə bilavasitə bağlı olduğu üçün Pakistan, Hindistan  coğrafiyasına marağım çox idi. Atam mühafizəkar olduğu üçün Hindistana səyahət etməyimə icazə vermirdi. Arzuma illər sonra çatdım. Demək ki, hər şeyin öz zamanı var.

- Arzunuza çatdınız, bəs Hindistana ayaq basanda təsəvvürünüzdəki kimi idi?

- Hindistan ya ilk baxışdan özünü sevdirəcək, ya da bir daha getmək istəməyəcəksən kimi hiss yaşadır. Gözümə çəhrayı eynək taxıb getməmişdim. Küçələrdə rəqs etməsələr də, rəngli mənzərələr çoxdur. Həm də fotoqraf olduğum üçün fotolar üçün cəlbedici kadrlar çoxdur. Digər tərəfdən, bir ölkənin mənfi tərəflərini tənqid etməyi doğru hesab etmirəm. Qüsurların üzərində dayanmaq lazım deyil.

- Deyilənə görə, şərqdə zaman donur, qərbdə isə uçur. Siz bunu necə hiss etmisiniz? Həqiqətən belədirmi?

- Şərqdə zaman yavaş irəliləyir. Bunu bir neçə şərq ölkəsində gördüm. Məsələn, Bakıda qaçaqaç, xaotik vəziyyətdir. Şərq ölkələrində heç kim heç yerə tələsmir. İş alınmırsa, bunu problem etmirlər. Bu xüsusiyyət insanların təbiətinə aramlıq gətirir, üzlərinə də hiss olunur. Qərb ölkələrində insanlar zamanı aramla idarə edirlər. Zamanın donduğunu son səyahətimdə-Venesuelada, Kanaima Milli Parkında hiss etdim. Böyük şəhərləri çıxmaq şərti ilə, insanlar təbiətlə o qədər iç-içədirlər ki, həqiqətən zamanın dayandığı hissi olur.

- Azərbaycan isə şərqlə qərbin ortasında yerləşir. Xarici ölkələri gəzdikdən sonra Azərbaycana kənar gözlə baxanda nələrin dəyişməsini istərdiniz?

- Bəzi məqamları tənqid edəndə anlamırlar. Halbuki mən də inkişaf üçün çalışıram. 2016-cı ildən Azərbaycanı qarış-qarış gəzmişəm. Turizmə, abidələrə münasibətin dəyişməsini çox istərdim. Müşahidələr göstərir ki, Azərbaycana gələn turistlər ölkəmizin əsasən mətbəxini xatırlayırlar. Bu pis deyil, amma bununla kifayətlənmək doğru deyil. Azərbaycanın zəngin tarixi, erkən orta əsrlərə aid təsəvvüf tarixi var. Özbəkistan nəqşbəndilik, Türkiyə mövləvilik ilə tanınır. Azərbaycanda da xəlvətilik olub, amma biz bunu tanıda bilmirik. Türkiyədə mövləvilik dedikdə hər kəs Ruminin adını çəkir, halbuki o türk olmayıb, Əfqanıstanın Bəlx şəhərində doğulub. İnkişaf yaxşıdır, amma milli kimlik, dəyərləri unutmamalıyıq.

- Siz dediyiniz şəkildə təbliğatı ayrı-ayrı şəxslər etməlidir ya dövlət qurumları? Məlumdur ki, abidələrimizin vəziyyəti də ürəkaçan deyil.

