ABŞ Ali Məhkəməsi prezident seçilmiş Donald Trampın vəkillərinin pornoaktrisa Stormi Danielsə pul ödəməsi ilə bağlı hökmün ləğvi tələbini rədd edib.
Musavatşcom xarici mediaya istinadla xəbər verir ki, məhkəmə qərarında hökmün Trampın seçilmiş prezident kimi məsuliyyətlərinə ciddi təsir göstərməyəcəyi bildirilir. Məhkəmə onun bu gün keçirilən iclasda videobağlantı vasitəsilə iştirakına icazə verib.
İşə sədrlik edən hakim Xuan Merçan daha əvvəl Trampa qarşı cərimə və ya sınaq müddəti kimi sərt cəzalar tətbiq etmək niyyətində olmadığını bildirib. Dava Danielsin 2006-cı ildə Trampla intim münasibətdə olduğuna dair iddiasını əhatə edir. O, Trampın keçmiş vəkili Maykl Koenin 2016-cı ildə biznes xərcləri kimi qeydə alınan vəsaitlərdən istifadə edərək ona 130 min dollar pul ödədiyini söyləyib.
Keçən ilin may ayında münsiflər heyəti Trampı ödənişləri həyata keçirmək üçün qeydləri saxtalaşdırmaqda bütün 34 fakt üzrə təqsirli bilib. Bununla belə, Tramp həm Danielslə intim münasibətdə olması faktını, həm də hər hansı qanun pozuntusunu dəfələrlə təkzib edib.
Manhettendə məhkəmə prosesi Trampın andiçmə mərasiminə 10 gün qalmış təyin edilib.
Musavat.com