- Abidənin uçuq vəziyyətdə olması normaldır. Türkiyədə qədim şəhərlərin qalıqları çoxdur. Azərbaycanda isə belə bir fikir var ki, abidənin dağılmış olması nöqsandır. Bu yanlış düşüncədir. İstənilən ölkədə belə abidələr var, zatən tarixilik də elə o vəziyyətdə olmasıdır. Biz də xarici ölkələrdə dağılmış abidələri çəkib göstəririk. Azərbaycanda qoruna və konservasiya edilə biləcək abidələr var. Məsələn, Abşeron rayonunda Miəcik karvansarayı var. Bəlkə də Azərbaycanda ikinci elə karvansaray yoxdur. Şəki karvansarayı hotel kimi istifadə olunur deyə xüsusi vurğulamıram. Miəcik karvansarayı Şirvan-Abşeron memarlığının çox gözəl nümunəsidir. Bu abidə sanki “ölümə” məhkum edilib. Bu yaxınlarda türk blogeri ora aparmışdım. Paylaşıma iradlı rəylər yazılmışdı: “Azərbaycanda göstərməyə başqa yer yoxdu?” Halbuki bu nöqsan deyil. SSRİ Azərbaycanın milli kimliyinə çox böyük zərər vurub. Təbliğatın çox böyük rolu var. Diqqətdən kənarda qalanda konservasiya ilə məşğul olan qurumlar düşünürlər ki, bu heç kimə lazım deyil. Turistik məhsulları artırmaq lazımdır, onlara ancaq Bakını göstərməkdən vaz keçməliyik. Turistləri Bakı kəndlərinə aparmaq lazımdır. Əmircan mənim üçün Azərbaycanın Florensiyasıdır. Bir qəsəbədən təxminən 184 rəssam çıxıb. Bu, Əmircanın DNK-sıdır. Məscidlər, hamamlar... Şamaxıda Yeddigünbəz türbələr kompleksi və s. qayğısız qalıblar. Abidələrin vəziyyətini ictimailəşdirmək lazımdır.

- Sanki səyahətçi blogerlər arasında abidələrə sizdən başqa diqqət edən yoxdur...

- Blogerlik elə sahədir ki, rəqabət böyükdür. Əksər blogerlər səhifənin aktiv olması, layk üçün çalışır. Mən isə bundan qaçıram. "Kütlə nə istəyir?" sualının arxasınca qaçmıram. Hesab edirəm ki, insan özündən sonra iz qoymalıdır. Vətən qarşısında hər kəsin borcu var. Mən də tarixçi kimi abidələrin qorunması üçün mübarizə apararaq borcumu yerinə yetirməyə çalışıram.

- Əslində kifayət qədər rəqabətli mühitdə tarixi məlumatlarla kontent yaradıb tanınmaq asan deyil. Bu qədər maraq cəlb edəcəyinizi düşünürdünüzmü?

- Əslində gözləmirdim. Sadəcə, səyahət edirdim, fotoları yazılarla paylaşırdım. Səhifələrimə maraq Azərbaycanı tanıtmağa başlayanda artdı. Rəhmətlik atam deyirdi ki, dünyanı tanımaq Vətəndən başlayır. Ucqar kəndlərində yaşayan insanları görəndə anlayırdım ki, Azərbaycanın döyünən ürəyi həmin insanlardır. Bakıda unudulan qonaqpərvərlik, istiqanlılıq o kəndlərdə var.

Yeri gəlmişkən, mən özümü Bakıda daha təhlükədə hiss edirəm, nəinki bölgələrdə. Xaricdən gələn qonaqlar üçün planlama edəndə ilk növbədə ucqar yerlərə yönəldirəm ki, ölkəmizi o insanlarla tanısınlar. İstənilən şəxs kəndlinin qapısını döysə, qarşılıq gözləmədən evini açacaq. Hətta gedəndə də deyirlər ki, “sənin burada evin var”. Turistləri o evlərə yönəldəndə kəndlilərin maddi vəziyyətinə kömək olur. Paylaşımlara gələn rəylərdə hiss edirdim ki, Vətəni tanımaqda çox böyük boşluq var.

- Təbliğat turizm üçün də faydalıdır, tarixi abidələrin yerləşdiyi ərazilərin inkişafı üçün önəmlidir...

- Tamamilə doğrudur. Konkret fakt deyim. 2016-cı ilə qədər Şamaxıdakı Kələxana türbələri haqqında məlumat, foto yox idi. İlk dəfə mən fotolarını çəkdim, ictimailəşdirdim. Öncə fotoqrafların axını oldu, çünki unikal türbələrdir. Daha sonra yerli turizm şirkətləri turlar təşkil etməyə başladılar. Nəticədə kəndə asfalt yol çəkildi,  üstəlik, türbələrdə arxeoloji qazıntılara başlandı. MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli ilə bu barədə danışmışıq. Türbələr Böyük İpək yolunun üzərində yerləşib. Orada tarixi sirlər var. Odur ki, arxeoloji qazıntıların aparıldığını görəndə çox sevindim.

- Kəndləri tanıdırsınız, vətəndaşlar həvəslənib getmək istəyilər, amma şəhər insanları çox zaman nə ilə qarşılacaqlarını tam anlamırlar. Bizdə ekoturizm anlayışı inkişaf edibmi?

- Xeyr. Bəzən mənə müraciət edirlər ki, filan kəndə getmək istəyirik, tam şəraitli ev axtarırıq, ən əsası evdə heç kim olmasın. Bu etik deyil axı, evdə yaşayanlar hara getməlidirlər? Müşahidələrim göstərir ki, bizdə ekoturizm anlayışı inkişaf etməyib. Xarici ölkələrdə ekoturizm şəhər komfortundan uzaqlaşmaq deməkdir. Hətta sırf inək sağmaq, məhsul yığmaq üçün regionlara gedirlər. Biz isə şəhər komfortunu kəndə daşımaq istəyirik. Halbuki dadlı kənd yeməyi, kənd adamları ilə ünsiyyət, özünlə baş-başa qalmaq və s. sanki insanın ruhunu yeniləyir. Yeri gəlmişkən, gənclərin səyahət boyu yüksək səsli musiqi ilə əyləndiyini görmüşəm. Onlar təbiətdə olduqlarının fərqində deyillər. Təbiətin öz musiqisi var, bundan zövq almağa çalışmaq lazımdır.

- Təəssüf ki, regionlara axının mənfi tərəfi də var, dincəlməyə gedənlər özlərindən sonra təmizliyə riayət etmirlər. Bu isə həm təbiətə ziyandır, həm də kənd əhalisinə hörmətsizlikdir. Sizcə, bununla necə mübarizə aparmaq olar?

4b48cd57-0a3b-42ba-8a9c-9864929592be.jpeg (212 KB)

- Sım şəlaləsinə maraq artdıqdan sonra ərazisi böyük zibilliyə çevrildi. Bəzən bir yeri tanıtmaqdan çəkinirik. Səhifəmi xaricilər də izlədiyi üçün zibilliyə çevrilmiş əraziləri paylaşa bilmirəm ki, bu ölkənin neqativ tanıtımı olacaq. İnsanlara çağırış edirəm- getdiyiniz yerləri zibilləməyin! Heç kim sizin arxanızca yığışdırmalı deyil. Təbiəti niyə çirkləndirirsiniz? Pəncərədən saqqız atanlar var... Yetkin insanların bu cür zehniyyətini anlaya bilmirəm.

- Söz düşmüşkən, sizin də fikrinizi öyrənmək istərdim. Bəzən sosial mediada şəhərli-kəndli təsnifatı edirlər. Bəzi məşhurlar ictimai nüfuzundan istifadə edərək insanlar arasında kateqoriyalaşma aparırlar, hətta kəndliləri aşağılayırlar. Sizcə, regionlardan gələnlər həqiqətən şəhər mühitinə mənfi təsir edir?

- Tanınmış şəxslərin vətəndaşları aşağılamasına təəssüflənirəm. Kim olur-olsun belə bir təsnifat aparmaq doğru deyil. Kəndlilər olmasa, biz şəhərdə yeməyə heç nə tapmarıq. Əkən, becərən kəndlidir. Biz onlara borcluyuq. Kəndliləri təhqir edənləri məhsul yığımı vaxtı kəndlərə aparmaq lazımdır. İstənilən bölgədə kənd həyatının ən böyük ağırlığı qadınların üzərindədir. “Onun bir günü” adlı YouTube layihəmdə məhz kəndli qadınların bir gününü təsvir edirəm. Əksər məhsulların yığımında qadınlar iştirak edir. Üstəlik, məişət qayğıları onların çiyinlərindədir. Bu cür ağır həyat qarşılığında klaviatura arxasında təsnifat aparmaqla ilk növbədə Azərbaycan qadınlarını təhqir edirlər. Şou, layk xatirinə kiminsə heysiyyətinə toxunmaq olmaz. Onsuz xarici düşmənlərimiz kifayət qədərdir. Bir də daxildə bölünməyək.

- Xarici düşmənlər demişkən, 44 günlük Vətən müharibəsindən sonra İran və Hindistanın ölkəmizdə qarşı qərəzli münasibətini gördük. Siz hər iki ölkəyə səyahət etmisiniz. İzləyicilərinizin bu ölkələrə səyahət etdiyiniz üçün sizə münasibəti dəyişdimi?

- Səyyah kimi bu ölkələrə küsürəm. Sadə xalq üçün sənin haradan gəldiyin önəmli deyil. İranda sadə xalq çox qonaqpərvərdir. Azərbaycanın abidələri, 30 milyondan çox soydaşımız var orada, amma İran özünü bir nömrəli düşmən kimi aparır. Hindistana təkrar getməyi çox istərdim, amma bu cür münasibətin qarşılığında bu mümkün deyil. Təzyiqlər bir yana, azərbaycanlı kimi düşmənimə silah satan, onu dəstəkləyən ölkələri təbliğ etməyi heysiyyətim götürməz.  Üstəlik, heç kim  sənə tarixçi-səyyah gözü ilə baxmaz, fikirləşəcəklər ki, görəsən, bu ölkələri niyə təbliğ edir?

- İrana tək səyahət etmişdiniz. Kifayət qədər riskli qərar idi. Təhlükə hiss etdinizmi?

- Hər insan qorxuları ilə üz-üzə qalmaq üçün həyatında bir dəfə tək səyahət etməlidir. İstənilən səyahətdə risklər olur. İrana yoldaşlarla çıxmalı idim, amma nəticədə tək getməli oldum. Mənə cəsarətli deyirdilər, amma mənim də qorxularım var idi. Əgər insanın qorxuları varsa, onu heç nəyə məcbur etmək olmaz. Turist və səyahətçi ayrı-ayrı anlayışlardır. Mən səyyah olduğum üçün qorxularımın üstünə getdim.  

- İranda sadə xalq sizə necə münasibət göstərib?

- Heç bir çətinlik yaşamamışam, düşmənçilik görməmişəm. Azərbaycan dilində danışırdım. Problem siyasətdədir. Təəssüf ki, siyasi rəhbərliyin Azərbaycana münasibəti qənaətbəxş deyil. Güneyli soydaşlarımızın təfəkkürü tam fərqlidir. Güneylilər sadəcə haqlarını istəyirlər-Azərbaycan dilində təhsil almaq, Azərbaycan dilində qəzetlərin nəşr olunmasını və s. İranın İsfahana göstərdiyi qayğını Təbrizə də göstərmələrini istəyirlər. Təbriz abidələrinə qayğı yoxdur. Təbrizin iki düşməni olub: zəlzələ və Pəhləvilər. Pəhləvinin 3-cü arvadı azərbaycanlı idi, amma onun qədər azərbaycanlılara ziyan verən insan olmayıb. Bu gün azərbaycanlılara qarşı düşmənçiliyin kökü Pəhləvilər dövründə qoyulub. Onlar Tehranda Qacarlar dövrünə aid abidələri öz adlarına çıxarıblar, ermənilər kimi. Quran və yaradıcı olmaq üçün sənin keçmişin olmalıdır. 

- Səyahətləriniz barədə kitablarınızda yazmısınız. İki kitab nəşr etmisiniz: “Əfşan” və “Eşqin izi ilə”. Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət bəllidir. Kitablarınızdan qazanc əldə edə bilirsinizmi?

- Mən Azərbaycanı qarış-qarış gəzib, fotolarını çəkəndə belə düşünürdülər ki, maddi marağım var. Azərbaycanla bağlı fotoları layihə kimi, həm də kitab şəklində təqdim etmək istəyirəm. Bəzi qurumlara müraciət etsəm də, müsbət cavab ala bilmədim. Bu gün layfstayl blogerlər daha çox pul qazanır. Mən isə maddi qazanc güdmürəm. Hər işi sevgi ilə görmək lazımdır.

Nigar Həsənli,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR